Çingiz Ələsgərli:
"Repertuar siyasəti çox ciddi yanaşma tələb
edir"
Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yeniləşən
repertuar zənginliyinə teatrsevərlər, daimi
tamaşaçılar yaxşı bələddir. Biz isə çoxsaylı
oxucularımızı teatrın repertuar quruluşu, son illər
Azərbaycan teatr səhnəsində baş verən proseslərlə
daha yaxından tanış etmək
üçün teatrşünas, dramaturq, teatrın ədəbi
hissə müdiri Çingiz Ələsgərli ilə
görüşdük.
Həmsöhbətimiz
dedi ki, Akademik Milli Dram Teatrı, həqiqətən, ölkəmizin
sənət mühitində hər zaman ana teatr hesab olunub:
"Bir çox teatrlar həm repertuarlarını, həm də
digər işlərini çalışırlar, bu teatra
uyğun qursunlar. Bu, əvvəldən də belə
olub, indi də belədir.
Repertuar olduqca incə məsələdir. Biz repertuarı qurarkən
son məqamda hansısa dəyişikliklər, zəruri
çıxartmalar və ya əlavələr ola
bilir. Repertuar siyasəti böyük bir
anlayışdır və çox ciddi yanaşma tələb
edir. Çünki repertuarı qurarkən
həm klassik, həm xarici, həm müasir, həm də
uşaq dramaturgiyası hərtərəfli şəkildə əhatə
olunmalıdır ki, biz hər yaş qrupundan olan insanların
maraq dairəsini təmin edə bilək. Bunlarda
da ilk növbədə dramaturji materialın yüksək
şəkildə işlənməsinə ehtiyac var. Dramaturji
materiallar, klassik əsərlərin böyük əksəriyyəti
o dövrdə yazıldığı üçün bəzən
müəyyən qədər redaktəyə, qısaltmalara
ehtiyac olur və biz də, təbii ki, lazım olan məqamda
bunları edirik. Keçən il
teatrımızda doqquz tamaşa oldu. Əksəriyyəti
tamaşaçı tərəfindən çox yüksək
qarşılandı. Rejissor tamaşanı
hazırlayarkən insanları nəzərə alıb
hazırlayır və hansı səhnələrin, hansı
hissələrin tamaşaçıya necə təsir edəcəyini
peşəkar rejissor öncədən hesablayır. Çox zaman bunlar özünü doğruldur.
Bizim keçən ildən qalan "Şah Qacar", "Cəhənnəm
sakinləri", "Ölülər" (C.Məmmədquluzadə)
əsərlərimiz tamaşaçı tərəfindən
çox böyük maraqla qarşılanır və demək
olar ki, hər nümayişi anşlaqa, rezonansa səbəb
olur".
Söhbətimizin bu yerində bir məqamı
xatırlayıram. Akademik Milli Dram Teatrı
qarşılaşdığımız qədərilə ən
çox elə "Ölülər"
tamaşasının uzun müddət repertuarda qalmasına
görə tənqid olunur. Çingiz
Ələsgərlinin bu fikrə münasibətini də
öyrənirəm. Deyir ki, klassik nümunə
olduğu kimi repertuara gətirilməməlidir, mütləq
müasir dövrlə səsləşməlidir. Ona
görə də bunlar klassik nümunə adlanır:
"Bəli, "Ölülər" əsəri uzun
illərdir ki, repertuardadır. Ancaq burada Şeyx Nəsrullahın
ölüləri diriltməsindən getmir axı söhbət.
Burada söhbət mənəviyyatın, milli dəyərlərin
ölümündən gedir. Şeyx Nəsrullahın
əxlaqsızlığı, İsgəndərin bunu ifşa
etməsi deyil məsələ. Məsələ
mənəvi cəhətdən ölmüş təbəqə
ilə sağlam düşüncəli insanların mübarizəsidir.
O cümlədən, Cəfər Cabbarlının
"Almaz" əsəri kollektivləşmə dövründə
yazılıb. Ancaq Cəfər Cabbarlı
qeyri-peşəkar deyildi ki, təkcə kollektivləşməni
əsərinə mövzu kimi seçəydi. Söz yox ki, o, yeniliklə köhnəliyin
mübarizəsini yazırdı. Bu da həmişə
olub və var. Antik damaturgiyaya qədər gedib çıxsaq
belə, bu mövzuya orada da rast gələcəyik.
Mirzə Cəlilin 150, Mikayıl Müşfiqin 110, Cəfər
Cabbarlının 120 illiyi haqqında Prezidentimizin müvafiq sərəncamları
oldu. Bunun özü milli klassikaya olan çox yüksək
dəyər və diqqətdir. Dövlətimiz
Milli Dram Teatrına da hər zaman diqqət və qayğı
ilə yanaşıb. Biz də bu
qayğıdan yüksək şəkildə yararlanıb, bəhrələnib
repertuarımızı zənginləşdiririk".
Müsahibim
mətbuatın incəsənətin, o cümlədən,
teatrın inkişafındakı mühüm rolunu da qeyd edərək,
jurnalistləri teatr dünyasına daha
yaxın olmağa səsləyir: "Mətbuatın da teatra
münasibətindən çox şey asılıdır. Bir tamaşaya 200-300 insan gəlib baxır, amma həmin
tamaşa haqqında bir jurnalistin, qələm adamının
yazdığı yazını mindən çox insan,
böyük auditoriya oxuyur və bu sayədə həmin
tamaşadan xəbərdar olur.
Teatr sinkretik sənətdir. Rejissor, aktyor, geyim rəssamı,
işıqçı, musiqi, rəqs - bunların
hamısı hər tərəfli elə qurulmalıdır ki,
hər cür tamaşaçının zövqünü
oxşaya bilsin. Hazırlıqlı
tamaşaçı var və qeyri-hazırlıqlı
tamaşaçı var. Bütün zalda daimi
tamaşaçılar olmur ki, aralarında ilk dəfə, hətta
təsadüfən teatra gələnlər də olur (Bu yerdə
həm özümün ilk dəfə uşaq vaxtı teatra
getməyimi, həm də ilk dəfə teatra
apardığım tanışlarımı, onların
tamaşa sonrası reaksiyalarını xatırlayıram -
Ş.M.). Bizə lazımdır ki,
onların da diqqətini cəlb edə bilək və onlar da
baxdıqları tamaşadan özünə lazım olanı
götürsünlər. Tamaşa mənəvi
zövqlərin formalaşmasına xidmət etməlidir.
Teatra ilk dəfə gələn
tamaşaçını da nəzərə alırıq ki,
o da anlasın bizim nəyi göstərmək istədiyimizi.
Sadə tamaşaçı əsərdən bir şey
götürə bilər, akademik başqa şey. Məsələn, bizim
"Ölülər" tamaşasına baxan akademik, millət
vəkili İsa Həbibbəyli demişdi ki, Azər Paşa
Nemətov burada Mirzə Cəlili hər tərəfli şəkildə
açıb. Yazılan mətn ayrıdır,
bir də mətnin alt qatı var ki, rejissorun işi onu
açmaqdır.
Ulu Öndər Heydər Əliyev daim teatra yaxın insan
olub. Bizim hətta demək olar ki, bütün
tamaşalarımıza baxıb və bəzən
teatrşünaslardan qat-qat maraqlı fikirlər öyləyib,
tamaşaya tam şəkildə şərh verib. Klassik əsərdən imtina etmək olmaz, amma eyni
zamanda, müasir əsərlərə də müraciət
edirik.
Bizim müasir əsərlərimizdən Miro Qavranın
"Qəribə, çox qəribə əhvalat"
tamaşası gənc rejissor Əlif Cahangirlinin quruluşunda
çox maraqlı alınıb. Orada iki qocaman sənətkarımız,
Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılovla
birlikdə onlara nisbətən gənc aktyor Ramin Şıxəliyev
də rol alıb. Bir neçə gün
öncə Hacı İsmayılov öz ad günündə
həmin tamaşanı oynadı. Bu, onun
da, teatrın da, tamaşaçıların da yaddaşında
gözəl və maraqlı xatirə kimi qalacaq. Gənclərlə
qocaman sənətkarlarımızın eyni səhnə əsərində
iş birliyinə şərait yaradan Azər Paşa Nemətovdur.
O, hər zaman bu cür eksperimentlər etməyə
çalışır və həqiqətən də nəticələr
çox uğurludur.
Hətta
həmin tamaşa hər il Avropada
keçirilən beynəlxalq teatr festivalına dəvət də
alıb. Bu da onu göstərir ki, tamaşa
qısa zamanda diqqət çəkməyi, maraq
yaratmağı bacarıb. Hazırda Akademik Milli Dram
Teatrında üç kiçik səhnə var: Tofiq
Kazımov, Mehdi Məmmədov və Abbas Mirzə Şərifzadə
adına səhnələr. Bu səhnələrdə
həm məşqlər gedir, Abbas Mirzə Şərifzadə
adına səhnədə isə həm də
tamaşalar oynanılır. Hətta orada
eksperiment xarakterli tamaşalar da qurula bilər.
Hazırda
teatrımızda Şekspirin "12-ci gecə"
tamaşasının məşqləri gedir: "12-ci gecə
və ya heç nədən hay-küy". Əsər
komediya janrındadır. Necə ki, bizim
klassik nümunələr teatrımızın repertuarında
var, o cümlədən, Şekspir də elə bir səviyyədədir,
elə bir məhəg daşıdır ki, hesab edirəm, hər
bir truppa özünü onunla yoxlamalıdır, ona mütləq
müraciət etməlidir. Bu tamaşa da mənə
elə gəlir ki, maraqla qarşılanacaq".
Əlbəttə, teatrdan, tamaşadan
danışırıqsa, uşaqları unutmaq olmaz. Milli
Teatrın səhnəsində də kifayət qədər
maraqlı və düşündürücü uşaq
tamaşalarının olduğundan xəbərdaram.
Müsahibim də bu mövzudan yan keçmir:
"Bizdə uşaq tamaşalarına da diqqət
böyükdür. Biz hesab edirik ki, uşaqlar
üçün yazılan səhnə əsərlərinə
müraciət etməklə, biz gələcək
tamaşaçılarımızı yetişdirməliyik.
Gənclərin daha çox marağını cəlb
edən məhəbbət mövzulu əsərlərə də
tez-tez müraciət edirik. Müasir dramaturqlar da öz əsərlərində
mövzu zənginliyinə can atırlar. Məsələn,
Əli Əmirlinin Mikayıl Müşfiqin yubileyi münasibətilə
yazdığı "Ah, bu uzun sevda yolu" tamaşası
özündə qanlı-qadalı repressiya illərinin dəhşətləri
ilə yanaşı, həm də məhəbbəti, sədaqəti
ehtiva edir. Bizdə "Qarabağnamə"
tamaşası var ki, hər mövsümün əvvəli
onunla açılıb, sonu onunla bağlanır. Bu, bir növ bizim teatr olaraq, bu dərdə, bu
ağrıya münasibətimizdir. Allah eləsin
ki, torpaqlarımız qayıtsın, biz də bu və bu kimi
tamaşalarımızı ancaq tarixin bir səhifəsi kimi
göstərək. Elə bu
tamaşanın özü də tarix olaraq qalsın. Torpaqlarımız qayıdandan sonra isə biz qələbə
ruhlu, zəfər əzmli əsərləri yazıb səhnələşdirək.
Mən inanıram ki, dövlətimizin, dövlət
başçımızın apardığı uğurlu siyasət
nəticəsində o gün heç də uzaqda deyil və
biz çox tezliklə həmin qələbəni bayram edəcəyik".
Akademik Milli Dram Teatrında gənc
rejissorların adlarına artıq tez-tez rast gəlirik, əsərləri
repertuarda yer alır. Ancaq
gənc dramaturq problemi hələ də qalmaqdadır. Görəsən, niyə gənclər arasında
dramaturqlar yoxdur, ya da onların əsərləri səhnələşdirilmir?
"Hazırda Teatr Xadimləri İttifaqında Xalq
artisti Ramiz Fətəliyevin başçılığı
ilə dramaturgiya kursları fəaliyyət göstərir. İttifaq təmənnasız
olaraq, gənclərimizi o kurslara cəlb edib. Mən də bəzən onların dərsləri, fəaliyyəti
ilə maraqlanıram və görürəm ki, həqiqətən
də istedadlı gənclər yetişir. Bu da Azər Paşa müəllimin daha bir xidmətidir.
Məsələn, illər öncə bizə
30 yaşına qədər dramaturq lazım olanda onu tapmaq
mümkün olmurdu. İndi isə elə
Teatr Xadimləri İttifaqının xətti ilə neçə
cavan dramaturqlarımız yetişib, biz onların kitablarını
çap etmişik, onları xarici ölkələrdə
festivallara, tədbirlərə göndərmişik.
Səmimi şəkildə deyirəm ki, indi gənclərimizdən bizə yüksək, tutumlu bir əsər təqdim olunsa, mən böyük məmnuniyyətlə onu Azər Paşa müəllimlə müzakirə edərəm. Ancaq təəssüf ki, yaxşı əsərlər çox olsa da, professional, peşəkar səviyyəli əsərlər hələ yoxdur. Düşünürəm ki, bunun üçün də müəyyən zaman lazımdır. Əsas məsələ odur ki, oxuyaq, bu sahədə savadımızı artıraq. Dramaturgiya həddindən artıq çətin sahədir. Dramaturqların, ssenaristlərin azlığı təkcə bizim problemimiz deyil. Bu, bütün dünyada olan bir problemdir. Çünki dramaturji əsər həyatın bir anının səhnələşdirilməsidir. Həyat isə o qədər gözlənilməzliklərlə, sürprizlərlə doludur ki, ondan baş çıxartmaq və hətta yazıya köçürtmək çətin prosesdir. Bu sahədə birinci növbədə maraq və sevgi olmalıdır, davamında isə çox mütaliə, həyati müşahidə. Sözün fikir yükü dramaturji materialda çox böyük incəliklə işlənməlidir. Hətta mən düşünürəm ki, səhnə əsərləri hazırlanarkən orada psixoloqdan da istifadə olunmalıdır. Çünki insan psixologiyası, onun hadisələrə verdiyi reaksiyalar çox müxtəlif və mürəkkəbdir. Ondan baş çıxartmaq çətin məsələdir. Ona görə də bəzi situasiyalarda psixoloq müdaxiləsi lazım ola bilir.
Yaxşı səhnə əsərinin həm əvvəli, həm axırı olmalıdır. Həm də mütləq maraqlı obrazlarla zəngin olmalıdır. Zamanla gənclərimizin də bu sahəyə marağının artacağına və bizə bu cür maraqlı situasiyalarla, obrazlarla zəngin yeni əsərlər təqdim edəcəklərinə inanıram".
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2019.- 8 fevral.- S.7.