Duyğuları saf, şeir dili təmiz və
yüyrək...
Şair-publisist Əkbər Qoşalının
bugünlərdə yeni
şeirlər kitabı
- "Ürək daşı"
işıq üzü
görüb. Kitaba yazılmış ön sözü təqdim edirik:
Əkbər Qoşalı imzası təkcə Azərbaycan oxucusu üçün deyil, ümumtürk coğrafiyası üçün
bəlli və sayğı duyulan bir imzadı. Çağdaş
türk ədbiyyatında
və ədəbi prosesində bu imzanın həm şair kimi, həm publisist kimi, həm də türkoloq kimi ayrıca yeri və mövqeyi
var. Hər üç
müstəvidə onu
yaxından izlədiyim
üçün, bir ədəbi sima olaraq ona özəl
rəğbətim, sayğılarım
var. Vətəndaşı olduğun ölkənin, mənsub olduğun millətin mədəni dəyərlərinin təbliğ
olunmasında və qalxınmasında əmək
vermək, əslində,
hər bir qələm adamının
qutlu borcu olsa da, hər
qələm adamı bu şərəfli işin altına çiyin vermir. Bu anlamda, 12 illik fasilədən sonra yeni şeirlər kitabını nəşrə
hazırlayan şairin
"Ürək daşı"na
yazdığım uğurlamanı
onun milli ədəbiyyatımız qarşısında
göstərdiyi xidmətlərə
dəyər verməklə
başlamağım təsadüfi
deyil. Əkbər Qoşalının ədəbi yaradıcılıqda
qazandığı uğurlar,
ədəbi prosesə
verdiyi fayda və təkanla paralel gəlir. Mən bu təkanı görməzdən gələ
bilməzdim; amma söz konusu Əkbər Qoşalının
şeirlər kitabı
olduğuna görə,
elə buradaca mətləbimin bu hissəsini sonuclayır və kitabda gedən şeirlərlə
bağlı fikirlərimi
oxucularla bölüşmək
istəyirəm.
Öncəliklə onu deyim ki,
kitabı oxuduqca ilk duyduğum bu oldu ki, bütün
ciddi və milli söz adamları kimi, Əkbər Qoşalı da zamanın qatmaqarışıqlığından içinin bütövlüyünü
qoruyub, duyğularını,
düşüncələrini saf saxlayıb. Bu, hər bir şair
üçün çox
önəmli məsələdi.
Şeir duyğu və dil hadisəsidi. Əkbər Qoşalının duyğuları
saf, şeir dili təmiz və yüyrəkdi.
Kitab, şairin mənim də çox sevdiyim "Altaylardan qopan atlar"ıyla başlayır. Türk ulusu
mənzil kəsməyə
at belində çıxdığı
kimi, onun şairi də sözdə mənzil başına varmağa ilham atının belində çıxsa yaxşıdı. Şeiri oxuduqca
özgəsinin yox, məhz "Altaylardan qopub, dolunay işığında ağ
köpüklü dənizlərə
doğru çapan"
atların hənirtisini
duyur, ayaq səslərini eşidirsən.
İstənilən şeirin mükəmməliyi
də elə bundadı - duyğularını
oxucuya duyduracaq bir şəkildə dilə gətirib, kağıza köçürməlisən. "Qız Qalası" şeiri də "ölüncə qız qalası" deyimi ilə bu möhtəşəm
tarixi abidəmizə yeni baxışın, fərqli hiss və həyəcanın ifadəsidi.
Əkbər Qoşalının şeirlərində
mənim ən çox xoşuma gələn cəhətlərdən
biri də onun qafiyə və ölçü naminə duyğularını
cilovlamamasıdı. Sərraf
oxucu bunu həmən duyur, ilham köhləninin cilovu ya boş
olmalıdı, ya da heç olmamalıdı...
Bu anlamda, Əkbərin
istər sərbəstdəki,
istərsə də hecadakı qafiyə sistemi nədənsə, mənə qədim və ortaq türk
poeziyası örnəklərin
qafiyə sistemini xatırlatdı. Mənə elə
gəlir, bu sistem, onun poeziyasına
alt şüurla yansıyıb.
Yazıya ürək,
ürəyə dərd
qoyarıq...
Beləcə, dərd dolanar dünyada:
Torpaq-torpaq, daş-daş,
yazı-yazı, ürək-ürək...
Deyirəm, gedim torpaq dərdimi yazım
Ürəklər daş olmamış...
Yazımın əvvəlində də qeyd etdiyim kimi,
məmləkətin ağrısı,
millətin yarası hər bir şairin
qələmindən mütləq
şəkildə boy verməli,
görsənməlidi. Bu duyğudan
məhrum olan şairin onun dilində danışdığı
millətin ədəbiyyatında
nə yeri olar ki..? Ancaq burda
da incə bir mətləb var. Təkcə bu ağrını yaşamaq
şərt deyil, gərək ağrını
ağrının özü
qədər diri bir halda, peşəkarcasına
kağıza ötürəsən.
Oxucuya da bu ağrını
yaşada biləsən,
oxucu sənin səmimiyyətinə inana.
"Qarabağ" şeirində
deyildiyi kimi:
Qarabağ!
Sən mənim alın yazım,
Mən bir qara qələmlə
ağ kağıza
nə yazım?
... Sabah Tanrı deməzmi:
Ya İnsan!
Mən səni belə ha yaratmamışdım...
Və ya başqa bir
şeirində olduğutək:
Gəmiləri sudan çəkib quru ilə sürərəm
İstanbulun eşqinə.
Şair içinin ağrısını,
qəlbinin sevgisini daha necə dilə gətirməlidi ki?!
Kitabın ilk bölümü olan "Sərbəstin meydanı"nda
sözün meydanına
çıxarılacaq yetərincə
bu cür qəlb göynədən,
ürəyi riqqətə
gətirən, oxucuya gah kədər, gah qürur duyduran örnəklər
var. Qısacası - ŞEİRlər
var.
İkinci bölümdə Əkbər
Qoşalı "Aldı
görək nə dedi?" deyir. Şair heca
şeirlərinə qədim
ustad deyimiylə başlayır və nə yaxşı ki, ustadların qoyduğu gələnəyə
uyğun olaraq burasını yeganə
"Divani"si ilə
açır. Mən bu
divanini Əkbərin öz dilindən də, onu saza
qaldıran aşıqlarımızın
dilindən də zaman-zaman duymuşam və çox da bəyənmişəm.
Daha çox sərbəstdə
meydan sulayan şairin bu addımını "mən
bunu da bacararam"
fikrinə yozmaqdan tamamilə uzağam.
Heca şeirlərində də
çox vaxt gələnəksəlliyi qıran
şairin bu cür mükəmməl bir divani yazması
onun qan yaddaşından süzülüb
gələn ozan ruhunun bir təcəllasıdı,
- deyə düşünürəm.
Kitabın bu bölümündə
şairin qoşmaları,
gəraylıları, çarpaz
qafiyəli şeirləri
yer alıb.
"Səslərin gözəli
qara sazdadı, Kərəmi çağırar,
Dilqəmi səslər"
yanğısı da,
"Bir göz var istədim baxıb yaşayam, Qoydular üz-üzə baxtınan məni" göynərtisi də,
"Ürəyimə nələr
damıb, ilahi? - Bəs nə idi ürəyimdən
daman nə?.." müəmması da... onun klassik qoşmanın
ta dibindən gəldiyindən xəbər
verir.
Bununla belə, Əkbər Qoşalı heca şeirlərində də yenə öz nəfəsini, özəl ifadə tərzini qoruyub saxlayıb. Ona, hansısa şeirində qətiyyən "kimdənsə təsirlənib" demək olmaz. İndilərdə, çağdaşlarımız içərisində özündən öncəkilərdən təsirlənmədən, onların cazibəsindən qurtulub qələm çalan şairlərimiz elə də çox deyil. Bu anlamda, Əkbər məhz həmin azların sırasındadı.
"Səsləşmələr" bölməsi imzalarına sayğı duyduğum şairlərdən Əlirza Həsrət və Elman Tovuzla Əkbər Qoşalının söz atışması, duyğu bölüşməsi, şeir çələngidi. Üç şairin bir işinə qarışmaq düzgün iş olmadığına görə özləri və oxucuları bilərlər deyə, münasibət bildirməkdən yan keçdim. Üç şeirdən ibarət "Əsgərə, Turala, Ayxana" bölümü cocuqlarımızı da, öyrətmənlərimizi də ilgiləndirə biləcək özəl şeir örnəkləridir. Düşünürəm ki, oxusalar, qazanarlar...
Şair özü
demişkən, kitabını "Uzun sözün qısası" və nəhayət,
"İlk qələm örnəkləri"
ilə tamamlayır və nə yaxşı ki,
şeirə, ədəbiyyata hardan gəldiyini
oxucularına göstərməkdən çəkinmir.
Dünyanın heç bir
şairi ilk qələm
təcrübələrindən ün
qazanmayıb. Hamı dünyanı və özünü öyrənə-öyrənə,
tanıya-tanıya böyüyüb. İlk qələm təcrübələrinə
sədaqət də sadiqliyin bir göstəricisidi. Əkbər
Qoşalı yeniyetməliyində qələmə
aldığı duyğularının xətrini əziz tutub, kitabına daxil edib. Və nə
yaxşı, belə də edib! Ən
başlıcası isə SÖZə sədaqətdi ki, bu kitab
da bütövlükdə
türklüyümüzə və türkcəmizə sədaqətin,
sevginin duyğusal və
poetik bir
aynasıdı. Bu aynaya
diqqətlə bax, oxucu
dost! Səbəbini özün
biləcəksən.
İbrahim İLYASLI
525-ci qəzet.- 2019.- 7 fevral.- S.8.