Professional rəssam və mahir heykəltəraş   

 

Azərbaycan təsviri sənətinin və heykəltəraşlığın inkişafında özünəməxsus mühüm xidmətləri olan görkəmli xalq rəssamı, professor Hüseynqulu Əliyev çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, təsviri sənətin rəngkarlıq, qrafika, teatr rəssamlığı istiqamətlərində və heykəltəraşlıq sahələrində professional səviyyədə məşğul olur, özünün ustad sözünü deyə bilir.

Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyarkən (1971-1975) çəkdiyi peyzaj rəsmləri ilə yaradıcılığa başlayan Hüseynqulu Əliyev fərqli baxış bucağı və rəng seçimi ilə maraq doğuran gənc fırça sahibi kimi müəllimlərinin diqqətini cəlb etmişdir. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsində təhsil aldığı illərdə (1977-1982) isə o, bu böyük sənət ocağında ona dərs demiş Azərbaycanın görkəmli sənətkarlarından Lətif Kərimov, Toğrul Nərimanbəyov və Tokay Məmmədovdan rəssamlığın və heykəltəraşlıq sənətinin sirlərini daha dərindən öyrənmiş və yaradıcılıqla inkişaf etdirmişdir. Beləliklə, Hüseynqulu Əliyevin sənətində iki istiqamətin - rəssamlıq və heykəltəraşlığın əsası qoyulmuşdur. Təsviri sənətdə o, Toğrul Nərimanbəyov rəngkarlıq məktəbinə aid olub, bu əlvan rənglərin palitrasından ibarət olan sənət üslubunu yaradıcılıqla davam etdirmək və yeni çalarlarla zənginləşdirməklə öz dəst-xəttini müəyyən etmişdir. Xalq rəssamı Hüseynqulu Əliyevin rəsm əsərlərində təsvir edilən nar dənələri və təbiət təsvirlərindən kompozisiya yaratmaq bacarığı ana xətləri ilə Toğrul Nərimanbəyov məktəbinin onun sənətində yaşayan izləridir. Lakin göründüyü kimi, dünya şöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun bədii sənətində onun möhürünə, imzasına çevrilmiş nar kompozisiyaları serialı Hüseynqulu Əliyevin rəsmlərində nar dənələri fraqmentləri formatında davam etdirilmişdir. Bundan başqa, böyük müəlliminin rəsm əsərlərindəki nar çiçəklərini Hüseynqulu Əliyev daha çox payız ləçəkləri ilə əvəz etmişdir. Mənsub olduğu məktəbin açıq parlaq rənglərini Hüseynqulu Əliyev ala tünd rəng çalarları ilə yeniləşdirmişdir. Hüseynqulu Əliyevin rəsmlərindəki ala və tünd rənglərin harmoniyası onun fikirlərini ifadə edən əsas bədii vasitələrdir. Doğrudur, rəssamın təsvirlərində ağ-ala, işıqlı rənglər tünd rənglərlə müqayisədə üstünlük təşkil edir və onun ifadə etmək istədiyi, almaq üçün səy göstərdiyi effekti mənalandırmaq baxımından daha funksionaldır.

 

Bundan başqa, Hüseynqulu Əliyevin palitrasında tünd rənglər heç də qara rəng mənasını daşımır. O, tünd rəngin bənövşəyi, çəhrayı və sair çalarları ilə ala-açıq, açıq mavi rənglərin harmoniyası vasitəsilə kətan üzərində maraqlı, cəlbedici, fərqli və baxımlı mənzərələr, portretlər canlandırmağı bacarır. Bu fərqli və uğurlu rəng həlli Hüseynqulu Əliyevin demək olar ki, əksər rəsm əsərlərinin danışan dilidir. O, yalnız ciddi, sərt ictimai-siyasi mövzularda, məsələn soyqırım mövzusunda tuşla çəkdiyi rəsmlərdə tünd qara rənglər istifadə etməklə kifayətlənir. Qalan bütün hallarda Hüseynqulu Əliyevin fırçasında düşünülmüş tündvari rənglər ciddilik, möhkəmlik, bütövlük effektləri yaradan fondan uzağa getmir. Yaradıcılığında sabitləşmiş rəng effektləri onun həmin rənglərin sintezinə meydan açan kompozisiya seçimini müəyyən edir. Fikrimcə, Hüseynqulu Əliyevin yaradıcılığında yazqabağı və qış ərəfəsi fəsillərinə həsr olunmuş fraqmentlərin, mənzərələrin kifayət qədər çox olması rəssamın sabitləşmiş rəng sistemi ilə təbiətin həmin çağlarının uyğunluğundan, harmoniyasından irəli gəlir. Nisbətən açıq rənglərdən, yasəmən effektlərindən o, əsasən natürmort yaradıcılığında bacarıqla istifadə edir. Bu məqamda o, rəsmlərində yaz fəslini, bahar əhval-ruhiyyəsini çox təbii və bənzərsiz şəkildə ifadə edə bilir. Beləliklə, xalq rəssamı Hüseynqulu Əliyevin palitrasında təbiətin gözəllikləri fərqli bir şəkildə təsvir olunur. Fikrimcə, seçilmiş rənglərin özünəməxsusluğu və onlardan yaradıcı istifadə Hüseynqulu Əliyevin fərdi üslubunu müəyyən edir. Fərqli üsluba malik olmaq isə incəsənətin bütün növlərində, o cümlədən də rəssamlıqda əsl sənətkar olmağın əsasını təşkil edir. Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev ölkəmizin zəngin ənənələrə malik təsviri sənətində özünəməxsus yeri, mövqeyi və üslubu olan görkəmli sənət xadimlərindən biridir.

Hüseynqulu Əliyevin mövzu dairəsi geniş və rəngarəngdir. O, siyasi portretlərdən tutmuş, dövlət müstəqilliyi ideallarına, Azərbaycan xalqının başına gətirilmiş soyqırım həqiqətlərinə, müasirlərimizin həyatına, təbiət mənzərələrinə qədər demək olar ki, xalqımız və ölkəmiz üçün əhəmiyyətli olan əsas mövzularda fırçasını böyük uğurla sınaqdan çıxarmışdır. Mövzusundan asılı olmayaraq Hüseynqulu Əliyevin bütün rəsmlərində, hətta portretlərində də müəyyən kompozisiya vardır. Bütün hallarda o, insanı və təbiəti mühitinin səciyyəvi detalları və dinamikası ilə birlikdə təsvir edir. Xalq rəssamının mahir fırçası ilə yaratdığı “Ümummilli lider” portretində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini dünyada tanıtmaq uğrunda apardığı mübarizə istedadla seçilmiş detallarla ifadə olunmuşdur. Başı üzərində dalğalanan dövlət bayrağımızın və addımlamaqda olan yer kürəsinin təsviri ümummilli liderin mübariz ruhunu və dünya şöhrətini çox dolğun şəkildə mənalandırır. “Akademik Zərifə xanım Əliyevanın portreti” adlı rəsm əsərində alim-ana təbəssümü ilə interyerdə yer almış tər çiçəklər bir-birini tamamlayır. Cəlil Məmmədquluzadənin portretini Nəriman Nərimanovla birlikdə təqdim etmək şəxsiyyəti zəmanəsi və tarixi simaları ilə əlaqədə təsvir etmək baxımından mükəmməl alınmışdır.

“Şair Elman Həbibin 60 illik yubileyinə həsr olunmuş portret” də istedadlı qələm sahibinin yazdığı kitabların onun yazı masasının dayaqları kimi təsvir edilməsi sənət dili ilə desək, düşünülmüş bir tapıntıdır. Bu rəsm əsəri dünyadan vaxtsız köçmüş şair Elman Həbibin obrazını çox dolğun və mənalı şəkildə ifadə edən orijinal portretdir.

Sadə əmək adamı olan “Əli ustanın portreti” onun peşə-əmək mühiti ilə birlikdə təqdim olunur. Hətta ailə silsiləsindən olan “Həyat yoldaşım”, “Mənim Leylam”, “Qızımın portreti” rəsmlərində də kompozisiya əlamətləri ifadə edilmişdir. Maraqlıdır ki, Hüseynqulu Əliyev özünün avtoportretlərini də kompozisiya çərçivəsində çəkmişdir. Biz həmin avtoportretlərdə xalq rəssamını ailə üzvləri, nəvələri və sənət dostları ilə bir yerdə görürük. Kompozisiyalı rəsm əsərləri yaratmaq, portret rəsmlərində də səciyyəvi kompozisiya detalları əks etdirmək rəssamın təkcə həyatı, təbiəti və insanı təqdim etməklə qalmayıb, həm də hər dəfə yeni bir fikir ifadə etmək istedadını da nümayiş etdirir. Bu mənada Xalq rəssamı Hüseynqulu Əliyevin rəsm əsərləri, xüsusən də portret rəsmləri obrazın fərqli görünüşü ilə yanaşı, həm də onu tamamlayan fikir və mətləbləri, detalları və ideyaları da canlandırır.

Xalq rəssamının Azərbaycan romantizminin banisi Hüseyn Cavidə həsr etdiyi rəsm əsərini “Hüseyn Cavidin kompozisiyalı obrazı” adlandırması onun özünün də portret rəsmlərinin kompozisiya zəminində yaratdığının fərqində olduğunu göstərir. Fikrimizcə, müxtəlif janrlarda çəkilmiş rəsm əsərlərində kompozisiya yaratmaq istiqaməti Hüseynqulu Əliyev sənətinin fərdi özünəməxsusluğunun səciyyəvi xüsusiyyətlərindən biridir.

Xalq rəssamı Hüseynqulu Əliyevin mənzərə janrında çəkdiyi rəsm əsərləri də özünəməxsus rəng çalarlarına və kompozisiya elementlərinə görə təsviri sənətin fərqli səhifələri təəssüratı yaradır. Peyzaj rəsmlərində müşahidə olunan əlavə bir cəhətdə rəssamın realist təsvirlərində romantika elementlərinin olmasıdır. Yağlı boya ilə çəkilmiş “Naxçıvanda bahar” rəsmində təbiət gözəlliklərinin fonda təsvir edilmiş qürurlu dağların timsalında canlandırılması, hətta yaşıl çəmənlikdə sanki yel qanadlı ağ atların diqqət mərkəzinə çəkilməsi cizgilərdəki reallıqlara romantik görkəm verir. Xalq rəssamının Azərbaycan Dövlət İncəsənət Universitetində diplom işi kimi təqdim etdiyi “Mənim Naxçıvanım” monumental barelyef tablosu rənglərin qamması ilə romantikasının üzvi sintezindən yoğrulmuş mənalı və qiymətli təsviri sənət nümunəsidir. “Babaların yolu”, “Ağ at”, “İpək yolu”, “Kənd mənzərəsi” rəsmlərində də rənglər real təsvirləri, dağlar isə məğrurluq və qürurun romantikasını çox dolğun ifadə “Kənddə toy” tablosu isə süjetli rəsm əsəri kimi kənd toylarının görünüşünü, ritmini və romantikasını bütün təbiiliyi ilə əks etdirir. Bu Azərbaycan kəndistanının toy ənənəsinin rənglərlə ifadə olunmuş orijinal tablosudur. Eynilə də “Bağda” tablosunu təbiiliyinə görə  mahir fotoqrafın çəkdiyi fotodan seçmək çətindir.

Hüseynqulu Əliyevin böyük məharətlə yaratdığı “Göygöl” silsiləsi Azərbaycan təsviri sənətində realist-romantik rəssamlığın nadir nümunələri hesab edilməyə layiqdir. O, real gerçəklikdə təbiətdəki dörd fəslin də gözəlliklərini özündə əks etdirən Naxçıvan Göygölünün timsalında kətan üzərində bütün rənglərin cazibədarlığını canlandırmağı bacarmışdır. Bu, Hüseynqulu Əliyevin fırçasının uğurlu nümunəsi olmaqdan başqa, ümumiyyətlə, rəng və torpaq ovqatı mənasında Azərbaycan təsviri sənətinin gömgöy, rəngbərəng Göy gölüdür.

Natürmort silsiləsi Hüseynqulu Əliyevin peyzaj rəsmlərinin üzvi tərkib hissəsidir. Natürmort rəsmlərindəki təsvirlər sanki onun çəkdiyi mənzərələrdən seçilib ayrılmış və bir qədər böyüdülmüş tablolardır. Bundan başqa, Hüseynqulu Əliyev natürmort əsərlərində də kompozisiyaya meylli sənətkar missiyasını həyata keçirir. “Dolça ilə natürmort”, “Limonla güllər”, “Şərab ilə balıq”, “Alma ilə yasəmənlər”, “Meyvələrlə qızılgüllər”, “Küpə ilə natürmort”, “Xalça ilə natürmort” və nəhayət, “Venera ilə natürmort” rəsmlərinin adlarındakı “ilə” qoşması natürmortla kompozisiyanın digər tərəf müqabilini bir-biri ilə əlaqələndirən əlamətdir.

Hüseynqulu Əliyevin yaradıcılığında heykəltəraşlığın da özünəməxsus yeri vardır. Onun müəllifi olduğu Koroğlu heykəli milli azadlıq hərəkatı ərəfəsində (1988) Naxçıvan şəhərində ucaldılmış və xalqımızın dövlət müstəqilliyi uğrunda mübarizəsinə ton vermişdir. Hüseynqulu müəllimin yaratdığı böyük demokrat ədib Cəlil Məmmədquluzadənin ədəbiyyatımıza gətirdiyi “kiçik adam”ların - Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal və başqalarının plastik heykəlləri həmin obrazların zahiri görkəmini və mənəvi aləmini aydın surətdə ifadə edir. Naxçıvan şəhərinin Şəhidlər xiyabanında 2014-cü ildə ucaldılan “Ana abidəsi” daşdan yonulmuş portret təsiri bağışlayır. Bu mənada Hüseynqulu Əliyev rəssam-heykəltəraş qismində çıxış edir. 

Azərbaycan teatr rəssamlığının inkişafına da Hüseynqulu Əliyev məsuliyyətlə xidmət edir. Onun Cəlil Məmmədquluzadənin “Ölülər” və “Dəli yığıncağı” tragikomediyalarına, Hüseyn Cavidin “Şeyx Sənan” və “Xəyyam” faciələrinə, Adil Babayevin “Koroğlunun Çənlibel səfəri” dramına və başqa dram əsərlərinə çəkdiyi dekorasiyalar, hazırladığı geyim eskizləri tamaşanın mahiyyətinin açılmasında və daha təsirli şəkildə ifadə olunmasında mühüm əhəmiyyət kəsb edir. Hüseynqulu Əliyevin tərtib etdiyi dekorasiyalara və geyim eskizlərinə baxıb, tamaşanı görmədən də səhnəyə çıxarılan əsərin ideya-məzmununu  başa düşmək mümkündür.

Son illərdə Hüseynqulu Əliyev karikatura yaradıcılığı ilə də ardıcıl surətdə məşğul olur. Cəlil Məmmədquluzadənin əsərlərinə çəkilmiş illüstrasiyalarla başlanan karikaturaçılıq genişlənərək “Molla Nəsrəddin” karikatura məktəbi ənənəsinin müasir dövrdəki uğurlu davamına çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri kimi Hüseynqulu Əliyev 2000-2011-ci illərdə Bəhruz Kəngərli diyarında rəssamlıq sənətinin inkişaf etdirilməsinə bacarıqla xidmət etmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışan professor Hüseynqulu Əliyev Muxtar Respublikada müstəqillik dövrü Azərbaycan rəssamlığının yeni nəslinin yetişdirilib hazırlanması yollarında fəaliyyətini uğurla davam etdirməkdədir. O, elmi-təşkilatı fəaliyyətlə yaradıcılıq işini uzlaşdıraraq, təsviri sənət sahəsində də müasir dövrün ritmlərini əks etdirən rəsm əsərləri ilə yeni izlər salır.

Fikrimcə, peyzaj janrında çəkilmiş “Torpaq və adamlar” tablosu xalq rəssamı Hüseynqulu Əliyev sənətinin rənglərini və mahiyyətini tam şəkildə ifadə edən ümumiləşdirilmiş rəsm əsəridir. Hüseynqulu Əliyevin yaradıcılığı başdan-başa doğma torpağın adamlarına və gözəlliklərinə həsr olunmuşdur. O, Azərbaycan torpağını, yaşayıb-yaratdığı Naxçıvan diyarının gözəlliklərini ilhamla və istedadla rəsm etmişdir. Rəsm əsərlərində ifadə edilən qürurlu, ilhamlı adamlardan biri də Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyevin özüdür. Müəllifi olduğu rəsm əsərləri qalereyası və yetirdiyi yeni nəsil 70 yaşa gəlib çatmış Hüseynqulu müəllimin doğma torpaq və müqəddəs ölkə qarşısında dərin mənalı hesabatıdır. Görkəmli rəssam və mahir heykəltəraş Hüseynqulu Əliyevi tərcümeyi-halının əlamətdar tarixi hadisəsi olan ad günü münasibətilə ürəkdən təbrik edir, ona daha böyük sənət uğurları və möhkəm cansağlığı arzulayıram.

4 fevral 2019-cu il

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

 

525-ci qəzet.- 2019.- 9 fevral.- S.10-11