Aqil Abbas: "Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz"

 

 

"525"in müxbirinin suallarını yazıçı, millət vəkili Aqil Abbas cavablandırır.

- Aqil müəllim, üzvü olduğunuz parlamentin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin bu günlərdə keçirilən iclasında "Məni Şuşaya Azərbaycan dövləti aparacaq" fikrini səsləndirmisiniz bunu bir deputat həmkarınız öz Feysbuk səhifəsində paylaşıb. Bu paylaşımdan sonra sizin fikirlərinizi alqışlayanlar, eyni zamanda, bir qədər istehza, ironiya, rişxəndlə yanaşanlar, gülüşlə qarşılayanlar da olub. Bəzi insanlardakı bu istehza, bu inamsızlıq nədəndir, sizcə?

- Əvvəla, mən bilmirəm, bu, nədən kimdən qaynaqlanır. İkincisi , söhbət məndən getmir, bizdən gedir, yəni bizi Azərbaycan dövləti Şuşaya aparacaq. Yaxşı, mən onda sual verirəm: bizi hansı ölkə apacaq Şuşaya? Qoy o sualıma cavab versinlər. Müharibəni Azərbaycan dövləti aparacaq,  Qarabağı da Azərbaycan dövləti işğaldan azad edəcək. Qonşu azad eləməyəcək ki?!

- Bəs niyə insanların bir qismi Qarabağın azad ediləcəyinə bir qədər şübhə ilə yanaşır, insanlarda belə demək mümkünsə, ümidsizlik yaratmağa çalışır?

- Belələri varsa, görünür, sadəcə, kimisə söyməyə adam axtarırlar. Əslində isə mən inamsız adam görməmişəm. Mənim gördüyüm insanlar, deputat seçildiyim dairənin, bölgənin insanları içərisində beləsinə rast gəlməmişəm. Mənim qarşıma çıxmayıb. Kiminsə qarşısına çıxıbsa, onun öz günahıdır. Hər kəs də öz ürəyi istədiyi yerləri görür. Mən inanıram və qəti əminəm ki, Şuşanı da, digər yurd yerlərimizi də dövlətimiz azad edəcək. Yaşım 65-i keçib, lakin lazım olsa, mən də döyüşə gedəcəyəm Şuşaya. Burada qəribə nə var?! Düzünü deyim ki, "lazım gəlsə" sözünüheç xoşlamıram, amma savaş başlasa, mən 1990-cı ildən atəşkəsə qədər səngərdə olmuşam, yenə də səngərdə olacağam. Bu heç, amma kim inanmırsa, bu, onun öz işidir. İnsanlar var ki, Allaha, peyğəmbərlərə, imam Hüseynə inanmırlar. İnanmırlarsa, deməli, onların öz işdir, onları məcbur edəsi deyiləm ki? Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz...

- Aqil müəllim, ümumiyyətlə, münaqişənin sonunu necə görüsünüz, hərb, yoxsa sülh yolu ilə işğal faktı aradan qaldırılacaq?

- Sülhlə nəyinsə həll olunacağına inanmıram və əsl sülh o zaman olacaq ki, müharibəni udacağıq. Erməni silahlı qüvvələri üzərində qələbə çalacağıq və bunu etməyə də tam gücümüz, qüdrətimiz var. Azərbaycan dövlətinin, ölkə başçısının da iradəsi ortadadır. Eyni zamanda, mən erməni xalqını, erməni icmasını demirəm, əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşacaqlarsa, dinc yanaşı yaşamağı seçəcəklərsə, o zaman burada yaşaya bilərlər. Azərbaycanda yaşayan digər xalqlar kimi, onların da burada yaşamağa haqları var. Onların da seçmək-seçilmək kimi haqları mövcuddursair. Mən demirəm ki, erməniləri oradan qovub çıxaraq. Deyirəm ki, Azərbaycan Konstitusiyasına əməl edəcəklərsə, bu ölkədə nələr varsa, onlardan da istifadə etmək hüquqlarına malikdirlər. Vətəndaşlığı qəbul edəcəklərsə, buyursunlar, otursunlar, yaşasınlar, əvvəllər necə yaşamışdılarsa, indi elə yaşasınlar. 30 ildir ki, ATƏT-in Minsk qrupu yaranıb, 1994-ci ildən bu yana atəşkəsdir. Ancaq ortada heç yoxdur. Sülh-sülh deməklə heç olmur. O savaş olacaq 2016-cı ilin aprelində göstərdiyimiz igidliyi onda da göstərəcəyik.

 

Kamil HƏMZƏOĞLU

 

 

525-ci qəzet.- 2019.- 7 fevral.- S.4.