Arzuya aparan yol

 

XALQ YAZIÇISI, MİLLƏT VƏKİLİ ELMİRA AXUNDOVANIN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR

 

"Yaz, Elmira, yaz, bu səndə pis alınmır... " - həm özünə, həm də onunla birlikdə çalışanlara qarşı çox tələbkar olan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu sözləri, məşhur jurnalistin əməyinə verilən yüksək qiymət kimi səslənir. 

"Yaz, Elmira, yaz, bu səndə pis alınmır..." - həm özünə, həm də onunla birlikdə çalışanlara qarşı çox tələbkar olan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu sözləri, məşhur jurnalistin əməyinə verilən yüksək qiymət kimi səslənir.

Mənim üçün görkəmli publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti, Respublika Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Vətənimizdən çox-çox uzaqlarda tanınan yazıçı haqqında yazmaq bir tərəfdən asan, o biri tərəfdən çətindir. Çeynənmiş sözləri sevmirəm, lakin nə qədər ənənəvi səslənsə də - bu faktdır. Ona görə asandır ki, Elmira xanımı çoxdan tanıyır, yaradıcılığını, uğurlarını, işgüzarlığını, ildən-ilə çiçəklənən istedadını izləyirəm, onun asan olmayan həyatından və maraqlı bioqrafiyasından (tərcümeyi-hal) xəbərdaram. Və mənə Elmira haqqında yazmaq ona görə çətindir ki, bu böyük həyatı, bu qədər hadisəni, uğuru, əməyi, neçə insan ömrünə yetəcək bütün bunları bir neçə səhifəyə sığdırmaq mümkünsüzdür.

Gənc Elmiranın Azərbaycan Yazıçılar İttifaqına işləməyə gəldiyi gün yadımdadır. Biz onunla bu təşkilatda uzun illər çalışdıq, dostlaşdıq və əslində, elə ilk günlərdən ruhumuzun bir-birinə yaxınlığını hiss etdik.

Elmiranın atası əslən Masallıdan (illər keçəcək, Elmira Axundova bu rayondan Milli Məclisə deputat seçiləcək və ona öz səslərini, sonralar isə qəlblərini də vermiş həmyerliləri üçün çox şey edəcəkdi), anası Ukraynadandır. Elmiranın iki qardaşı da var idi (biriylə - istedadlı dramaturq Əli Qafarovla dostluq edirdim).

Adətən Uşaqlıq adlanan bərəkətli mənbədən çox şey əxz edən əsl yazıçılarda olduğu kimi, Elmiranın da uşaqlığı onun yaddaşına ömürlük həkk olunmuşdur. İsti Buzovna yayında ayaq yandıran qumlu çimərliyə getdiklərini xatırlayır. Bir dəfə özündən böyük qardaşlarından dala qalmamağa çalışarkən dənizdə az qala batdığı və qardaşlarının onu xilas etdiyi yadındadır. Aktrisa olmağı arzulayırdı, lakin tale başqa cür, düşünürəm ki, daha müdrik davranaraq, həyatda insanlara real fayda vermək missiyasını onun öhdəsinə buraxmışdır. Məktəb illərində sinifdəki daha iki rəfiqəsiylə yuxarı sinifdə oxuyan oğlana vurulmuşdu və ona nail oldu ki, oğlan məhz onunla dostluq etməyə başladı. Görünür, artıq onda qızın möhkəm, məqsədyönlü xarakteri özünü büruzə verirmiş. Əlbəttə, onun fitri cazibədarlığı da az rol oynamayıb və Elmira hələ o zaman bunu necə sərf etməyi bacarırmış. Həmin möhkəm, inadkar xarakteri onu atasının iradəsinə zidd olaraq təhsil almaq üçün Moskvaya getməyə təhrik edirdi (bununla belə, bu döyüşü valideynləri uddu), lakin yenə də Elmira atasının israrıyla instituta daxil olmadı, makinaçı-stenoqrafist ixtisasına yiyələnmək üçün sənədlərini PTU-ya verdi və bu da sonralar ona həyatda çox yaradı, bir ildən sonra isə PTU-nu fərqlənmə ilə bitirib, Azərbaycan Dövlət Universitetinə daxil oldu.

Sonralar Elmira televiziyada işləmiş (elə orada öz gələcək həyat yoldaşı, mərhum, istedadlı rejissor Ramiz Axundovla tanış olub), otuz yaşında SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdu ki, bu da o dövrdə nadir hadisə idi. Populyar "Literaturnaya qazeta"da, "Azadlıq" radiosunda çalışmış və Heydər Əliyev xalqın iradəsiylə prezident olub ölkəyə başçılıq edən zaman Elmira Axundovaya "AZƏRTAC" informasiya agentliyinin şefi vəzifəsini təklif etmişdi. Lakin o, ürək ağrısıyla bundan imtina etməyə məcbur olmuşdu, çünki doğma respublikasına təsirli dərəcədə fayda gətirən iki çox məsuliyyətli vəzifədə son dərəcədə gərgin işlə yüklənmişdi.

Və bundan sonra xalqına xeyir vermək, onun ədalətli tələblərini müdafiə etmək, həyatını büsbütün bu nəcib xidmətdə keçirmək Elmira Axundova üçün birinci dərəcəli vəzifəyə çevrilmişdir. Elmira sözün həqiqi mənasında xalqın seçdiyi şəxs olmuşdur, o, Milli Məclisin ən fəal üzvlərindəndir, öz seçiciləri üçün çox iş görüb və indi də görür, tez-tez Masallıya gedir, əhalinin təcili tədbir tələb edən problemlərini yerində həll edir, mədəniyyət evi, uşaq bağçası, kitabxana kimi vacib obyektlərin təmir edilməsinə müvəffəq olur. Bir dəfə o, ürəyində təcili əməliyyat edilməsinə ehtiyac olan cavan bir oğlanın həyatını sözün əsl mənasında xilas etmişdir. İnsanlara yardım onun həyatının əsas qayəsidir.

"Parlamentin üzvü dərdə yanan, vicdanlı, intellektual insan olmalıdır" - deyir Elmira çoxsaylı müsahibələrinin birində. Milli Məclis bir qanunu Elmira xanımın təşəbbüsüylə qəbul etmişdir. O, çoxlu qanunvericilik təşəbbüslərinin müəllifidir. Elmira Axundova Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil etmişdir, indi isə MDB Parlamentlərarası assambleyanın Mədəniyyət və informasiya üzrə komissiya sədrinin müavinidir.

Lakin şübhəsiz, bu gün Elmira Axundovanın bioqrafik yaradıcılığında əsas iş, əsas titanik əmək ömrünün on ildən çoxunu həsr etdiyi Heydər Əliyevin həyatı və yaradıcılığı haqqında çoxcildlikdir. Burada Azərbaycan xalqının böyük liderinin həyatı heyrətdoğurucu sənədli dəqiqliklə, bəzən tam mənada günbəgün, saatbasaat canlandırılır. Elmira Axundova öz romanının qəhrəmanını əsər boyu böyük məhəbbət və səmimiyyətlə vəsf edir. Bu, ölkəmizdə sənədli publisistik janrda yazılmış ilk əsərdir. Azərbaycan xalqının böyük oğlu haqqında roman dərin təəssürat yaradır və birnəfəsə oxunur.

Əsər barəsində çox danışılıb və çox yazılıb, böyük sayda tədqiqi məqalələr, resenziya və şərhlər bu çoxcildliyə həsr edilib. Lakin əsas odur ki, roman geniş oxucu kütləsi - Azərbaycan xalqı tərəfindən məhəbbət və minnətdarlıq hissiylə qarşılanıb. Roman bir neçə ölkədə çap edilmişdir və əminəm ki, gələcəkdə hələ bir çox xarici dillərə tərcümə ediləcək və bu, əlbəttə ki, əsərin, bənzərsiz titanik əməyin uğurunun daha bir göstəricisidir və Britaniya parlamentində dünya miqyaslı böyük şəxsiyyət haqqındakı bu fundamental əsərin təqdimatının keçirilməsi faktını qiymətləndirməmək mümkün deyil və bu, şübhəsiz, milli-mədəni diplomatiyamızın zəfəridir.

Söz yox, hər səhifəsində, hər sətrində roman qəhrəmanının xarakterinin, müdriklik, məqsədyönlülük, humanizminin aydın göründüyü böyük Heydər Əliyev haqqında irihəcmli yeddicildlik kimi fundamental əsər üzərində çoxillik iş ümummilli liderin həyat və fəaliyyətini müfəssəl öyrənmiş müəllifin özündə də iz buraxmış, Elmira Axundova şəxsiyyətinə təsirsiz ötüşməmişdir: Elmira romanı yaradan zaman daha məqsədyönlü, barışmaz olur və Azərbaycan prezidenti ilə ünsiyyətdə olarkən öz qəhrəmanının şəxsiyyətinin, dünya miqyaslı nəhəng şəxsiyyətin pozitiv təsiri altına düşürdü.

Bu fundamental romana Oljas Suleymenov, Roy Medvedyev, Tahir Salahov, Anar və bir çox digər yazıçı, jurnalist, incəsənət və elm xadimləri müsbət, mən deyərdim ki, heyranlıq ifadə edən rəylər yazmışlar.

Akademik İsa Həbibbəyli Elmira xanım haqqında yazır: "Elmira xanım Azərbaycan ədəbiyyatı tarixində yeni janrın - sənədli tarixi-bioqrafik roman-tədqiqatın yaradıcısıdır".

Çox prestijli Moskva nəşriyyatı "Politiçeskaya ensiklopediya" tərəfindən buraxılmış, prezidentimiz İlham Əliyev haqqında "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabı Elmira xanımın yaradıcılığında xüsusi yer tutur.

"Mənim üçün hakimiyyət - ilk növbədə Azərbaycan vətəndaşları üçün xeyirxahlıq etməyə bir imkandır" - deyir prezident və kitabda Azərbaycan prezidentinin şəxsiyyəti bu konteksdə təzahür edir. Müəllif həmişə olduğu kimi, qəhrəmanının obrazını çoxcəhətli, uşaqlıq, gənclik yaşlarından göstərir və sonra tamamilə real və əsaslı şəkildə prezidentin çoxsaylı uğurlarını, onun siyasi lider olduğu illər ərzində gördüyü möhtəşəm işləri qeyd edir; lakin xüsusilə fərəhli odur ki, müəllif öz qəhrəmanının obrazını elə yaddaqalan, elə intəhasız sevgi ilə, elə parlaq, canlı, əzəmətli təqdim edir ki, əminəm, kitab bir çox ölkələrdə uğur qazanacaq, çünki - və bu, ədəbiyyatda sarsılmaz həqiqətdir - kitabların ömrü uzun olur və yalnız, bu əsərlərdə inandırıcı təsvir edilmiş qəhrəmanlarının sayəsində tarixdə əsrlərcə xatırlanırlar. Prezidentimizin portreti Elmira Axundovanın kitabında elə yaradılmışdır ki, düşünürəm, şübhəsiz, onun obrazı Azərbaycan gəncləri üçün layiqli nümunə olacaqdır. Bizim məşhur mədəniyyət və elm xadimləri haqqında yüzlərlə məqalə, ədəbiyyat, incəsənət haqqında məqalələr, vacib sosial yönümlü məqalə və oçerklərlə yanaşı, Elmira Axundova sənədlər əsasında qurulmuş və siyasi detektiv janrında yazılmış "Poliqrafçının ölümü", "On ikinin yarısında qətl", "Şüşə saray" kimi demək olar ki, bestsellərə çevrilmiş romanların müəllifidir.

Elmira yeni yaradıcılıq planları və layihələrilə tükənməzdir. Ən vaciblərindən biri "Zərifə və Heydər Əliyevlər. Sevginin tarixçəsi" kitabını yazmaqdır. Müəllifin dediyi kimi, məhəbbət haqqında kitab təkcə Azərbaycanda deyil, həm də bütün dünyada gənc nəsil üçün nümunə vəzifəsi daşımalıdır. Və bu həqiqətdir. Çünki əgər biz cəmiyyətin müvəffəq və çiçəklənən olduğunu arzulayırıqsa, ilk növbədə bu cəmiyyətin özəyi - ailə müvəffəq və çiçəklənən olmalıdır.

Elmirada əsl yaradıcı insanı fərqləndirən maraqlı xüsusiyyət var - bəzən geriyə nəzər salarkən və öz kitablarını vərəqlədikcə o təəccüblənir: "Doğrudanmı bütün bunları mən yazmışam?" Və bu, çox tanış və anlaşılandır - sakit, "qeyri-işlək" halında əsl ilhamın nə diktə etdiyinə inanmaq çətindir, çünki ilham bizə üzverən möcüzədir, ilham Allahın hədiyyəsidir, elə istedad kimi. Və Elmira bu hədiyyələrlə səxavətlə mükafatlandırılıb.

Elmira Axundova ölkədə yüksək - Xalq yazıçısı adına layiq görülmüş ilk publisist-yazıçıdır. Bugünkü gün Elmira Axundova məktəbdir, yüksək peşəkarlıq, insanlara və hadisələrə xeyirxahlıq, obyektiv münasibət məktəbi. Bu məktəb çox şey öyrədə bilər və gənc nəsil jurnalistləri öyrədir də: fikirlərini mükəmməl ifadə etməyi, prinsipial olmağı, sözünə məsuliyyətlə yanaşmağı öyrədir, Vətənini, xalqını sevməyi, ona xidmət etməyi öyrədir, həyatını həsr etdiyin sevdiyin işə ürəyini verməyi öyrədir. Bu elə məktəbdir ki, qələm yerinə ürəyinlə yazırsan.

İnanın, Elmira Axundovanın yüzlərlə məqalə və müsahibələrinə səpələnmiş min-min düşüncəsindən bir neçəsini seçib götürmək heç də asan olmayıb. Lakin mən istəyirəm onun bu mülahizələrilə tanış olasınız, çünki düşünürəm, onlar müəllifi xarakterinin əsas tərəfindən, onun həyata münasibətindən xarakterizə edir.

"Uğur qazanmaq üçün üç şey lazımdır: birinci - istedad, ikinci - əməksevərlik, üçüncü - risk etməyi bacarmaq. Çünki bəzən elə vəziyyətlə rastlaşırıq ki, arzuya aparan yolla gedərkən, risk etməlisən".

"Vətənpərvərlik real işlərdə və əməllərdə təzahür edir. Mən sinələrinə döyüb Vətəni necə sevdikləri haqda çığıran sözdə vətənpərvərləri sevmirəm. Vətənə məhəbbət eynən Allaha etiqad kimi şəxsi, hətta intim anlayışdır. Bu deyim ürəyimcədir: "Soruşma Vətən sənin üçün nə edib, özündən soruş, sən onunçün nə etmisən".

"Yaxşı gələcəyə, yaxşı insanlara inam, təməli uşaqlıqda qoyulmuş əqidə və xarakter yaşamağa kömək edir. Yaşamağa ən çox kömək edən və ruhlandıran isə mənə, mənim dəstəyimə ehtiyacı olan uşaqlarıma və nəvələrimə qarşı sevgimdir. Kiməsə lazım olduğunu hiss etmək çox vacibdir".

"Mən sevgiyə inanıram. Yalnız sevgi bizə həyatda yaşamağa və sinə gərməyə qüvvət verir. Buna görə gənc qızlara həmişə deyirəm: "Sevmədiyinizlə ailə qurmayın".

"Mən o qədər də dəyişməmişəm, halbuki bəlkə də daha səbrli və müdrik olmuşam. Əvvəllər heç vaxt bağışlamadığımı indi anlaya və bağışlaya bilirəm. Ümumiyyətlə, insanlara daha artıq dözümlülüklə yanaşmağa başlamışam, istənilən insanda ilk növbədə yaxşı cəhət görməyə çalışıram".

"Özünün qısamüddətli yeni tarixində Azərbaycan çox ağır dövrlərini yaşamışdır. Əvəzində bu gün biz yüksəlişdəyik: iqtisadiyyatda olduğu kimi mədəniyyətdə də, elmdə də, təhsildə də".

"İnsan, əlbəttə, situasiyalarda özünü büruzə verir. Bəzən o, xırda şeylərdə də özünü göstərir və bu xırdalıqlar onu çox dəqiq xarakterizə edir. Lakin ən çox ekstremal vəziyyətlərdə, fors-major şəraitlərdə insanın əsl xarakteri üzə çıxır".

Arzuya aparan yol! Bütün şüurlu həyatı boyu Elmira seçdiyi yola sadiq olub, çünki bu idrak yolu, nəcib məqsədlərə çatmaq yolu onu arzusuna sarı aparırdı.

Arzuya aparan yol! Əgər bu yolda öz ideallarına sadiq qalsan, prinsiplərinə xilaf çıxmasan, peşənə sədaqətli olsan, - necə ki, Elmira Axundova arzusu arxasınca düşərkən ömrü boyu peşəsinə sədaqət və vəfa göstərmişdir - bu ən düz və doğru yoldur.

Bir dəfə necə oldusa, mənim çox qısa, quru məktubuma cavab olaraq Elmira yazdı (hiss etdim ki, tənə ilə): "müxtəsərlik - istedadın bacısıdır".

Bəli, hörmətli Elmira xanım, müxtəsərlik istedadın bacısıdır. Çox istəyərdim, bu bacıya doğma qardaş olum.

Bu yerdə nöqtəni qoymaq olardı, əgər, xoşbəxtlikdən, həyat davam etməsəydi və bizim gözəl və vəfalı dostumuz Elmira Axundova həmişəki kimi yeni yaradıcılıq layihələri, yeni maraqlı ideya və fikirlərlə tükənməz olmasaydı.

Ömrün uzun olsun, əziz Elmira, təki bütün düşüncə və diləklərini reallığa çevirməyə müvəffəq olasan. Uğurlar sənə!

Və Ümummilli liderimizin dediyi kimi:

"Yaz, Elmira, yaz, bu səndə pis alınmır..."

 

 

 

Natiq RƏSULZADƏ

Yazıçı, kinodramaturq

 

525-ci qəzet.- 2019.- 7 fevral.- S.6.