Örnək sayılası ömür yolu
ƏMƏKDAR
JURNALİST BƏBİR HÜSEYNOVUN "HƏYAT
İLLƏRİN AYNASINDA" KİTABI İŞIQ ÜZÜ
GÖRÜB
"Qələmə
aldığm "Həyat illərin aynasında" adlı
kitabımda həyatımın qısa xronologiyası, son illərdə
müxtəlif qəzet, kitab və jurnallarda dərc olunmuş
yazılarım, xatirələrim, hekayələrim, dostluq, gənclik
və qocalıq haqqında düşüncələrim,
topladığım müdrik kəlamlar, lətifələr,
aforizmlər, atalar sözləri, həmişə öyrənmək,
bilmək istədiyimiz maraqlı əhvalatlar, tarixdə ən
çox öyrənilmiş şəxsiyyətlər, tarixi
hadisələr, kəşflər, məlumatlar öz əksini
tapıb. Kitabda maraq doğuran məqamlardan biri
də vaxtı ilə yaxın münasibətdə olduğum
və görüşdüyüm müdrik şəxsiyyətlər,
dünya şöhrətli alim, müasir Azərbaycan
poeziyasının görkəmli nümayəndələri barədə
unudulmaz xatirələrimin əks olunmasıdır. Mən
bu kitabın üzərində işləyərkən
çalışmışam ki, oxucuların qəlbinə
asanlıqla yol tapa bilən, dərin mənaya və dolğun
hikmətə malik müdrik kəlamlardan, lətifə və
aforizmlərdən, atalar sözlərindən geniş istifadə
edim, çünki bunlar bizim üçün, xüsusilə
gənclər üçün əsl "ağıl
mücrüsü"dür. Həm də bu kəlamlar
insanların əxlaq və tərbiyəsində, onların həyat
mövqelərinin formalaşmasında böyük rola malikdir.
Təfəkkürcə daha çox inkişaf
etmiş indiki oxucuları adi sözlə cəlb etmək
mümkün olmadığına görə gərək elə
kitab təqdim edəsən ki, onların könül həmdəmi
olsun. Məlumdur ki, yaxşı kitab
yüz illər keçsə belə, maraqla oxunur, neçə-neçə
nəsillərin qəlbinə, zehninə hakim kəsilir".
Bu fikirlər
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar
jurnalist, "Qızıl qələm" mükafatı
laureatı, dəyərli insan Bəbir Hüseynovun bir
neçə ay öncə işıq üzü
görmüş "Həyat illərin aynasında"
adlı kitabında yer alıb. Bəbir
Hüseynov 1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində
dünyaya göz açıb. Doğulub
boya-başa çatdığı kənddə 7 illik məktəbi
bitirdikdən sonra B.Hüseynov Ağdam Pedaqoji məktəbində
təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan
Dövlət Universitetinin Tarix fakültəsinə qəbul
olunub, tarix müəllimi və ictimaiyyətçi
ixtisasına yiyələnib. Təhsil
aldığı dövrdən öz yaşıdlarından fəallığı
ilə fərqlənən B.Hüseynov məktəbdə tarix
müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat
katibi kimi məsul vəzifələrdə
çalışıb. 1979-cu ildən isə
jurnalistika sahəsindəki fəaliyyət dövrü
başlayıb. Həmin ildən etibarən
Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin
redaktoru vəzifəsində işləyib. Yüksək
təşkilatçılıq qabiliyyətinə malik olan
B.Hüseynov qısa müddət ərzində qəzetin fəaliyyətində
yeni cığır açmağa nail olub. Ağdamın
mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi kimi mövzuları qəzetin daimi
mövzularına çevirib. B.Hüseynov
Qarabağa qarşı erməni təcavüzünün yeni
dalğasının başlandığı dövrdən
onların alçaq niyyətlərinin ifşası, gənclərin
milli vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində
silsilə yazılarla çıxış edib. 1990-cı ildən "Ağdam" adı ilə fəaliyyətini
davam etdirən qəzet Azərbaycanın Ermənistan
silahlı qüvvələrinin işğalçı
hücumlarına məruz qaldığı bir dövrdə
özünü ön cəbhəyə atan ilk mətbu nəşrlərdən
olub. 1993-cü ildə Ağdam Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edildikdən sonra isə Qarabağ müharibəsinin
bütün ağrılarını çiyinlərində
daşıyan "Ağdam" qəzetinin, o cümlədən,
B.Hüseynovun köçkünlük həyatı
başlayıb. Əməkdar jurnalist
1998-ci ilə qədər adıçəkilən qəzetin
redaktoru olub.
Kitabda bir
müddət pedaqoji fəaliyyət göstərmiş, partiya
işində məsul vəzifədə çalışmış,
ömrünün 40 ilini mətbuata sərf etmiş Bəbir
Hüseynovun keçdiyi şərəfli həyat və
yaradıcılıq yolundan bəhs olunur. "Söz"
jurnalının baş redaktoru, "Qızıl qələm"
mükafatı laureatı Sevda Əlibəylinin redaktoru
olduğu kitabda eyni zamanda, son illərdə onun qələmə
aldığı məqalələr, xatirələr, hekayələr,
dostluq, gənclik və qocalıq haqqında düşüncələr,
topladığı kəlamlar, lətifələr, aforizmlər,
atalar sözləri, tarixi hadisələr, məlumatlar öz əksini
tapıb.
Kitabda Bəbir Hüseynovun barəsində həmkarları
və dostlarının yazdıqları publisistik yazılar,
esselər, poeziya nümunələri və təbriklər də
yer alıb. "Həyat illərin aynasında" kitabında Bəbir
müəllimlə bağlı çoxsaylı xoş xatirə
yazılarına rast gəlmək olar. Dostları,
həmkarları Bəbir müəllim haqqında
danışarkən ilk növbədə onun peşəkar təşkilatçılıq,
novator idarəçilik keyfiyyətlərinə toxunur,
doğma torpağının, el-obasının problemlərinə
olduqca həssas yanaşan insan kimi xarakterizə edirlər.
Tanınmış
ictimai xadım, filologiya üzrə fəlsəfə doktoru,
"Qızıl qələm" mükafatı laureatı
Sadıq Murtuzayev qeyd edir ki, Bəbir Hüseynov ləyaqətli
davranışları, təvazökarlığı, təmizliyi,
mədəniyyəti, təmkini, prinsipial mövqeyi ilə
heç bir irada tuş gəlməyən çox nadir
adamlardan biridir: "Onunla 40 ilə yaxındır ünsiyyətdəyəm.
Ağdama rəhbərlik etdiyim 10 il
müddətində demək olar hər gün təmasda
olmuşam. Atalar gözəl deyib: "Ucalıq gendən
yaxşı görünür". Mən bu
kitabı oxuduqdan sonra yəqin etdim ki, indiyədək onu
heç də bütünlükdə olduğu kimi
tanımamışam. Bu kitabda insan şəxsiyyətini
ucaldan, onu şərəfləndirən ən başlıca
amillər Bəbir müəllimin timsalında özünə
yer tapmışdır. Nədir bu amillər?
Deyərdim ki, ən başlıcası onun ailə
xoşbəxtliyidir. Kitabda da ən
qabarıq, parlaq yer tapan ilk növbədə elə bu amildir.
Bəbir müəllimin yaxşı mənada
qibtə ediləcək gözəl ailəsi vardır və
bunun ilk nümunəsi onun ömür-gün yoldaşı
Şükufə xanımdır. Mən Şükufə
xanımı Ağdamda işlədiyim 10 il
ərzində əhalinin sevimlisi olan, istedadlı, son dərəcə
qayğıkeş bir həkim, xüsusilə insanlığa
qayğı baxımından ən mühüm bir müəssisənin
- Doğum evinin baş həkimi kimi tanımışam. Bəbir müəllimin də həm xoşbəxtliyi,
həm də xalqımız qarşısında böyük
xidməti ləyaqətli övladlar, çoxsaylı nəvələr
yetişdirməsidir, inşallah, nəticələri də ona
layiq olacaqdır. Kitabda Bəbir müəllimin
çoxsaylı dostlarının yazıları, təbrikləri
verilib. Bəbir müəllimin 85 illik
yubileyinə 134 nəfərin yazılı təbriki olub.
Heç şübhəsiz, bunlardan da az
olmayaraq üz-üzə təbrik edənlər də
olmuşdur. Bunları saf-çürük etdikdə əqidə
dostları, uşaqlığından başlayıb gələn
sirdaşları, əmək-iş prosesində meydana gələn
dostlar, dərs dediyi şagirdlərindən ona bağlanan
dostlar, ziyalı olub onun da ziyasını dəyərləndirən
dostlar və başqaları. Bəs bunların hamısına əsl
dost demək olarmı? Bəli, gərək əsl dost dostunun əzablarına
dözsün, onun yaxşı günündə də, pis
günündə də onunla olsun, pis günündə ona
dayaq olsun, əl tutsun. Bax, bugünkü mürəkkəb həyatımızda
belə dost tapmaq çox çətin olub. Mən
Bəbir müəllimin sınaqdan çıxmış
dostlarının əksəriyyətini yaxşı tanıyıram.
Məsələn, bunlardan biri onun həmkəndlisi,
bütünlükdə Ağdamın dəyərli
ağsaqqalı Səlim Əzimovdur. Mən
canlı şahidiyəm ki, Bəbir müəllimin xəstəliyi
kritik həddə çatdığı zaman Səlim müəllim
ona nicat axtarırdı. Biz bir qrup dost Səlim müəllimin
təşkilatçılığı və
qayğısı ilə tez-tez görüşürük. Xəstəliyinə görə Bəbir müəllim
bəzi görüşlərə gələ bilməyəndə
Səlim müəllim yanıb-yaxılırdı və
ürək ağrısı ilə onun gələ bilməməsini
qeyd edirdi".
S.Murtuzayev
daha sonra qeyd edir ki, kitabda yazıları gedən hər bir
dostunun yazısının səmimiliyinə inanmamaq çətindir:
"Elə Bəbir müəllimin çoxsaylı təbriklər
içərisindən bu yazıları seçib kitaba daxil
etməsi də onun ürək dostlarına olan məhəbbətindən
qaynaqlanır. Kitabda bir müəllif
yazısı (yəni Bəbir müəllimin özünə
məxsus) yuxarıda dostluq haqqında dediklərimə
çox parlaq işıq salır. Yazı
"Dostluq həyatın ən gözəl
anlamıdır" adlanıb. Yazıda
dostluğa dair tarixin müxtəlif anlarından, böyük
fatehlərdən, imperatorlardan ibrətamiz misallar gətirilir,
çoxsaylı həyati epizodlar vardır. Bəbir
müəllimin bu yazısı dostluq barədə bitkin, fəlsəfi
bir əsər dəyərindədir, desəm
yanılmaram.Yazıda dost, yoldaş, tanışlıq
anlayışlarına aydınlıq gətirilir. Müəllif yaxşı dostu insanı tənhalıqdan
xilas edən bir nemət hesab edir".
S.Murtuzayev yazır ki, Bəbir müəllimə məxsus
bu kitabda o qədər rəngarəng məqamlar var ki,
bunları bir qəzet məqaləsi ilə əhatə etmək
qeyri-mümkündür. Kitabda müəllifin topladığı və
"Deyilən söz" fəslində verdiyi
çoxsaylı aforizmlər, maraqlı tarixi faktlar,
böyük şəxsiyyətlərdən, hökmdarlardan,
filosoflardan, alimlərdən, şair və
yazıçılardan gətirdiyi misalların, hətta təbabətə
dair kəlamların hər biri həyatiliyilə
maraqlıdır: "Müəllifin çox maraqlı
yumoristik yazıları onun intellektual səviyyəsindən xəbər
verir. Bütünlükdə bu kitabda
özünə yer tapmış yüzə qədər
müxtəlif yazılarda nəzərə çarpan ən
başlıca cəhət bunlardakı böyük səmimiyyətdir.
Bu kitabda Bəbir müəllimin öz
yazılarında da, onun haqqındakı yazılanlarda da hər
sözün, hər cümlənin ürəkdən gəldiyinə,
onların səmimiyyətlə deyildiyinə zərrəcə
şübhə etmirsən və buna görə də
onların dəyəri yüksəkdir. Ürəkdən
axıb gələn sözlər, cümlələr səmimiyyətin
göstəricisidir və bu kitabdakı bütün
yazılarda bunun şahidi oluruq".
Kitabda Bəbir
müəllim xəstə olarkən ömür-gün yoldaşı
Şükufə xanımın qələmə
aldığı bir şeir də yer alıb:
Yaz idi,
ayrılıb, bizdən gedəndə,
Günəş işıq saçıb, isti verəndə.
Soyuq payız gəldi, sən üşüdünmü?
Axı paltarların qalmışdı evdə.
Görüşmədin, çıxdın tələsik
getdin.
Niyə bu dünyanı belə tərk etdin?
Unudub bizləri,
övladlarını,
Səni bəxt apardı, özünmü getdin?
Paltarını
sərib günəşdə çölə,
Göz yaşım süzülüb dönür buz
gölə.
Saxlayıram
belə, birdən gələrsən,
Yazda düçar olub gurlayan seldə.
Atan ilk dəfədir
gəlmir görüşə,
Ehtiyacı çoxdur, bilirsən sənə?
Onun
halın sorub öyrənmək üçün,
Bəlkə, durub gedək, qalasan bizdə.
Bəbir
müəllimin qızı Elnarə Hüseynova kitabda yer alan "Sən uca bir dağsan, mənim
atam!" sərlövhəli yazısında bu şeirlə
bağlı belə yazır: "Anam bu şeiri atam xəstə
olarkən yazmışdı. Onun yazdığı bu şeir
acılar içərisində qıvrılan, günlərini
taleyin amansız qədəri ilə əlindən uçub
gedən övladının paltarları ilə keçirib,
onları qoxlayan, həsrəti ilə dağlanan, fəryad edən
bir ananın hisslərini tərənnüm etməklə
yanaşı, övladının bu məqamında, itkisində,
yoxluğunda belə Ata adına yönlənən hörmət,
ehtiram, qayğı və sevgini önə çəkir. Övladının gəlişi ilə həsrət
çırpıntılarının yox olacağını xəyal
edən ana yenə özündən yaşlı
ömür-gün yoldaşını düşünərək,
oğlundan atasının "halını sorub öyrənmək
üçün" evə gəlməsini istəyir. Belə bir Ana simvolu sadəcə,
qarşısında diz çöküb səcdə ediləcək
bir qadındır".
Kitabda
filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin
də Bəbir Hüseynovla bağlı fikirləri yer
alıb. C.Məmmədli bildirir ki, B.Hüseynov
ömrünü Azərbaycan jurnalistikasının
inkişafına həsr etmiş böyük qələm
sahibidir: "Mətbuatda imzası ilə möhür vuran Bəbir
müəllim jurnalist fəaliyyəti ərzində məşğul
olduğu peşənin qayda və tələblərinə
sadiq olub, sənətinin öhdəsindən böyük
ustalıqla gəlib".
"525-ci
qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə
Bəbir Hüseynovu çox maraqlı həmsöhbət, zəngin
yaddaşa, geniş informasiyaya malik insan kimi xarakterizə edir:
"Bəbir müəllim həm partiya işində, həm
də qəzet redaktoru kimi çox məsuliyyətli,
sözübütöv, sanballı bir rəhbər
işçi kimi fəaliyyət göstərdi. Onun rəhbərlik etdiyi dövrdə qəzet rayonun
ictimai-siyasi mühitində mühüm rol oynayırdı və
qəzetin yazıları rayon sakinləri arasında əməlli-başlı
reaksiya doğururdu. Bəbir müəllim
redaktor kimi üstün keyfiyyətlərə malik idi,
vicdanlı, obyektiv, qərəzsiz, hələ o illər
üçün bəzən nadir olan keyfiyyətlərə
malik bir insan idi. Mən hər dəfə
görüşəndə Bəbir müəllimin zəngin
söhbətlərindən doymaq bilmirəm".
"Qarabağa doğru yol" qəzetinin baş redaktoru Əli Mahmud Bəbir müəllimi səmimi insan, həyatın gediş-gəlişini düşünən, dediyi sözün yerini-yurdunu bilən bir şəxsiyyət kimi xatırlayır: "Bəbir müəllim bir insan kimi qayğıkeş, mümkün qədər hamıya, hər kəsə hörmət etməyə, ehtiram göstərməyə çalışan adamdır. Uzun illər Ağdam rayon qəzetinin redaktoru vəzifəsində çalışıb. Respublikanın əməkdar jurnalistidir. Təkcə bu ad yetər ki, Bəbir müəllimin mənəvi mərtəbəsindən, onun insana və sözə sədaqətindən ən xoş duyğularla yorulmadan danışasan... Bəbir müəllim milli məsələlərdə çox inadkardır və öz həqiqətlərimizi heç bir marağa dəyişən deyil. Bu da təbii ki, onun yurda, millətə, vətənə bağlılığının təzahürü idi".
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 6 fevral.- S.8.