Dayandur Sevginin 60
yaşı qeyd olundu
Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Dayandur Sevginin 60 illik yubileyi və "İkinci addım" kitabının imza günü keçirilib.
Mərasimdə AYB rəhbərliyi, tanınmış ziyalılar, yubilyarın qələm dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Dayandur Sevginin yaradıcılığı haqqında məlumat verib, onun həm bir şair, həm də insan kimi ədəbi mühitdə sevildiyini vurğulayıb.
Çıxışlardan öncə şair özünün "Azərbaycan Bayrağı" şeirini oxuyub.
AYB-nin sədri, Xalq yazıçısı Anar Dayandur Sevgini yubiley yaşı və yeni kitabı münasibətilə təbrik edib. Tədbirdə olduqca çox sayda insanın iştirakına diqqət çəkən AYB sədri yubilyarın bu sevgini, bu hörməti özünün gözəl xasiyyəti, istedadı, xoş rəftarı ilə qazandığını deyib.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu da yubilyar haqqında düşüncələrini bölüşüb, ona 60 yaşı ilə bağlı xoş arzularını çatdırıb, hədiyyə təqdim edib.
AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxışında D.Sevgini zəhmətkeş, hər zaman gənclik eşqilə yazıb-yaradan şair adlandırıb.
AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxışında bildirib ki, Dayandur Sevginin şeirlərinin hər biri ürək yanğısından, səmimi hisslərdən yoğrulub.
Yazıçı Səyyad Aran
D.Sevgini çox uzun zamandan bəri
tanıdığını deyib, onunla dostluğunun tarixindən
söz açıb, poeziyasından
nümunələr səsləndirib: "Dayandurun
insanlığı, əxlaqı, tərbiyəsi çox yüksəkdir. Elə bir insan, elə
bir dostdur ki, ona hər
zaman güvənmək
olar.
Onun bayaq dinlədiyimiz "Azərbaycan
Bayrağı" şeiri,
böyük məsuliyyətlə
deyə bilərəm
ki, ən yaxşı şeirlərdən
biri kimi dərsliklərə salınmağa
layiqdir. Dayandur nədən yazmağından
asılı olmayaraq, səmimi yazır, ürəkdən yazır.
Onun ictimai məzmunlu şeirləri də özünəməxsusdur".
Tənqidçi Vaqif Yusifli yubilyarın poeziyası haqqında geniş şərh verib: "Onun istər sevgi şeirlərində,
istərsə də sosial məzmunlu şeirlərində yaralı
bir şair qəlbinin duyğuları
var. Dayandur Sevgin hər cür pafosdan uzaqdır. O, ancaq özünü yazır".
Daha sonra Ramiz Məmmədzadə,
Əsəd Cahangir, Eldəniz Həsənov, Yusif Nəğməkar, Kəmaləddin Qədim, Hüseyn Sözlü, Azadə Taleh, Aygün Hüseyn, Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə,
Nəcibə İlkin,
Oqtay Rza, Nəvai Mətin və başqaları çıxış edərək
yubilyarı səmimi qəlbdən təbrik edib, ona can sağlığı,
yeni yaradıcılıq
uğurları arzulayıblar.
Tədbir boyunca Əməkdar artist Ağalar Bayramov şairin şeirlərini söyləyib.
Sonda çıxış
edən Dayandur Sevgin, başda AYB rəhbərliyi olmaqla, tədbirdə iştirak edənlərə, çıxışçılara
təşəkkürünü bildirib, "İkinci addım" kitabını
qonaqlar üçün
imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 6 fevral.- S.7.