Publisistik sözün gücü

 

ANARIN "SƏHƏR-SƏHƏR" YAZILAR TOPLUSU BARƏDƏ DÜŞÜNCƏLƏRİM

 

 

Bir vaxtlar "müharibə uşaqları" adlandırılan yazıçı və şairlərimizin əsərlərini mütaliə etməkdən yorulmazdıq.

 

Həmin əsərlərin təsiri ilə müharibəyə nifrət ruhunda böyüyə-böyüyə bir də gördük ki, özümüz də zorən müharibəyə cəlb olunmuşuq, odun-alovun içindəyik, yavaş-yavaş müharibə adamlarına çevrilmişik. Gördük ki, yurd itkisindən belimiz bükülüb, didərginlik, köçkünlük ağrısından bağrımız qana dönüb, haqsızlıq, ədalətsizlik iztirabında ümidlərimiz yarpaq-yarpaq saralıb, xəzəl olub. Əsir düşmüş ellərimizdən gələn hər səs-sədaya qəhərlənmişik, acı göz yaşlarımız içimizə axıb...

Yaşadığımız müharibənin dəhşətləri, insan taleləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qələm sahiblərini düşündürən, yazmağa sövq edən ağrılı bir mövzudur. Yüzlərlə kitab və monoqrafiyada, habelə publisistik yazılarda, hekayə və şeirlərdə bu problemə toxunulub, hər kəs həmin mövzunu öz düşüncə süzgəcindən keçirərək təqdim etməyə çalışıb.

Təbii ki, bu mövzunun işıqlandırılmasında publisistika həmişə bədii yaradıcılığı qabaqlayır.Bunun səbəbi təkcə publisistikanın zamanın salnaməsini yazmaq missiyasında deyil, həm də dövrün çağırışlarına daha tez cavab verə bilməsindədir. Çağırışlara cavab isə o vaxt təsirli olur ki, yazıçının əli zamanın nəbzində olsun, onun yazıları real həyatla, dövrün  ab-havası ilə qidalansın. Çünki bütün hallarda publisistikanın gücü sənədlilikdədir, gerçək faktla bağlılıqdadır.  Çağdaş Azərbaycan nəsrinin klassiki, xalq yazıçısı Anarın ötən ilin sonlarında "Mütərcim" nəşriyyatında çapdan çıxmış "Səhər-səhər" adlı publisistik yazılar toplusunu oxuyub bitirdikdən sonra bu fikirlərin həqiqiliyinə bir daha əmin oldum.  Kitabda müəllifin hamımızın sevimli mətbuat nümunəsi "525-ci qəzet"də "Səhər-səhər" rubrikası ilə bir il ərzində dərc olunmuş şənbə yazıları yer alıb.

Anar müəllim bu kitabda mübaliğəsiz-filansız, reallıqları və xalqımızın başına gələn müsibətləri konkret faktlarla əks etdirərək Azərbaycan həqiqətlərindən söz açır. Məhz sənədli faktların danılmaz gücünə əsaslanan bu publisistika oxucunun diqqətini dərhal özünə cəlb edir, onu müəllifin mövqeyində durmağa, qələm sahibi ilə həmfikir olmağa səsləyir.          

Yaradıcı adamın kimliyi, həyata, insanlara münasibəti, amal və mövqeyi onun yazdıqlarından, toxunduğu mövzulardan bəllidir. Elin-obanın dərdi ilə ərsəyə gələn əsərlər müəllifinin, ilk öncə, yurdsevər  insan olmasının göstəricisidir. Təbii ki, hər bir yazarın kitabı onun övladıdır. Doğrudan da, hər yeni əsər qələm sahibinin qanı-canı bahasına, doğma, əziz övladtək dünyaya gəlir, işıq üzü görür. Anar da öz sənət övladlarına - qələm nümunələrinə gözünün nurunu içirir. Xalqımızın mənəviyyat rəmzi olan Anarın düşüncələri, sevgisi, vətəndaşlığı onun qanı-canı bahasına, min bir əziyyətlə yaratdığı əsərlərindədir. Narahat dünyamızın narahat adamı özünü pərvanə tək oda-közə vurur. Belə bir ömür  yaşamaq üçünsə Vətəni sevən yanar ürək, həssas, duyğulu qələm sahibi olmaq yetərlidir.

Altmışıncılar nəsrinin görkəmli nümayəndəsi Anarın yaradıcılığının mühüm qolunu publisistika və esseistika təşkil edir.  Rəğbətlə qarşılanan "Səhər-səhər" yazılar toplusu onun bu qəbildən olan yaradıcılığının yeni, gözəl nümunəsi kimi maraq doğurur və qeyd edim ki,  publisistikamızda mühüm hadisə kimi dəyərlidir.

Kitabda müəllifin gerçək dünyamızın əzəli-əbədi dəyərlərinə, ana dilimizə, söz-sənət sərraflarına, elm, ədəbiyyat və incəsənət xadimlərinə həsr etdiyi esseləri, ədəbi əsərlərə dair resenziyaları, müxtəlif ölkələrə işgüzar səfərləri ilə bağlı yol qeydləri də oxucuların ixtiyarına verilib və maraqla oxunur. Bu yazıda Anarın Qarabağ mövzusunda qələmə aldığı və kitabda xüsusi yeri olan publisistik məqalələri barədə fikirlərimi bölüşmək istəyirəm.

Deyirlər, müharibə siyasətin zor gücü ilə davamıdır. Ermənistanın başladığı təcavüzkar siyasət, işğalçı müharibə xalqımızı bir daha imtahana çəkdi. Bu, həm də iradəmizi, nəyə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirmək sınağı idi. Qüdrətli sənətkar hələ 90-cı illərin əvvəllərindən başlayaraq, qəlbi parçalanmış, yurd-yuvasını itirmiş, dərd köynəyi geymiş soydaşlarımızla göz-gözə durmağa, qələm nümunələri ilə onların qəlb yaralarına məlhəm qoymağa özündə  güc, təpər tapmış, bunu bir missiya olaraq üzərinə götürmüşdü. "Vətəni bölünməz sərvətimiz, üz qoyduğumuz torpaq, anadan olduğumuz evin işığı, ocağımızın istisi" adlandıran Anar Qarabağ müharibəsinin qanlı-qadalı illərində - bu hünər vaxtı, qeyrət çağında publisist qələmiylə yurd xilaskarlarını, elə hər birimizi düşmənə qalib gəlməyə, işğal olunmuş torpaqlarımızı azad etməyə səsləyirdi.

Tariximizi gözəl bilən müəllifin yeni kitabında böyük maraq kəsb edən  "Qarabağımızın qövr eləyən yaraları" adlı məqalədə oxuyuruq: "Azərbaycan bütün bölgələriylə vahid, bölünməz məmləkətdir... Vətənimizin elə həssas bölgələri var ki, onların həm keşməkeşli keçmişi, həm də yaralı indisi var. Belə bölgələrdən biri - Azərbaycanın ayrılmaz parçası, dilbər guşəsi, qədim türk yurdu Qarabağdır. "Külli Qarabağın"... başıbəlalı və cəfakeş tarixinin sağalmaz yaraları daim yazıçılarımızın diqqət mərkəzindədir". Daha sonra məqalədə "çar rejiminin məqsədli siyasətlə yabançıları (erməniləri) Qarabağa köçürməsi, təzə qonşuların xəyanəti və bu qanlı təməllərdən bizim günlərə qədər uzanan əzablı yollardan" söz açılır.

Nankor qonşunun təcavüzü nəticəsində hərb qovğalarının şiddətləndiyi o barıt qoxulu  illərdə doğma yurd yerlərindən didərgin düşmüş, bütün insan hüquqları tapdalanmış soydaşlarımızın haqqını tələb etmək Anarın publisistikasında qabarıq şəkildə öz əksini tapır. Bu, məntiqli və təqdirəlayiq cəhətdir. Siyasi publisistika nümunəsi olan, müəlllifin "siyasət təlxəyi" adlandırdığı V.Jirinovskinin Ermənistanın dəyirmanına su tökən sərsəmləmələrini, habelə Zori Balayanın araqızışdırıcı millətçiliyini ifşa edən "Yava-yava danışanlar" adlı məqaləsi birnəfəsə oxunur.

Qələm sahibi bu avantürist siyasət dəllallarına qətiyyətli, tutarlı cavab verir. Eyni zamanda, Qarabağ dərdimizdən ürək yanğısı ilə söz açır: "Minlərlə əhalinin yaşadığı şəhəri yerlə-yeksan etdilər, minlərlə insan həlak oldu, itkin düşdü, yaralandı, şikəst oldu... Erməni yaraqlıları tərəfindən yandırılmış Azərbaycan kəndlərini Xatınla, Sonqmiylə müqayisə edirlərsə, Xocalı faciəsini ancaq Hirosima müsibətiylə yanaşı qoymaq olar. Çoxmilyonluq Yaponiya üçün 200 min əhalisi olan Hirosimanın Yer üzündən silinməsi nə idisə, 7 milyonluq Azərbaycanın neçə mindən artıq əhalisi olan şəhərinin məhv edilməsi heç vaxt sağalmayacaq yaradır".

Qarabağ mövzusu, qanlı savaşın ağrı-acıları, eyni zamanda, ölkəmizə qarşı ədalətsizliklərin ifşası haqqında bəhs etdiyimiz kitabın canına, ruhuna hopub.  Anar, dünyanın hansı yaxın və uzaq ölkəsinə gedibsə, orada kimlərlə ünsiyyətdə olubsa, məqam düşən kimi Qarabağdan, torpaqlarımızın işğalından söz açıb, özlərini sivil dünyaya "yazıq", "əzabkeş" millət kimi qələmə verən ermənilərin rəzil xislətini açıb göstərməyə çalışıb. "Gələcəyi qətl etmək olmaz" sərlövhəli məqalədə oxuyuruq: "İnsan qiyafəsində bir məxluq uşaqlara qarşı hətta yırtıcı heyvanın edə bilməyəcəyi qəddarlığı törədə bilərmiş". Yaxud "bir erməni yazarının etirafı çağdaş erməni ədəbiyyatı üçün müstəsna sözlərdir: Türk balalarının başını kəsən erməni balalarının da başını kəsə bilər". Doğrudur,  cəlladların milləti olmur.

Anar Xocalıda insanlığa qənim kəsilmiş yırtıcıları heç erməni də adlandırmaq istəmir. Onun fikrincə, belə vəhşilərin,  ümumiyyətlə, insan növünə dəxli yoxdur. Publisistə görə, "hər vaxtsız solan cocuq ömrü - xalqın, millətin gələcəyindən nə isə aparır... Kim bilir, bəlkə bu qətl edilən körpələrin arasında gələcəyin böyük dahiləri - Üzeyir bəyləri, Bülbülləri, Füzuliləri varmış..."

Anarın məqamında yazılmış və geniş ictimai rəy doğuran bu məqalələri siyasi publisistikanın sanballı nümunələridir.

"İşğaldan qurtulmuş Cocuq Mərcanlı uşaqlarının xoşbəxtliyi məhz bu tarixi kənddə yaşamalarında, gələcəyə ümidlərində və bu ümidlərin doğrulması yolunda görəcəkləri böyük quruculuq işlərindədir" ("Cocuq Mərcanlının cocuqları" məqaləsindən).

Bu kəndin yağı tapdağından azad olunmasından, Lələtəpədə dalğalanan bayrağımızdan qürur duyan müəllif yazır ki, "Cocuq Mərcanlı kimi qədim ad indi hardasa rəmzi mənada səslənir və elə bil Qarabağda, Xocalıda məhv edilmiş azyaşlı uşaqların şərəfinə qoyulub". Həmin məqalədə Anar publisistik sözün gücü ilə belə bir həqiqəti təsdiqləyir: "Tarix boyu böyük iztirablardan, haqsızlıqlardan keçib mənliyini, heysiyyətini qoruyub saxlamış Azərbaycan xalqının gələcəyini heç kəs heç kəsə arxalanıb qətl edə bilməz".

Göründüyü kimi, Anarın vətəndaş mövqeyi ilə seçilən, ürək yanğısı ilə yazılmış bu publisistika nümunələri mənəvi dəyərlərimizin daşıyıcısı kimi,  dövlətçiliyimizin daha da  möhkəmləndirilməsinə yönəlmişdir. Bəli, Qarabağ mövzusu bu gün də yazarın sanki vizit vərəqəsidir. Anarın biganəliyə yad olan döyüşən qələmi bu gün də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verir. Başqa sözlə, müəllifin azğın düşmənə qarşı bu inadkar, qanlı savaşı indi də davam edir.

Anar "İki tarix" adlı məqaləsində Azərbaycan əsgərinin möhtəşəm Aprel döyüşlərini xatırladaraq soydaşlarımıza nikbin bir çağırış edir: "Hələ də davam edən düşmən qəddarlıqlarına qarşı qürurumuzu qoruyub inkişaf edəcək, gündən-günə güclənəcəyik! Qəsbkar layiq olduğu cavabı alacaqdır. Bir il əvvəl - keçən apreldə aldığı cavab kimi".

Bu çağırışda düşməndən qisas almaq yanğısı da var. Vətən yolunda şirin canından keçən qardaşını itirmiş bacının, oğul itirmiş ananın, ata itirmiş övladın keçirdiyi həsrət və kədərin, kin və nifrətin müqabilində, həm də qələm sahibinin çox ağrı-acılı təsvirləri fonunda intiqama çağırışı haqq qazandırılandır. Torpaq, yurd itkisinin qarşısında, doğma insanın yoxluğunun doğurduğu iztirablarla müqayisədə bu qisas hissi, yanğısı təqdirəlayiqdir.

Publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. Bu janr üçün ən məqbul cəhət cəmiyyətdə gedən proseslərin mahiyyətinin, gerçəkliyin obyektiv surətdə əks etdirilməsidir. Tarixən qəbul olunmuş müddəaya görə, publisistik sözün əsas məqsədi insanları inandırmaqdır. Antik dövrün filosof-natiqlərindən olan Diosfen əbəs yerə demirdi ki, "mən sizi inandıra bilsəm, dediklərimə əməl edəcəksiniz". Doğrudan da, publisistik sözün əhəmiyyəti onun mübarizliyi, müəyyən işi görməyə nə dərəcədə sövq edə bilməsi ilə ölçülür.

Bugünümüzün reallığının doğurduğu hadisələrlə həmahəng "hərəkət etmək" Anarın mübariz publisistikasının ən səciyyəvi cəhətlərindəndir. Onun publisistikası vaxta, zamana köklənərək qələm sahibinin fikir yelkənini, təxəyyülünü qanadlandırır.

İncə, həssas təbiətli bu yaradıcı insanın iradəsi, qətiyyəti, ədalətsizliyə qarşı barışmaz mövqeyi oxucularında həmişə xoş duyğular oyadıb. İşğal olunmuş ərazilərdən didərgin düşmüş, taleyində qaçqınlıq, köçkünlük yükü daşıyan soydaşlarımızın problemlərini beynəlxalq səviyyədə səsləndirən Anarın ovxarlı qələmlə yazılmış hər sətri susan vicdanlara ünvanlanıb. 

Kitabdakı publisistik yazıları bir-birinə birləşdirən, bağlayan və Azərbaycan oxucusunun sarı siminə toxunan bir xətt var ki, bu da müəllifin millət sevgisi və vətən təəssübkeşliyidir. Orijinal müəllif müdaxiləsi, obyektiv mövqeyi ilə seçilən  xalq yazıçısı Anardan əxz olunası, öyrəniləsi çox şey var. Onun yazılarını daim izləyən, yaradıcılığına bələd olan bir şəxs kimi deyə bilərəm ki, nikbin ovqat yaradan, sevindirən, bəzən kədərli notlar üzərində köklənsə belə, düşünməyə sövq edən bu qələm nümunələri həmişə oxunan, arzuolunandır. Çünki Anar, sözü ürəyinin odunda bişirməsə, oxucusuna təqdim etməz. Onun cümlələri Vətən eşqi ilə nəfəs alır, yaradıcılığından Azərbaycan dünyası boylanır. Ərsəyə gətirdiyi bütün əsərləri, o cümlədən publisistik yazıları bədiilik, lakonizm, səmimiyyət və hər şeydən daha artıq vətəndaşlıq yanğısı, unudulmaz cizgiləri ilə fərqlənən və yaddaqalandır.

"Səhər-səhər" toplusunu döyüşkən ruhlu, yurd həsrətli, sabaha çağırış nidalı marşa  bənzətmək olar. Qoy mübarizəyə səsləyən bu marş daim səslənsin. Səsləndikcə də Qarabağ harayı, Xocalı ah-naləsi, işğal altında qalan torpaqlarımızın iniltisi, haqq səsimiz dünyaya yayılsın!

 

 

Zemfira MƏHƏRRƏMLİ

Yazıçı-publisist

 

525-ci qəzet.- 2019.- 6 fevral.- S.7.