"Qurbanəli bəy"
hekayəsi: görünən və görünməyən tərəflər
CƏLİL
MƏMMƏDQULUZADƏ - 150
Azərbaycan realist ədəbiyyatının qüdrətli nümayəndəsi Cəlil Məmmədquluzadə hekayə ustadı kimi əvəzolunmazdır.
Bir əsrdən artıqdır ki, onun ecazkar qələminin
gücü ilə yaradılan hekayələr nəinki Azərbaycan
ədəbiyyatının, eyni zamanda, dünya ədəbiyyatının
bu janrda yazılmış zəngin xəzinəsində qərarlaşıb. Cəlil Məmmədquluzadə
dühasının gücü ilə yaradılan
"Poçt qutusu", "Usta Zeynal", "İranda
hürriyyət", "Quzu", "Dəllək",
"Rus qızı", "Kişmiş oyunu",
"Zırrama", "Molla Fəzləli", "Xanın
təsbehi", "Konsulun arvadı", "Pirverdinin
xoruzu" və başqa hekayələr realist nəsrimizin
kamil nümunələridir. Mirzə Cəlil bu
ölməz əsərləri ilə XX əsr Azərbaycan
hekayəçiliyinə yeni ruh, orijinal üslub, novatorluq,
qeyri-adi ifadə tərzi gətirdi.
Cəlil
Məmmədquluzadənin portret hekayələri içərisində
yazıçıya uğur gətirən, onu xalqa sevdirən
və artıq simvollaşan "Qurbanəli bəy" hekayəsi
(1906) bütün dövrlər üçün öz
müasirliyini qoruyub saxlayan qiymətli bir sənət əsəridir.
"Qurbanəli bəy" portret hekayəsi
olduğundan təbii ki, tədqiqatçılar daha çox mənfi
çalarları öz üzərində cəmləşdirmiş
"Qurbanəli bəy" obrazını diqqət mərkəzində
saxlamışlar. Unutmaq olmaz ki, əsərin
yazılması Azərbaycanın çar Rusiyasının
işğalı altında olduğu dövrə təsadüf
edir. Hekayənin süjet xətti
pristavın xanımının ad günü üzərində
qurulsa da, hadisələr Qurbanəli bəyin ətrafında təmərküzləşdirilərək
təqdim olunur. Hekayənin üst
qatında Qurbanəli bəy aparıcı, əsas simaya
çevrilib diqqəti cəlb edirsə, arxa planda bundan daha
önəmli məsələ - əzilən, məhv olan və
hər cür təhqirlərə, həqarətlərə məruz
qalan Azərbaycan xalqının faciəli taleyi dayanır.
Əsərdə C.Məmmədquluzadə
yaradıcılığı üçün səciyyəvi
olan, ayıq oxucunun qavraya, dərk edə biləcəyi
kiçik epizodda, bir sözdə, hətta adi ştrixlərdə
belə qlobal problem və taleyüklü məsələlər
metaforik şəkildə, keçici və ani təsvirlərdə,
nəzərə az çarpacaq
detalların batinində yer almışdır. Əslində,
müəllif qayəsi həmin incə məqamlarda aşkara
çıxır. Yazıçının
bu böyük və bilərəkdən alt qatda gizlətdiyi
ideya hadisələrin inkişafında, obrazların təhlilində,
xüsusilə Qurbanəli bəyin səciyyəvi cizgilərinin
açılmasında tam aydınlığı ilə
görünür. Bu baxımdan Qurbanəli bəyləri
ikiüzlü, yaltaq, riyakar, vədinə xilaf çıxan
yalançı bir xarakter kimi tənqid hədəfinə
çevirən, gülünc, miskin və acınacaqlı
situasiya ilə üzləşdirən "parçala və
hökm sür" siyasətini yeridən çar
Rusiyasıdır. Onun mənfur siyasəti,
hegemonluğu, özündən xırda xalqlara həqarətlə
baxması və aşağılaması kimi real faktlar bəzən
tədqiqatçıların diqqətindən
yayınmış, bəzən isə mövcud rejimin sərt
qayda-qanunları buna mane olmağa
çalışmışdır. Əslində
isə Qurbanəli bəyi əsər boyunca, xüsusilə də
ad günündə öz rolunu yüksək səviyyədə,
hakim dairələrin zövqünü oxşayacaq dərəcədə
məharətlə oynayan bir aktyora bənzətmək olar.
Təbii ki, etdiyi canfəşanlıq, dəridən-qabıqdan
çıxmaqla naçalnikin, pristavın, onun
xanımının və digər əyanların rəğbətini
qazanmağa, diqqətini cəlb etməyə yönəlmiş,
düşünülmüş hərəkətlər
heç onun özünün də ürəyincə deyil.
Lakin zəmanənin əyib
sındırdığı bir çox adamlar, bəylər
kimi onu da tutduğu mövqeyi, vəzifəni itirmək qorxusu
bu addımı atmağa təhrik edir.
Yazıçı bu obrazı əvvəldən sonadək
dinamik bir tip kimi müsbətə deyil, mənfiyə doğru
meylləndirir, inkişaf etdirir və tipik xarakter səviyyəsinə
qədər yüksəldir. Onun bitkin portretini
yaradaraq ədəbiyyatımıza orijinal, canlı və
yaddaqalan bir satirik tip bəxş etmiş olur. Ədib onun səhnəyə gəlişini də
qeyri-adi formada təqdim edir. Pristavın
xanımının ad günündə bütün məclis əhli
onlardan daha yüksək mənsəbə və qulluğa
sahib olan naçalnikin yolunu səbirsizliklə gözləyir.
"Birdən qaçaqaç düşdü;
dedilər "naçalnik gəlir".
Bu hal üç dəfə təkrarlandıqdan sonra
naçalnikdən əvvəl Qurbanəli bəy gəlib
çıxır. Yazıçı Qurbanəli bəyin daxili aləmini, iç üzünü elə
pristavın həyətinə ayaq qoyan andan açmağa
başlayır, bir növ oxucuya onu ilk səhnədəki
danışıq aktı vasitəsilə təqdim edir:
"Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin
qabağına və başladı bəyin ayaqlarını
yalamağa. Bəy əyilib itin başını tumarladı və
dedi:
- Malades
sobak - sonra qalxıb xanımı balkonda görüb
çığırdı:
-
İzdrasti! - və börkünü
götürüb sağ əlilə qalxızdı yuxarı
və qışqırdı:
- Urra! - Sonra qalxdı balkona və xanıma baş əydi".
O,
xanıma "Nə qədər mənim canım
sağdı, sənə mən nökərəm, ay
xanım" deyərək onun qarşısında əyilir,
alçalır. Həmin sözləri Qurbanəli
bəy qonaqlıqda naçalnikin, əfsərin
sağlığına içəndə də işlədir
və qeyri-səmimi görünən bu ifadələrlə
onlara sədaqətini, fədakarlığını göstərmək
üçün canfəşanlıq edir.
Qurbanəli bəyin əsl faciəsi ad günündə
pristavın xanımının "Yoxsa sən də fanatik
müsəlmanlardansan, onun üçün içmirsən?"
qınağından sonra başlanır. Qonaqlıq məclisində
rumkanı üskük adlandıraraq özünü
gülüş hədəfinə çevirməsi, stəkan
tələb edərək içdiyinin qədərini belə
itirməsi Qurbanəli bəyin acınacaqlı satirik situasiya
ilə üz-üzə qalacağına tam zəmin
hazırlayır. Doğrudur, biz
yazıçının təqdimatında onun daim sərxoş
olması faktı ilə qarşılaşmırıq. Bütün olanlar xanımın ad günündən
başlayır, düşdüyü şərait onu bu
cür hərəkət eməyə istiqamətləndirir.
Bundan sonra Qurbanəli bəyin başına gələnlər
ağlın və idrakın idarəsindən kənarda
baş verənlərdir. Çünki o, məclis
əhlini qonaqlığa dəvət edərkən nökəri
Kərbəlayı Qasım yorğunluqdan gedib yatmış və
bu məsələdən xəbərsiz olmuşdur. Qurbanəli bəy isə həddindən artıq
içib sərxoş olduğuna görə verdiyi vədi
unutmuş və tamamilə qonaqlıq məsələsini
yaddan çıxarmışdır. Buna
görə də qonaqların gəlişi Qurbanəli bəy
və onun ailəsi üçün gözlənilməz olur.
Hələ də sərxoşluqdan ayılmayan
Qurbanəli bəyi xanımı güclə yuxudan oyadıb
qonaqların gəldiyini xəbər verdikdə o, çox
çətin situasiya ilə üzləşir. Bu an özünü itirən Qurbanəli bəy
çıxış yolunu tövlədə, atların
axurunda gizlənməkdə görür. Əksinə,
bu yanlış seçim onu gülüş hədəfinə
çevirir, özü də hörmət və nüfuzunu
qazanmağa cəhd göstərdiyi insanların hədəfinə.
Qurbanəli bəy qonaqlıqda at barəsində
etdiyi söhbətləri xatırlamış olsaydı, yəqin
ki, bu yanlış addımı atmazdı. Özünü
vəzifə sahiblərinə və onların
xanımlarına qurban verməyə hazır olan "fədakar"
tip, doğrudan da, qurbanlığa çevrilir, gülünc vəziyyətə
düşməklə onların daxilində süni şəkildə
olsa da, yaratdığı Qurbanəli bəy obrazını məhv
edir. Doğrudur, biz yazıçının təsvirində
onun daim sərxoşluqla məşğul olması, bu zərərli
vərdişdən uzaqlaşa bilməməsi faktı ilə
qarşılaşmırıq, yalnız pristavın
xanımının təkidindən sonra bu yolu seçdiyinin
şahidi oluruq. Bununla belə, Qurbanəli
bəy belə bir vəziyyətlə hamının hörmət
və rəğbətini qazanmaq istərkən nifrətlə
üz-üzə dayanmalı olur.
Hətta sərxoşluğu Qurbanəli bəyi tamamilə
öz orbitindən çıxarır, onu qəddarlığa
sövq edir.
O, qulluqçusunu, nökərini, kəndlisini və nəhayət,
gecə sərxoş vəziyyətdə evə gələrkən
yatmış xanımını "bu xəncəri soxaram sənin
qarnına" - deyərək hədələyir.
Yazıçı hekayədə Qurbanəli bəyi
müxtəlif zümrələri, təbəqələri təmsil
edən obrazlarla qarşılaşdırır. Şübhəsiz
ki, Qurbanəli bəyin xarakterindəki buqələmunluğu,
qeyri-səmimiliyi göstərmək üçün bu əlverişli
vasitədir. Ətrafındakılara
tutduğu mövqeyə görə dəyər verən Qurbanəli
bəy bu məqamda da zəmanəsinin insanı təsiri
bağışlayır.
C.Məmmədquluzadə yaradıcılğında hər
kiçik eyhamın, hər sözün və hər bir
adın özünün daşıdığı dərin məna
və fikir yükü vardır. Bilirik ki, onun əsərlərində
adlar təsadüfi seçilmir. Bu məqamda
Danabaş kəndi ("Danabaş kəndinin əhvalatları"),
İtqapanlı ("Poçt qutusu"), Qapazlı
("Qurbanəli bəy") və başqa irreal məkanları
xatırlatmaq yerinə düşərdi. Məhz
hekayədə hadisələrin cərəyan etdiyi yerə
Qapazlı adının verilməsi müəllif fikrinin
düşünülmüş təzahürü kimi ortaya
çıxır. Əsər boyu hadisələrin
inkişafı prosesində kənd əhlinin çar məmurlarının,
pristav və naçalniklərin qapazı altında
qaldığının, haqqı və hüququ tapdanan məzlum
insanların onların əyləncə və eyş-işrət
məclislərinin qurbanlarına çevrildiyinin şahidi
oluruq. Hekayədə çar istibdadı
altında inləyən Qapazlı kəndinin sakinləri
bütövlükdə Azərbaycanın, o cümlədən,
imperiyanın təəbəliyində olan xalqların
ümumiləşmiş obrazı kimi diqqəti cəlb edir.
Qapazlı kəndinin bütün sakinlərinin,
hətta qonşu kəndlərdən gələnlərin
naçalnikin qarşılanması mərasimində iştirakı,
onların tatarı gücü ilə döyə-döyə
zorla yallı getməyə məcbur edilmələri,
imperiyanın harınlaşmış çinovniklərinin
quluna çevrildiyini göstərən acınacaqlı və
ürək ağrıdan səhnələri dövrün
ictimai-siyasi və sosial mənzərələrini əks etdirən
reallıqlardır. Naçalnikin gəlişi
qlobal bir hadisəyə çevrildiyindən "çöl
işinə gedən" də yoxdur. Pristavın həyətinin
kənarında adam əlindən tərpənmək
olmur. Burada da insanlar arasında
ayrı-seçkilik salındığından katda, yasavul və
qlava mirzələrindən başqa həyətə girməyə
heç kəsə icazə verilmir. Əhalinin
qalanı isə təpələrə, kəndin kənarına
çıxaraq naçalnikin gəlişini səbirsizliklə
gözləyir. Yoxsulluq girdabında boğulan sadə kənd
adamlarının faciəli həyat tərzi ilə
pristavın ailəsinin yaşam tərzi arasındakı tərs
mütənasiblik,
paradoksallıq dövr haqqında dolğun təsəvvür
yaradır. Qurbanəli bəy kimi vəzifəlilər öz
mövqelərini möhkəmlətmək üçün
var-yoxdan çıxıb, pristavın həyətini bəxşişlərlə
doldurmuşlar: "Bir yanda quzular mələşirdi, bir yanda
da qıçları bağlı cücə və toyuqlar
bağırırdılar".
Yazıçı qısa müddətdə baş verən
hadisələri o qədər təbii və
inandırıcı təsvir edir ki, oxucu da
bütünlüklə bu hadisələrin
iştirakçısına çevrilir.
Hekayədə çeşid-çeşid nemətlərə
həsrət qalan zavallı insanların faciəsi göz
önündə canlanır. Bir tərəfdə ehtiyac
içində söyülüb-döyülən, ad
günü iştirakçılarının
könlünü almaq üçün yallı getməyə
sürüklənən yoxsul insanlar, ikinci tərəfdə
isə başqasının faciəsindən ləzzət alan yüksək vəzifə sahiblərinin
onların başı üstündəki
ağalığı. Bütün bunlar tam
ziddiyyət təşkil edir, əzən və əzilənlərin
qeyri-tənasüblüyünə yol açır.
Xalqın min bir əziyyətlə qazandığı sərvət
israfçılıq edilərək yadellilərin süfrəsinin
bəzəyinə çevrilir: "Bir tərəfdə
üç yerə samovar qoyulmuşdu və yanlarında
otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər,
mürəbbələr, şirin çörəklər,
lumu-portaxallar, konfetlər, qurabiyələr və qeyri
çay ilə və çaysız yeməli şeylər,
yağlar, xamalar, qaymaqlar, quru yemişlər
düzülmüşdü".
Yazıçı Qurbanəli bəyin xarakterini
bütünlüklə oxucuya tanıtdırmaq
üçün onu əsasən iki məkanda - qonaqlıqda və
öz evində təsvir edir. İlk
tanışlıq ad günündən başlansa da, portretin
satirik şəkildə tamamlanması prosesi tövlədə,
axurda başa çatır.
"Qurbanəli bəy" hekayəsinin ən
maraqlı və yaddaqalan hissəsi onun finalıdır. Hadisələri novellavari
sonluqla başa çatdıran yazıçı Qurbanəli
bəyin faciəli durumu ilə satirik gülüşün
sarkazma yüksələn harmoniyasından bitkin və mükəmməl
bir final səhnəsi yaratmışdır: Cəlil Məmmədquluzadə
sənətinin ecazkar gücü "Qurbanəli bəy"
hekayəsində öz qüdrətini göstərmişdir. "Axurun içində guya kəfənə
bürünmüş bir şey naçalnikin gözünə
sataşdı. Naçalnik yanındakı
pristavın əlindən yapışıb yavaşca yeridi
axurun yanına və diqqət eləyib gördü ki,
axurdakı Qurbanəli bəy özüdür. Bunu
görcək naçalnik çəpik çalıb, qəh-qəh
çəkib güldü və dedi:
A...a...a...
rəfiq, sən burada imişsən!.."
Yazıçı çox böyük ustalıqla hadisələri
bu məcraya yönəltmiş və hekayənin gözlənilməz
qeyri-adi sonluqla bitməsi üçün maraqlı ədəbi-bədii
priyomdan istifadə etmişdir.
Qurbanəli bəyə zamanın hansı prizmasından
yanaşsaq, öz xarakterliyi, tipikliyi və
orijinallığı ilə Azərbaycan hekayəçiliyində
yaddaqalan obrazdır. Yazıçı onun xarakterinin üzdə
görünən, ilk baxışda diqqəti cəlb edən
səciyyəvi portret cizgiləri ilə yanaşı, batini əqidəsini
də danışıq və hərəkətləri,
davranışları vasitəsilə aşkara
çıxarmağa müvəffəq olur. Qurbanəli bəyi mənfi çalarlarla yüklənmiş
bitkin, tipik bir bəy obrazı səviyyəsinə yüksəldə
bilir. Ancaq bununla belə, birmənalı
olaraq Qurbanəli bəy öz dövrünün, zəmanəsinin
"qəhrəmanıdır".
Hekayədə diqqət çəkən məqamlardan
biri də qadın obrazlarının təsviri ilə
bağlı fərqliliklərin ön plana çəkilməsidir. Əsərdə Qurbanəli
bəyin xanımı şəriət ehkamlarına
bağlı, itaətkar, müəyyən məhdudiyyətlərlə
üzləşən, taleyinin hökmü ilə
barışmalı olan bir obraz kimi təsvir edilsə də,
bununla belə, o, qayğıkeş, ailəsinə sadiq, Qurbanəli
bəyin xarakterindəki çətinlikləri həzm etməyi
bacaran vəfalı, təmiz əqidəli, saf mənəviyyatlı
Azərbaycan qadınıdır. Lakin onunla müqayisədə
pristavın arvadının eqoistliyi, məclisdəki kişilərlə
açıq-saçıq söhbətləri
"tişe" deyərək ətrafdakı adamlara
yuxarıdan aşağı baxması, Qurbanəli bəyi
içməyə təhrik etməsi və özünün də
onlarla bərabər şərab içməsi kimi səhnələrin
təsviri onun fərqli xarakteri, dünyagörüşü və
milli mentaliteti haqqında yaxşı təəssürat
oyatmır və oxucu tərəfindən səmimi
qarşılanmır. Hətta naçalnik ona
deyəndə ki, "Qurbanəli bəyə qonaq olaq?"
Bu zaman xanımın "Mən çox
xoşhallıqla gedərəm. Yaxşı
olar. Bəyin arvadını da görərəm.
Görərəm necə paltar geyir" deməsi
həm də onun özündən razılığı,
başqa xalqlara qarşı qeyri-səmimi münasibəti,
şöhrətpərəstliyi haqqında tam təsəvvür
yaradır. Yazıçı iki xalqın
qadın obrazını yaratmaqla onların həyata, cəmiyyətə,
insanlara münasibətini, fərqli əxlaqını, mənəvi
dəyərlərindəki təzadlarını da nəzərə
çarpdırmışdır.
C.Məmmədquluzadənin yazıçılıq məharəti nəinki hadisə və əhvalatların, obrazların yaradılmasında təzahür edir, hətta əsərdə yer alan təbiət təsvirlərinin mükəmməlliyi, ecazkarlığı da yazıçının böyük sənətkarlığından xəbər verir: "Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Bir tərəfdə düzülmüşdülər "Sapıç dağları, dağların ətəyində "Sapıç" kəndi aşkar görünürdü. Kəndin aşağısında "Əhmədxan" gölü ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan "Qapazlı" kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri. Bax, görürsən, gah burda, gah orda kotanlar və cütlər şum yerlərini sürürlər".
Yazıçı bu təsviri o zaman verir ki, artıq məclisdəkilər Qurbanəli bəygilə qonaq gəlirlər. "Qapazlı" kəndinin gözəl mənzərələri, dağları, yaşıl ormanları baş verəcək hadisələrə şahidlik edəcək. C.Məmmədquluzadə təbiətin ecazkar gözəlliyi ilə insan mənəviyyatındakı eybəcərliyi qarşılaşdırmaqla qəribə bir antitezalıq, ziddiyyət yaradır ki, bu da yazıçının yüksək professionallığını, kamil bir sənət nümunəsini necə bir ustalıqla qələmə aldığını göstərən mühüm cəhətlərdəndir.
Gülbəniz
BABAYEVA
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2019.- 8 fevral.- S.6.