İsa Həbibbəyli: "Dərsliklərin
yazılmasında özfəaliyyət ola
bilməz"
"525"in müxbirinin suallarını Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli cavablandırır.
- İsa müəllim, parlamentin bu günlərdə öz işinə başlayan 2019-cu il
yaz sessiyası ilə bağlı komitənizin ilk iclasında
məlumat verildi ki, ali təhsillə
də bağlı qanun layihəsi olacaq. Odur ki,
komitə olaraq, qanun layihəsinin hazırlıqlarına başlamağı
və onu müzakirələrə təqdim
etməyi nə vaxta nəzərdə tutursunuz?
- Son illərdə Milli Məclisdə Elm və təhsil komitəsi tərəfindən elmin və təhsilin müxtəlif pillələrini
əhatə edən bir sıra qanunlar
hazırlanıb, bu qanunlar ölkə prezidenti hörmətli İlham Əliyev tərəfindən təsdiq
olunub və artıq icra edilməkdədir. "Elm haqqında", "Məktəbəqədər
təhsil haqqında",
"Peşə təhsili
haqqında" qanunlar
ölkə reallıqlarına
və dünya təcrübəsinə uyğun
olaraq, təhsilin inkişafının tənzimlənməsinə
uğurla xidmət edir. Hazırda biz "Ümumi orta
təhsil haqqında"
qanun layihəsi üzərində çalışırıq.
Bu qanun layihəsi
ötən ilin payız sessiyasında parlamentin birinci oxunuşundan keçib.
Eyni zamanda, təhsil naziri, Təhsil Nazirliyi və
təhsil ekspertləri
ilə bir yerdə onu komitəmizdə ikinci oxunuşda geniş müzakirədən keçirmişik
və ümid edirəm ki, yaxın vaxtlarda ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə
çıxarılacaq. Bu da orta təhsil
sahəsində müasir
inkişafın təmin
edilməsinə dəstək
verən, yol açan bir qanun layihəsi kimi fikirləşirəm ki, çox əhəmiyyətli olacaq.
Bizim komitənin hazırlayacağı
növbəti qanun layihəsi "Ali təhsil
haqqında" qanun layihəsi olacaq. Biz bu işə
ümumi orta təhsillə bağlı
qanun layihəsi ikinci oxunuşdan keçəndən sonra başlamağı düşünürük.
Lakin indidən biz bu istiqamətdə hazırlıqların
aparılmasına başlamışıq.
Komitənin üzvləri
və əməkdaşları
ali təhsil
sahəsində dünya
təcrübəsini öyrənir,
lazımi sənədləri
əldə edir, ölkə reallıqlarına
aid müşahidələr aparır, pedaqoji ədəbiyyatı mütaliədən
keçirir. Hesab edirəm ki,
biz bu ilin yaz aylarında "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı İşçi
Qrupunu yaradıb, daha konkret işə
başlayacağıq. Və həmin qanun layihəsini Milli Məclisin payız sessiyasında gündəliyə
daxil etməyi daha məqsədəuyğun
hesab edirik. Bununla da biz 2009-cu ildə qəbul olunan "Təhsil haqqında" qanunda öz əksini tapmış təhsilin bütün pillələri ilə bağlı qanun layihələrini ölkəmizin
ictimaiyyətinə, elm və
təhsil işçilərinə
təqdim etmiş olacağıq.
- Həm ümumi orta təhsil, həm ali
təhsillə bağlı
müzakirələr zamanı
daha çox tədris, dərs yükü və dərsliklər məsələsi
qabardılır...
- Ümumi orta təhsillə bağlı
qanun layihəsi həm birinci oxunuş, həm ikinci oxunuş üçün müzakirə
olunarkən, orta ümumtəhsil məktəblərində
tədris yükünün
ağır və mürəkkəb olması
barədə fikirlər
səsləndilib. Bilirsiniz
ki, ümumi orta təhsil üçün yaradılmış
İşçi Qrupunun
içərisində Təhsil
Nazirliyinin də məsul əməkdaşları
var. Bundan başqa, biz
təhsil nazirliyi ilə sıx əməkdaşlıq şəraitində
qanun layihəsini hazırlayırıq. Təhsil
Nazirliyinin rəsmiləri
də bizim komitənin iclaslarında iştirak edirlər. Məhz onlarla bir yerdə
deputatlarımızın bu
yöndə səsləndirdikləri
fikirlər barədə
müzakirələr aparmışıq.
Təhsil Nazirliyinin işçiləri
də, Elm və təhsil komitəsinin üzvləri də o fikirdədilər ki, tədris yüklərinin uşaqların yaş və bilik səviyyəsi
ilə uyğun gəlmədiyi məqamlar
çoxdur. Ona görə
də hazırda Təhsil Nazirliyində tədris yüklərinin tənzimlənməsi ilə
bağlı islahat işləri aparılır
və bizə verilən məlumata görə, bu işlər tamamlanmaq üzrədir.
Burada həm tədris yüklərinin azaldılması məsələsi
diqqət mərkəzinə
çəkilib, həm
də tədris proseslərində və dərsliklərdə Azərbaycanın
milli maraqlarının,
azərbaycançılıq məfkurəsinin yerinin, mövqeyinin artırılmasına
qayıdılır. Bizim komitədə
də hər dəfə bu barədə çoxlu fikirlər səsləndirilib
və bu istiqamətdə, yəni dərsliklərdə və
dərs prosesində o
mövqenin ifadə olunmasına diqqət yetirilib. İnanıram ki, növbəti
tədris ilinə kimi Təhsil Nazirliyi bu işləri
tamamlayacaq və bundan sonra nisbətən
sadələşdirilmiş, azərbaycançılıq məfkurəsi
istiqamətində yenidən
hazırlanmış tədris
proqramları əsasında
yeni dərsliklərin
yazılması işinə
başlanılacaq. Bu, zamanın tələbidir,
çağırışıdır.
Məktəblərin birinci vəzifəsi
də Azərbaycanın
milli dəyərlərinə,
dövlətçilik maraqlarına,
milli-mənəvi ənənələrinə
sadiq olan yeni nəsil hazırlamaqdan ibarətdir.
Bu barədə Təhsil
Nazirliyi ilə bizim komitənin apardığı iş eyni hədəfi ifadə edir.
- İsa
müəllim, sirr deyil ki, bu
gün mövcud olan dərsliklər, xüsusilə, ibtidai siniflər üçün
nəzərdə tutulan
dərsliklər çox
bərbad durumdadır. Dərsliklər qrammatik
səhvlərlə doludur,
cümlələrin başı
ilə ayağı bilinmir, sanki dərsliklər korrekturadan
keçilmir. Həmçinin, bəzən heç kimin tanımadığı
"yazar"ların "əsər"ləri
həmin dərsliklərə
ayaq açmaqdadır.
Bunların önlənməsi mümkün olacaqmı?
- Komitəmizdə bu məsələ ilə də fikirlər səslənib. Əvvəla deyim ki, korrektura məsələsi
təkcə dərsliklərə
aid deyil, ümumiyyətlə,
hazırda nəşriyyatlarda
korrektura işi yox səviyyəsindədir.
Demək
olar ki, nəşriyyatlar öz iqtisadi çıxarlarını
nəzərə alıb,
korrektor ştatlarını
ləğv ediblər.
Nəşriyyatlarımız indi ödənişli
olduğu üçün
hansı müəllim
xahiş və ödənişini təmin
etsə, o nəşrlərə
redaktor və ya korrektor nadir hallarda təyin olunur. Bu, ümumi
bir nöqsan və ümumi bir problemdir. Nəşriyyatlarımız bu məsələni
həll etməlidirlər.
Xüsusən orta məktəb
dərslikləri düzgün,
səriştəli şəkildə
yazılmalıdır, burada
özfəaliyyət, qətiyyən,
olmamalıdır.
Amma deyim ki, belə hallar
çox da deyil. Bizim müşahidələrimizə
görə, korrektura səhvləri çox da deyil. Bəzən mətbuat yazır ki, dərsliklərdə səhvlər baş alıb gedir, düzdür, korrektura səhvlərinə rast gəlinir, amma deyim ki, bunlar
çox deyil. Bizim niyyətimiz, bizim məqsədimiz də ondan ibarətdir, yəni elə tədbirlər görülməlidir
ki, belə hallar heç olmasın. İkincisi, deyirsiniz, deyirlər
ki, təsadüfi adamların şeirləri
bəzən dərsliklərdə
yer tutur. Bu fikirlərlə də tanışıq.
Biz də müşahidə
edirik ki, müəyyən hallarda buna yer verilir.
Amma deyim ki, bu
da geniş yayılmış hal deyil. Elə bilirəm ki,
bu məsələ də bir qədər
şişirdilir.
Çünki bizim dərsliklərimizdə
Azərbaycanın klassik
yazıçılarının, şairlərinin əsərləri
yer tutur, müasir dövrdə uşaq ədəbiyyatı
ilə məşğul
olan yazıçıların
əsərlərindən nümunələrə
də yer verilir. Bunun başqa alternativi
yoxdur. Çünki müasir dövrün
uşaq ədəbiyyatı
müasir uşaqların
düşüncəsinə, onların qavrayışına
daha uyğundur. Məsələn, Abbas Səhhətin, Abdulla Şaiqin
Azərbaycan uşaq ədəbiyyatının qızıl
fondunu təşkil edən əsərləri
uşaqlarda vətənpərvərlik
düşüncəsi aşılamaq,
onların zövqünü,
dünyagörüşünü zənginləşdirmək üçün
əvəzsiz sərvətdir.
Əslində, bunlar öz
yerini dərsliklərdə
imkan daxilində tapır. Ancaq bunları bir
qədər artırmaq
da, yaxşı olardı. Amma müasir uşaqlara
indiki informasiya cəmiyyəti haqqında
məlumat vermək, indiki internet dünyası
haqqında ilkin təsəvvürləri aşılamaq
üçün müasir
uşaq ədəbiyyatından
da nümunələr
seçmək, vermək
zəruridir. Bəzən bizim
ekspertlərimiz müasir
dövr yazıçılarının
müasir həyat, müasir elmlər haqqındakı əsərlərini
təsadüfi əsərlər
hesab edirlər. Ancaq mən bu istiqamətdə
dərsliklərdə verilən
materialları vacib, əhəmiyyətli hesab edirəm. Onların uyğun balansının
tapılmasını vacib
sayıram. Eyni zamanda
istərdim ki, müasir informasiya cəmiyyəti, yeni dünya reallıqları haqqında dərslikdə
verilən materiallar təkcə aktual olmaqla qalmasın, həm də bədii cəhətdən
əhəmiyyətli olsun
və seçilib bədii cəhətdən
ən yaxşıları
ora daxil edilsin.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet 2019.- 8 fevral.- S.5.