“Anamın kitabı”... kitabsızlıq dərdi...
DAHİ
MİRZƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN 150
İLLİK YUBİLEYİNƏ
Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də
təməldir. İnsanın, hisslərin,
varlığın təməli, geniş mənada
bütöv millətin təməli. Hər şeydən
əvvəl söz olub, sözdən yaranıb dünya...
İnsan əvvəlcə
əl-qolla, qəribə səslərlə, sonra işarələrlə
“danışıb”, vaxt keçdikcə isə tarix (yəni
zaman) coğrafiya ilə (yəni məkanla) “birləşib”
insanlar xalqlara bölünüb, dilləri fərqləndirilib...
Təsadüfi heç nə yoxdur dünyada.
Bir millətin dilinin, dininin, hətta xarici
görünüşünün də konkret səbəbləri
var. İlkin olaraq bir az Tanrının
lütfüdü, bir az da tarixin verdiyi fürsətdi,
uğurlu taledi dil və dövlət. Allah
insanları eyni yaratdı, amma fərqli dillər, mədəniyyətlər,
adət-ənənələr sayəsində seçildi bu
adamlar və bununla da dünya daha maraqlı oldu. Daraq dişləri kimi eynilikdən hansı
zövqü almaq olardı axı?! Bütün
fərqlər və eyniliklər haqqında folklor daha çox
məlumat verir. Xalq yaradıcılığında hər
şey var, millətin keçdiyi yol, adətlər, insan
xarakterləri, münasibətlər sistemi... Həmçinin,
dilin tarixi. Dil necə cilalanıb, necə dəyişib,
hardan-hara gəlib, hansı sözləri silib, hansıları
qazanıb, bütün sualların cavabı bayatılarda,
nağıllarda, nəğmələrdə, dastanlarda var ...
Həm də artıq söylədiyim kimi təməl var. Ona
görə ordan uzaqlaşdıqca, o təməl
qaçdıqca, divarımız da uçulur, sərhədlərimiz
də pozulur... Bizi anlamaq, ya da
özümüzü özümüzə anlatmaq
üçün başqa millətlərdən olan, başqa
dillərdə yazan filosoflara, şairlərə,
yazıçılara, tarixçilərə müraciət də
edirik. Yox e, deyəsən, yenə məqsəddən
uzaqlaşdım, doğrudan müraciət eləsək, dərd
yarıdı, sadəcə bir-iki ad, üç-beş aforizm əzbərləyirik
və zorla özümüzə tətbiq etməyə də
çalışırıq əzbərimizdə olanları.
Amma özünüdərk hər şeydən əvvəl
öz əlimizdədi, deyilmi?! Bir yandan
genetik yaddaş, o biri tərəfdən gerçək həyatda
gördüklərimiz sonradan oxuyub öyrənə biləcəklərimizə
yardımçıdı. Misal üçün:
Fayton gələr
toz eylər,
Qız
oğlana göz eylər
Oğlanda
günah olmaz,
Hər nə
eylər, qız eylər...
Axı bu
dörd misranın altında həm tarix var, həm məişət,
həm də insan münasibətləri... Demək ki, bir
vaxtlar faytondan istifadə edərlərmiş, başqa minik
növü yoxmuş, yollar da tozlu-torpaqlı imiş,
qızların da oğlanlarla görüşməsi yasaq
imiş, toz qopanda fürsət tapıb şıltaq qızlar
təbiətin tələbini yerinə yetirərlərmiş,
oğlana bir naz, göz-qaş edərlərmiş, bunu
heç kəs bilməzmiş, sonra hissləri
alışmış oğlan qızı qaçıranda
günahı onda görərlərmiş... Bütün
bu keçmişi, dünəni, adətləri ifadə edən
dildir, informasiyanı da çatdıran dildir. Və ayrı bir millətin nümayəndəsi gəlib
bu sözlərin mənasını anlamağa
çalışınca xeyli zaman keçər. Biz isə
sadəcə bir az genlərin diktəsi,
bir az fəhmlə duyuruq bu mənaları. Həm
də insan münasibətlərinin, millətin xarakterinin sadəcə
zahiri forması dəyişilirsə, bütün bu öyrəndiklərimiz
bu günümüzdə, gələcəyimizdə yollarımıza
işıq salır. Vay o gündən ki, o
keçmişdən də, sözdən də, dildən də
ayrı düşəsən... Zil-zülmət qaranlıq
onda başlayır!
MİRZƏNİN
DƏRDİ...
Köklərdən
qopmağın heç bir yaxşı nəticəsi ola bilməz. Zaman-zaman
ziyalılarımızı, millətin işıqlı
insanlarını narahat edən bəlalardan biri də budur.
Özündən uzaqlaşma, milli kimliyindən
qopma, amma daha çox özünü dərk etməmə,
öz dəyərlərini bilmədiyi üçün kəmlik
kompleksi. Zaman-zaman başqa xalqlara
aşağıdan yuxarı baxmanın da, ikinci növ olmaq
düşüncəsinin də, özünü qeyrilərinə
bənzətməklə gülünc şəkil almanın
da səbəbi nadanlıq, savadsızlıqdır. Misal
üçün folklorumuzu oxuyub, öyrənib dilimizin zənginliyini
duyan, yaxud Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara
Qarayev şedevrlərini, muğamı dinləyib musiqimizin
ilahiliyini anlayan, ya da Səttar Bəhlulzadənin, Tahir
Salahovun, Toğrul Nərimanbəyovun rənglər
dünyası içərisində nə qədər zəngin
xalq olduğumuzu dərk edən adam başqa xalqlara həsəd
çəkərmi?! Amma özgüvənin, özünə
inamın əhəmiyyəti çoxdur axı... Hətta başqa xalqların mədəniyyətlərini
öyrənmək, onlardan faydalanmaq üçün də bu
təməl olmalıdır. Bu mənada nə
qədər şablon səslənsə də, şəxsiyyətin
yetişməsi üçün hər şeydən əvvəl
özünüdərk yüksək səviyyədə
olmalıdır.
Millətinin
hər dərdini, hər ağrısını yanaraq qələmə
alan, xalqını işığa
çıxarmaqdan ötrü özünü,
sözünü, ömrünü əsirgəməyən
Mirzə Cəlil dönə-dönə yazdı,
danışdı bu mövzuda. Hər fürsətdə yada
saldı, imkan düşdükcə sual verdi:
kimik biz? Həm özünə, həm oxucusuna, həm də
gələcəyə ünvanladı bu sualı...
“Bəzi
vaxt otururam və papağımı qarşıma qoyub fikrə
gedirəm, ... özümdən
soruşuram ki:
- Mənim
anam kimdir?
Öz-özümə
də cavab verirəm ki:
- Mənim
anam rəhmətlik Zöhrəbanu bacı idi.
- Dilim nə
dilidir?
- Azərbaycan
dilidir.
- Yəni Vətənim haradır?
- Azərbaycan
vilayətidir.
-
Haradır Azərbaycan?
- Azərbaycanın
çox hissəsi İrandadır ki, mərkəzi ibarət
olsun Təbriz şəhərindən. Qalan hissəsi
də Gilandan tutub, Qədim Rusiya hökuməti ilə
Osmanlı hökuməti daxilindədir”.
“Azərbaycan”
məqaləsindən gətirdiyim bu sadə sual-cavabda bir tərəfdən
Mirzə Cəlilin ağrısı, digər tərəfdən
də böyük maarifçi xarakteri duyulur... Mirzə millətin
kimliyini oxucusuna az qala əlifba kimi öyrədir,
hardan-hara gəlməyini deyir. Və bu ideya demək
olar ki, bütün janrlarda əsərlərində
qırmızı xətlə keçir. Həm də
dahi mütəfəkkir bu ideyasını hər bir
mümkün üsulla ifadə edir... Misal
üçün “Molla Nəsrəddin”də yazır ki,
“sözümü təmam etdim, ancaq bircə üzrüm var,
məni gərək bağışlayasınız ey mənim
türk qardaşlarım ki, mən sizlə türkün
açıq ana diliylə danışıram. Mən bilirəm ki, türk dili danışmaq eyibdi
və şəxsən elmin azlığına dəlalət
edir”. Axı milləti ayıltmaq üçün,
sözünü çatdırmaq üçün sarkazm da
effekt verən üsuldur... Bir də faciəni göstərmək,
xalq üçün kövrək məsələ olan ana-bala
münasibətlərinə, xalqın zəif yeri olan qadın
mövzusuna toxunmaq... “Anamın kitabı”nda olduğu kimi...
ZƏHRABƏYİM,
GÜLBAHAR...
Mirzə
Cəlil qadını güclü görmək istəyir, ya
da belə görür... Onun baxdığı
yerdən qadın gücsüz, zəif, məzlum
görünmür. Ona görə Zeynəb
bütün mütiliyinə baxmayaraq, “Xudayar, anqırsın
tayını tapsın” - deyə bilir. Elə
Kefli İskəndərin də bacısı Nazlının əlindən
tutub gedək dünyanı gəzək deməsi
yazıçının şəxsi arzusunun ifadəsidir.
“Anamın kitabı”nda da müəllifin dini, məzhəbi,
düşüncəsi, dili ayrı olan qardaşlara
qarşı milli kimliyin qoruyucusu olaraq qadınları - Zəhrabəyimi
və Gülbaharı çıxarması təsadüfi
deyil. Osmanlı, rus, fars təhsili
görmüş üç qardaş bir evin, hətta bir
otağın içərisində üç ayrı
dünyada yaşayırlar...
Akademik
İsa Həbibbəyli “Anamın kitabı” pyesini dəqiq
şərh edir: “Anamın kitabı” - Azərbaycanın milli
istiqlal haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin
mənəvi Anasıdır. Əgər ədəbiyyatımızda
kiçik hekayə Mirzə Cəlilin “Poçt qutusu”ndan
çıxmışdırsa, Azərbaycançılıq və
milli istiqlal ideyaları da bütöv konsepsiya kimi “Anamın
kitabı”ndan doğulmuşdur. Milli müstəqillik və
birlik, soykökə dərin bağlılıq, milli məfkurə
və istiqlal uğrunda mübarizə kimi aktual məsələlər
“Anamın kitabı”nın əsas mövzu
və qayəsini təşkil edir. Nəticə
etibarilə “Anamın kitabı” - əsərdəki
üç qardaşın komediyası, Ananın faciəsi,
Gülbaharın dramıdır!”
Bu dəqiq şərhin ardınca onu da söyləmək
olar ki, Mirzə Cəlil təkcə bu əsərində yox,
bir sıra felyetonlarında da “yalançı
ziyalılığı” tənqid edir. Ona görə
də burdakı üç qardaşın etdiyi
gülüş obyektinə çevirir onları, İsa
müəllimin söylədiyi kimi komediya personajı kimi
göstərir. Axı sadəcə lüğət
yazmaqdan və yalnız lüğət kitabları oxumaqdan
savayı işi-gücü olmayan Rüstəm bəyə,
xüsuf və küsuf haqqında kitablar oxuyub elə
özü də bu haqda - ayın, günün tutulması
haqda yazan Mirzə Məhəmmədəliyə, osmanlıca
şeirlər oxuyub qafiyəbazlıq edən Səməd Vahidə
gülməyib neyləyəsən. Xarakter
ustası bu yalançı savadlıların əsl mahiyyətini
göstərmək üçün müxtəlif priyomlardan
istifadə edir və mənə görə bunlardan ən təsirlisi
odur ki, senzor onların kitabxanaların yoxlayanda bircə dənə
də olsun ayrı mövzuda kitab tapmır. Həmçinin, bu “ziyalıların” xeyriyyə cəmiyyəti
aclıq məsələsini sonradan-sonraya atmaqla necə
ziyalı olduqlarını göstərirlər. Daha doğrusu, bunu Mirzə Cəlil göstərir.
Və bunlar dahi ədibin “Ölülər” komediyasında
göstərdiyi “oxumuşların” - teleqrafçı Heydər
ağanın, dilmanc Əliqulu bəyin, müəllim Mirzə
Hüseynin “qohum-əqrəbaları”dır...
Qəribə
bir simvolika var burda... Zəhrabəyim ana vətənin,
Gülbahar isə gələcəyin simvoludur. Və müəllif Gülbaharın taleyi məsələsini
öncə çıxaranda bir ailənin timsalında millətin
faciəsini, problemini göstərir. Vecsiz
qardaşlardan ötrü bütün bunların əhəmiyyəti
yoxdur. Mirzə Ələkbər Sabirin “Ürəfa
marşı”ndakı intelligentlər millər dərdi çəkə
bilməzlər axı:
İnteligentik
bu ki böhtan deyil,
Türki
danışmaq bizə şayan deyil,
Türk
dili qalibi irfan deyil,
Biz buna
qail olan insanlarıq...
Ay bərəkallah,
nə gözəl canlarıq!
Türk qəzeti
versə də əqlə ziya,
Mən
onu almam əlimə mütləqa,
Çünki
müsəlmanca qonuşmaq mana,
Eybdir!
Öz eybimizi anlarıq!
Ay bərəkallah,
nə gözəl canlarıq!
Bəli, Mirzə Cəlilin nəsrdə, dramaturgiyada dediyini Sabir poeziyası vasitəsiylə çatdırırdı... Hələ Əzim Əzimzadə rəsmlər, illüstrasiyalar çəkib hərf bilməyənlərə də izah edirdi hər şeyi. Gülbahar bütün kitabları yandırıb Anasının kitabını saxlayır və Zəhra bəyimin bioloji ölümü ilə qazandığı mənəvi qələbə elə budur... Gülbahar həmin o kitabdan atasının vəsiyyətini oxuyur:
“Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanırlar. Çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül həyat əziyyət edəcək, nə qədər canında nəfəs var peşiman olacaq”.
MİRZƏNİN VƏSİYYƏTİ...
Yuxarıda gətirdiyim misralar Mirzə Cəlilin
gələcək nəsillərə vəsiyyəti,
ismarışı kimi qavranır. Bəli, Zəhra - Azərbaycandı,
biz də onun canından qopmuş parçalar, hara getsək, nə
öyrənsək də yenə ona dönməli, ona
yapışmalı, onun ətrafında dövrə
vurmalıyıq... Biz isə hələ də
vurnuxuruq, hələ başqa dildə məktəblər
axtarırıq, hələ mürəbbiyyələri
ayrı millətlər içərisindən seçirik, hələ
ətək-ətək pul xərcləməyə
hazırıq ki, övladımız unutsun hansı millətdən
olduğunu... Nə zamana kimi?!
PƏRVİN
525-ci qəzet.- 2019.- 9 fevral.- S.19.