Ağırtaxtalı adam

 

YAXUD ŞƏXSİYYƏTLƏ SƏNƏTKARLIĞIN VƏHDƏTİNƏ AZAD ŞÜKÜROV ÖRNƏYİ

 

 

Uzaqdan adamla bərabər bir kölgə gəlir. Get-gedə kölgə bu adamı yola salırmış kimi yox olur. Adamın özü böyüyür. Böyüyür, böyüyür dağ boyda bir adam olur.

Sonra bu dağ boyda adamın səsi eşidilir. Ürəyə yatımlı səslə sözün qarışıq cazibəsi səni özünə çəkir. Sözü səsə çevirib diqqətinə hakim kəsilən, hələ üzünü görmədiyin bu adama qarşı içindən bir doğmalıq hissi baş qaldırır. Bu doğmalıqda rahatlıq tapırsan. Tapınırsan.

Səs doğma, söz doğma, insan doğma.

Səs Azad, söz Azad, insan Azad.

Yaxınlaşdıqca sakit, səlis danışıqlı, qaltan səsli bu adamın sənə dikilən baxışının deyəcəyi sözü görürsən. Gördüyünlə kifayətlənmək istəmirsən. Baxışların sözlə ifadəsini eşitmək keçir könlündən. Qəlbinin səsiylə hərf-hərf, heca-heca sözü yaddaşlara həkk edən səsini.

Bu ağırtaxtalı adam yeridikcə qabarıb çəkilən yer titrəyir. O, hər dəfə taxta döşəməli səhnəyə çıxanda narahat oluram. Elə bilirəm ki, taxta döşəmə o ağırtaxtalı adama tab gətirməyəcək. Sonra onun səhnəyə öyrəşdiyi kimi, səhnənin də ona öyrəşdiyini hiss edirəm. Səhnə, ifa etdiyi rol bu ağırlığı özündə paylaşır. Sənətkar, ifasıyla sözə, rola ağırlıq, sanbal gətirir...

Canlı söz sənəti sənətlərin ən qədimidir. Nitqin anlaşıqlı və təsirli olmasının ən mühüm şərti onun orijinallığındadır. Eynən Azad Şükürovda olduğu kimi.

Azad Hətəm oğlu Şükürov 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Kənd orta məktəbində oxuyarkən ilk dəfə səhnəyə çıxıb.

Aktyor olmasaydı, hansı peşəni seçəcəkdi - bilmir. Bu elə "aktyor olardım", deməkdir.

Sənətə, peşəyə vurğunluq da ilk sevgi kimidir. İlk baxışdan vurulmaqdır: "Etiraf edim ki, aktyor olmaq barədə heç fikirləşməyim də olmayıb. İlk dəfə orta məktəbdə oxuyanda Ağdamda tez-tez teatra aparırdılar bizi. Hər şey o vaxtlar oldu. Teatrı sevməyim də, aktyor olmaq istəyim də..."

... 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə) daxil oldu. Aktyorluq şöbəsini fərqlənmə diplomu ilə bitirərək təyinatla N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərilən Azad Şükürov teatrın səhnəsində yaddaqalan rollar oynadı.

1984-cü ilin sentyabr ayından indiki ADMİU-nun Tədris Teatrında fəaliyyət göstərməyə başlayan və burada da bir-birinin ardınca maraqlı və orijinal obrazlar yaradan A.Şükürov 1990-cı ildən səhnə danışığı kafedrasında müəllim, 1996-cı ildən baş müəllim, 2002-ci ildən dosent, 2001-2006-cı illər ərzində kafedra müdiri vəzifələrində çalışdı. 2015-ci ildən yenidən kafedraya rəhbərlik edir.

Azad müəllim ifaçılıq və pedaqoji fəaliyyətlə məşğul olmaqla bərabər, dövri mətbuatda 20-yə yaxın elmi məqalənin, "Televiziyada danışıq" proqramı (1990), "Danışıq texnikası" fənninə dair proqram və metodik göstərişlər (1998), "Televiziyada danışıq" fənninə dair proqram və metodik göstərişlərin (2006) və "Səhnə danışığı dərslərində "Görmə kinolenti"nə aid çalışmalar" adlı metodik göstərişlərin, "Səhnə danışığına dair müntəxabat" dərs vəsaitinin (dosent K.Mehdiyeva ilə birlikdə) müəllifidir. Müxtəlif kitab, qəzet və jurnallarda onun yaradıcılığı haqqında 30-a qədər məqalə və müsahibələr çap edilib.

İndi də onun yazdığı "Mənim sənət yollarım" adlı maraqlı avtobioqrafik bir kitabı qarşımdadır. Kitabda əsas fikirlər "Yolun əvvəli", "Heç vaxt bitməyəcək Lənkəran yolları", "Çoxlarına tanış olan ümid yolu", "Ərdanla başlayan on beş illik şərəfli yol", "Auditoriyaya aparan yollar", "Ekrandan və efirdən keçən yollar", "Fotolarda tarixləşən sənət yolları" kimi bir-birindən maraqlı və teatr tarixi baxımdan sənət adamlarının diqqətini cəlb edə biləcək faktlarla zəngin olan məqalələr ətrafında qurulub...

Azad Şükürov 1992-ci ildən qaçqınlıq həyatını yaşayan Şuşa teatrının Bakıda fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəməyib və bir müddət burada aktyor kimi çalışıb. Onun yaradıcılığının mühüm bir dövrü Bakı Bələdiyyə Teatrı ilə bağlıdır. O, 1993-cü ildən 2008-ci ilədək müqavilə əsasında fəaliyyət göstərdiyi Bakı Bələdiyyə Teatrında xeyli sayda yaddaqalan rollar oynayıb. 2002-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. Dəfələrlə xarici ölkələrdə Azərbaycan teatr sənətini layiqincə təmsil edib. Onun aktyorluq məharəti 2003-cü ildə birinci Tehran Beynəlxalq Komediya festivalında "Qızıl medal"la dəyər-ləndirilib.

Azad Şükürovun kino yaradıcılığı da zəngindir. Kino aktyoru kimi onun bədii filmlərdə, teleseriallarda, film-tamaşalarda və bədii-sənədli portret filmlərdə yaratdığı və tamaşaçıların rəğbətini qazanmış müxtəlif xarakterli rollar sənət adamlarının da diqqətindən yayınmadı.

Bütün bunlarla yanaşı, A.Şükürovun 100-dən çox filmin Azərbaycan dilində səsləndirilməsində və neçə-neçə radio teatrında iştirakı lentlərin yaddaşında qorunub saxlanmaqdadır...

... Azad Şükürov xarakterik rollar aktyorudur. Xarakterik rollar daha çox ürəyinə yatır. Çünki xarakterik obrazlarda yaxşı materiallar olur. Elə rejissorların onu daha çox görmək istədikləri molla rollarında da. Burada obrazı açmaq üçün imkan var.

"Aktyorluq yüngüllük demək deyil. Aktyor cəmiyyətin ən ziyalı, ən ağıllı insanlarından biridir", - deyir.

O, davranışı, hərəkəti, sözü-söhbəti ilə sənətə sanbal, ciddilik gətirir.

Lənkəran Teatrında Azad Şükürovun iştirak etdiyi  "Ölülər"i, Tədris Teatrının "Müsyö Jordan və Dərviş Məstəli şah"ı, Bələdiyyə Teatrının "Tomiris"i, "Mənim şəhərim"i, "Nadir şah"ı, "Dəli Domrul"u, "Ölülər"i televiziyamızın fondunda qorunur...

O, tələbələrinə yaradıcı insanlar kimi baxır. Tələbələri öyrətməklə bərabər, həm də onlardan öyrənir. Yüksək ifaçılıq mədəniyyətinə malik olan aktyorlar kimi yetişmələri ilə yanaşı, onların arasında elə bir səmimi atmosfer yaradır ki, bu gənclər çəkinmədən müəllimlərinin səhvini deyə bilsinlər. O, bu atmosferi, normal, ağıllı münasibəti çox vacib sayır… Ailədə, həyatda əxlaq və tərbiyəyə daha çox fikir verdiyi kimi, auditoriyada da əxlaqlı, tərbiyəli və istedadlı tələbələrə önəm verir…

Azad Şükürov mahir qiraət ustasıdır. O, şeiri ruhuna hopdurur. Şeiri yaşayır. İçinin süzgəcindən keçirir. Vurğusuyla, pauzasıyla, ritmiylə, tempiylə... Şeirə bir canlılıq gətirir. Şeirdə ilk baxışda, hətta şairin özünün fərqində olmadığı məqamları qabardır. Şeirə yeni ruh, yeni həyat verir. Bu, onun səsləndirdiyi hekayələrdə, böyükhəcmli əsərlərdən oxuduğu parçalarda, söylədiyi şeirlərdə də belədir... Azad Şükürov həm də gözəl aparıcıdır. Səlis nitqi var. Aparıcısı olduğu mötəbər rəsmi tədbirləri, şənlikləri  məclisin xarakterinə uyğun olaraq yaddaqalan edir. Onun iştirakı sözü, rolu, məclisi unudulmaz edir. Budur sənətə, peşəyə dəyər vermək.

O, Qarabağ müharibəsi zamanı döyüş bölgələrində, indiki dövrdə isə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə cəbhə bölgələrində və sərhəd qoşunlarında əsgərlər qarşısında çıxışlar edib. Təsadüfi deyil ki, o, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin 2009 və 2010-cu ilin sentyabr və dekabr aylarında keçirdiyi "Bakı gecələri" adlı müasir mahnı müsabiqəsində və dəfələrlə özfəaliyyət teatr kollektivlərinə baxış müsabiqəsində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.

Azad Şükürov vətənpərvər sənətkardır. O, elin dərdini, ağrısını yaşayıb, sevincinə ümid verən el adamıdır... "Mənim üçün yurd, hər şeydən əvvəl, valideynlərimin otuz ilə yaxındır ki, ziyarət eləyə bilmədiyim məzarlarıdır. Yaz ağzı alça-gilas ağacları çiçəkləyəndə az qalıram yalquzaq canavar kimi ulayam… Mənim üçün yurd doğulduğum, boya-başa çatdığım Ağdamın Muğanlı kəndindəki həyətimizdə bitən qollu-budaqlı tut ağacıdır. Zaman-zaman bağrıma basıb, dərdimi danışa bildiyim tut ağacı" - deyir Azad Şükürov.

O yerlərdə şəhid olan dağlar, təpələr, meşələr qaldı. Bir də indiki Azaddan daha ötkəm, daha saf, daha qürurlu Azad.

Azad Şükürov maraqlı adamdır. Kənardan nə qədər zəhmli, qaraqabaq görünsə də, ilk görüşdən səni çoxdan gözlədiyi doğması kimi elə qarşılayır ki, adam ilk düşüncəsindən utanır. Yola salması, ayrılması da elədi. Təbii. Mehribancasına. Hər dəfə ondan unudulmayacaq təəssüratlarla ayrılırsan. Əzizin kimi. Beləcə ilk görüşdən doğmana çevrilir.

Azad Şükürovu bir insan kimi sevdirən cəhətlərdən biri də elə budur.

Azad Şükürov səhnədə, çəkilişdə, kadr arxasında aktyordur. Həyatda isə mehriban insandır. İnsanlarda ancaq yaxşılıqları görür. Bəzən insanlar haqqında səhv etməsinin də bundan qaynaqlandığı qənaətindədir.

Azad Şükürov səmimidir.

Hamıyla dil tapmağı, müsahibiylə öz dilində danışmağı bacaran, söhbətə şirinlik qatan, onunla keçən vaxtın bitdiyinə adamı təəssüfləndirən söhbətdaşdır. İnsana pozitiv enerji verən, gedilən yolun yorğunluğunu çıxaran yaxşı yol yoldaşıdır. Onunla zamanın necə keçdiyini unu-dursan. Ona görə də tanıyanlar onunla tez-tez görüşmək, ünsiyyətdə olmaq, fikir bölüşmək istəyində olurlar.

Etdiyi xeyirxahlıq, göstərdiyi qayğı özünün yadından çıxsa da, tələbələrinin, dostlarının yadından çıxmır.

Əsl türk kişisi kimi ailəni toxunulmaz sayır. Ailəsinə görə, hətta ən çox sevdiyi sənətindən də uzaq düşə bilər.

Azad Şükürov optimistdir.

Çox şeylər yaşadı Azad Şükürov. Bir vətəndaş kimi, insan kimi, aktyor kimi, müəllim kimi. Amma ruhu sönmədi. İnsan ruhu, sənətkar ruhu...

Həyatında bir neçə dəfə hər şeyi sıfırdan başlamalı olub. Amma heç vaxt ümidini itirməyib, inadından dönməyib. Arzularına söykənib, özündə güc tapıb. Aldığı tərbiyə ona olanları təbii qəbul etməyi öyrədib.

Hər şeyə çətinliklə nail olub. İstedad və zəhmətin sayəsində. Bir də səbrin. Hansısa problem rahat və asan həll olunanda təəccüblənib.

"Füzuli ilə dərdləşə bilirəmsə, deməli, qazancım böyükdür" - deyir. Küçədə, bayırda yaxınlaşıb görüşənləri, şənliklərinə dəvət edənləri çox olur. Bu, onunçün ən böyük qazancdır.

Oynadığı bütün rolları sevə-sevə oynadığından, hamısı onunçün əzizdir. Övladları qədər, tələbələri qədər.

Allah sevdiyi insana sevgini vaxtında göndərir. Sevgi insanı formalaşdırır.

İnsanın həyatında elə məqamları olur ki, o, özü-özüylə söhbət eləməli, özünü dinləməli, hesabat verməli olur. Çayın şırıltısında, dalğaların səsi fonunda, həzin bir musiqiyə qulaq asa-asa. Sanki kimsə sənin ürək çırpıntılarını eşidəcək deyə, belə yer, məqam seçirsən. İçinlə, özünlə baş-başa qalırsan. Danışıb rahatlanırsan. Bu iç-içə olan söhbət, verəcəyin qərar sənin sonrakı həyatını müəyyən edir. İnsan üçün bu, çox vacibdir.

Səni heç kəs özün kimi tanıya bilməz.

Öz gözünün içinə baxıb danışmaq hamıya nəsib olmur.

Tarixi ədəbiyyat, mədəniyyət nümunələri yaşadır.

Əsəri canlandıranlar, sevdirənlərsə aktyorlardır.

İstedadı ilə bərabər, savadın, intellektin, ədəb-ərkanının olması hər aktyora nəsib olmur. Tamaşaçılar Azad Şükürovda həm də bunların vəhdətini gördüklərinə görə onu çox sevirlər. Bir də kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, yaratdığı obrazların hər birinin yaddaqalan, gözəl olmasına görə.

Ən yaxşı insan peşəsinə nüfuz gətirəndir. Azad Şükürov peşəsinin namusunu qoruyan aktyordur.

Aktyorluq sənəti çətin sənətdir. İnsan həyatda öz rolunu doğru-dürüst oynaya bilmir. Aktyor isə gündə fərqli bir rol oynamalı olur. Ən çətini isə bu qədər rol oynayaraq özün kimi qalmaqdır.

Azad Şükürov gözəl aktyor olmaqla bərabər, olduğu kimi qalan insandır.

Onun kinoda, televiziyada, səhnədə, mötəbər tədbirlərdə səsini eşitmək, həyatda onunla tez-tez rastlaşmaq çox xoşdur. Gözəldir. Xoş ovqata köklənirsən. Ruhun təzələnir.

Qaş qalxıb dartılırsa, demək, Azad Şükürovdan xüsusi bir tonla çoxdan eşitmədiyin bir söz eşidəcəksən...

Həyatımıza zənginlik, rəngarənglik qatan, insanın yaddaşında ifası, gəlişi və görüşü ilə xüsusi yer tutan Azad Şükürovun bizi sevindirəcək rolları hələ qarşıdadır. 

"Sənətsiz söz cansız olur. Sənət sözü ətə-qana gətirir. Sözsüz də sənət olmaz. Sözsüz olan sənət növləri pantomimadır, rəssamlıqdır və rəqqaslıqdır. Mən də ki bunların heç biri ilə məşğul olmamışam. Təbii ki, bu sənət növlərinə böyük rəğbətlə yanaşıram. Amma mənimki sözdür. Mənim sənətim canlı söz sənətidir. Mən canlı sözün, məqamında deyilən sözün, yerində olan sözün quluyam" - deyən Azad Şükürov səhnə danışığı müəllimi kimi həmişə tələbələrinə ucadan danışmağı öyrədir. Qışqırmağı yox... Sözü ucadan deməyi...

 

 

Rəfail TAĞIZADƏ

 

 

525-ci qəzet.- 2019.- 7 fevral.- S.8.