Müharibənin uşaqları   

 

 

 

Bir ovuc torpağı bölə bilməyənlərin dünyasında hamısı eyni göy üzünü paylaşırlar. Gözlərini uzaqlara dikib, sabaha ümid bağlayırlar. Qorxu yumaq kimi əzələlərinin içərisində yumalanır. Həyəcan buz parçası kimi bədənlərinə dolaraq, sümüklərini gizildədir. Müharibə şəraitində yaşayan uşaqları deyirəm. Kabus kimi filmə çevrilmiş dünyanın ən çox yara alanıdır onlar!

Yaxalarında çiyələk, dondurma yox, qan ləkəsi olur. Hə, müharibənin uşaqlarından danışıram, belə böyüyürlər. Uşaqlıqlarını açılan ilk güllə səsi ilə alnından vuraraq öldürürlər. Elə həmin atəş gələcəkləri, arzuları, ümidləri ilə istədiyi kimi rəftar edir. Bunaana, nə ata, nə dövlət müdaxilə edə bilir. Pozulan atəşkəs səsləri laylalarını, içi boşalmış mərmilər oyuncaqlarını, topun düşərək dağıtdığı yıxılmış evlər isə evciklərini əvəz edir. Səmalarından günəş, ulduz, göyqurşağı yox, topa-topa tüstü, qapqara bulud boylanır. Başlarının üstündə quşlar yox, mərmilər uçuşur, güllələr şığıyır. Kimi dindirsən uşaqlığına dönmək istəyir. Amma müharibə görən balacaların bu cür arzuları olmur. Surətlə böyüyüb, savaş dönəmi ilə araya illəri yerləşdirmək istəyirlər.

Ürəklərindən qaçıb-oynayıb, atılıb-düşmək keçir. Lakin siyasətin ən balaca oyuncaqları olduqlarını dərk etmirlər. Beləcə, bu oyunu başı qoparaq, kürəyindən vurularaq, ayaqlarını, qollarını itirərək tərk edirlər.

Üstündən neçə il keçirsə keçsin, heç vaxt normal həyata qayıda bilmirlər. Almaniyalı yazıçı Martin Kesselin müharibə haqqında yazdığı kitabında maraqlı cümlə var: “Muharibənin qolları uzundur. O qədər uzundur ki, başa çatdıqdan sonra da qurbanlarını ağuşuna alır”. Muharibədən qurtulan uşaqlar  yaşadıqları dəhşəti heç bir zaman keçmişdə qoymağı bacarmırlar.

Gözlərinin qarşısında öldürülən ailə üzvlərini itirməklərini necə unuda bilərlər axı? Aldıqları bu travma ilə nə hiss etdiklərini düşünəndə adam az qalır dəli olsun. Kinlə, nifrətlə böyüyən uşaqlar  gələcəyə nə vəd edə bilərlər? Hə, dişə diş, qana qan, qisas, intiqam!

Bu gün həm cəbhəyanı bölgələrdə, həm də dünyanın müxtəlif yerlərində milyonlarla belə uşaqlar var. Hər dəqiqə ailəsinin, əzizlərinin, evinin, oyun oynadığı məhəllələrinin, məktəbinin, baxçasının, hətta şəhərinin yox oluşunu seyr etməyi an məsələsidir. Milyonlarla uşaq əzablarla böyüyür. Milyonlarla uşaq səsdən diksinərək günə başlayır. Milyonlarla uşaq atəş səslərini eşitməmək üçün başını yastığın altında gizlədir.

Uşaqların ölümü üzərinə qazanılan zəfərə sevinmək üçün insan necə vicdan daşımalıdır? Döyüş sonrasında qazanılan hansı qalibiyyət, bir körpənin gözlərindəki işıltının sonsuzadək itməsindən yaxşı ola bilər?

Müharibənin, savaşın içində yetişən, hələ sabahı sual altında olan nəsilin hansı planı, arzusu, xəyalı ola bilər ki?

Bütün müharibələrin sonunda özü sağ qalmış, ruhları isə şikəst olmuş milyonlarla uşaq var.

Bütün müharibələr dəhşətlidir. Dinc sakinlərə yönələn bütün silahların adı terrordur. Terror isə insan şərəfinə edilən ən böyük təhqirdir.

Müharibədə sadəcə uşaq olmaq deyil, ana, qardaş, ata, bacı, yoldaş, sevgili, qısacası insan olmaq zülmdür. Amma bütün bunlardan fərqli olaraq, müharibənin içərisində həyatını itirən hər uşaq yox olan ümiddir.

Bombanın nə vaxt hara düşəcəyini bilmədən, güllənin hansı istiqamətdən gələcəyi haqqında zərrə qədər təsəvvürü olmayan, tozun-torpağın , yıxıntıların içində oynamaq cəsarəti göstərənlərə müharibə uşaqları deyilir.

Harasa, yaxın bir yerə top düşdükdən sonra, kiçik ayaqları ilə böyük addımlar ataraq evə doğru qaçıb, evin onu bombardmandan qoruyacağına inanan məsumiyyətdir müharibə uşaqları.

Müharibə uşağı olmaq, bir qədər əvvəl yan-yana dayandığı qardaşının, bacısının cansız bədəninə şahid ola bilməkdir.

Müharibədə uşaq olmaq, həyata 10-0 geridə başlamaqdır. Bunu nə illərdir özünü Azərbaycana yıxan ATƏT, nə dünyaya insanlıq mesajı verən AŞPA, nə sülh platformaları, nə də insan hüquqlarından başqa hər hoqqadan çıxan qurumlar başa düşə bilər.

Bugünlərdə, daha dəqiq desək, yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunun Buqaşen kəndində, Azərbaycanın Xocavənd və Füzuli istiqamətlərində gedən döyüşlərə qatılan, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçıolan, “Kobra” ləqəbli terrorçu Mixail Avaqyana abidə qoyulması ilk olaraq yağmalanan torpaqları, işğal olunmuş yurd-yuvaları yox, ana bətnindən çıxarılıb ocağa atılan körpələri, şişə keçirilən uşaqları, təcavüzə məruz qalan qızcığazları gözümün önünə gətirdi! Abidənin açılış mərasiminə baxdım, alqışlayan əlləri, üzdə dolaşan ifadələri diqqətlə süzdüm. Hə, axtarırdım. Bəlkə, taparam deyə bir az ar, həya, utanc, insanlıq gəzirdim. Gör, dünya hansı mərhələyə çatıb, qatilə, caniyə, uşaqların qanına bulaşan əllərin sahibinə heykəl ucaldılır və alqışla, qürurla önünə güllər düzülür.

Belə məqamda adam o klişe cümləni qışqıra-qışqıra vermək istəyir: “Ədalətin budur, dünya?”

 

Türkan TURAN

 

 

525-ci qəzet.- 2019.- 9 fevral.- S.24.