İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

 

(Əvvəli ötən şənbə sayımızda)

AZƏRBAYCANDA MAARİF

(Mabəd)

Fəqət Azərbaycan maarifini idarə edən Mirzoyan, Rothauzer, Mişel kimi Moskva “müməssilləri” Azərbaycan xalqının gözünü boyamaq məqsədilə ali məktəblərə qəbul ediləcək tələbələrdən 60 nisbətinin türk olmasına qərar vermişlərdir. İştə tam bu sırada “firqə xəttindən inhiraf (sapma)” cürmilə (təqsirilə) Azərbaycan Komunist firqəsində iflas və inhilal özünü göstərincə məsələ şəklini dəyişərək sinifi bir mahiyyət aldı. Ali məktəblərə girmək istəyən 1500 türk tələbədən yalnız 5 nisbəti (faizi) qəbul edilərək mütəqabisi (yerdə qalanı) burjua, qolçomaq, tacir uşağı, hasili “yabançı ünsür” qulpu taxılaraq rədd edildi.

 

Azərbaycan ali məktəblərindən Darülfünun 10 sənə və Politexnik İnstitutu 8 sənə müddətində yalnız 320 məzun vermişdir ki, bunların əksərisi tibb fakülətisini bitirmiş, yalnız 25-i mühəndis olaraq çıxmışdır. İxtisas etibarilə məzun olanlar şu qədərdir: doktor - 220, iqtisadçı - 65, pedağoji və Şərq fakültəsi - 20.

Mühəndis təhsilinə gəlincə, bu miqdar digərlərinə nisbətən çox geridə qalmışdır. 8 sənə müddətində Politexnik İnstitutundan 16 mədən mühəndisi, 17 elektro texnik, 2 inşaat mühəndisi məzun olmuşdur. Kimya şöbəsi bu vaxta qədər heç bir məzun verməmişdir.

 

Bunun səbəbi isə qayət bəsitdir. Məzun olduqdan sonra maaşlarının azalacağı əndişəsi ilə heç bir kimsə bitirmək istəmir. Və tələbə sifətilə qalmağı tərcih edir. Bütün ali məktəblər məzunları miyanında yalnız 2 nisbət türk vardır.

 

Məzun olmaq istəməyərək tələbəlik maaşı ilə yaşamağı tərcih edən tələbələrə qarşı müdiriyyət tərəfindən ittixaz edilən bütün tədbirlər əkim qalmış və bir türlü məzun tələbə miqdarının təzyidi mümkün olmamışdır.

Ali məktəb büdcəsinin 65 nisbəti maaşlara, 10 nisbəti məktəb məsarifinə, 15 nisbəti tədris işlərinə və 10 nisbəti də inşaat, laboratoriya, kabinə işlərinə sərf edilir. Bu surətlə büdcənin çox qismi maaşlara təxsis edildiyindən tədris vəsaiti üçün cüzi miqdarda verilən para ilə heç bir şey yapılamıyor və tədris məsələsi normal vəziyyətdən bir türlü çıxa bilmir. Laboratoriya, kabinə və digər təcrübə vəsaiti nöqsan olduğundan tələbələr yalnız nəzəri məlumatla iktifa edirlər.

 

***

 

Ali məktəblərdə yapılan islahatın müvazi olaraq ibtidai məktəblərdə dəxi yapıldığını əvvəlcə qeyd etmişdik. Bu sahədə artıq bolşevik rejimi, proletar diktatorluğu bəlli başlı bir maneəyə məruz qalmırdı. Şübhəsiz “Xalq müəllimi” ilə yapılacaq müamilə “burjua münəvvərləri” olan professorlara yapılan müamilədən daha qolay idi. Müəllimləri əldə etmək onları “əskiliyin çözülməz problemlərindən” ayırmaq məqsədilə müxtəlif şüarlar altında mütəmadi, qısa və uzun müddətli və ümumilərə məxsus kurslar açılmağa başladı. İştə köylərdə açılan kurs, kitabxana və sairədən məqsəd bu vasitə ilə Leninizm və Marksizm ideyalarını xalqa aşılamaq və bu surətlə xalqı komunist ruhunda hazırlamaq idi. Şübhəsiz, hökumət bu kimi tədbirlərin xalq psixolojisi üzərində yapacağı təsirdən pək məmnun görünür və bu sahədə müvəffəqiyyət qazanacaqlarını ümid edilirdi.

Ali məktəblər “Cahan inqilabı” mübarizlərini yetişdirmək və bugünki inqilabı davam etdirmək üçün komunist kadroları yetişdirməkdə müvəzzəf olduğu kimi, ibtidai məktəblərdə, Berlin, Paris, London surlarına (qala divarlarına) qızıl bayraq rəkz edəcək müstəqbəl inqilabçılar yetişdirmək vəzifəsilə müəzzəf bir hala gətirilmək istənilidri.

 

Bu kimi məktəblərin əsas qayəsi din, şovinist milliyyətçi ideoloji ilə şiddətli mücadilə ətrafında toplanmışdı. Proletar paralarının yerinə sərf edilməsini təmin üçün gərək müəllim və gərəksə tələbələr miyanında (arasında) əsaslı bir təsviyə və təmizliyə ehtiyac vardı.

 

Qolçomaq, ərbabi din, tacir və bu kimi ünsürlərə eyni zamanda çocuqlarına qarşı sovet məktəbləri bir deyil, 2 kilitlə qapalı idi. Fəqət yalnız bu olursa nə isə əmələ, məmur və köylü çocuqları dəxi məktəblərə zor alınır və məktəb azlığından köylü çocuqları açıqda qalırlardı.

 

Bolşeviklər bu qədər gürültü qoparmalarına rəğmən bu vaxta qədər açmış olduqları məktəblərə təhsil çağındakı çocuqların yalnız 30-35 faizini zorla ala bilmişlərdi. Bunu da əlavə edək ki, bu faiz yalnız Mərkəzi Rusiyada görülməkdədir. Ətrafda isə məktəblər 12-15 faiz belə ala bilmirdilər.

 

Sonra təhsildə bulunanlar dəxi məktəbi bitirməyib yarıda tərk etməkdə və imkanı olanlar çobanlığa, olmayanlar da həyatını qazanmaq üçün ora-bura baş vurmaqdadırlar. Məktəbi tərk edənlərin çox qismi bir iş yapa biləcək iqtidarda olmadıqlarından səfil dolaşaraq “yurdsuz çocuqlar” kütləsinə iltihaq etməkdədirlər.

 

Şübhəsiz, çocuqların bir şəkildə məktəbləri tərk etməsinə başlıca səbəb sovet müəssisələrində yapılan yolsuz təmizliklərin məktəblərə dəxi təşmil edilməsi və nəticədə 10-12 yaşlarında bulunan çocuqların zəngin, yaxud inqilab əleyhdarı atanın oğlu olmaq dolayısı ilə dışarı atılmasıdır. Bundan başqa sovet məktəblərinin qeyri-müntəzəm və bərbad bir şəkildə olmasının dəxi təsiri yox deyildir. Yəni bir çoxları çocuqları bu kimi pərişan bir vəziyyətdə bulunan məktəblərə verməkdənsə evdə saxlamağı tərcih edirlər.

Sovet ibtidai məktəbi deyildiyi zaman bundan geniş və həqiqi mənasında bir məktəb anlamamalıdır. Çünki sovet məktəbi, əsasən dörd divar, 3-5 sıra və Lenin, yaxud digər bir inqilab xadiminin rəsmindən başqa bir şeyi ehtiva etməz. Yazı taxtası, masa, kitab və s. tədris ləvazimatı sovet məktəbinə yabançıdır. Az-çox müntəzəm məktəblərə yalnız mərkəz şəhərlərində təsadüf edilməkdədir.

 

Ələlümum ibtidai məktəblər hökumətdən qətiyyən yardım görmürlər. Bütün köy məktəbləri köyün verdiyi para ilə idarə edilməkdədir. Şəhərlərdə isə ilk məktəblər məhəlli icraiyyənin büdcəsinə daxil bulunmaqdadır. Köy məktəblərinə təxsis edilən para cüzi bir şey olduğu kimi müəllimlərə verilən maaş dəxi cüzi bir miqdardadır.

 

Tam dövrəli bir köy məktəbi xocası bütün qeyrətinə rəğmən ayda ancaq 35-42 rublə maaş ala bilir. Mövcib məktəb binalarının yalnız 10 faizi az-çox işə yararlıdır. 90% zəngin köylülərdən müsadirə edilmiş evlərdir ki, bunlar da artıq təxrib edilmiş olduğundan deyil, tədris üçün hətta oturmaq üçün bilə yaramaz bir vəziyyətdədir. Yeni məktəb inşaası işləri də digər sovet inşaatı kimi son dərəcə yavaş bir templə irəliləməkdədir. Rəsmi statistikalara baxılırsa “böyük dövrün” böyük rəqəmlərini görmək mümkündür. Fəqət həqiqətən də böyləmidir? Təxsisat verilmədiyi üçün inşaasına başlanmış və 4 divarı yapılmış binalar sənələrcə bu vəziyyətini mühafizə etməkdədir. Sənələr keçdikdən sonra cüzi bir təxsisat buraxılaraq bina itmam edilmək istənildiyi zaman, artıq inşa edilmiş qismi dəxi pozulmuş olduğundan yenidən inşa edilməyə başlanır və bu surətlə bina inşası bir dövrü daim halını almış olur.

 

Qələm, dəftər, kitab kimi ləvazimi tədrisiyə məktəb kooperativlərindən norma üzrə buraxılmaqdadır. Tələbənin ictimai vəziyyəti, yəni mənsub olduğu ictimai sinif təsbit edilir və bu normaya görə ən fəqir çocuqlar ötəkilərdən daha fəzlə qələm, dəftər və saira ala bilir.

 

Təsadüfən məktəbdə bir hallı köylü çocuğu varsa bu haqdan tamamilə məhrum buraxılır və ona kooperativdən heç bir şey verilmir. İstərsə xüsusi dükanlardan ala bilir, almazsa da ziyan yox, məktəbə dəftərsiz də gələ bilir. Çünki onun oxumasından “proletar diktatorluğu” üçün heç bir fayda məlhuz (görünmüş) deyildir.

 

İbtidai təhsil məsələsinin ən xarakteristik cəhəti siyasi bir vəsfə (keyfiyyətə) haiz olmasıdır. Komunist firqəsinə görə müəllim heç bir zaman siyasi həyatdan, yəni komunizm və leninizmdən uzaq qalamaz. İbtidai məktəb müəllimləri dəxi digərləri kimi 7-8 yaşlarında bulunan çocuqlara Çin inqilabından, Leninin kapitalizm və komunizmə olan nöqteyi-nəzərindən bəhs etməyə məcburdurlar. İştə ilk məktəb müəllimindən Komunist firqəsi bu kimi axmaqca şeylərin tədrisini tələb edirdi. Komunist firqəsinin bu tələbini isaf (yerinə yetirmək) istəməyənlərə “Müsavatçı”, “İnqilab əleyhdarı” kimi qulplar taxılırdı.

 

Bundan başqa, hər hansı bir nümayiş, əkin kompaniyasında, seçkilərdə, kapitalizm əlehyinə mütəvəccih bilümum hərəkatlarda iştirak etməyən müəllimlərə sovet hökumətinin aktiv və passiv düşməni kimi baxılıyor və bir düşmən kimi müamilə edilirdi. Hələ müəllim bir parça hallı yerində bulunan bir ailəyə mənsubsa... artıq ona rahat yaşamaq imkanı yoxdur. Müxtəlif vəsilələrlə ora-bura çəkişdirilməsi və əksəriyyətlə işdən əl çəkdirilməsi mühəqqəqdir. Sovet mətbuatında sənədə 365 dəfə “Məktəbləri sağlamlaşdıralım” ünvanı altında mütəəddid məqalələrə rast gəlmək mümkündür. İştə bu məqalələrin həp müəllimlərin ideoloji xüsusunda proletar düşməni olduqlarından bəhs edilməkdə və əksəriyyətlə şəxsi hesabların dəxi qarışdığı bu şikayətlərdə müəllimlər ora-bura çəkişdirilməkdədir ki bu da əksər əhvalda vəzifədən atılmaqla nəticələnməkdədir. Nitəkim bir müddət əvvəl Gəncə məktəb və müəllimlərinə qarşı yapılan hücumlarda bütün məktəbli və müəllimlər həp milliyyətçiliklə ittiham edilmiş və bu üzdən yüzlərcə müəllim və tələbə dışarı atılmışdı. Maarif komisarı (sabiq) M.Quliyev bütün çıxışlarında şəhər və köy məktəblərinə soxulmuş və “proletar yavrularını” “milliyyətçiliklə zəhərləyən” “Müsavatçı müəllimlərə” aman verilməməsini bar-bar bağırır və bütün əfkari-ümumiyyəyi bu mücadiləyə dəvət edirdi. Daima intixab zamanlarında vüqu bulan bu kimi çıxışlar heç şübhəsiz daima tərəssüddə (diqqətli olmaqda) bulunan Çikalo, Mirzoyan kimi ağalarına iş göstərmək məqsədilə yapılır və Quliyev üçün işin ən mühüm cəhəti bunu təmin etmək və “ağa”larının hüzurunda proletar imtahanını müvəffəqiyyətlə vermək idi.

 

Sovet məktəb işlərinin digər mühüm bir mərhələsi də məcburi təhsil məsələsinin tətbiqidir. Bu məsələ sovet konqrelərinin həmən həpsində müzakirə mövzusu olmuşdur. Yalnız Azərbaycan üçün 10 sənəlik məcburi təhsilə məxsus 600 milyon rublə məsarif təsbid edilmişdir. Fəqət bu məsələ yalnız konqrelərdə müzakirə edilməklə qalmış və həyata keçirilməmişdir. Azərbaycan maarif komisarlığının 1928/29 sənəsinə məxsus 20 milyonluq ümumi büdcəsindən (məhəlli qəza büdcələri də daxildir) ali və orta məktəblərə 60-70%, ibtidai məktəblərə isə 30-40% sərf edilir. Məcburi təhsil məsələsinin tətbiqi üçün büdcə müsaid olmadığından Moskvaya müraciət edilmiş və Moskva da “böyük bir yardım” olmaq üzrə 600 milyon əvəzinə 100 min rublə verərək bu paraya siyasi bir taqım kurslar açılmasını əmr etmişdir.

 

(daha var)

 

“Odlu Yurd”, temmuz (iyul) 1930, ¹18

İSTİQLAL TƏQVİMİ

1926

 

1. Dağlardakı asilərə qarşı qızıl ordu və təyyarə sövq olunur.

 

2. “Daşlar” və “Qobustan” qəhrəmanı Arslan açıq atışmada yaralanaraq vafat edib.

 

3. Gidyələr (yolçular) Lənkəranın Qalabazar məhəllində bolşeviklərlə açıq hərbə girişirlər.

 

4. Bakı, Gəncə, Ağdam, Şuşa və Lənkəranda “Müsavat” təşkilatına mənsub yeni qurublar tövqif edilir.

 

5. “Çeka”larda mühakiməsiz və gizli qətliamlar.

 

6. Milliyyətpərvərlər son və yeganə silah olan aclıq qrevinə müraciət edirlər.

 

7. Milliyyətpərvər gəncliyin mətin və atəşin rəhbərlərindən gənc doktor Dadaş Həsənzadə “Çeka” bodrumunda vəhşicəsinə şəhid edildi.

 

8. Solovkiyə və Sibiryaya 3-cü “Müsavatçı” qafiləsi gedir.

 

9. Komunist firqəsindəki müxalifətlər Moskva hakimiyyətinə etiraz edirlər.

 

10. Bakı əmələsi arasında Sovet əleyhdarı bir təşkilat kəşf olunaraq 80 kişi həbsə alınıbdır.

1927

 

1. Komunist təşkilatına mənsub bir qurubun gizli olaraq Moskva əleyhinə çalışdığı kəşf, bir çox komunistlər həbs edilibdir.

2. Məktəblilər və gə

nc komunistlər arasında istiqlalçı təşkilat mövcudiyyəti hiss olunaraq təhqiqata başlanılır.

 

3. Orta məktəb tələbələri dövlət müəssisələri ilə ali məktəblərin türkləşdirilməsi tələbilə nümayişlər yapırlar.

 

4. Sovet hökumətinin ərzaq ehzarı (hüzura gətirməsi) siyasəti baş tutmur. Köylü, təhdidlərə baxmayaraq məhsulunu doğrudan-doğruya açıq bazara çıxarır.

 

5. Köylülərlə Sovet məmurları və komunistlər arasında qanlı vuruşmalar.

 

6. Dağlarda partizan hərəkatı bərdavam.

 

7. Solovkidə milliyyətpərvərlərin qeyri-insani müamilələrə məruz qaldıqları, heyvan əvəzində arabalarda işlədildikləri xəbər alınır.

 

8. Bakıda “İstiqlal” qəzeti mətbəəsi 2-ci dəfə kəşf olunur.

1928

 

1. Müsavatçıların yeni bir qurubu həbs olunur.

 

2. Solovkiyə yeni bir qafilə göndərilir.

 

3. Solovkiyə göndərilmiş ilk qafilədən Bakıya dönənlər, yenidən həbs olunurlar. Bunlardan ali mühəndis məktəbi tələbəsi Əlizadə Ağakərim ilə Ağa Səlim bəylər vəhşicəsinə qətl edildilər.

 

4. İstiqlalçı komunistlərdən Əhmədzadə Əhməd qətl olunmuşdur. Əbdülbaqi Məmmədrzazadə isə Sibiryaya sürülmüşdür.

 

5. Yenə komunistlər qurultayında Moskvanın Azərbaycandakı siyasi, əskəri, iqtisadi və harsı siyasətinə açıq protesto olunmuşdur. Aparılan təhqiqat nəticəsində 78 min üzvə malik bu cəmiyyət içərisində qüvvətli “Müsavat” təşkilatı mövcud olduğu meydana çıxmışdır.

 

6. Sovet seçkilərinə yapılan hazırlıqlarda köylülərlə komunistlər arasında qanlı müsadimələr vüqu bulur. Köylülər hər yerdə komunistləri seçkilərdən qovurlar.

1929-30

 

1. Sovet seçkilərində komunistlər məğlub olurlar. Komunist firqəsinin, sovetlərin və s. müəssisələrin ufaq mülkiyətçi burjua ünsürlərin əlinə keçdiyi aşikar olur.

 

2. Məktəblərdə milliyyət ruhu hakim olduğu etiraf olunur. Məktəbləri milliyyətçi müəllim və tələbələrdən “təmizləmək” hərəkatı başlanır.

 

3. Azərbaycan Komunist Firqəsi heyəti-ümumiyyəsilə iflas edərək ləğv olunur. Moskvadan yeni Komunist heyəti və Çikalo namında yeni diktator təyin olunur.

 

4. Kollektivləşmə hərəkatı münasibətilə Azərbaycan qəzalarında köylülər ilə komunistlər arasında qanlı müsadimələr şiddətlənir.

 

5. Proletar harsı cəbhəsinin ən qiymətli simaları milliyyətçi cəbhəyə keçirlər.

 

6. Şamaxı, Bakı, Quba, Səlyan və Ağdamda Sovet hökumətinin tətbiqatına müqavimət edən köylülərin mühakiməsi başlayır.

 

7. Samux partizanları, Məhəmməd Qasım bəyin komandasında Ağdaşı işğal edərək yenə dağlara çəkilirlər. Qazax və Borçalı qəzalarında “Ovçulu” partizanları böyük bir qüvvət olmağa başlayır. Naxçıvan və İrəvan tərəflərində partizan qurubları ilə qızıl ordu arasında açıq müharibə olur. Azərbaycanda “Axsaq Teymur” partizan təşkilatı hərəkətə başlayır.

 

8. Azərbaycanda iqtisadi-ixtilal əleyhdarlığı üzərində 500-dən fəzlə mütəxəssis həbs olunur.

 

9. Solovkidə “Müsavatçılar” vəhşi rejimə qarşı aclıq qrevi elan edirlər.

 

10. Solovkidə aclıq qrevi nəticəsində milliyyətçi gənclərin ən dəyərli simalarından 63 kişi şəhid olur.

 

M.B. (Mirzə Bala)

“Odlu Yurd”, 27 nisan 1930, ¹14

İKİSİNƏ DƏ LƏNƏT

Bolşevik firqəsi daxilindəki dərb (saray) mücadilələri için-için davam edir. Bu sinsi (sənələrlə davam edən) mücadilənin iç üzü, heç şübhəsiz çox maraqlı vaqeələri ehtiva edər. Fəqət bütün bu vaqeəyi, bittəbii, əcnəbi gözün görəməyəcəyi qalın bir pərdə ilə örtülüdür. Bununla bərabər ara-sıra bu pərdəyi yararaq xaricə əks edən bəzi hadisələr “Lenin Firqəsi”ndəki “vəhdət”in nə dərin bir çatlaq verdiyini göstərir. Bu vaxta qədər, bildiyimiz vaqeələr bizə bu çatlağın köylü, əmələ ittihadı cəbhəsində husula gəldiyindən bəhs idi. Şimdi anlaşılır ki, Trotski-Zinovyev müxalifəti Stalin-Buxarin müvafiqətini (uzlaşmasını) yalnız bu cəbhədə deyil, milliyyət məsələsində də öz tənqidinə nişan almışdır.

 

Bolşevik mətbuatında oxunduğuna nəzərən Zinovyev son zamanlarda bir nitq irad eyləmişdir. 7 sentyabr tarixli “Pravda” qəzetəsinə görə müraqibə (nəzarət) heyəti ilə mərkəz heyətləri əzasının müştərəkən vüqu bulduğu sonki ictimalarında iradi-nitq edən Zinovyev, Stalin xətti-hərəkətini tənqid edərkən əz-cümlə onun milliyyət məsələsində də Lenin xətti-hərəkətinə müxalif olaraq siyasət yürütdüyünü söyləmişdi. Zinovyevə görə Stalin tərəfindən idarə olunan mərkəz heyəti “yerli komunistlərə şahraha” (magistral yola) çıxmaq və kəndi işlərini bizzat idarə edə bilmək üçün yardım etmir. Bu heyət yuxarıdan əmr etməklə “kolonizatorluq” prinsiplərini tərvic edir. Stalin milliyyət məsələsində son dərəcə prinsipsiz bir siyasət çevirir. Milli cümhuriyyətlərdə süni surətdə “sağ” və “sol” cərəyanlar icat etdirir və sonra bu cərəyanları yek-digərilə vuruşdurur. Milliyyət məsələsində doğru bir siyasət yürüdüləcəyi yerdə xəfi surətdə verilən “xüsusi əmr”lərlə iş görülür. Stalinin arzusu xilafında olaraq toplana firqə şurasının milliyyət məsələsindəki qərarları ehmal edirmiş”.

 

Məsələ vüzuhdur (aşkardır). Zinovyev deyir ki: Stalin heyəti, milliyyət məsələsində doğru hərəkət etmir. Hər hansı imperyalist kimi o da idarəsi altına aldığı millətləri istədiyi kimi idarə etmək üçün süni surətdə ayırır. “Sağ”ları, “sol”larla vuruşdurur. Bir kəlmə ilə Zinovyevin də dediyi kimi, “kolonizatorluq” yapır. Demək ki, Komunist Firqəsinin benam həvarilərindən (tanınmış xadimlərindən) Zinovyevin sərahətlə söylədiyi vəchilə Komunist Firqəsinin Stalin cinahı (tərəfi) kolonizatordur.

 

Fəqət kolonizator yalnız omudur? Zinovyev ilə Trotski bu məsələdə Stalin ilə Buxarindən daha sağlammıdırlar? Bu sualın cavabını yenə komunist mətbuatı ilə verəlim. Stalin siyasətini Zinovyev töhmətinə qarşı müdafiə məqsədilə qələmə sarılan İkramov namında birisi “Pravda” qəzetəsinin eyni nüsxəsində nəşr edildiyi uzunca bir məqalədə bu məsələ ilə məşğul olur. İkramova görə Zinovyev bu davasında səmimiyyətdən aridir. Onun əsil dərdi dəxi “milli komunistlər” deyildir. Ayının min bir oyunu ancaq bir ceviz olduğu kibi Zinovyevin də bu oyunu firqə içindəki bütün naməmnunları birləşdirmək və onları Mərkəz Heyətinə qarşı etmək üçündür. “Naməmnunlar birləşin!” üsuluna sədaqətlə o Ukraynada Tomski tərəfdarları, Gürcüstan və Özbəkistan mütəzillərini (uklonistlərini) qazanmaq məqsədi ilə “milli komunistlərə meydan verilməyir” şüarını ortaya fırladır.

 

İkramovca firqəyi təhəkküm və kolonizatorluqda ittiham etmək silahını Zinovyev ilə tərəfdarları tamamilə Azərbaycan müsavatçıları, Özbəkistan cedikçiləri və Gürcüstan menşevikləri tipindəki milliyyətçilər deposundan alırlarmış və böylə yapmaqla Sovet düşmənlərinin boyuna təkrar etdikləri davaya da haqq qazandırırlarmış.

 

Halbuki İkramova görə əsl kolonizator Zinovyev özü imiş. Nə üçün? Onun üçün ki, o, milli cümhuriyyətdəki komunist kadrolarının həqiqi komunist olacaqlarına heç bir zaman inanmamışdır. Və bu nöqteyi-nəzərini 1923 sənəsindəki milliyyə məsələsi haqqındakı toplanan firqə şurasında sərahətlə təsbit eyləmişdir. Bu nöqteyi-nəzərə görə “Sovetlər İttihadı”na daxil bulunan qeyri-rus vilayətlərdə yaxın zamanda həqiqi komunist əfradına malik ciddi firqə şöbələri təsisini ümid etmək əbəsdir. Burada yalnız firqəyə hüsni-təvəccöh bəsləyən bəzi radiqal ənasirlə (ünsürlərlə) əqdi-ittifaq etməklə iktifa zərurəti vardır.

 

Müttəhid cümhuriyyətlərdəki milli komunistlərə şu zehniyyətlə yanaşan arqadaşlar, bittəbii, yerli bolşeviklərə etimad edəməz və onları yuxarıdan verilən əmrlərlə idarə etmək istərlər ki şu surətdə əsil “kolonizator” da özləri olurlar.

 

Görülür ki bunların da haqqı var. Zinovyeviçlər də kolonizatordur.

 

Biz komunist müvafiqləri ilə müxaliflərini öz hallarına buraxalım. Onlar, münaqişə edə dursunlar. Yek-digərinin kolonizator olduqlarını bizim pək də bulamadığımız dəlillərlə isbat etsinlər. Bizcə iki komunist tərəfin “müsadimeyi-əfkarından” doğan bir “bariqi-həqiqət” vardır ki, o da ikisinin də kolonizator olduğudur.

 

- İkisinə də lənət!..

 

 Azəri (M.Ə.Rəsulzadə)

“Yeni Qafqasiya”, 1 təşrini-əvvəl (oktyabr) 1927, ¹1

BİZ VƏ MÜCADİLƏMİZ

 

Yayılır

Mücadiləmiz

Getdikcə d ərinə

Baxdıqca gözlərimiz

İstiqlal şəhidlərinə...

Yayılır Mücadiləmiz

Qızıl Moskvanın

Qanlı üfüqlərinə...

-

Biz,

Qorxu bilməyən

Hür Azəriləriz.

Gönlümüzdə dalğalanır

Dalğalı bir dəniz.

Getdikcə alovlanır

İstiqlal mücadiləmiz.

-

Bizim,

Qanlı qartal pəncəsində əzilən

Yaşıl bir yurdumuz vardır.

O yurdun sinəsində

Qəhrəman mücahidlərimiz

Gülə-gülə

veriyor can

Çünkü

istəyir olsun

Müstəqil Azərbaycan!..

Hər gün

Dün

Və bu gün

Zəncir vuraraq

Mübariz gənclərin

Dəmir biləklərinə

Bağlıyorlar

Heyvan kibi

Qanlı “Çeka”ların

Daş sütunlu dirəklərinə,

Minlərcə gəncləri.

-

Gönlümüzdə dalğalanır

Dalğalı bir dəniz

Getdikcə alovlanır

İstiqlal mücadiləmiz.

-

Hey!

Əsirlərdən bəri

Qara pəncəsi altına topladığı

Qövmlərin

Qanını içməyə alışan adam!

Hey!

Şanlı Azərin

Yerə dəyməz alnını

Zəhərli süngüsilə

Məhvə çalışan adam!

Sən,

Nə qədər zülüm etsən

İstiqlal mücahidlərinə

Və nə qədər

Zəncir vursan

Onların

Dəmir biləklərinə

Yenə.

Qovuşacaqlar

Sönməz

Böyük diləklərinə.

İstərsən sənin

Səsi uzaqlarda

Donan

“Buzlu cəhənnəm”lərin

Boğsun

Əyilməyən və əyilmək bilməyən

Öv ladlarımızı

İstərsən sənin

Qanlı “Çeka”ların

Qurşuna düzsün bizi

Yenə

Gönüllərdə dalğalanacaq

Dalğalı bir dəniz

Getdikcə alovlanacaq

Alovlu mücadiləmiz.

Çünkü,

Bizim

Fikirlərimizin

üfüqləri deyildir dar:

Bizdə:

Sönmək bilməyən

Bir istiqlal eşqi var!...

 

10.05.30 (10 May 1930)

 

Alptəkin

“Odlu Yurd”, 28 May 1930, ¹16

 

ƏYİLMƏRƏM!

O sönməyən bir varlığın pəncəsində əzilirkən,

Mən doğuldum qayəmizin hür baxışlı gülüşündən.

O qayəli, şanlı yolda bir haq deyə gəzilirkən,

Qüvvət aldı varlığımız onun nazlı yürüşündən..

 

***

 

Sarıldıqca duyğularım onun vəhşi tüllərinə,

Bir əbədi zövq içində sərinlənir ruhum mənim,

Mən baxdıqca qayəmizin yetirdiyi güllərinə,

İçərimdən süzülərək axıb gedər kədərlərim...

 

***

 

Çünkü: odur həyat verən, odur məni güldürən,

Odur mənim qışlarımı dəyişərək edən yaz.

Odur mənim kinlərimi düşmənimə bildirən,

Onun üçün mənliyimdən keçsəm belə yenə az..

 

***

 

Çünkü o eşq, öylə canlı, öylə gözəl ideal ki...

Ona qarşı məndə öylə sönməz dərin iman var ki...

Orta əsr üsulilə yandırılsa belə dərim,

Mən düşmənin qarşısında diz çökərək əyilmərəm!

 

Alptəkin

“Odlu Yurd”, həziran 1930, ¹ 17

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

 

525-ci qəzet.- 2019.- 9 fevral.- S.20-21.