Məmməd Tahirin sevgi
dünyası
Çoxdandı
Məmməd Tahirin şeirləri məni sehirləmişdi, onun haqqında yazmaq istəyirdim. Bu səhər yenidən
kitablarını vərəqlədim.
"Kimi" şeirinin son bəndindəki poetik ifadə
nəzər-diqqətimi cəlb elədi. Sanki bu bənd Məmməd
Tahirin bütün yaradıcılığının hərəkət
istiqamətini müəyyənləşdirirdi:
Daş
atmaz çöl quşuna,
Qan qatmaz göz yaşına.
Bu can sənin başına
Dolanar Kəbə kimi.
Eşq
şərbətini içənlərin sevdası məlumdur;
Məhəmməd Füzulinin Məcnunu, Hüseyn Cavidin
Şeyx Sənanı məhəbbətlərinin üstündə
heç nəyi qəbul etmədikləri kimi, Məmməd
Tahirin də lirik qəhrəmanı o ənənənin
davamçısı olaraq məşuqəsinin başına
dolanır. Və belə demək mümkündürsə, həm
də sevgilinin baxışları altında payız
yağışından çıxan kimi islanır, sıxsan
suyu tökülər.
Sən
durub gülümsəyirsən
Bir payız yağışı altda.
Mən
Bir qadın baxışı altda.
Sıxsan suyum tökülər.
Bu payız yağışı altında islanan qıza
şair öz sevgisini bildirmək, "səni sevirəm"
demək istəyir. Amma yağış qızın
saçlarının ucundan yerə damcılayır, şairin
deyəcəyi sözlər də dilinin ucundan
yağışın üstünə. Qız
şairin dilindən yağışın üstünə
damcılayan sözləri görmür, səsini eşitmir,
istisini duymur.
Yağış
süzür
Saçlarının ucundan.
Deyəcəyim
söz dilimin ucundan
Damcılayır yağışın üstünə.
Amma həmişə yağış yağmır ki… bir
axşam üstü də sevgililər bir kafedə
üz-üzə oturub keçmişdə olanları unutmaq,
sevən könülləri ovutmaq istədilər.
Oturduq
üz-üzə bir axşamüstü,
Bir anlıq hər şeyi unutmaq üçün.
Hərə
öz könlünü ovutmaq üçün,
Görüşdük, nə isə… bir
axşamüstü.
O
payız yağışından, o axşamüstündən
sonra bir yaz gecəsində "Gilənar çiçəyi"
açmışdı. Gilənar çiçəyi
sevgili qızın dodaqlarına bənzəyirdi, o
dodaqların təması şairi məftun etmişdi. Adətən deyərlər ki, ay
işığında hər yer ağappaq olar, hər şey
aşikar görünər. Lakin şairin
ustalığı ondadır ki, ay işığını ağ örpəyə bənzətməklə,
epizodu elə təsvir edir ki, sanki gecələrin nurlu
çırağı bəyaz örpəyini sevənlərin
üzərinə çəkir və sevgililəri yad
baxışlardan qoruyur.
Öpdüm
o gecə ay işığında
Açan gilənar çiçəyini.
Kimsə
görməsin deyə
Örtü
üstümüzə
Ay bəyaz
ləçəyini.
O
şirin xatirələrin sahibi daha başqa bir gün də
şairin görüşünə gəldi. Bir
qədər fərqli olan görüş əllərin təması
ilə başlasa da, çox davam etmir, məşuqənin
göyərçin qanadına bənzəyən əlləri
bir anda çırpınıb lirik qəhrəmanın əlindən
çıxır. Sevdiyi insanın əlinin
bir anlıq təması şirin xatirəyə çevrilib
uzun zaman şairin xəyalında yaşadı.
Əlini
uzatdın görüşmək üçün,
Görüş g örməmişdim bu nəm-nişanda.
Əllərin
göyərçin qanadı kimi,
Çırpınıb əlimdən çıxdı
bir anda.
Ayrılıq başladı, hicran odu şairin
bütün bədənini sarır, yandırıb
yaxırdı.
Aylar, illər keçirdi və zamanın
yetişdirdiyi daha bir görüş qisməti var imiş
şairin taleyində. Bir gün tale
onları yenidən qarşılaşdırır. Şair dodaqları gilənar çiçəyinə
oxşayan gözəli tanıyır. Gözəl
də şairi tanıyır və "Mən səni
tanıdım" görüşək deyir.
Dedin
görüşək,
Bir az fikirləri yumaqdan ötrü,
Biri-birimizin
dərdi-sərinə
Bir az acımaqdan, yanmaqdan ötrü,
Bəlkə
könlümüzü ovutmaq üçün,
Bəlkə özümüzü unutmaq
üçün.
Bu minvalla şair görüş yerinə tələsir. Şair yerlə
göyün arasında qalmışdı, bu
görüşü göylərin bəxşişi
sayırdı, uça-uça gedirdi, qaça-qaça
gedirdi bu görüşə. Bir Allah bilir
ki, könlündən hansı arzular, istəklər
keçirdi. Amma təəssüf ki...
Qoy
görüş yerinə bir az tez gedim,
Umdum,
umacağım çox oldu bir az.
Ötdü
dəqiqələr, anlar əridi,
Azaldı
sevincim yox oldu bir az.
Dedim
görüşək,
Dedin
görüşək.
Demişdin, görüşə gələydin gərək.
Nə olmuşdu?! Nədən lirik qəhrəmanımızın
sevgilisi belə vəfasızlıq edirdi? Neçə
yol qar yağdı, yağış yağdı. Günəş doğdu, buzlar əridi, yazın
ilıq nəfəsi dağları, daşları isitdi,
güllər, çiçəklər açdı, amma o
qızın duyğuları isinmədi, qəlbindəki buzlar ərimədi,
verdiyi vədəni, sözü unutdu. Fəsillər
dəyişsə də, o qız görüşə gəlmədi.
Neçə
kərə yağdı qar,
Neçə yol bahar gəldi.
Sığışmadım
aylara,
İllər mənə dar gəldi.
Aramıza
od düşdü
Bircə kəlmə sözündən.
Səslədim,
səsin gəldi
İllərin o üzündən.
Bu həsrətə dözə bilməyən qəhrəmanımız
bir gün özündə cəsarət tapıb illərin o
üzündə qalan sevgilisinin qapısını
döyür.
Bir el misalı var; "qapıya gələni
qaytarmazlar". Babalardan qalma adət-ənənin
unudulduğu bir zamanda şair nəyə ümid edirdi, bəlkə
özü də bilmirdi. Amma içindəki od, illərin həsrəti onu yandırır və
həm də ümidləndirirdi. Ümidlə
getdiyi qapıda isə onu tamamilə fərqli bir şərait
gözləyirdi.
Qapına
gəlmişdim,
Gəlmişdim
könlüm
Harda səhv etmişdi, səhvini soram.
Hər
gecə sinənin üstündən uçan,
Qərib bir durnanın kefini soram.
Amma sən, sən idin.
Sevdası kül olmuş boş bədən idin.
Şair ümidlə gəldiyi qapıda yenidən
ayrılıq təklifi alır. Dost kimi ayrılıq
da olurmuş. Dost nədir? Sirdaşdır,
yoldaşdır, könül həmdəmidir, əqidə
birliyidir. Ayrılıq varsa, dostluq necə davam edə
bilr ki...
Deyirsən
ayrılaq,
Yadımda
elə
Havada yellənən bir əlin qalsın.
Ayrılaq,
ayrılaq bəlkə dost kimi,
Nə sən məndən inci, nə qəlbin qalsın.
Bu ayrılıq qəmli xatirələri arxacında
aparır, heç vaxt unudulmayacaq xatirələri. Nə zaman
peşman olacağı bilinməsə də, mütləq o
günlərə qayıtmaq istəyəcəkdir. Bir zaman sevgiylə açdığı
qapını indi örtməyə tələsən sevgilini
belə yanlışlığa məcbur edənmi var? Bəs
bu yalnızlıq, bu hicran, bu dərdlə baş-başa
qalmaq asanmı olacaq ona...
Qəmli
xatirələr daha sənindi,
Yalqızlıq əlinə düşən əsirsən.
Sevgiylə
açdığın qapını indi,
Arxanca örtməyə çox tələsirsən.
O sevgili
qız qapını arxasınca örtdü. Bizim
lirik qəhrəmanımız qapının bu üzündə
qaldı. Bir vaxt əlçatmaz göy
üzündə olan lirik qəhrəman yerə enən kimi dəyərsizləşdi,
işığını itirdi, rəngini itirdi, adiləşdi.
Sevgi də adiləşərmiş, iki qəlbi
ehtizaza gətirən, ülvi duyğuların qucağında
məst olan, dünyanı, bəşəri unudanlar belə
zamanlarda özlərini itirir, özlərini unudurlar.
Bir vaxt sənin
üçün göy üzü idim,
Əlini uzatsan çatmazdı mənə.
Gündüzlər
ömrünün gündüzü idim,
Qaçardın işığa yetməzdin yenə.
Lirik qəhrəmana görə müqabil tərəf
sonra peşman olsa da, yalanlarını doğru geyimində
yenidən ortaya qoymaq istəsə də, artıq bu cəhdlər
əbəsdir, bir eşqin könül sarayı
aşağıdan sökülməyə başlamışdır.
Yüz
yalanı bir doğruya bükürsən,
Ələk belə, kələk belə olanda.
Tikdiyini
aşağıdan sökürsən,
Yalanına gərək belə olanda.
Yalan olan yerdə gec-tez məhəbbət ölür. Bu, həyatın
qanunudur. Məhəbbət elə ülvi
bir hissdir ki, onun şərbətini şərbət kimi, zəhərini
zəhər kimi içmək lazımdır. Şərbətə qatılan zəhər də
öldürücülük qabiliyyətinə malikdir. Yalan da zəhər kimi könülləri pərişan
eylər, məhəbbəti məhv edər, iki ürəyin
bir döyüntüsünə son qoyar.
İndən
belə bu ocağı ha yellə,
Odu səni, közü məni isitməz.
Çır-çırpısı
yalan olan ocağın,
Dili səni, sözü məni isitməz.
Lirik qəhrəmanın sevgisi daşa dəyəndən
sonra onda Haqqın dərgahına qovuşmaq istəyi
yaranır.
Eyni ilə
Füzulinin "Leyli və Məcnun" əsərindəki
kimi Məcnun Leylini tərk edib çöllərə necə
düşürsə, sonra onun məzarı
üstündə can verib Haqqa qovuşursa, Məmməd Tahirin
lirik qəhrəmanı da Əzrayıla müraciət edir, məhşər
gününü arzulayır. Məhəbbət
dünyasında yerini ala bilməyən, hansısa
uğursuzluğun nəticəsi olaraq könül xanimanı
dağılan şair can evini döyüşlərdə məğlub
olmuş bir ölkəyə bənzədir. Məğlub
məmləkətin bayrağı endirildiyi kimi, aşiqin məhəbbət
göylərində dalğalanan cancağı da
paramparça olmuş, dəstəyindən qırılıb
yerə düşmüşdür.
Əzrayıl,
gözəl mələk,
Gəl otur qabaq-qənşər.
Gözlərindən
oxunur,
Belə olur son məhşər.
Gəlişin
mübarəkdi,
Haqqın buyruğu belə.
Hər
can bir məmləkətdi,
Enir bayrağı belə.
Məmməd Tahir bir neçə şeir
kitabının müəllifidir. Geniş süjetli
şeir və poemaları vardır. Bir məqalədə
şairin bütün yaradıcılığını əhatə
etmək qeyri-mümkün olduğundan, biz burda sadəcə
olaraq onun sevgi dünyasına bir zərif işıq
salmağa çalışdıq.
Sonda Məmməd Tahirə, qələm dostuma, bu gözəl şairə hələ yazıb-yaratmaq eşqi arzulayıram. Məmməd Tahir sadə, təvözakar, özünü gözə soxmayan adamdır. Lakin içi dolu, poetik dünyası zəngin olan şairin bundan sonra da bizi çox nəfis, poetik yazıları, şeir və poemaları ilə sevindirəcəyinə inanıram.
Nizami MURADOĞLU
AMEA Folklor
İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2019.- 8
fevral.- S.8.