Öz dünyasının
adamı
Vahid MƏHƏRRƏMOV
Uşaqlıq çağlarımızda əlli-altmış
yaş bizə çox uzun, ulduzlar qədər uzaq məsafədə
olan əlyetməz bir zirvə kimi görünürdü. Nə vaxtsa
biz də bu yaşa gəlib çatacağımıza hələ
çox illər qaldığını zənn edirdik.
Hələ ömür yolunun başlanğıcında
olduğumuzu düşünürdük. Amma həyat
yollarında addımlaya-addımlaya əllini keçib
altmışa yaxınlaşanda gördük ki, yox,
ömrün bu pilləsi elə də uzaq və əlçatmaz
deyilmiş. Həyatımızın bir zamanı gəlir
ki, dönüb geri baxmalı oluruq... Onda xatirələr və
xatırlananlar köməyimizə çatır...
Şükürlər olsun ki, tez-tez xatırlanan, yada
düşən dostlarımızın sayı daha çoxdur. Onlardan biri də
şair, jurnalist, qələminin, təfəkkürünün
barı-bəhrəsi olan əsərlərini sevə-sevə
oxuduğum Əbülfət Mədətoğludur. O
Əbülfət Mədətoğlu ki, şeirləri, publisist
məqalələri və kitabları ilə tez-tez
oxucularının qapısını döyür. Təbiidir ki, sözə böyük dəyər
verən oxucular da zaman-zaman Əbülfət müəllimin
söz boxçasının sehrinə dalırlar.
Elə yaradıcı insanlar var ki, onlar daim üzdədir,
adı tez-tez oxucuların dilində səslənir. Bu mənada Ə.Mədətoğlunun
yaradıcılığı hər gün bir az
boy verir, hər gün əhatə dairəsini bir az da
genişləndirir. O da maraqlı publisist məqalələri,
hər misrasında min bir məna daşıyan şeirləri
ilə tez-tez oxucularla görüşə gəlir. Yaradıcılığını ürək
açıqlığı ilə, xəsislik etmədən
onu süfrə kimi sevənlərin qarşısında
açır. Çünki o sözə söykənən
və onunla nəfəs alan yaradıcı
bir insandır. Yazılarını oxuyanda hiss edirsən ki,
doğrudan da o sanki hava ilə deyil, sözlə nəfəs
alır. Buna görə də söz onu
özünə doğma bilir, ondan uzaq qaçmır. Neçə illərdir ki, baş-başa verib,
sözlə bir-birlərini anlaya-anlaya mehribancasına
yaşayır, asta-asta ömür yollarına davam edirlər.
İllər hiss olunmadan ötüb keçdikcə həm
Əbülfətin ömrü uzanır, həm də
sözün. Qoy onların hər ikisinin yolu həmişə
açıq olsun...
O, hər
il yeni ili yeni yaşla, yeni ovqatla, yeni həvəslə
qarşılayır. İlin ilk günündən
ömrünü yeni yaşa kökləyir. Altmış ildir ki, həyatını bu nizamda
saxlamağa çalışır. Zaman
ötüb arxada qaldıqca Əbülfət müəlimin təkcə
yaşı deyil, söz boxçası da böyüyür.
Yeni kitablar, yeni şeirlər, müxtəlif
mövzulara köklənmiş publisistik yazılar
üst-üstə qalaqlanır. Bütün
bunlar Əbülfətin ədəbi aləmdə qalan izidi,
dünyada qalan sözüdü, oxucuların gözlərinin
öyrəndiyi imzasıdır.
Əbülfətin yaradıcılığı
haqqında tanınmış ziyalılar, tənqidçilər,
şair və yazıçılar kifayət qədər dəyərli
sözlər deyib və yazıblar. Yaradıcılığını
hərtərəfli təhlil ediblər, layiq olan qiymətini
veriblər. Bu yazılar da elə
Əbülfətin yaradıcılığı kimi səmimidir.
Hiss olunur ki, yazılan sözlər, deyilən fikirlər onun
yaradıcılığının boyuna tən biçilib.
Az-çox sözə yaxın olan bir adam
kimi mən də özümdə mənəvi güc
tapıb Əbülfət müəllimin
yaradıcılığı haqqında bir neçə kəlmə
söz demək istəyirəm. Yaradıcılığına
az-çox bələd olduğum üçün hiss
etmişəm ki, onun özünün öz dünyası var,
heç kəsə bənzəməyən bir söz
dünyası var. Onun üçün bu dünya ən isti, ən
ilıq, ən gözəl bir yerdir. O, özünü bu
dünyada çox rahat, təhlükəsiz hiss edir. Çünki nədənsə, kimdənsə
küsüb inciyəndə ən sevimli yeri olan söz
dünyasına, öz dünyasına sığınır.
Buranı dünyanın ən təhlükəsiz
yeri hesab edir. Bütün
yaradıcılığı da burada çiçək
açır. Elə buradan da, ürəyini
tutan mövzuları, sözləri, fikirləri kağıza,
kompyuterə pıçıldayır. Pıçıltıları
çoxaldıqca söz dünyası daha da zənginləşir.
Sonra da biz o əsərləri sevə-sevə
oxuyuruq. Oxuduqca da hər misrada, hər sətirdə
müəllifin pıçıltılarını
eşidirik. Onun qəlbindən süzülüb gələnləri
oxuduqca hiss edirəm ki, sanki Əbülfət oxucularla
pıçıladışır, kağızla, qələmlə
dərdlərini bölüşür. Anlar
ötüb arxada qaldıqca bu pıçıltılar
ruhumuzu oxşayan şeirlərə çevrilir. Beləcə, yaradıcılıq yolu
özünün də xəbəri olmadan onu ağuşuna
alıb öz dünyasına, söz dünyasına aparıb
çıxarır.
Əbülfət
Mədətoğlu
"Səməni nəğməsi ", "Nilufər
çiçəyi", "Dərdini danışan
adam", "Nişanə", "Ehtiyacın elçi
daşı", "Allah, məni unutma", "Cəzayam
sevdiyim qıza" və başqa kitabların müəllifidir.
Bu günlərdə isə onun "Sözə
ünvanlanmış 15 məktub" adlı kitabı
işıq üzü görüb. Bu
kitabların bir neçəsini oxuya bilmişəm. Sanki şeir oxumursan, isti havada sərin bulaq suyu
içirsən. Sözlər çox sadə,
fikirlər çox aydın və dərin, mövzu çox cəlbedicidir.
Bəlkə də, Əbülfətin
poeziyasının oxucu qəlbinə asanlıqla yol
tapmağının sirri elə bundadır.
Müşahidə
etmişəm ki, onun
yaradıcılığında iki xətt daha
qabarıq hiss olunur. Bunlardan bir
hamımızı ovsunlayan sevgi mövzusu, ikinci xətt isə
torpaq, yurd həsrətidir. İyirmi səkkiz ildir ki, Əbülfət
qoynunda dünyaya göz açdığı
Tuğ kəndinin həsrətini çəkə-çəkə,
içində qovrula-qovrula yaşayır. Özü
bunu şeirlərində yaşamaq yox, mövcud olmaq kimi qiymətləndirir.
Pıçıltılarından doğan
şeirləri ilə düşmən tapdağında qalan
doğma ocaqlarına laylay çalır. Ermənilərin
yandırıb dağıtdığı Tuğ kəndini
xatirələrində, şeirlərində və
pıçıltılarında yaşadır. Hiss olunur
ki, elə onu yaşadan da bu xatirələrdir. Yazarın
o şeiri, o məqaləsi yoxdur ki, orada yurd həsrətindən
yazmasın, torpaq nisgilindən danışmasın. Onun yurdla, doğma ocaqlarla bağlı olan xatirələri
bitib-tükənmək bilmir. Yəqin ki,
bu xatirələr yalnız Əbülfət Tuğa dönəndən
sonra bitəcək. Ondan sonra isə yeni həyat,
yeni xatirələr başlayacaq. Düşünürəm
ki, bəlkə də Əbülfət müəllimin Tuğ
kəndinin həsrətindən qovrula-qovrula
yazdıqlarını tərcümə edib ATƏT-in nümayəndələrinə,
BMT-nin baş katibinə versinlər. Qoy
onlar da bu yazılanları çox diqqətlə oxusunlar,
insanların həsrət odunda necə qovrulduqların hiss
etsinlər. Bəlkə ondan sonra ürəkləri
rəhmə gələr torpaqlarımızın erməni
işğalından azad olunması işini daha da sürətləndirərlər.
Mənə
elə gəlir ki, şeirlərində olduğu kimi,
Əbülfət müəllim məqalələrində də
bütövdür,
bölünməz və sərrasdır. İllərdir ki, onun "Ədalət" qəzetinin
şənbə nömrələrində müxtəlif
mövzulara həsr etdiyi publisistik məqalələrinə
böyük diqqət ayırıram. Bu məqalələrin
nə mövzusu, nə də forması bir-birinə bənzəyir.
Hərəsinin öz mövzusu, öz
çaları, öz məna daşıyıcısı var.
Bu məqalələr hərəsi oxucunu bir cür sehirləyir.
Burada diqqəti çəkən məqamlardan
biri də odur ki, Əbülfət publisistik məqalələrini
şeirləri ilə bir-birinə mehribanlaşdırır,
doğmalaşdırır. Nəticədə
ortalığa gözəl bir əsər çıxır.
Müəllif bunu çox gözəl
bacarır. Mövzuya uyğun olaraq
Əbülfət publisistik yazısının ortasında
oxucusunu ovsunlamaq, əlindən tutub poeziya aləminə aparmaq
üçün şeirə meydan verir. Sanki
publisistik dillə dediklərinə şeirlə möhür
vurur. Və yaxud əksinə, şeirlə
dediklərini publisistik dillə möhürləyir. Bu publisistik məqalələr
üstünlüyü odur ki, onlar oxucunu
düşündürür, onu yormur, sanki əlindən tutub
mövzunun içərilərinə doğru aparır. Şeirlə puplisistikanı birləşdirib gözəl
bir ahəng yaradır. Bu axarla mövzunu
sona qədər oxucuya izah edir. Publisistik
yazıların da mövzuları rəngarəng olur. Amma nə qədər rəngarənglik olsa da,
ümumi ahənglik, harmoniya itmir. Onun
publisistik yazılarının da gözəlliyi elə
bundadır. Əbülfət müəllimin
yazılarının dili də oxucu üçün çox
doğmadır. Elə oxucunu məqaləyə
cəlb edən də, sevdirən də yəqin ki, budur.
Sadə, səmimi, qeyri adilikdən uzaq olan
adilik. Daha oxucuya nə lazımdır.
Təbiidir ki, belə məqaləni hamı həvəslə
oxuyur.
Altmış yaşı arxada qoymuş Əbülfət
müəllimin yaradıcılığından söz
açarkən fikrimizi əsaslandırmaq üçün bir
çox şeirlərini nümunə gətirmək olar. Amma onun Vətən
mövzusunda yazdığı şeir mənim daha çox
diqqətimi cəlb etdi. Bu günə qədər
bu mövzuda çox şairlər şeir yazıb, poetik
misraları ilə vətənə olan sevgi və istəklərini
ifadə ediblər. Düşünürəm
ki, Əbülfətin də bu şeiri orijinallığı
ilə seçilir. O, bu misraları ilə köhnə
mövzuda təzə söz deməyi bacarıb.
... Bu
torpağa oğul olmaq nəsibim,
Bu nəsiblik
ucalıqdı, qürurdu!
Mən
özümü dərk edəndən, duyandan,
Vətən eşqim nəbzim tək vururdu.
Bir dəfə "Ədalət"in səhifəsində Əbülfətin həmkarlarından birinin yubileyinə həsr etdiyi məqaləsini oxudum. Yazı həcmcə kiçik olsa da, çox maraqlı idi. Onun bir cümləsi mənə çox xoş gəldi. Həmkarı haqqında yazmışdı ki, həmin söz adamı sözün bu tərəfindən baxanda o tərəfini görür. Sözün düzü, bu ifadə mənim üçün yenilik idi. Təbiidir ki, belə gözəl sözləri, belə gözəl ifadələri yazmaq, ancaq istedadlı adamlara nəsib olur. İndi mən də həmin sözü elə onun özü haqqında yazaraq demək istəyirəm ki, Əbülfət də sözün bu tərəfindən baxanda o tərəfini görür. Elə buna görədir ki, biz onun yaradıcılığını belə dərin maraqla oxuyuruq.
Deyirlər, altmış yaş insan ömrünün ən müdrik çağıdır. Bu çağda düşüncələr daha saf, daha ibrətamiz olur. Deməli, biz hələ indən sonra Əbülfət müəllimin müdrikliyə bürünmüş daha gözəl əsərlərini oxuyacağıq. O, yeni-yeni şeirləri və kitabları ilə biz dostlarını hələ çox sevindirəcək. Qoy onun ömrü söz qədər uzun və işıqlı olsun. Bu məqamda yadıma məşhur mahnıdakı məşhur misra düşdü: "Əllini aşırdın yüzə nə qaldı?" Mənə elə gəlir ki, altmışı aşandan sonra isə yüzə lap az qalır...
525-ci qəzet 2019.- 8 fevral.- S.8.