Ağrının bədii ifadəsi  

 

FRANS KAFKA VƏ ONUN MİNİATÜRLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ

 

 

Kafkanın miniatürləri (pritçaları, məsəlləri) onun roman və hekayələrindən az bədii-fəlsəfi-psixoloji yük daşımır və yaradıcı bir fərd kimi Kafkanın müəmmalı qeyri-konkretliyi - o, kimdir? Realistdir, yoxsa absurdçudur? Sürrealistdir? Naturalistdir? Ekzistensialistdir? İdealistdir? Fantastdır və s., kimdir? - bu suallara birmənalı cavab vermək mümkün olmadığı kimi, onun miniatürlərinə də birmənalı yanaşmaq, daha dəqiq desəm, hansısa müəyyən bir bədii-estetik və fəlsəfi bucaq altından baxmaq, təhlil etmək, açmaq (!) və qiymətləndirmək mümkün deyil.

Onun əlçatmaz hesab etdiyi yazıçılara fikir verin: Flober, Qrilparser, Dostoyevski, Kleyst, Qoqol - tamamilə müxtəlif yazıçılar, elə bil, miniatürlərindən birində dediyi həmin rəngbərəng klaydeskopa baxırsan və fikirləşirsən ki, Qrilparserin romantikası hara, insanın dünyaya gəlməsini belə, bir anlaşılmazlıq, bəlkə də günah (deyərdim ki, hətta mənəvi cinayət!) hesab edən Kafka hara?

Kafka və romantika?!

Bir-birindən bundan da uzaq olan bədii-estetik məsafə təsəvvür etmək çətindir, ancaq təəccüb etmirsən - görünür, nəzəriyyə baxımından bu yazıçının yaradıcılığının konkret təsnifatını vermək mümkün olmadığı üçün, onun bədii zövqündəki belə bir mürəkkəblik və ziddiyyət də təbii xarakter daşıyır.

Mürəkkəblik, qeyri-konkretlik, hətta xaos Kafka miniatürlərinin daxili kütləsinə hopub, bu miniatürlər, xüsusən “Qanun qapısı” (“Qanun darvazası”) mənim aləmimdə Da Vinçinin Cokondası kimidir, sənətşünaslar da, tamaşaçılar da əsrlərdir ki, Cokondanın sirli baxışlarını anlamaq və açmaq istədikləri kimi, neçə onilliklərdir ki, ədəbiyyatşünaslar, oxucular da bu miniatürlərin mənasını müxtəlif cür yozur, cürbəcür mulahizələr yürüdür, mübahisə edirlər.

Kafkanın tək-tük miniatürü var ki, misal üçün, “Əlbisələr” kimi açıq məzmunlu, hətta sadədir, ancaq onun miniatürlərinin tam əksəriyyəti səriştə ilə tərtib edilmiş krasvordlar kimi mürəkkəbdir, düşünüb, axtarıb, mənasını tapmaq lazımdır və onların arasında ən məşhuru, mənası etibarilə ən çox mübahisələr doğuran, cürbəcür versiyaları söylənilən həmin “Qanun qapısı”dır.

Miniatür, pritça, məsəl, hətta tapmaca - mənim aləmimdə bu terminlər “Qanun qapısı”nın bədii-fəlsəfi mündəricatını ehtiva etmir, onun emosional təsir miqyası daha geniş, daha ətraflıdır.

Mənim üçün “Qanun qapısı” bədii müəmmadır.

Bu miniatürü “Proses” romanının sonunda kilsədə Yozef K.-ya həbsxana keşişi danışır, ancaq həcm etibarilə əsərin kiçicik bir parçası olan “Qanun qapısı”, elə bil, roman səhifələrinin çərçivələrinə sığışmayaraq, yüz ilə yaxındır ki, müstəqil ədəbi bioqrafiyaya malikdir və o, dediyim kimi, ayrılıqda çap olunur, haqqında mülahizələr söylənir, müzakirə edilir.

Bir sözlə, “Qanun qapısı” canlı bədii orqanizm kimi müstəqil yaşamaqdadır.

Sovet ideologiyası Kafkanı heç cürə qəbul edə bilmirdi və “perestroykanın” xaosu başlayana qədər də qəbul etmədi. Mən Kafkanı ilk dəfə universitet tələbəsi ikən - 1960-cı illərin birinci yarısında “İnostrannaya literatura” jurnalında oxudum (“Çevrilmə”, bir neçə də miniatür) və əgər səhv etmirəmsə, bu, onun yazılarının SSRİ-də ilk çapı idi, ancaq elə Kafka mövzularına yaxın bir paradoks ondan ibarət idi ki, Sovet sosrealizm tənqidçiləri Kafkanı oxumaya-oxumaya ona rişxəndlə yanaşır, onu əsasən sosioloji tənqid atəşinə tuturdular.

Və nəhayət, 1965-ci ildə Moskvada onun kitabı nəşr olundu (“Proses”, hekayə və miniatürlər) və bu tarixi ona görə dəqiq yazıram ki, o zaman rəhmətlik İlyas Əfəndiyevin çətinliklə əldə etdiyi o kitab indi də mənim kitabxanamdadır.

Görkəmli sosrealizm tənqidçilərindən biri olan və nisbi liberallığı ilə seçilən Boris Suçkov həmin kitaba ön söz yazmışdı. O ön sözdə deyilirdi ki, Kafka “Proses”də “kapitalist cəmiyyətinin əsasını təşkil edən burjua ədliyyə sistemini təsvir edir” (Frans Kafka. Roman, novellı, pritçi, Moskva, 1965, str. 43.) aydın məsələdir, belə bir vulqar sosioloji yanaşma, sinifi münasibət Kafka yaradıcılığına, o cümlədən də, Kafka miniatürlərinə tamam ziddir, həmin yaradıcılığın mahiyyətini kiçildir, onu sinifi baxımdan lokallaşdırır.

Mən illər arası hər dəfə Kafkanı vərəqlədikdə, onun bədii-fəlsəfi düşüncələrindəki insanın xislətinin mayasını təşkil edən əlacsızlığı, çarəsizliyi, əvvəli və sonu görünməyən mənəvi sıxıntını az qala cismani şəkildə hiss edirəm (şübhəsiz ki, bu mənada mən tək deyiləm) və belə bir əlacsızlıq, məncə, “Qanun qapısı”nın hərflərinəcən bütün mətninə hopub. Bu miniatürün məna axtarışlarını yalnız konkret Qanunla məhdudlaşdırmaq olmaz, söhbət daha miqyaslı bir məna axtarışından gedir, hətta mən hardasa oxumuşdum ki (və bu, illər uzunudur, fikrimdə qalıb), “Qanun qapısı”nda söhbət Allahdan gedir.

Kafka miniatürlərini danışmaq qat-qat asandır, nəinki onları izah etmək və görünür, bu vaqiədə konkret izah ümumiyyətlə, köməksizdir, çünki indiki halda oxucu amili, yəni fərdi bədii-fəlsəfi fantaziya amili çox güclüdür.

Xaosun (“Təzə vəkil”dəki kimi), yaxud absurdun (“Gecə vaxtı”nda olduğu kimi) izahını verməkdə, onları mənalandırmaqda fikirlə bərabər, hissiyyatın da rolu, əhəmiyyəti az deyil və elə buna görə də mən fərdi fantaziya amilini xüsusi qeyd etdim.

Bu miniatürlərin mətni tərcüməyə çətin gəlir, onların üslubunu, təhkiyə çalarlarını saxlamaq həmin “izahda” xüsusi rol oynayır və təəssüf ki, mən alman dilini bilmədiyim üçün orijinaldan yox, rus, yəni ikinci dildən çevirmişəm.

Düzdür, bəzən şübhəli görünən yerlərlə bağlı alman dilini bilən mütəxəssislərə müraciət etmişəm, rus dilindəki müxtəlif tərcümələri tutuşdurmuşam, ancaq bu miniatürlərin daxili mündəricatı o qədər tutumludur, o qədər zəngin çalarlara malikdir, akvarellə işlənmiş elə cümlələri, özəllikləri var ki, tərcümənin tərcüməsində yəqin nələrsə itir.

Mən çalışdım elə nümunələri seçim ki, onlar Kafka miniatürləri (və ümumiyyətlə, Kafka yaradıcılığı) haqqında müəyyən təsəvvür yaratsın.

Hər halda, elə bilirəm ki, bu miniatürlərlə tanışlıq oxucular üçün maraqlı və faydalı olacaq.

9 avqust 2018. Bodrum.

QANUN QAPISI

Qanun qapısının qarşısında gözətçi dayanmışdı. Bir kəndli gəlib gözətçidən xahiş etdi ki, onu Qanunun yanına buraxsın. Amma gözətçi dedi ki, indi onu içəri buraxa bilməyəcək. Kəndli bir az fikirləşdi və soruşdu ki, sonra içəri girə biləcək?

Gözətçi:

- Ola bilər,- dedi. - İndi isə mümkün deyil.

Ancaq Qanunun qapısı həmişəki kimi açıq idi, gözətçi isə bir az kənarda dayanmışdı və kəndli boylanıb, qapıdan Qanunun təkinə baxmağa çalışdı. Bunu görən gözətçi güldü və dedi:

- Əgər sənin səbrin çatmırsa, mənim qadağama baxma, çalış içəri girəsən. Bunu da bil ki, mənim qüdrətim çox böyükdür. Ancaq mən o biri gözətçilərin ən kiçiyi, ən gücsüzüyəm. Orada hər aramgahdan aramgaha bir-birindən qüdrətli gözətçilər dayanıb. Onların artıq üçüncüsü məni dəhşətli bir qorxuya salır.

Kəndli bu cür maneələr gözləmirdi: “Axı, Qanunun qapısı istənilən vaxt hamının üzünə açıq olmalıdır” - deyə fikirləşdi. Ancaq diqqətlə gözətçiyə, onun ağır kürkünə, ucu iti donqar burnuna, uzun qara və yağlı monqol saqqalına baxdı və belə qərara gəldi ki, yaxşısı budu, içəri girmək üçün icazə gözləsin.

Gözətçi ona kiçik bir kətil verdi və icazə də verdi ki, kənarda - qapı ağzının bir küncündə otursun. Və kəndli gündən günə, ildən ilə orda oturdu. Fasiləsiz xahişi ilə gözətçini yora-yora, çalışırdı ki, onu içəri buraxsınlar. Gözətçi də hərdən soruşub, öyrənmək istəyirdi ki, o, haralardandı və sairə, ancaq sualları mühüm bir ağa kimi çox biganə, yuxarıdan aşağı verirdi, axırda da həmişə təkrar edirdi ki, hələ onu içəri buraxa bilməz.

Kəndli özü ilə yola bir çox şeylər götürmüşdü, hamısını, hətta ən qiymətlilərini də gözətçiyə verirdi ki, onu yola gətirsin. Gözətçi isə hər şeyi götürürdü, hər dəfə də deyirdi:

- Bunları bilirsən niyə götürürəm? Elə fikirləşməyəsən ki, əlindən gələnin hamısını etməmisən.

İllər keçirdi, kəndlinin diqqəti daima gözətçidə idi. O, yadından çıxarmışdı ki, hələ başqa gözətçilər də var və ona elə gəlirdi ki, Qanunun yolunu kəsən ancaq bu birinci gözətçidir. İlk illər o, özünün beləcə uğursuzluğunu bərkdən lənətləyirdi, sonra isə qocalıq gəlib çıxdı və o, ancaq öz-özünə deyinirdi.

Axırda isə o, uşaq kimiydi və bu illər ərzində gözətçiyə də yaxşı bələd olmuşdu, hətta gözətçinin kürkünün xəz boyunluğundakı bitləri də tanıdığı üçün, həmin bitlərə də yalvarırdı ki, gözətçini yola gətirməkdə ona kömək etsinlər. Onun gözlərinə qaranlıq çökmüşdü və o, bilmirdi ki, bütün ətraf da qaranlıqdır, yoxsa gözləri onu aldadır. Yalnız indi, bu qaranlıq içində gördü ki, Qanunun girişindən əbədi bir işıq süzülüb gəlir.

Və budur, həyat da gəlib, sona çatdı. Kəndli bütün bu illər boyu nə ki, hiss etmişdi, görüb-götürmüşdü, hamısı onun fikrində bir sualda cəm oldu - bu sualı hələ bir dəfə də olsun, gözətçiyə verməmişdi. O, işarə ilə gözətçini çağırdı - qurumuş bədəni daha sözünə baxmadığı üçün özü qalxa bilmirdi. Gözətçi əyilməyə məcbur oldu - indi onunla müqayisədə təmənnaçı kəndli tamam cıqqılı idi.

Gözətçi:

- Yenə nə bilmək istəyirsən, hə? - soruşdu. - Sən çox inadkar bir insansan!

Kəndli:

- Axı, bütün insanlar Qanuna can atır, - dedi. - Bəs, necə oldu ki, bu qədər illər ərzində, məndən başqa heç kim bura gəlib tələb etmədi ki, onu içəri buraxsınlar.

Gözətçi gördü ki, kəndlinin son məqamıdır və var gücü ilə qışqırdı ki, o, cavabı eşitməyə macal tapsın:

- Bura heç kim üçün yol yoxdur, bu qapı ancaq sənin üçün nəzərdə tutulmuşdu! İndi gedib o qapını bağlayacağam.

PROMETEY

Prometey haqqında dörd əfsanə var.

Birinci əfsanəyə görə, o, insanlar naminə allahlara xəyanət etdi, buna görə də Qafqaz dağlarında bir qayaya zəncirləndi və onun qara ciyəri böyüyürdü, böyüdükcə də allahların göndərdiyi qartallar bu ciyəri yeyib, qidalanırdı.

İkinci əfsanəyə görə, Prometey qartallardan qorunmaq üçün özünü qayaya o qədər sıxıb, pərçim edirdi ki, nəhayət, qaya ilə birləşdi, eyniləşdi.

Üçüncü əfsanəyə görə, min illər keçdi, onun xəyanəti unuduldu - allahlar da bunu unutdu, qartallar da bunu unutdu, o, özü də bunu unutdu.

Dördüncü əfsanəyə görə, hamı belə bir təməlsizlikdən, köksüzlükdən bezdi. Allahlar da bezdi, qartallar da bezdi, yara da bezib sağaldı.

İzahsız qalan isə qayalar oldu...

Əfsanə izaholunmazları izah etməyə çalışır. Məğzi həqiqət olan əfsanə istər-istəməz izaholunmaza qayıdır.

QONŞU KƏND

Babam hərdən deyirdi: “Ömür necə də qısadır! Yaşanmış illəri xatırlayarkən, hər şey gözlərimin qabağından elə sürətlə keçib gedir ki, mən başa düşmürəm, o cavan oğlan qorxu bilmədən at belində lap qonşu kənd olsun, ora getməyə necə cürət edirdi - mən yalnız bədbəxt hadisələri demirəm, axı, adi, hətta firavan bir ömür belə bu gəzinti üçün ona kifayət etməyəcək”.

YANINDAN ÖTÜB GEDƏNLƏR

Əgər gecə küçə ilə gedirsən və uzaqdan görünən - axı, bu küçə dağa tərəf uzanır və on dörd gecəlik ay da səmadadır - bir insan sənə doğru qaçırsa, hətta üzgün bir səfil olsa belə, hətta kimsə qışqıra-qışqıra onu qovursa da, sən o insanı saxlamayacaqsan; yox, qoy hara qaçırsa, ora da qaçsın.

Axı, indi gecədir və bu, səndən asılı deyil ki, ay işıq saçır, küçə də dağa doğru uzanır, bir də ki, bəlkə onlar kef üçün bir-birini qovur, bəlkə onların ikisi də üçüncü bir nəfəri izləyir, bəlkə birincinin heç bir taqsırı yoxdur və onu nahaq yerə təqib edirlər, bəlkə ikinci onu öldürmək istəyir, sən də qətlin iştirakçısı olacaqsan, bəlkə onlar bir-biri haqqında heç nə bilmir, hərəsi də öz evinə tələsir, bəlkə onlar yuxuda durub gəzən adamlardır, bəlkə birinci silahlıdı?

Nəhayət, bəyəm ola bilməz ki, sən yorulmusan, ya da həddən artıq şərab içmisən?

Və sən sevinirsən ki, artıq ikinci də gözdən itdi.

AĞACLAR

Zira biz qışda kəsilmiş ağaclar kimiyik. Elə bil, onlar sadəcə, qarda dığırlanıblar, yavaşca itələsən - onları yerindən tərpətmək olar. Yox, onları tərpətmək mümkün deyil - donub, torpağa yapışıblar.

Ancaq sən get də, get - bütün bunlar yalnız belə görünəndir.

SANÇO PANSA HAQQINDA HƏQİQƏT

Axşam və gecə saatları onu rısarlardan, quldurlardan bəhs edən romanlarla əyləndirərək, heç vaxt da bununla öyünməyən Sanço Pansa, gələcəkdə Don Kixot adlandıracağı bu əcinəsini illər boyu o qədər özündən uzaqlaşdırdı ki, həmin Don Kixot bir-birinin ardınca divanə hərəkətləri törətməyə başladı və sevilib-seçilmiş bir hədəfi olmadığı üçün - həmin hədəf isə məhz Sanço Pansa olmalı idi - bu hərəkətlərlə heç kimə bir zərəri dəymədi. Azad bir insan olan Sanço Pansa, görünür, hansısa bir məsuliyyət hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında onu maraqlı və xeyirli bir qəziyyə kimi son günlərinəcən müşayiət etdi.

DƏMİRYOLU SƏRNİŞİNLƏRİ

Əgər sadə şəkildə, adicə olaraq, özümüzə nəzər salsaq, uzun dəmiryol tunelində qəzaya uğramış sərnişinlərin vəziyyətindəyik, həm də elə bir yerdə ki, girişin işığı artıq görünmür, çıxışın işığı isə o qədər zəifdir ki, adamın nəzərləri elə hey onu axtarır, tapıb, təzədən itirir və hətta əvvəl ilə axırın mövcudluğuna əmin olmaq da mümkün deyil. Ətrafımızda isə ya hisslərimizin çaxnaşmasına görə, ya da onların gərginliyi ucbatından biz yalnız əcinələri - ovqatımızdan və yaralarımızdan asılı olaraq, kaleydoskopdakı kimi maraqlı, yaxud da üzuntülü bir oyunu görürük

Bu yerlərdə: “Mən nə edim?”, yaxud da “Mən nə üçün bunu edim?” - deyə soruşmurlar.

TƏZƏ VƏKİL

Bizim sıramızda təzə vəkil peyda oldu - d-r Butsefal. O, Makedoniyalı İsgəndərin döyüş atı idi, xarici görünüşü isə həmin uzaq vaxtları elə də büruzə vermir. Ancaq nələrsə də səriştəli insanların gözündən yayınmır. Bu yaxınlarda isə mən hətta gördüm ki, məhkəmənin giriş qapısı ağzında cıdır yarışlarının daimi tamaşaçısı olan sadə bir işçi hər şeyi görən gözləri ilə yanlarını oynada-oynada, cingildəyən addımlarla mərmər piləkanları pillə-pillə qalxan o vəkilə hansı bir heyranlıqla baxır.

Bir sözlə, vəkillər kollegiyası Butsefalın bizim zümrəyə daxil edilməsini dəstəkləyirdi. Nadir qavrama hissinə malik adamlar öz-özünə deyir ki, Butsefaldın dünya miqyaslı tarixi əhəmiyyətini nəzərə almasaq belə, indiki qanun-qaydalar içində yaşamaq onun üçün çətindir və o, elə buna görə də şəfqətə layiqdir. Razılaşın ki, bizim zəmanəmizdə İsgəndər kimi bir nəhəng yoxdur. Düzdür, bizdə də öldürməyi bacarırlar və Makedoniya da camaatın çoxu üçün darısqal bir yerdir, onlar ata Filippi lənətləyirlər, ancaq heç biri havaxtsa bizi Hindistana aparmaq iqtidarında deyil. Elə o vaxt da Hindistanın qapıları əlçatmaz idi, hər halda yolu çarın qılıncı göstərirdi. İndi o qapıları başqa yerə keçiriblər - daha uzaqlara və daha hündürlərə, - ancaq heç kim sizə o yolu göstərməyəcək; qılıncı siz çoxunun əlində görəcəksiz, ancaq onlar o qılıncı yalnız yelləyirlər və qılınc ardınca getməyə hazır olan nəzərlər itir, yox olur.

Buna görə də ən ağıllısı odur ki, Butsefal kimi bütün varlığınla qanun kitablarını oxumağa başlayasan. O, özü özünün ağasıdır və hökmlü atlının mahmızından azad olaraq, lampa işığında, sakitcə, İsgəndər vuruşlarının uğultusundan uzaqlarda bizim qədim qalın kitabları, foliantları oxuyu-oxuya, səhifələri bir-bir çevirir.

GECƏ VAXTI

O gecələr ki, hərdən başını aşağı salıb, fikrə qərq olursan, - bax, bütün varlığınla belə bir gecəyə qərq olasan. Sənin ətrafında insanlar yatıb. Kiçik bir komediya, məsum bir özünüaldatmadır ki, guya onlar öz evlərində, öz möhkəm çarpayılarında, möhkəm də bir damın altında, arxası üstə, ya da böyrü üstə dizlərini büküb döşəyin üstündə uzanıb, mələfələrin, odeyalların altında yatıblar; ancaq əslində, onlar haçansa bir yerdə olduqları kimi, indi də bir yerə yığışıblar, sonra isə yenə kimsəsiz bir yerdə açıq səma altında, düşərgədə saysız-hesabsız insanlar, tam bir ordu, bütöv bir xalq - üstlərində soyuq səma, altlarında soyuq torpaq, üzüqoylu, başları dirsəkdə, sakitcə nəfəs ala-ala bayaq ayaq üstə dayandıqları yerdə yatıblar. Sən isə yatmamısan, sən keşikçilərdən birisən və o biri keşikçini görmək üçün yanındakı bir topa şaxın arasından götürdüyün kösövü yelləyirsən. Bəs, sən nə üçün yatmamısan? Axı deyilib ki, kimsə keşikdə dayanmalıdır. Kimsə ayıq olmalıdır.

DAĞLARA DOĞRU GƏZİNTİ

Bilmirəm, - deyə səssiz qışqırdım, - axı, mən bilmirəm. Əgər heç kim getmirsə, deməli, heç kim də getmir. Mən heç kimə pislik etməmişəm, heç kim mənə pislik etməyib, ancaq heç kim də mənə kömək etmək istəmir. Heç kim, heç kim. Neynək, olsun. Ancaq bax, heç kim mənə kömək etməyəcək, halbuki bu Heç kim - Heç kimlər hətta nəşəli ola bilərdi. Mən çox həvəslə - niyə də yox? - bu cür Heç kim - Heç kimlərlə gəzintiyə çıxa bilərdim. Aydın məsələdir ki, dağlara sarı - başqa hara ola bilərdi? Onlar neçə nəfərdi - hamısı da bir-birinə qısılıb, neçə əldir - hamısı da bir-birinə pərçim olub, birləşiblər, neçə ayaqdır - hamısı da bir-birinə sıxılıb addımlayırlar. Əlbəttə ki, hamısı da frak geyib. Bax, biz beləcə gedirik. Harda ki, bizim aramızda kiçicik bir yarıq qalıb, ordan da külək hər tərəfə əsir. Dağlarda elə azad nəfəs alırsan ki! Orası da qəribədir ki, biz oxumuruq.

ƏLBİSƏLƏR

Mən gözəl qızların geydiyi qatları dolu, büzmələri naxışlı gözəl donları görəndə, tez-tez fikrimə gəlir ki, bu donlar öz gözəlliyini çox saxlamayacaq; o büzmələr əziləcək və onları daha ütüləmək olmayacaq, naxışlar solacaq, çirklənəcək və onları da daha təmizləmək olmayacaq və heç bir qadın istəməz ki, gündən-günə, səhərdən axşamacan həmin gözəl donu geysin, çünki qorxacaq ki, zavallı və gülünc görünər.

Bir də ki, mən, zərif, incə qamətli, sifətləri can alan, dəriləri hamar, saçları gur olan və təbiətin onlara bəxş etdiyi bu maskada elə həmin sifətlərini elə həmin ovuclarına alıb, gündən-günə ləzzətlə güzgüdəki əkslərinə baxan gözəl qızları görürəm.

Ancaq hərdən gecə vaxtı baldan qayıdandan sonra güzgüyə nəzər salanda, bir də görəcəklər ki, üzgün, şişkin, solmuş və artıq hamının dəfələrlə gördüyü boyat bir sifət onlara baxır.

 

 

ELÇİN

 

 

525-ci qəzet.- 2019.- 9 fevral.- S.14-15.