Bir şəkilin
tarixçəsi
YAXUD
"İSTİQLAL UĞRUNDA" TOPLUSUNDAKI RƏSM
ƏLƏKBƏR RZAQULİYEVİNDİRMİ?
Uzun illər
axtardığım rəssam
Otuz ilə yaxın idi, bir tablonu çəkmiş rəssamın
kimliyini müəyyənləşdirməyə
çalışırdım. Tabloda külək
saçlarını üzünə dağıtmış cəsur
və qürurlu bir gənc təsvir edilib. Onun yuxarı qaldırdığı sağ əlində
qandal var. Sol əli ilə tutduğu Azərbaycan Cümhuriyyətinin
üç rəngli, ay-ulduzlu bayrağını başı
üzərində qaldıraraq inamla addımlayır.
Arxa fonda da üçrəngli
bayraqlarımız dalğalanır.
Azadlıq rəmzi olan gəncin rəsmini 1990-cı illərdən
Azərbaycandakı qəzet və jurnallarda, kitablarda
görmüşdüm. Heyfislənirdim ki, rəssamın adı
göstərilmir. Rəsmi sənətkarlıq
baxımından dəyərləndirə bilməsəm də,
ideoloji baxımdan könlümə çox
yatmışdı.
Əmin
Abidin ömür yolu və yaradıcılığı ilə
bağlı axtarışlar apararkən TRT Azərbaycan
redaksiyasının rəhbəri Seyfəddin Altaylı siyasi
mühacirlərimizin 1928-ci ildə İstanbulda, Orxaniyyə mətbəəsində
nəşr etdirdikləri "İstiqlal uğrunda"
şeir toplusunun surətini mənə verdi.
Ərəb əlifbası ilə nəşr edilmiş
kitabı Müsavat Par-tiyasının qurucularından olan
Abbasqulu Kazımzadə 1932-ci il dekabrın
18-də avtoqrafla Muxtar bəyə
bağışlayıbmış.
Kitabın üz qabığında mənim diqqətimi
çəkən tablo verilmişdi. İçərisində isə
Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6,
Azərizadənin 2, Məsud Səfvətin 2, Əli Yusifin,
İsmayıl Zühutinin, Usta əlinin, Gülsərənin,
H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin
1 şeiri vardı. 2 şeirin altına "… xanım", bir şerin
altına "B" imzası, üç şerin altına isə
üç nöqtə və ya * * * işarəsi
qoyulmuşdu.
Şeirlərin bir neçəsinin, eləcə də rəsmin
müəllifinin ömüryolu haqqında uzun illər
araşdırmalar aparsam da, bir ipucu tapa bilmirdim. 1948-ci ildə
Mirzə Bala Gültəkinin İstanbulda yazdığı
şeirləri "Buzlu cəhənnəm" adı
altında nəşr etdirib. İstanbuldakı
"Kayıbolu" nəşriyyatında çap olunan
kitabın üz qabığında da "İstiqlal
uğrunda" toplusundakı tablo verilib.
Sovetlərin çöküşü Türkiyədə
də bu rəsmin tez-tez çap olunmasına şərait
yaratdı. Naşirlər tablonun müəllifi haqqında yenə
də bilgi vermirdilər.
Əmin Abidin şeirlərini nəşrə
hazırlayarkən mən də həmin rəsmdən
kitabın üz qabığı kimi istifadə etdim. 1999-cu ildə
"Günəş" nəşriyyatında çap
etdirdiyim "Gültəkin-Emin Abid. Buzlu cehennem ve diger
şiirleri" kitabına ön sözümdə isə
yazdım: "İstər "İstiqlal uğrunda", istərsə
"Buzlu cəhənnəm" kitabının öz
qabığında müəllifini müəyyənləşdirə
bilmədiyimiz rəssamın gözəl bir əsəri
verilib".
Tablo ilk dəfə İstanbulda nəşr edilən
kitabların üz qabığında verildiyindən mən də
müəllifi orada axtarırdım. Axtarışımın istiqaməti
düz olmadığından istədiyimə nail ola bilmirdim. Türkiyədəki
tanışlardan, Azərbaycanda milli mühacirəti öyrənən
araşdırıcılardan dəfələrlə xahiş
etmişdim ki, tablonu çəkən rəssamı və bəzi
şeirlərin müəlliflərini müəyyənləşdirməkdə
mənə kömək etsinlər.
Bir
gün gənc və çılğın
araşdırıcı-kolleksiyaçı Dilqəm Əhməd
şad xəbər verdi. Tablonun
orijinalını tapıb və alıb. Bu,
mənim üçün sevindirici xəbər oldu. Dilqəm
bəy yazanda ki, "Kartona çəkilmiş rəsmin
heç bir yerində rəssamın adı yoxdu",
Aşıq Ələsgərin: "Sındı
qol-qanadım, yanıma düşdü" -
misralarını mızıldanmağa başladım.
Axtarışlarıma
ipucu olan kitab
... Bu söhbətdən bir ildən çox keçmişdi.
2018-ci il dekabrın son günlərində
Tahir Aydınoğlu mənə bir torba kitab verdi. Onlardan bir neçəsi mənim oxumağım,
qalanları isə gənclərə bağışlamaq
üçün idi.
Tahir Aydınoğlunun gətirdiyi kitabları gözdən
keçirdim.
Xalq Bankın "Xalq əmanəti" seriyasından nəşr
etdirdiyi "Ələkbər Rzaquliyev. Rəngkarlıq
və qrafika" kitabını səhifələməyə
başladım. Nədənsə, rəsmlərə
baxmağa maraq göstərmədim. Onları
dövrü mətbuatda, sərgilərdə
görmüşdüm. Kitaba
yazılmış mətni başlanğıcından deyil,
ortalarından baxmağa başladım. Oxuduğum ilk
parça kitabın 63-67-ci səhifələrindəki
aşağıdakı abzas oldu:
"Şəxsi işin materiallarından: Rzaquliyev aktiv
müsavatçılar İsrafilov Nəsrulla və Əliyev
Ağakərimin təsiri altında hələ 1920-ci ildə
birincinin xahişi ilə Müsavat Partiyasının lideri Məhəmməd
Əmin Rəsulzadənin portretini çəkməkdə, onu
İsrafilova ötürməkdə təqsirli bilinir. Bundan əlavə,
İsrafilov həbs edildikdən və sürgün olunduqdan
sonra onunla yazılı əlaqə saxlayıb və maddi
köməklik göstərmişdir. 1927-ci
ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin
kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini
əldə edərək onları başqa işə görə
ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə
oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı
və İbrahim Quluyevin iştirakı ilə sink
üzərində Müsavat Partiyasının qeyri-leqal
"İstiqlal" jurnalı üçün
başlıqlar hazırlamışdır".
Nəsrulla
İsrafilovun adı və fəaliyyəti niyə layiqincə
tanıdılmır...
Nəsrulla İsrafilov haqqında az-çox bilgim var idi. 1920-ci illərin
gizli antisovet təşkilatlarından söz açan sənədlərdə
onun adı da tez-tez hallanır. Heyf ki, vətən
və millət yolunda hər əzaba qatlaşan bu cəfakeş
insanın xidmətləri indiyədək layiqincə qiymətləndirilməyib.
1904-cü ildə Buzovnada doğulan Nəsrulla
İsrafilov gimnaziyanı bitirib, 1923-cü ildə "Gənc
işçi" qəzetinə məsul katib təyin edilib.
1923-cü il oktyabrın 5-də Cəfər
Cabbarlı, Əbdülvahab Yursevər, Ağasəlim Rəhimov
və başqaları ilə birlikdə həbs olunub. Şimal Buzlu Okeanı tərəflərdə,
Ağ dənizdəki Solovki adalarında yaradılmış həbsxanalardan
birinə göndərilib. Həbs müddəti
bitsə də, onu azad etmirlər. Dəfələrlə
müddətini uzadırlar. İstanbulda
mühacirlərimizin 1930-1931-ci illərdə nəşr etdikləri
"Bildiriş" adlı qəzetdə B.E.Ağaoğlunun
"Solovkidə gördüklərim" adlı xatirəsi
çap olunub. Həmin xatirələri
toplayıb kitab halına salaraq geniş ön söz yazıb
2004-cü ildə "Günəş" nəşriyyatında
çap etdirdim. İstədim
xalqımız öz qəhrəman övladlarını
tanısın. Tirajı az olsa da,
saytlarda yerləşdirdim ki, internet vasitəsilə tapıb
oxumaq axan olsun. Lakin istədiyimə nail ola
bilmədim. Görünür, ya mən məsələni
yaxşı təbliğ edə bilmirəm, ya da toplumda milli dəyərlərə
maraq azdır.
"Solovkidə
gördüklərim" kitabında Nəsrulla İsrafilov
haqqında nələr yazılıb...
"Solovkidə
gördüklərim" kitabından Nəsrulla İsrafilovun
adı keçən parçaları aşağıda verirəm
ki, bəlkə gənclərimiz oxuyub Nəsrulla İsrafilovla
qürur duyalar, ona oxşamağa çalışalar:
"1923-cü ildə bu gəncliyin ilk qrupu
"ÇeKa"(sonralar KQB-yə çevrildi -
Ə.Ş.)da
ilk imtahanı verirdi. Təşkilat kəşf olunmuş
(aşkarlanmış) və aşağıdakı
arkadaşlar tutulmuşdu: 1. Abdulvahap (tələbə), 2. Rəhim (tələbə), 3. Məhməd
Sadıq Hülusi (tələbə), 4. Nəsrullah
(tələbə), 5. Ağa Kərim (tələbə),
6. Qurban (tələbə), 7. Əbdürrəhman Dai (gənc şair), 8. Salman (tələbə), 9. Ağa
Səlim (zabit), 10. Əli Həsən
(mürəttib), 11. Məşədi
(mürəttib), 12. Hacı Baba və
başqaları.
1923-cü ildə buraxılanları bir aydan sonra yenə
tutdular. Bu dəfə "Müsavat" firqəsinin gizli mətbəəsi
və o mətbəədə çap olunan
"İstiqlal" qəzetindən xəbər tutdular, həbs
olunanların sayı artdı. Tarixdə
misli görünməmiş vəhşət və işgəncə
bu qəhrəman arkadaşları 1927-ci ildə aclıq
aksiyası keçirməyə məcbur etdi. Nəhayət, bir ildən sonra onların bir qismini
Rusiya zindanlarına, böyük bir qismini isə
Şimalın Buzlu dənizində olan Solovkiyə
sürgün etdilər.
Birinci
karvana daxil olan: 1. Nəsrulla İsrafilzadə, 2. Ağakərim
Əlizadə, 3. Ağasəlim, 4. Şair Əbdürrəhman
Dai, 5. Əlihəsən Babazadə, 6. Ağaməhəmməd
İbrahimli kimi qardaşlarımız... Solovki
adasındakı qərargahda idilər.
(1930, 14
Ağustos, sayı 2)
1927 Nisanında Moskvadan gələn bir əmr üzərinə
birinci qrup "sərbəst" buraxılmışdı. Bu qrupun ən
yüksəkdən gedən şəxsiyyəti olan Nəsrulla
İsrafilzadə və Əbdülrəhman Dai məvkufən
(həbsxanada saxlanmaq şərtilə) Ural mənfa qərargahına
sövq edildilər. Onlar orada üç il
yaşayacaqlardı. Digərləri Sovetlər
daxilində, istədikləri yerdə yaşamaq haqqını
haiz (sahib) olmaq üzərə sərbəst
buraxılmışdılar. Yalnız Azərbaycan
dövlət mətbəəsi baş mürəttibi Babazadə
Əlihəsəni üç il Azərbaycanda
yaşamaq şərtilə sərbəst
buraxılmışdı.
(1930, 2 Təşrini-Əvvəl (Oktyabr), sayı 9.)
Ələkbər
Rzaquliyevin 1928-ci il ittihamnaməsi
1928-ci ildəki ilk istintaqında Ələkbər Rzaquliyev
"Müsavat Partiyasının qeyri-leqal "İstiqlal"
jurnalı üçün başlıqlar hazırlamaq"da
ittiham olunur.
Yaxın dövr tariximizin araşdırmalarından, eləcə
də "Solovkidə gördüklərim" xatirələrindən
bilinir ki, 1922-1923-cü illərdə "İstiqlal"
adlı qəzetin 19 sayı işıq üzü
görüb və gizli yayılıb. Təşkilatçılar
dindiriləndə Ələkbər Rzaquliyevin onlarla bir
sırada olduğunu deyən olmayıb. Azərbaycanın
ilk komsomolçularından olan, Kommunist Partiyasına yeni
üzv qəbul edilən bir gəncin "özlərini Milli
İstiqlal, Milli Müqavimət hərəkatı da
adlandıran"ların gizli qəzetlərinə sink üzərində
başlıqlar hazırlaması inandırıcı
görünmür.
Bəs onda rəssam hansı "İstiqlal" jurnalı üçün başlıqlar hazırlyırmış? Bu suala cavab üçün həmin illərdə istər Azərbaycanda, istərsə xaricdə mühacirlərimizin nəşr etdirdikləri qəzet və jurnalları bir daha gözdən keçirdim. İttihamnaməyə bir də baxdım. İttihamnamədə yazılıb: "1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı və İbrahim Quluyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal "İstiqlal" jurnalı üçün başlıqlar hazırlamışdır". Demək, söhbət 1927-ci ildən gedir.
Ondan bir il sonra mühacirlərimiz İstanbuldakı Orxaniyyə mətbəəsində "İstiqlal" jurnalını deyil, "İstiqlal uğrunda" adlı şeir toplusunu nəşr ediblər. Onun üçün illisturasiyanın və klişelərin Moskvada yaşayan gənc rəssama hazırladılması da mümkünsüz görünmür. Bir halda ki, o, Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini oxuyub, demək, dünyagörüşündə də bir dəyişiklik baş verib: həbsdə olan millətçilərə yardım edib, qadağan olunmuş ədəbiyyatlar oxuyub...
(Ardı var)
Əli
ŞAMİL
525-ci qəzet.-
2019.- 5 fevral.- S.6.