Nadir peşə sahiblərinin hamisi

 

 

Xoreoqrafiya olduqca rəngarəng, mürəkkəb və eyni zamanda, dünya mənəvi mədəniyyət xəzinəsində xüsusi nüfuza malik nümunələri təcəssüm edən ən zərif sintetik sənət növüdür.

 

Tarixən xoreoqrafiya sənəti təşəkkül və inkişaf, tənəzzül və intibah kimi bir neçə mərhələ keçmişdir. Əlamətdar haldır ki, ehtiyac yarandığı zaman incəsənətdə, eləcə də xoreoqrafiya sənətində tənəzzül hallarının qarşısını ala biləcək şəxsiyyətlər meydana gəlir və onlar bu cür neqativ halların qarşısını almaqla bərabər, həm də həmin sənət növünün sürətli inkişafını stimullaşdırmağa müvəffəq olurlar. Belə bir görkəmli şəxsiyyətlərdən biri də, şübhəsiz ki, Timuçin Əfəndiyevdir.

Mahir idarəçilik və təşkilatçılıq keyfiyyətlərinə malik olan Timuçin Əfəndiyev özünün təbii istedad və peşəkar bacarığı, təcrübəsi və iradəsi sayəsində ardıcıl olaraq qırx il ərzində incəsənət, o cümlədən, iyirmi il xoreoqrafiya sənəti sahəsində ali professional xoreoqrafiya təhsili, klassikmilli rəqs sahəsində yüksəkixtisaslı kadrların hazırlığı və yenidən hazırlığı üzrə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb.

Hələ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rəhbərlik etdiyi dövrdə Timuçin müəllim ilk dəfə olaraq "baletmeyster sənəti" ixtisasının və bununla əlaqədar müvafiq kafedranın açılması ilə xoreoqrafiya sənəti sahəsində ali təhsil pilləsinin inkişafına və rəqs sənətinə marağın artmasına nail olaraq, baletansambl artistlərinin beynəlxalq standartlarla ali təhsil almalarına şərait yaradıb.

Elə həmin dövrdə xoreoqrafiya sənəti üzrə xeyli nailiyyətlərin olmasına baxmayaraq, onlar məhz 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Xoreoqrafiya Məktəbi bazasında çoxpilləli təhsil kompleks statusuna malik Bakı Xoreoqrafiya Akademiyasının yaradılması və bu cür unikal ali təhsil müəssisəsinə professor Tumuçin Əfəndiyevin rektor təyin edilməsi haqqında müvafiq sərəncamlarından sonra geniş vüsət alıb.

Yüksəkixtisaslı kadrlar təhsil müəssisəsinin qısa müddət ərzində keyfiyyətli və sabit yüksəlişində mühüm faktor kimi çıxış edir.

Özünün müəssisədaxili effektiv kadr siyasəti sayəsində Timuçin müəllim akademiyanın fəaliyyətinə təcrübəli pedaqoqları, baletansambl artistlərini cəlb etməklə təhsilalanların keyfiyyətli tam ortaorta ixtisas, bakalavr, magistraturadoktorantura pillələrində isə peşəkar ali təhsil almasını təmin edib.

Tədris prosesinin qurulması, eləcə də Moskva Dövlət Xoreoqrafiya Akademiyası və Sankt-Peterburq A.Y.Vaqanova adına Rus Baleti Akademiyasının təhsil standartlarına müvafiq olaraq xoreoqrafiya sənəti ilə əlaqəli olan yeni ixtisasların açılması ilə yanaşı, Timuçin müəllim bir çox dövlət qurumlarının diqqətini xoreoqrafiya sahəsində olan problemlərə yönəldib, onların dəstəyindən yararlanaraq akademiyanın maddi-texniki bazasının gücləndirilməsinə, akademiyada tədris və yaradıcılıq prosesləri üçün münbit şəraitin yaradılmasına müvəffəq olub.

Professor Timuçin Əfəndiyevin təşəbbüsü ilə P.Çaykovskinin "Şelkunçik", Q.Qarayevin "Yeddi gözəl" və L.Minkusun "Don Kixot" baletlərinin sırf akademiyanın şagird-tələbə heyətinin iştirakı ilə səhnələşdirilməsi milli xoreoqrafiya sənəti tarixində böyük hadisə olmaqla bərabər, yüksəkixtisaslı kadrların formalaşması işində mühüm addımlarından biridir. 

Timuçin müəllim akademiyanın əməkdaşları qarşısında klassik baletmilli rəqs sənətinin ənənələrinin qorunması ilə yanaşı, dünyada geniş vüsət almış və hələ Azərbaycanda öyrənilməmiş step-balet, modern-balet, caz-balet kimi müasir rəqs cərəyanlarının öyrənilməsi və tədrisə tətbiqi kimi vəzifələr də qoyur.

Professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə akademiya qısa müddət ərzində dünyanın bir çox xoreoqrafiya profilli aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub, Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Sankt-Peterburq A.Y.Vaqanova adına Rus Baleti Akademiyası, M.K.Çurlionis adına Litva Milli İncəsənət Məktəbi, T.Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası, Qazax Milli Xoreoqrafiya Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Pekin Rəqs Akademiyası və digər ali təhsil müəssisələri ilə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq sazişləri imzalayıb. Fəaliyyətinin qiymətləndirilməsi nəticəsində Bakı Xoreoqrafiya Akademiyası Avropa İncəsənət İnstitutları Liqasının üzvü seçilib.

Rektorun təşəbbüsü və birbaşa təşkilatçılığı ilə keçirilən Qəmər Almaszadə adına klassikmilli rəqs üzrə birinciikinci beynəlxalq müsabiqələr bir tərəfdən milli xoreoqrafiyanın yaradıcıları olan görkəmli ustadların xatirəsinə olan hörmət və ehtiramın mücəssəməsi, digər tərəfdən isə dünya ictimaiyyətinə çatdırılan müasir Azərbaycan xoreoqrafiyasının ən böyük nailiyyətidir.

Akademiya 90 illik xoreoqrafiya ənənələrinə malik olsa da, hələ də gənc bir təhsil ocağıdır. Əminəm ki, hörmətli rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin məqsədyönlü fəaliyyəti nəticəsində Bakı Xoreoqrafiya Akademiyası dünya müstəvisində elm, sənət və təhsilin qovuşduğu qabaqcıl ali təhsil müəssisələrindən birinə çevriləcək.

 

Tamilla ŞİRƏLİYEVA

Azərbaycan Respublikasının Xalq artisti

 

525-ci qəzet.- 2019.- 5 fevral.- S.7.