Siseron - natiqliyin sinonimi
(Əvvəli
ötən şənbə saylarımızda)
Bu sözə aristokratlar gülüşdülər. Siseronun gələcək
düşməni Katilina ona işarə edərək,
barmaqlarını boğazının yarımdairəsinə
çəkdi. Siseron qərənfil kimi
qızarsa da, özünə nəzarətini saxladı.
Hətta azacıq gülümsədi də.
Serci Katilina dedi:
- Mən
ilk dəfə bu evə girəndə Klavdi Pulxer və Mark
Perperna konsul idilər.
Aydın idi ki, Hortensi və onun dostları sessiyanın
qalan hissəsində danışmaq istəyəcəklər
ki, Siseronun təklifinin səsə qoyulmasının
qarşısını alsınlar. Siseron ayağa durdu ki,
qayda barədə öz təklifini versin, lakin konsul Celli ona
söz vermədi və tribuna hələ də Katula məxsus
idi. O, dişi canavarın Romulu əmizdirdiyi vaxtdan virtual
olaraq əyalət hökumətinin tarixindən
danışdı. Onun atası da həmçinin,
konsul olmuşdu, ağac kömürünün
tüstüsündən qeyri-adi bir qaydada, otaqda
çabalamaqla ölmüşdü. O, hansısa bir
yekuna gəlib çıxdıqda, tribuna indi də Kvint
Metellin ixtiyarına verildi. Siseron yenidən
ayağa qalxıb söz istəsə də, çoxluğun
iradəsi ilə məğlub edildi. Metell
pretor rütbəsində idi, əgər o, yol verməsə,
Siseronun çıxış etməyə hüququ da yox idi və
ona görə də belə bir imkanı heç vermədi də.
Siseron toqasını çıxarıb atmaqla,
müəyyən bir təhlükədə idi və nəhayət,
təslim olub, yerinə oturdu.
Lampa ilə işıqlandırılmağa icazə
verilmədiyindən, noyabr ayının qaranlığında
Senat kabusların parlamentinə bənzəyirdi. Metelldən
sonra Hortensiyə söz veriləndə hamı bilirdi ki, o,
saatlarla danışa bilər. Artıq hər
kəsə aydın idi ki, müzakirə
qurtarmışdır və Celli tezliklə binanı
boşaltdıracaqdır.
Hamı Senat binasını tərk edəndə təkcə
Siseron arxa skamyalardan birində oturmuşdu. Sonra o, sifətini
itirməmək xatirinə Hortensi və başqa bir qoca
senatorla söhbət etməyə başladı. Bu qoca adam Verresin atası idi. O vəd etdi ki, öz
oğluna məktub yazacaq və əgər biz məsələnin
yenidən Senata gətirilməməsi ilə razılaşsaq,
onu məcbur edəcəkdir ki, ittihamını
dayandırsın. Yazıq Steni bunu eşitdikdə,
bir qədər yüngülləşdi. O, minnətdarlıq
hissindən ölə bilərdi. Siseron ona dedi ki, “Əslində,
mən bir şeyə nail olana qədər
hələ öz minnətdarlığını saxla. O,
yalnız məktub yazmağı vəd etdi, budur, onun dediyi hər
şey. Bu, heç də qarantiya deyildir”.
Steni isə ona dedi ki, yaxşı, sən təklifi qəbul
edəcəksənmi? Siseron yavaş-yavaş
başını silkələdi. Bircə
o variantı seçəcəkdir ki, Verres kimi cinayətkarla
ittifaqa girməsin. Verresdən isə o, nəhəng
məbləğdə pul ala bilərdi. Onu
da bilirdi ki, Verresin müdafiəsinə təkcə Hortensi
qatılmayacaqdır. Deyirdi ki, onlar
hamısı bir yerdədir. Metell
qardaşları və əsl aristokratların hamısı.
Əgər pul əldə etmək olmasa, onlar
özlərindən başqa kiməsə kömək göstərmək
üçün barmaqlarını da tərpətməzlər.
Katul qızıla həris bir adamdır. O, Kapitoli təpəsində
on ildir ki, çox iri bir bina tikdirir, bu bina Yupiterin məbədindən
iri olmaqla, özünə həsr olunmuş bir kilsə
olacaqdır.
Siseronun qulu Tiron Milli Arxivə gedib, orada senator Siseronun
adından Verresin hesablarının göstərilməsini
xahiş etdi.
Arxivin işçisi əvvəlcə dedi ki, o, Siseron barədə
heç vaxt eşitməmişdir, sonra əlavə etdi ki,
bina artıq bağlıdır. Siseron öz
quluna əsəbiliyini gizlətməyi öyrətmişdi.
Arxiv Katulun mülkiyyəti idi, ona və onun
klanına həsr olunmuş məbəd idi. Binanın üstündə də onu Katulun tikdirdiyi
yazılmışdı və portalın yanında onun fiziki
ölçüsündə olan heykəli qoyulmuşdu. Ancaq heykəldə o, Senatdakı canlı Katuldan bir
qədər cavan və qəhrəman görkəmində təsvir
edilmişdi.
Mari və Sulla arasındakı Vətəndaş
müharibəsində aristokratlar qələbə
çaldıqdan sonra öz düşmənlərindən
qisas almağa başladılar. Katulun gənc protejesi Serci Katilina onun düşməni
olan populist pretor Qratidianı tutub, onu Katulun ailə sərdabəsinə
qədər küçə boyu qamçılaya-qamçılaya
aparmışdı. Pretorun qolları və
ayaqları sındırılmış, qulaqları və
burnu kəsilmiş, dili ağzından dartılıb
çıxarılmışdı. Onun
gözləri də eyni qaydada məhv edilmişdi. Katilina onun başını Forumda gözləyən
Katulun triumfuna öz əlində aparmışdı. Ona görə də Katulu Siseron kimi hansısa bir əyalət
atlısı ilə müqayisə etmək olmazdı.
Nəhayət, bir papirusda Verresin məlumatları
tapıldı.
Orada Sulla ilə Mari arasındakı müharibə vaxtı
yazılmış üç cümlə var idi: “Mən
2.235.417 sestertsi aldım. Maaşa, taxıla, leqatlara,
prokvestora, pretorian kohartasına 1.635.417 sestertsi pul xərclədim.
600.000 sestertsini mən Arimində qoydum”.
Bu pullar xəzinəyə təhvil verilməmişdi.
Axı o, demək olar
ki, iki il müddətinə Siciliyada
qubernator olmuşdu.
Öz qulu Tiron Siseronun evində ona Verresin kvestor
hesabının surətini göstərdi. Senator qardaşı Kvintə
dedi:
- Bunlara
bax, Kvint. Bu əclaf o qədər tənbəldir
ki, həmin yalanı adekvat qaydada da söyləməmişdir.
Altı yüz min - budur, yuvarlaq məbləğ
və o, bu pulu hara qoymuşdur? Müxalif
ordunun işğal etdiyi şəhərdə onu qoymuşdur
ki, ona görə məzəmmət olmaqdan kənarlaşsın.
Həm də iki il ərzində Siciliyadan
heç bir hesabat verilməmişdi.
Dörd
yaş özündən kiçik olan qardaşı Siserona
dedi: “Əgər sən Verresin davranışını Senatda
qaldırsan, onlar çıxışları ilə bunu
yaxın buraxmayacaqlar. Əgər sən onu məhkəməyə
verməyə cəhd etsən, onlar ona bəraət verilməsinə
nail olacaqlar. Ona görə də mənim
məsləhətim belədir ki, burnunu bu məsələyə
soxma”.
Senator əmisi oğlu Lutsinin də rəyini öyrənmək
istəyəndə, o dedi:
- Mən
deyirəm ki, Roma Senatındakı hər bir namuslu adam bu cür korrupsiyanın
yoxlanılmamış qalmasına dözməyəcəkdir. İndi sən faktları bilirsənsə, vəzifən
onları açıqlamaqdır.
Arvadı
Terentsiya isə istehza şəklində Lutsiyə dedi:
- Əhsən. Sən ömründə heç bir vəzifə
tutmamış əsl filosof kimi danışırsan.
Siseron
tribunlara müraciət etməli olur
Nəzəri cəhətdən Steni Sirakuzada
(Siciliyanın o vaxtkı paytaxtında) şikayət edə
bilərdi, özü də yalnız qubernatorun özünə. Tilsimli
çevrə yaranırdı, burada Verresin özü qubernator
idi. Beləliklə, bədbəxt Steniyə
bu yol bağlanmışdı. Romada açıq şəkildə
yaşamağa davam etmək də Steni üçün əlverişli
çıxış yolu deyildi, - ağır cinayətdə
ittiham olunan istənilən adam şəhərdən
avtomatik qaydada qaçmağa məcbur idi, çünki ona
burada qalmaq olmazdı.
Siseronun
bir dostu dedi ki, Steni üçün yeganə
çıxış yolu özünü intihar etməkdir. Əlbəttə, real şəkildə yox. Siseron isə buna real olaraq əl atılmalı
olduğunu düşünürdü. Dostuna
razılığını bildirib, Stenini gizlətmək
üçün bir yer axtarmağa başladı. Doğrudan da, o, şəhərdə artıq
açıq şəkildə qala bilməzdi. Verres heyvan idi, özü də hiyləgər heyvan
idi. Siseron, nəhayət, qərara gəldi
ki, tribunların yanına getmək lazım gələcəkdir.
Ənənəvi olaraq, tribunlar ümumi xalq səsverməsi
vasitəsilə Senatın hakimiyyətini yoxlayır və onu
tarazlaşdırırdılar. On il əvvəl
Sulla Mari qüvvələrini məğlub edəndə
aristokratlar tribunları öz hakimiyyətlərindən
uzaqlaşdırdılar. Onlar artıq xalqın
mitinqini toplaya bilməzdilər və ya qanunvericilik təklifi
edə bilməzdilər. Onlar hətta
ağır cinayətlərə və xətalara görə
Verres kimi adamlara impiçment də elan edə bilməzdilər.
B.e.ə. V əsrin əvvəlindən
xalqın tələbi ilə yaranan bu vacib institut, plebeylərdən
seçilməklə, magistratların və Senatın qərarları
üzərində qadağa qoya bilərdi, lakin artıq
hüquq müstəvisində malik olduğu bu böyük
gücü itirmişdi. Son
alçaldılma isə ondan ibarət idi ki, tribuna çevrilən
istənilən senator avtomatik olaraq digər böyük vəzifəsindən
azad olunurdu, özü də bu vəzifə istər pretorluq,
istərsə də lap konsulluq olsun. Başqa
sözlə, tribun gəmisi siyasi cəhətdən
ölümlə nəticələnən qəzaya məhkum
olan kimi layihələnməli idi. Kübarlıq
ambitsiyasına görə heç bir senator bu vəzifəyə
yaxın gəlməyəcəkdi. Tribun
institutu Sulla diktaturasından sonra ağır cəzaya
düçar olmuşdu və bu, onun sona çatmasından xəbər
verirdi.
Lakin onlar magistratların ədalətsiz qərarlarına
qarşı isə özəl şəxslərə öz
himayələrini təklif etmək hüququna malik idilər. Dostu yarızarafat,
yarıciddi şəkildə Siserona dedi ki, sən öz
arvadını idarə edə bilmirsənsə, Romanı
heç vaxt fəth edə bilməzsən. Siseron ona cavab verdi ki, Romanı fəth etmək uşaq oyunu
olacaqdır, o vaxt məhz arvadımı idarə etməklə
bu müqayisə oluna bilər. Sonra əlavə etdi ki, bir
aforizmi o, heç vaxt yaddan çıxarmamışdır:
“Əgər sən siyasətdə ilişib qalmaq istəyirsənsə,
bunu etmək, elə bil ki, vuruşmağa başlamaqdır -
vuruşa başla, əgər hətta sən onu
udmağın necə baş verəcəyini bilmirsənsə
də, çünki bu, yalnız vuruş gedəndə bilinir
və təklifdəki hər bir şeyə sən ancaq ondan
keçməklə ümid edə bilərsən”.
Siseron sənədləri topladı ki, onları tribunlara
təqdim etsin.
Artıq onun adamları vuruş mərhələsinə
girmişdilər.
Tribunların qərargahı Senatdan sonrakı binada idi. Burada on tribun işləyirdi,
onlar hər il xalq tərəfindən
seçilirdilər. Onlardan biri məşhur Mark Portsi Katonun
(böyük Katon b.e.ə. 234-149-cu illərdə
yaşamış tanınmış siyasi xadim olmaqla, 23 il ərzində
Senatdakı öz çıxışlarını “Karfagen
dağıdılmalıdır” sözləri ilə
bitirmiş, Karfagenin tarixdən silinməsindən üç
il əvvəl həyatla vidalaşmışdı) nəticəsi
idi. Kiçik Katon bazilika tikdirib, ona öz
adını vermişdi. Gənc Katonun 23
yaşı var idi, o, həm də Siseronun həyatı
gedişində, həm də respublikanın ölməyə
üz qoyduğu dövrdə mühüm şəxsiyyətə
çevrilməli idi. Lakin həmin vaxt bunu
təsəvvür etmək olmazdı. Siseron
bilirdi ki, adətən, adamlara səfeh olan dövlət xadimləri
xoş gəlir. Lakin tezliklə o, bu fikirdən
daşındı.
Tribun
Palikan ayrılanda, Siserona səhərisi gün onunla və
müştərisi ilə bazilikada görüşməyə
söz verdi.
Siseronun heç bir seçimi yox idi. O, öz müştərisini
ata bilməzdi. Həm də o, öz siyasi riskini
də ölçürdü. Bu isə ona
Servi kimi mülayimlərin dəstəyini itirməyə
başa gələcəkdi.
Nəhayət, məhkəmə dinləmələri
başlandı. Siseron məhkəmədəki
çıxışında dedi:
- Cənablar, burada bir köhnə deyim vardır: “balıq başından iylənir” və bu gün Romada da nəsə iylənir, kim buna şübhə edə bilər? Mən sizə deyirəm ki, bu, başdan başlayır. Bu, yuxarıdan başlayır. Bu, Senatdan start götürür. Burada bir üfunət verən şey vardır. İylənmiş balıq başı. O aforizmi söyləyən tacirlər sənə deyəcəklər ki, onu kəs at, - onu kəs at və tulla. Lakin başı kəsmək üçün sadəcə bıçağa ehtiyac vardır, biz bilməliyik ki, onlar nəyə bənzəyir. Bu, bir başdır ki, korrupsiya zəhəri ilə şişmişdir, məğrurluqdan və özündən razılıqdan böyüyür. Və bu bıçağı işlətmək üçün güclü əl lazımdır və bununla yanaşı, həm də möhkəm əsəb tələb olunur. Çünki onlar - bu aristokratlar bürünc boyunlara malikdirlər. Mən sizə deyirəm, onların hamısı bürünc boyunlulardır.
Adamlar Siseronun sözlərinə bir neçə
dəfə gülüşdülər. O, davam etdi:
- Lakin həmin
adam gələcəkdir. O, uzaqda deyildir. Onun hakimiyyəti bərpa olunacaqdır, mübarizə
nə qədər çətin olsa da, mən sizə vəd
edirəm.
Bir
neçə adam Pompeyin adını ucadan
çəkdi. Siseron əlini qaldırıb, Molonun öyrətdiyi
kimi, üç barmağını uzatdı:
- Siz bu
mübarizənin sınağının kimin üzərinə
düşdüyünü bilirsiniz? Dostlar, cəsarət
göstərin. Bu gün start verin. Tiraniyaya
zərbə vurun. Mənim müştərimi
azad edin. Sonra isə Romanı azad edin.
Hökm sıfıra qarşı on səs
üstünlüyü ilə keçdi və Steni Romada
qalacağı müddətdə təhlükəsiz
olmalı idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 9 fevral.- S.22.