Elmira Axundovaya

Alimlik, münəqqid, yazar ilhamı, 
Sənin varlığında təzahür etdi.
Parlaq əsərlərin - xalqın bayramı
Adını ucaldıb çox məşhur etdi.

Dar gündə, Vətənin haqq savaşında
Meydana atılıb sən qələm çaldın.
Yalançı naqqallar həddi aşanda
Qara daşlarını əlindən saldın.

Mehriban ana tək, Məclis üzvü tək
Yamanlara qarşı cəngə girərək, 
Qoruyub saxladın haqqı, tarazı
Var ol, doğma xalqın münəvvər qızı,
Yaşat öz qəlbində günəşli yazı.

 

Notbuk aləmində hələ bir qədər naşı olsam da, üç bəndlik şeiri yığmaq çox vaxt aparmadı və elə bu arada qapı döyüldü, amma məlum oldu ki, gələnlər Səyavuş müəllimin "rusdilli" qələm dostlarıdı: qiyabi tanıdığım Marat Şəfiyev və cəmi bir dəfə görüşdüyüm Tofiq Ağayev. Onlarca uşaq şeiri hətta dərsliklərə də düşmüş 86 yaşlı Tofiq Ağayev haqqında daha çox eşitmişdim. Bilirdim ki, bu qocaman yazıçı bu yaşında da velosipedlə Şıx çimərliyinə gedir, dənizdə çimir və qayıdır. Hətta onu da eşitmişdim ki, bu yolda bir dəfə velosipeddən yıxılıb və ayağını sındırıb.

Səyavuş Məmmədzadə nə üçünsə söhbəti uşaq ədəbiyyatından salanda Tofiq müəllim haçansa onun şeirlərini Azərbaycan dilinə çevirmiş Hikmət Ziyanı, İlyas Tapdığı, Məmməd Aslanı və xüsüsən də "Göyərçin" jurnalının baş redaktoru olmuş Tofiq Mahmudu xatırladı. Onların şeirlərindən yox, xeyirxahlıqlarından söz açdı. Azdan-çoxdan yaşı olan Marat Şəfiyev də dillənəndə və xatirələr sanki bir-birinin işığına gələndə qapı yenə döyüldü.

Elmira xanımın gəlişilə sanki Səyavuş müəllimin soyuq evinin divarları da isindi. Və dərhal məlum oldu ki, o, Səyavuş müəllimin qonaqları haqqında məndən daha artıq məlumatlıdı və təxminən iki saatdan artıq sürən söhbətimizə də bu söz-sənət bağları körpü oldu.

Elmira xanım ev sahibinə müxtəlif sovqatlarla yanaşı, iki yeni kitabını da gətirmişdi: "Həmkarlarımla üz-üzə" və "Elmira - olduğu kimi". Təbii ki, bu kitablardan da söz açdıq. Amma daha çox örnək hadisələri, örnək olan insanları yada saldıq.

Əgər deyilənlər doğrudursa, yəqin ki, o bazar günü o dünyada İsmayıl Şıxlının da qulağı cingildəyib.

Məni bu qeydləri ümumiləşdirməyə də Elmira xanımın unudulmaz yazıçı ilə bağlı söhbəti vadar elədi.

- Məndən xahiş elədi ki, Anyanı çağırım kabinetinə. Düzü, bu, mənə qəribə gəldi. Hətta fikirləşdim ki, xadimə-süpürgəçi sədrin nəyinə lazımdı, görəsən? Bir qədər sonra məlum oldu ki, Anyadan xahiş eləyib ki, çay dəmləsin. Dedim, İsmayıl müəllim, siz məndən niyə çay istəmirsiniz? Dedi, bala, sən cavan qızsan, mən səni buyura bilmərəm.

Altı nömrəli palatada - Siyavuş müəllim zarafatla öz evinə belə ad qoyub - vidalaşıb ayrılanda Elmira xanım dedi ki, bir aydan sonra yenə bu ünvanda görüşürük və mən hiss elədim ki, bu xəbər hamıdan çox Səyavuş Məmmədzadəni sevindirdi. Ev sahibi əlidolu gəlmiş qonağını əliboş yola salmadı: böyük Füzulinin son illərdə rus dilinə çevirdiyi və Xalq yazıçısı Elçinin ön sözüylə çap etdirdiyi "Leyli və Məcnun" poemasını bağışladı. Əlüstü yazdığı avtoqrafı oxuya bilmədim. Amma o, adətən bu kitabı bağışlayanda böyük şairdən sitat gətirir: "...Aşiqi-sadiq mənəm".

Astanada Elmira xanım birdən-birə üzü-gözü işıqlanmış ev sahibinə daha bir sual verdi:

- Dərmanlarınız qurtarmayıb ki?

- Yox.

- Azalanda xəbər eləyin...

Artıq mənə öz evim kimi doğma olan o mənzildən çıxandan sonra yol boyu fikirləşirdim: görəsən, sayılıb-seçilən və eyni zamanda da xalq arasında sevilən millət vəkilini "ünsiyyətdən başqa heç nəyə ehtiyacım yoxdur..." deyən, yalnız xatirələri ilə isinən bir şairə bağlayan nədir? Ötən günlər? Yox, onlar heç vaxt bir yerdə işləməyiblər! Bəs nə? Yalnız ədəbiyyat, sənət sevdası... Və bir də saflıq axtarışı...

 

525-ci qəzet.- 2019.- 7 fevral.- S.6.