Üzeyir təntənəsi və ermənilərin
yalançı artistliyi
YAZIYA AZ
DƏXLİ OLAN GİRİŞ...
1915-ci ilin fevral-iyun ayları. Üzeyir bəy “Nicat”
Xeyriyyə Cəmiyyəti ilə çəkişməkdədir.
Mətbuat səhifələrindən bir-birinin
ünvanına ittihamlar yağdırırlar. Bu narazılıq, umu-küsülər əvvəllər
də olmuşdu. Gənc bəstəkar
Peterburqdan Müslüm Maqomayevə yazdığı məktubda
“Nicat” cəmiyyətindən gileylənirdi. Ki, tamaşalarımı oynayıb, pulunu vermirlər.
1913-cü ilin 7 avqustunda yenə Müslüm
Maqomayevə göndərdiyi məktubda Hüseynqulu Sarabskidən
gileyini gizlətmirdi. Səbəb nə
idi?! Maddi sıxıntı. Həmin
məktubdan bir neçə cümlə oxuyaq: “Əzizim
Müslüm! Sarabskiyə məktub yazıb öz 400
manatımı istəmişdim, heç olmasa 200 manat göndəreydi,
lakin heç bir cavab almadım. Halbuki pula
ehtiyacım vardı, ciddi teleqram vurmağa məcbur oldum.
Neçə gündən sonra 100 manat aldım.
İndi yenə də pul gözləyirəm.
Lakin pul əvəzinə israğa gün Sarabskidən teleqram
almışam ki: “İçirik sənin
sağlığına”.
1915-ci ilin iyun ayında “İsmailiyyə” binasında
“Nicat” cəmiyyətinin ümumi iclası keçirilir. Təftiş
komissiyasının iclasında məruzə olunur ki, Üzeyir
bəy Hacıbəyov cəmiyyətə 1100 manat verməlidir,
vermir. İclasda qərara alınır: bəstəkarı
məhkəməyə versinlər. Başqa bir
narazılıq isə “Leyli və Məcnun” operasının
müəlliflik hüququ məsələsində idi. “Nicat” cəmiyyətinin rəhbərliyi bəstəkarı
operanın ixtiyarını 2 min manata cəmiyyətə
satdığı halda, onu başqasına verməkdə
ittiham edirdi. Üzeyir bəyin cavabı
özünü çox gözlətmir. “İqdam”
qəzetində etiraz yazısını çap etdirir.
Sitat: “Kəşfi-həqiqət üçün məlum edirəm
ki, bu operanın ixtiyarı “Nicat” cəmiyyətində deyil, mənim
və qardaşımın ixtiyarındadır. Beləliklə,
operanın kitabça surətində nəşr edilməsi
ilə mənim müəlliflik ixtiyarım xələldar
olmuşdur”.
Bütün
bu vurhavurun içində Üzeyir Hacıbəyovu sevindirən
bircə hadisə baş verir: “Arşın mal alan”
operettası erməni dilinə çevrilir. “Yeni
iqbal” qəzeti yazırdı ki, operetta Tiflisdə erməni
mühərrirlərindən olan Maqalyan tərəfindən tərcümə
edilib tamaşaya qoyulmaqdadır. Çox
keçmir, “O olmasın, bu olsun” operettası da erməni dilinə
tərcümə edilir. Bütün bunlarla
bağlı Üzeyir bəy yazılı razılıq versə
də, sevinci çox çəkmir. Erməni
truppalarının səviyyəsi, tamaşalara verilən
quruluş bəstəkarın ürəyincə olmur. Qəzetlər də bu haqda yazırdı. Ki,
erməni artistlərinin oynadığı “Arşın mal alan”ın tərcüməsindən və
oyunundan xoşhal olmayan Üzeyir bəy sevgili əsəri olan
“O olmasın, bu olsun”un tərcüməsi, musiqisi əslində
olan kimi düzəlməzsə və rollar layiqincə
bölünməzsə, təkrar qoyulmasına razı
olmayacaq. Tutalım, “Yeni İqbal” qəzetində
Oğuz adlı müəllifin resenziyası çap
olunmuşdu. Yazırdı ki: “Gəncəlilər bir dəfə
Üzeyir Hacıbəyovun “Arşın mal alan”ını
oynayana qədər ermənilər həmin oyunun ermənicəsini
üç dəfə oynadılar. Bir-birinin
dalınca gedən bu oyunlar erməniləri sevindirib, kluba tərəf
axıdır, sabahı günü ağızları sulanaraq
tərif və tövsif etmələri diqqəti cəlb
edirdi. Əcəba, Üzeyir bəy bu tərcüməni
görmüşmü? Bizə elə gəlir
ki, tərcümədə çox fəna şeylər
artırılmış və kitab bərbad edilmişdir”.
Noyabrın 11-də “Nicat” cəmiyyəti ilə Hacıbəyov
arasında “Leyli və Məcnun” operettasının mübahisəsi
müzakirə edilir. Və nəticə etibarı ilə əsər
“Nicat”ın ixtiyarında qalır.
Növbəti
gün isə “Kaspi” qəzetində Qubalı imzası ilə
yazı dərc olunur ki, Bakıda Voskanyan truppası tərəfindən
“Arşın mal alan” oynanılıb. Pyesa Voskanyan tərəfindən dəyişdirilib
və bir neçə erməni mahnısı əlavə
edilib: “Bu mahnılar operettaya daha çox gözəllik və
musiqi təravəti vermişdir”.
Məqalə müəllifinin “gözəllik” və “təravət”
qənaəti Üzeyir bəyi qəzəbləndirir. Qəzetin
redaksiyasına dərhal məktub göndərib çap
olunmasını xahiş edir. Məktub müəllifin
yazdığı kimi tam olaraq çap edilir: “Mənim müəlliflik
nüfuzuma toxunan ədalətsizliyə yol verilib. Qəti surətdə
qeyd edirəm ki, Voskanyan tərəfindən pyes heç bir dəyişikliyə
uğramamış, ümumiyyətlə, mən əsərimin
hər hankı bir dəyişikliyinə razı ola bilmərəm. Musiqi nömrələrinin
artırılmasına gəlincə, texniki şərait və
icraçıların gücü nəzərə
alınaraq, mənim icazəmlə türk nəğmələri
əlavə edilmişdir”.
“Texniki şərait” və “icraçıların
gücü” deyərkən isə müəllif əsərin
ilk variantında olan muğamatı erməni artistlərinin
oxuya bilməməsini nəzərədə tuturdu.
“ERMƏNİLƏR
BƏLA KABUSU ALTINDADIR”
Erməni ziyalıları Azərbaycan operalarının
İrəvanda, Tiflisdə və Bakıda səhnəyə
qoyulmasını böyük mədəni hadisə kimi qiymətləndirib
qəzetlərdə bir-birinin dalınca məqalələr
çap etdirirdilər. Amma bu haqda bir qədər sonra. Sən demə, əsrin əvvəllərində
Üzeyir Hacıbəyovun əsərlərinin şöhrəti
o qədər böyük olubmuş ki, erməni artistləri
yalançı truppalar düzəldib müxtəlif yerlərdə
adamları aldadaraq yaxşıca pul qazanırmışlar.
Bunun üstünü açmaq isə həmişə
mümkün olmurdu. Məsələn, “Kaspi” qəzetinə
Həştərxandan xəbər verirdilər ki, erməni
artistlərindən ibarət yalançı truppa bu günlərdə
buraya gəlmişdilər: “Onlar özlərini “Səfa” cəmiyyətinin
truppası adlandırıb “Qatili Kərimə” və “O
olmasın, bu olsun” operettasını oynamışlar. Yerli müsəlmanlar elanlardan bu artistlərin
yalançı olduqlarını bilib tamaşalara getməmişlər”.
Ermənilərin bu tamaşalara axışıb getməsini
o dövrün ziyalıları başqa cür də əsaslandırırdılar. Tiflisdə erməni dilində
çıxan “Mşaq” qəzeti bunu belə izah edirdi: “Erməni
milləti kabusi-bəla altındadır. Xalq bir azacıq da
olsun asudə nəfəs almaq üçün “Arşın
mal alan”a tamaşa etməyə
tökülür”.
Həmin dövrdə erməni truppaları gənc
Üzeyir Hacıbəyovun operettaları ilə bərabər,
digər əsərlərə də müraciət edirdilər. Məsələn, Raffinin
“Xent”, Çalaxçının “Tavatos İvaniç” pyesləri.
Bu tamaşalarda zal demək olar boş
qalırmış. Erməni dilinə tərcümə
edilib oynanmış “Arşın mal alan”
Voskanyanın yüzlərlə teatr dolusu
tamaşasının mədaxilini vermişdi.
Maraqlı yazılardan biri də Astik Yeremyanın 1959-cu
ildə Yerevanda çap etdirdiyi “Ədəbi Ermənistan”
kitabının ikinci cildində yazdığı xatirələridir. Müəllifin
yazdığını olduğu kimi oxuyaq: “Tiflis. Nəhayət,
“Arşın mal alan”ın premyera
günü gəlib çatdı. Mən də
çıxış edəcək idim. Tamaşa
axşamı teatrın qapılarını açıq
buraxmağa məcbur oldular, çünki bağlamağın
mənası yox idi. Onsuz da qıracaq idilər.
Mən səhnəyə çıxaraq
tamaşa salonuna nəzər saldıqda dəhşətə
gəldim. Adamlar sözün həqiqi mənasında
sütunlardan asılmış və elə bil ki, indicə
yıxılacaqdılar. Müvəffəqiyyət
təsəvvürə gəlməz dərəcədə
böyük idi. Bu truppa tamaşanı
Tiflisdə Gevork Prumyanın rəhbərliyi altında
qoymuşdu. Sonra truppa “Arşın mal alan”
və “Məşədi İbad” tamaşaları ilə İrəvana
qastrola yollandı”.
1917-ci ilin yanvarında “Sovqat” qəzeti Üzeyir bəyin
dəllallardan şikayətini dərc edir. Məlum olur
ki, adamlar operettalara bilet tapa bilmir və bunun səbəbkarı
bilet dəllallarıdır. Onlar teatrın
qapısında biletləri xəlvət əldə edərək
camaata birə beş, hətta birə on
satıblar.
1900-cü ildə, 15 yaşlı Üzeyirə verilən xasiyyətnamədə göstərilirdi ki, istedadlıdır, yoldaşlarına nisbətən doğruçudur, şəkil çəkməyi, kitab oxumağı sevir, tatar dilindən ruscaya və rus dilindən tatarcaya məqalələr tərcümə edir. Əhval-ruhiyyəcə şəndir və diribaşdır. İllik əxlaq qiyməti 5-dir. Bir il sonra Üzeyir Hacıbəylinin atası dünyasını dəyişir. Bu qəfil itki gənc seminariya tələbəsinin bir müddət əsəbi hal keçirməsinə səbəb olur. Həmin günlərdə seminariya rəhbərliyinin ona verdiyi töhmətdə yazılırdı ki, musiqi dərsindən getdiyinə görə izahat verməkdən boyun qaçırıb, müəllimi ilə söz güləşdirib. 1903-cü ilin iyununda - Qorinin yuxarı sinifində təhsil alarkən isə ona verilən xasiyyətnaməni təbəssümlə oxuyaq: “Üzeyir bəy təcrübə dərslərini orta səviyyədə deyir, danışığında aksent var. Özünün povest və şeirlərini tərifləyir”.
Seminariyanı bitirdikdən sonra Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut kəndinə illik 400 manat maaşla müəllim təyin edilir. Elə həmin il Cəbrayıl uyezdində ermənilərin qətl və qarətləri başlayır. Ona görə də gənc müəllim Hadrutdan Bakıya gəlib ora bir daha qayıtmır. Məktəb müdiri Gəncə quberniyası ikinci rayon xalq məktəbləri inspektoruna yazdığı raportda xəbər verirdi ki, işə gəlmədiyi üçün Üzeyir Hacıbəyov vəzifəsindən azad edilsin. 20 yaşından gənc Üzeyirin Bakı həyatı başlanır. Həmin ilin 23 noyabrında “Həyat” qəzeti belə bir xəbər dərc edir: “Noyabrın 18-də, cümə günü. Müsəlmanların mitinqi olub milli ehtiyaclardan danışıldı. O cümlədən, Üzeyir bəy adlı bir cavan əmələ tətillərindən, saldatların əhaliyə təcavüzlərindən və buna oxşayan bəzi şeylərdən uzun-uzadı bəhs etdi. Nəhayət Üzeyir bəy ikinci dəfə də söyləmək üçün bir daha çıxış etmək istədikdə camaat arasından “Sus, sus, kəs səsini, əvvəl özün oruc tut, namaz qıl, sonra özgəyə nəsihət ver!..” sədaları eşidilincə Üzeyir bəy çəkildi”.
“KÖÇMƏK GƏRƏK BU DARİ-FƏNADAN YAVAŞ-YAVAŞ”
1948-ci ilin noyabrında Bakıya bərk şaxta düşür. Gündüzlər bir az qaranlıqlaşıb, bir az gödəlmişdi. Üzeyir bəyin ömrünün son günlərin yaşayırdı. Səhiyyə naziri Kübra Fərəcova bəstəkarın ömür-gün yoldaşı Məleykə xanıma tez-tez zəng vurur, işdən çıxanda ona baş çəkirdi. Düz bir il əvvəl Mircəfər Bağırova məktub yazmışdı ki, sizin göstərişiniz əsasında akademik Üzeyir Hacıbəyova konsilium təşkil edilib. Xəstə şəkər diabeti, hiportaniya və ürək astmasından əziyyət çəkir. Akademik Hacıbəyov Xüsusi Müalicə Sanitariya İdarəsinin xəstəxanasına yerləşdiriləcək, orada xüsusi müalicə alacaq və nəzarət ediləcək. Xüsusi müalicəni isə kim aparsa yaxşıdır: erməni Osipyan.
Həmin günlərdə Üzeyir bəyə baş çəkənlərdən biri də Səməd Vurğun idi. Şair yataq otağının açıq qapısından içəri boylanır. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Şair yatağa yaxınlaşanda xəstə qalxıb ona əl vermək istədi, bacarmadı. Səməd Vurğun ustadın soyuq əllərindən öpür.
- Oğul, könlüm səni necə istəyirdi, biləsən. Görürsən də... Deyəsən, vaxtdır. Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Köçmək gərək bu dari-fənadan yavaş-yavaş...
Səməd Vurğunun ürəyi dözmür. Diz üstə çöküb Üzeyir bəyin yatağını qucaqlayır, uşaq kimi ağlamağa başlayır. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayır.
- Köçmək gərək bu dar fənadan yavaş-yavaş...
Vacib əlavə: yazı Qulam Məmmədlinin
“Üzeyir Hacıbəyov. Həyat və
yaradıcılığının salnaməsi” kitabı əsasında
hazırlanıb.
Cavid
ZEYNALLI
525-ci qəzet.- 2019.- 9 fevral.- S.23.