Milli intibah mücahidi - Əhməd bəy
Ağaoğlu
GÖRKƏMLİ
ALİM ƏZİZ MİRƏHMƏDOVUN “ƏHMƏD BƏY
AĞAOĞLU” MONOQRAFİYASI YÜKSƏK ELMİ
DƏYƏR KƏSB EDİR
XX əsrin
əvvəlləri Azərbaycan tarixinə bir neçə
mühüm əlamətlə daxil oldu: bu əsrdə
üç ictimai inqilab, iki dünya müharibəsi baş
verdi; Şərqdə ilk demokratik respublika - AXC yarandı,
neftin sayəsində milli burjuaziya formalaşdı, Bakı
tarixi əhəmiyyətinə görə dünya şəhərinə
çevrildi; milli mətbuat, peşəkar milli teatr və
dünyəvi rus-tatar məktəblərinin yaranması, Qori
seminariyasının fəaliyyəti sayəsində milli
maarifçilik fəlsəfi-tarixi missiyasını başa
vuraraq, iki məfkurə axını -
türkçülük və azərbaycançılığı
yaratdı.
Bu, “Asiyanın oyanması” dövrünün
başlanğıcı, bütövlükdə
türkçülüyün təşəkkül
dövrü idi. Əvvəlcə M.F.Axundzadə və
onun “Təmsilat”ı, sonra İsmayıl bəy Qaspıralının
“Tərcüman”ı, Cəmaləddin Əfqani, Yusif
Akçura... bütün türk dünyasını
oyatdı.
Azərbaycanda
“Türkçülüyün peyğəmbəri” (Abdulla
Cövdət), Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Əlimərdan bəy Topçubaşov,
Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə,
Mirzəbala Məmmədzadə və “Füyuzat” meydana
çıxdı. Milli burjuaziya onun lideri,
böyük təəssübkeş, “millət atası”
Hacı Zeynəlabdin Tağıyev “Həyat” və
“Füyuzat”a sahib çıxdı. Mirzə Cəlil,
Sabir və “Molla Nəsrəddin”lə bərabər bu mətbuat
orqanları sayəsində Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy
Topçubaşov milli burjuaziyanın ideoloqlarına
çevrildilər. Elə buna görə də
Azərbaycan rus-bolşevik və daşnak orduları tərəfindən
işğal olunduqdan sonra böyük iftixara layiq imzalar
mühacirətdə yaşamalı oldular. Ömrünə və nəslinə ağır
mühacirət həyatı qismət olmuş belə mütəfəkkirlərdən
biri də Qafqazda və Rusiyada Əhməd bəy Ağayev
kimi tanınan Mustafa Kamal Atatürkün silahdaşı
nüfuzu qazanmış Əhməd bəy Ağaoğlu idi.
Totalitar sovet rejimi, yabançı kommunist ideologiyası 70 il onların adını yalan etdi. Azərbaycanın bir neçə nəsli, xüsusən
münəvvər gəncliyi onlardan xəbərsiz qaldı.
Fəqət, kommunist rejiminin onlara gücü
çatmadı. Tarix onları batil edə
bilmədi. Zaman onların şərəfli
adını, nəcib və faydalı əməllərini tarixin
üzünə çıxardı. Bu
gün onların uğrunda fədakarcasına mücadilə
etdikləri şanlı istiqlal tarixi onlara xidmət edir.
Onların ədəbi tarixi taleyinin böyük mütəfəkkir
Əli bəy Hüseynzadə “Hali-vətən” şeirində
belə zikr edir:
Ucundadır dilimin, həqiqətin böyüyü.
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
Bilirmisən cühəla, nə etdilər vatana?
Nə qoydular uyuya, nə qoydular oyana.
Durur bila-hərəkət, rəvamı bir diriyə?
Nə getmədə iləri, nə dönmədə
geriyə.
Ədu qırır qapıyı, biz evdə bixəbəriz.
Nə başqa başqalarız, nə ittihad edəriz.
Ayıltmadı qələmim, şu türk ilə əcəmi.
Nə qoydular yazayım, nə qırdılar qələmi.
XX əsrin
80-ci illərində, akademik Kamal Talıbzadə və
müxbir üzvləri Ə.Mirəhmədov və A.Zamanov,
Yaşar Qarayev, professorlar X.Məmmədov, B.Quliyev, N.Şəmsizadə,
V.Sultanlı, mədəniyyətşünaslar X.Sofiyev,
M.Süleymanlı, qeyrət və cəsarət örnəyi
Əhməd bəy Ağaoğlunun həyatı, taleyi, ədəbi-mədəni
irsi barəsində qiymətli tədqiqat əsərləri
yazmışlar. Əziz Mirəhmədovun
sağlığında yazdığı “Əhməd bəy
Ağaoğlu” adlı sanballı monoqrafiyası alimin
qızı, filologiya üzrə fəlsəfə doktoru Dilarə
xanım Mirəhmədova tərəfindən 2014-cü ildə
“Ərgünəş” nəşriyyatında çap
olunmuşdur.
Əhməd bəy Ağaoğlunun mühitinə öz
şəxsiyyətinə taleyinə və milli
düşüncəmizin ən qiymətlisi olan zəngin ədəbi
və mədəni fəlsəfi
yaradıcılığına həsr olunmuş bu kitab alimin
uzun illər axtarışlarının qiymətli bir yekunudur. Əhməd bəy
Ağaoğlu haqqında ilk dəfə yazan da, geniş tədqiqat
aparan da Əziz Mirəhmədov olub. Hələ totalitar
sovet ideologiyasının basıncı zamanı o zaman
Yazıçılar İttifaqının gənc katibi olan
Elçinin böyük zəhmət və cəsarətlə
hazırladığı “Fikrin karvanı” kitabında Əziz
müəllimin Əli bəy Hüseynzadə və Əhməd
bəy Ağaoğlu haqqında oçerkləri çap
olunmuşdu. Azərbaycan oxucuları bu yasaq olunmuş pərdəli
adlarla ilk dəfə geniş şəkildə tanış
olurdular. Əlbəttə, bu əsərlərdə
və eləcə də kitaba daxil olan digər oçerklərdə
müəyyən ideoloji sapıntılar, ehtiyat hissi də var
idi. Əziz müəllim özü sonralar
özünün bəzi səhvlərini böyük ürəklə,
mərdi-mərdanə şəkildə etiraf etmişdir: “Onun
aşkarca bəxti gətirməmişdir. Tam son
illərə qədər (bu sətirlər 1990-cı ildə
yazılıb) bizdə çox vaxt Əhməd bəy
Ağaoğlunun hətta adını çəkmək də
qadağan və “xatalı” olmuşdur. Açığı
nə etmək ki, belə xətadan, bir müddət bu sətirlərin
müəllifi də yaxa qurtara bilməmişdir. Getsin o günlər gəlməsin”.
Əziz Mirəhmədov öz kitabında Əhməd bəy
Ağaoğlunun görkəmli tədqiqatçı alim,
publisist, ictimai xadim, pedaqoq, yazıçı, mütəfəkkir,
filosof kimi təqdim edir. Və bu qənaətə gəlir ki, bu
ağır zəhmət və intellekt tələb edən sahələrin
hər birində Əhməd bəy Ağaoğlu öndə
gedən mübariz və mükəmməl bir şəxsiyyət
idi.
Əhməd
bəy Ağaoğlunun müxtəlif fəaliyyət sahələrini
birləşdirən bir ali idealı var
idi: türkçülük. Qalan bütün problemləri
o bu çevrədə həll edirdi. Əziz Mirəhmədov
bu dəyərli kitabın “İslama görə müsəlmanlarda
qadın”, “Milli mətbuatın tərəqqisi yolunda”, “Mollanəsrəddinçilərlə
çiyin-çiyinə”, “Milli məsələ haqqında”,
“Millət və millətçilik” və “Üç mədəniyyət”,
“ADR parlamentin sədr müavini” bölmələrində
Əhməd bəy Ağaoğlunun fəaliyyətinin millətçilik-
türkçülük, islamçılıq və
Avropaçılıq konteksində təhlil edir. O, XX əsrdə
Şərq mənəvi dəyərləri ilə
çağdaş Avropa dəyərlərini öz mütəfəkkir
düşüncəsində və əsərlərində uğurlu
şəkildə sintez edib, görkəmli filosof və ədibi-möhtərəm
idi.
Əhməd bəy Ağaoğlu tariximizin və
dünya tarixinin çox mürəkkəb bir dövründə
Avropa, Rusiya və Şərq mədəniyyətləri
kontekstində yetişmiş, zamanın siyasi həyatına təsir
etmək imkanlarına malik şəxsiyyət idi. Təsadüfi deyil ki, milli
burjuaziyanın ən böyük nümayəndəsi
H.Z.Tağıyevin vəsaiti ilə çap olunan millətçi
“Həyat” qəzetinin redaktorluğu Əhməd bəy
Ağaoğluna həvalə olunmuşdu. O və Əli bəy
Hüseynzadə “Həyat” və “Füyuzat” vasitəsilə
Azərbaycanda türkçülüyün nəzəriyyəsini
formalaşdırdılar. Bu proses onun Parisdə, Bakıda,
Türkiyədə, Moskvada, Sankt-Peterburqda, Tiflisdə çap
olunan çox kəskin siyasi publistikasında da öz əksini
tapmışdır. Əhməd bəy
Ağaoğlu təfəkkürü və fəaliyyəti
bir milli mühitlə qapsanılan fütühat deyildi.
O, dünya miqyasında düşünən, müxtəlif
siyasi baxışları bir dünyagörüşü
istiqamətini toplaya bilən, zəmanəsindən yüksəkdə
dayanan siyasi xadim və filosof idi. O, Nuru Paşanın
müşaviri və Azərbaycan Xalq Cümhuriyyəti
parlamenti sədrinin müavini kimi çox mühüm işlər
görmüşdür.
Akademik Əziz Mirəhmədovun “Əhməd bəy
Ağaoğlu” kitabı hər şeydən əvvəl alimin
XX əsr Azərbaycan ədəbi-tarixi prosesinin bütün ədəbi
ictimai ziddiyyətlərinə, siyasi proseslərinə incəliklərinə
qədər dərindən bələdliyi ilə diqqəti cəlb
edir və əsər əsrin digər problemlərinin öyrənilməsi
baxımından qiymətlidir. O, XX əsrdə paralel mövcud olan
hər iki ədəbi cərəyanın - realizmin və
romantizmin qüdrətli tədqiqatçısı, arxiv mədəniyyətinə
dərindən sahib olan tədqiqatçı, mətbuatşünas
və mətnşünas alim idi. Buna əmin-zəminlik
üçün onun “Məhəmməd Hadi” və “Azərbaycan
“Molla Nəsrəddin”i” monoqrafiyalarını oxumaq kifayətdir.
Onu Azərbaycan mətnşünaslıq elminin
korifeylərindən biri hesab etmək olar. 60-cı illərdən
sonra klassiklərin bir çoxunun əsərləri onun mətnşünas
kimi fədakar əməyi sayəsində çap olunmuş,
o, mətnşünaslıq nəzəriyyəsini və
“Ədəbiyyatşünaslıq: ensiklopedik lüğəti”ni yaratmışdır. Əhməd
bəy Ağaoğlu, onun dövrü və zəngin
yaradıcılığı haqqında əsəri ancaq belə
bir mötəbər tədqiqatçı yaza bilərdi.
Çünki bu üç şəxsiyyət
- Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu və Əlimərdan bəy Topçubaşov -
XIX əsrin sonu - XX əsrin önlərində Azərbaycan
elmi və bədii təfəkkürünü tarixi sahəsinə
çıxartdığı tamamilə yeni tipli ziyalı və
təfəkkür sahibləri idi. Bunun
tarixi səbəblərini bir qədər əvvəl qeyd
etdik. Bunun bir mühüm səbəbi də ondan ibarət
idi ki, bu dövrdə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy
Haqverdiyev, Hüseyn Cavid kimi ədəbi şəxsiyyətlər,
qüvvətli milli ədəbi mühit
formalaşdırmışlar. Bu zaman mətbuat ədəbi-ictimai
mühitin önündə gedir, tarixin lokomotivi rolunu
oynayırdı. Əziz müəllim, bu ədəbi
tarixi mühiti onun meyl və situasiyaların obyektiv və
subyektiv ziddiyyətlərini çox dərindən bilir, fəqət
bir sovet ədəbiyyatşünası kimi təhlil edərkən
bilərəkdən bəzi hallarda metodoloji və ideoloji
sapıntılara yol verirdi.
Əziz
Mirəhmədovun bu kitabının tədqiq, tənqid və ədəbiyyatşünaslıq
əsəri kimi bir diqqətəşayan cəhəti də
var: o, ədəbi-bədii irsi qiymətləndirərkən
çamurluğa düşməmək üçün bədii
mətnlərin poetik xarakterindən çıxış edir.
Təcrübəli mətnşünas olması
ona imkan verir ki, o, tədqiq və təhlil etdiyi klassikə
hazır nəzəri qəliblərlə
yanaşmamış, əsərin poetik mətnin bədii fəlsəfi
mahiyyətini açmışdır.
Monoqrafiyada
Əhməd bəy Ağaoğlunun Bakı, Kazan və
İstanbulda kitab halında çap olunmuş “Axund və
islam”, “Türk hüquq tarixi”, “Hüquqi-ənsiyyə”,
“Dövlət və fərd”, “Sərbəst insanlar ölkəsində”,
“Üç mədəniyyət”, “İngiltərə və
Hindistan”, ölümündən sonra nəşr olunmuş “Mən
nəyəm?”, “İran və inqilabı” “İxtilalmı,
istiqlalmı”, “Sərbəst firqə xatirələri” və
sair kitabları müxtəlif aspektlərdən təhlil
olunmuşdur. Bu əsərlərin adı nəinki kütləvi
oxuculara, heç bir çox ədəbiyyatşünaslara da tanış deyil. Bu obyektiv həqiqəti
nəzərə alsaq, Əziz Mirəhmədovun “Əhməd
bəy Ağaoğlu” əsərinin ədəbi tarixi, mədəni,
ictimai dəyərlər haqqında təsəvvür
yaratmış olarıq.
Kitabın “Şuşa, Tiflis, Peterburq, Paris” adlanan birinci
bölməsi, həm tarixi, həm də müasirlik
baxımından mənalıdır. Burada Əlimərdan bəyin Şuşa həsrəti, təhsil və gənclik
illəri ilə bağlı nisgil dolu xatirələr yer
alıb. Ümumiyyətlə, Əziz Mirəhmədovun
bu kitabı həsbi-hal, xatirələr qarışıq bir
üslubda çevik dildə yazılıb. Bu da kitaba tarixilik, canlılıq və maraq gətirir.
Əhməd bəy Ağaoğlu Şərq
xalqlarının milli azadlıq hərəkatında və mədəni
yüksəlişində görkəmli xidmətləri
olmuş bir ictimai xadim kimi müasir oxuculara, müstəqil Azərbaycanın
əməkpərvər və münəvvər gəncliyinə
tarixdə olduğu kimi tədqiq etməyə imkan verir.
Əhməd bəy Ağaoğlunun mətbuatda - istər
Azərbaycan, istər rus, istərsə də Türkiyə mətbuatındakı
fəaliyyəti jurnalistika tariximizin dəyərli bir mərhələsidir. Əslində,
bu mövzu xüsusi tədqiqatlara möhtacdır. Əziz Mirəhmədov öz kitabında onun
publisistik fəaliyyətini hərtərəfli təhlil edərək,
Əhməd bəy Ağaoğlunun mətbuat vasitəsilə
səkkiz tarixi-mədəni problemi həll etdiyini göstərir.
Bu məsələlərin
hamısı bir ortaq məxrəcdə cəmlənir: “Şərqlə
Qərbin siyasi, ictimai, iqtisadi və mədəni əlaqələrinin
işıqlandırmaq, bu əlaqələrin işləməsinə
kömək etmək, mətbuatın baş vəzifələrindən
biri olmalıdır” (s.35). Şərq-Qərb mədəni-tarixi
təmasları problemləri ümumən XX əsr mütəfəkkirlərini
düşündürən başlıca problem idi.
Əhməd bəy Ağaoğlunun müasiri olmuş,
türkçülüyün peyğəmbəri Əli bəy
Hüseynzadə “Kasablanka faciəsi və...” əsərində
yazırdı: “Nə qədər ki, Avropanı beynimizdə həzm
etməmişik, o zamanacan avropalıların mədəsində
həzm olunmaq zorunda qalacağıq”.
Avropanın Şərq konteksində növbəti sayəsində
ilk və çox mühüm addımları Əhməd bəy
Ağaoğluna məxsus idi. O, Avropada da Şərqdən
getmiş ictimai-fəlsəfi fikir axtarırdı, ona görə
də Avropa Əhməd bəy Ağaoğluna doğma idi. Əhməd bəy Ağaoğlu XX əsr
Avropasının və onun Şərqlə ilgili olan tarixi və
mədəniyyətinin özünəməxsus tərzdə
dərk edirdi. Bu özəllik ondan ibarətdir ki, 1)
Əhməd bəy Ağaoğlu Avropa qiyafəsinə və
üslubuna aludə olmur; 2) Avropanın heç də
bütün xüsusiyyətlərinin Azərbaycan tarixi tərəqqisi
üçün nümunə hesab etmir; 3) Azərbaycan tarixi-mədəni
həyatını, milli müəyyənliyini qoruyur,
etnogenezmizin dil və düşüncə tərzini əsas
götürürdü; 4) Milli heysiyyəti, türkün milli
qururunu və əxlaqını - “vətən əxlaqı”
(Z.Göyalp) hər zaman uca tuturdu. Və Əziz
Mirəhmədov müxtəlif oçerklərdən ibarət
tədqiqat əsərində Əhməd bəy
Ağaoğlunu bir türkçü, milli tarixi şəxsiyyət
və filosof kimi təqdim edərkən bu özgün cəhətlərini
ön plana çəkir. Kitabı oxuyub
belə qənaətə gəlirsən ki,
Ə.Ağaoğlu XX yüzilliyi və II minilliyi
hazırlayıb başa çatdıran görkəmli ziyalı,
ictimai və dövlət xadimi, mütəfəkkir
olmuşdur. Bütün siyasi qadağalara,
ideoloji basqılara həyatı məhrumiyyət və təhlükələrə
qalib gələrək, o, bu milli tarixi missiyanı şərəflə
yerinə yetirmişdir. Əziz Mirəhmədov
və müasir istiqlal dövrü Azərbaycan oxucularına
çatdırdığı başlıca fikir bundan ibarətdir.
Qeyd etməliyik ki, Əhməd bəy Ağaoğlu asan
təhlilə gələn rahat həzm olunan mütəfəkkir
deyildi. O,
öz zəmanəsi kimi mürəkkəb və ziddiyyətli
şəxsiyyət olmuşdur. Xüsusilə
onun ailə, dövlət, din, əxlaq haqqındakı əsər
və mülahizələrində dolaşıq, ziddiyyətli
faktlar mövcuddur. Lakin başlıcası
budur ki, o millilik meyarı bütün fikirləri ona doğru
tarixi istiqamətə yönəldirdi. Məsələn,
o, “Üç mədəniyyət” əsərində “Din
deyilən şey nədir?” sualına cavab verərək yazırdı:
“Din əqd ilə məhdudun arasında tənzim edən bir
düsturlar məcmusundan ibarətdir. Onun məzmunu
yalnız etiqadlarla ibadətə aid cəhətlər təşkil
edir. Bunun xaricində hər nə varsa, dinə
sonralar daxil olmuşdur”.
Əhməd bəy Ağaoğlunun ədəbi-nəzəri, sosial-mədəni və tarixi fəlsəfi görüşləri təsəvvür etmək üçün “Üç mədəniyyət” traktatını oxumaq kifayətdir. Bu əsərdə və “Sərbəst insanlar ölkəsində” kitabında Əhməd bəy Ağaoğlunun XX əsrin mürəkkəb beynəlxalq ziddiyyətlər konteksində formalaşmış milli intibah ideyaları - görüşləri əksini tapmışdır. Bu kitab onun milli mənəvi təkamülün zirvəsi, fikri inkişafının tarixi, fəlsəfi yekunu hesab etmək olar. Əziz Mirəhmədov Əhməd bəy Ağaoğlunun tarixdə hər nə varsa eləcə bütün ziddiyyətləri, mürəkkəbliyi ilə təqdim edir. Başqa sözlə, çox düzgün metodologiya ilə tarixilik prinsipi əsasında təhlil edir. Akademik bu əsərlərə düzgün mövqedən obyektiv elmi həqiqəti ortaya çıxara bilən tarixilik prinsipi ilə dialektik tərzdə yanaşmışdır.
Tarixi faktlara sadiq qalan dəqiq tədqiqatçı
düşüncəsi və təcrübəsinə,
intellektual alim zəkasına malik olan müdrik ağsaqqal,
akademik Əziz Mirəhmədov milli mütəfəkkir
Əhməd bəy Ağaoğlunun taleyinə, mühitinə
və irsinə bütün ziddiyyətləri ilə nəzər
salmış və nəticədə onilliklər boyu
elmi nəzəri və tarixi haqqı əlindən
alınmış, adı belə yasaq olunmuş bu əvəzsiz
dəyərli şəxsiyyətin tarixi haqqında elmi əsaslarla
bərpa etməyə nail olmuşdur. Bu kitab millətə,
xalqa xidmət edən, azadlığı uca tutan, vətəninə
bağlı olan insan, alim və ziyalı haqqında müasir
və gələcək nəsillərə orijinal həqiqətlər
aşılayan zəngin bir məxəzdir. O sübut edir ki,
tarixini, vətənini, millətini, azadlığı və ədaləti
sevənləri heç vaxt məğlub olmur, ölmür, mənsub
olduğu millətin mənəvi yaddaşında əbədi
yaşayırlar.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 9 fevral.- S.18.