İlahi zərrənin
işığı - söz...
İNSANLIĞIN HAFİZİ HAQQINDA DÜŞÜNCƏLƏR
Bəşər nəslinin ən böyük sərvəti
elə sözdür. Sufilər sözü işıq bilirdi -
ilahi zərrənin işığı. Kimin
ki ruhuna söz hakim olur və elə onun özünü də
söz idarə etməyə başlayır. Sözün göstərdiyi yolla gedən adamın mərtəbəsi
də ucalır.
Söz adamlar var dünyada. Başdan-başa
sözə dönmüş, sözün içində
dünyaya gəlmiş, sözün özü ilə
böyümüş və sözünü də
böyütmüş adamlar var.
Dostum Hafiz Hüseynxanlının 75 yaşı tamam olur. Söz
duyğulanmaları ilə Hafiz Hüseynxanlı haqqında
danışmaq istəyim təsadüfi deyil. Dünyada qəribə
yazıçılar var. Onlar çox vaxt yazmırlar və
yaxud çox az yazırlar. Müasirləri
onları sənətin özü kim,
sözün özü kimi uca tutur, yüksək qiymətləndirirlər.
Ən başlıcası ona görə ki,
onların sözü sözün qiymətidir. Onlar sözün hansı qiymətdə olduğunu
yaxşı bilirlər. Düşüncə tərzi, təfəkkürü,
bədii sözün, ədəbi sözün bütün
mizanlarına uyğun gəlsə də, Hafiz
Hüseynxanlı kimi ziyalılar az
yazdıqlarına görə heç vaxt peşman olmurlar. Çünki onların mənəvi mühiti həmişə
təmin olunur.
İstedadı görmək və duymaq, onu düzgün
istiqamətləndirmək, sözün siqlətini,
gücünü, ağırlıq mərkəzini göstərə
bilmək Hafiz Hüseynxanlını bir ziyalı kimi xarakterizə
edən əsas keyfiyyətdir. Onu görəndən,
tanıyandan bu günəcən - 30 illik bir dövr ərzində
həmişə belə görmüşəm.
....İNSANLIĞIN
HAFİZİ - Onu
dostları elə beləcə də tanıyırlar.
Ötən əsrin 70-80-ci illəri mənim mətbuatla
ilk təmas, münasibət dövrümdür. İlk
yazılarımın çap olunduğu və ilk qeydlərimin
işıq üzü gördüyü həmin dövrlər
yaddaşımda qəribə iz buraxıb. O ilk həyəcanlar,
balaca, bir-iki sütunluq rayon qəzetində dərc olunan
yazılar təkcə mənim qəlbimə işıq
salmırdı, məni tanıyanlar, mənə yaxın
olanlar, dostlarım, ailə üzvlərim də bu
yazıları görüb sevinir, qürurlanırdılar.
Əlbəttə, söz ola bilməz ki, ən
çox sevinən də özüm olardım. İndi
hərdən o illəri yada salıb düşünəndə
rayon qəzetinin redaktorlarını yada salanda
düşünürəm. Onların hansı birininsə
sərt, kobud münasibəti məni qələmdən ayıra bilər,
sözdən uzaqlaşdırardı.
Yaddaşımda həmin
dövrün təbiətini əks etdirən, bəlkə də,
elə həmin dövrün siması olan əfsanələşmiş,
nağıla dönmüş redaktorlar var. İnqilab
Əliyev, Feyruz Atakişiyev, Mahmud Ağalarov, Məmmədağa
İsayev, Əvəz Rzayev, Sirac Rüstəmov, Adil Şərifov,
Mürsəl Qocayev, Oqtay Cəfərov, Rafiq Əliyev, Ələddin
İncəli, Habil Əsədov, Habil Əsədov, Sahib
Əliyev, Məcnun Namazaliyev və nəhayət, mənim
haqqımda daha geniş danışmaq istədiyim Hafiz
Hüseynxanlı (Cəbrayıl).
Bu ziyalıların hər biri respublikanın mətbuat
aləmində öz dəsti-xətti ilə tanınan,
yaradıcılıq yolu olan, yeni nəsil - 80, 90-cı illərin
mətbuatında demokratiya uğrunda. Azadlıq mücadiləsi
uğrunda qələmi ilə döyüşən jurnalistlər
nəslinin yetişməsində, formalaşmasında əvəzsiz
xidməti olan mətbuat işçiləri, mətbuat təşkilatçıları
idilər. Özlərindən sonra gələnlərə
elə bir dövr qismət olmuşdu ki, onlar həm təkzib
olunmayan, hər cür müqavimətdə davam gətirən
yazı yaza bilirdilər və eyni zamanda, təmsil etdikləri
qəzetlərin simasını qoruya bilirdilər. Əgər onlar özləri birici növbədə
yazmasaydılar, yaza bilməsəydilər, o dövrdə deyildiyi
kimi, rayon partiya komitələrinin qılıncının
altında titrəyən, o dəhşətli siyasi divanlardan
salamat çıxa bilməzdi. Partiya
funksionerlərinin qılınc nə qədər iti olsa da,
onlar sözün qabağında titrəyirdilər. Onların ən çox qorxduğu o idi ki, söz meşin
qapıları qırıb oturduqları rahat kreslodan onları
bayıra ata bilər. Ləğv olunan qəzet
nömrələri, nömrədən çıxarılan
materiallar, hətta o dövrün ittifaq miqyasında
böyük ittihamlara çevrildi. Və həmişə
partiya orqanlarının başının üstündəki
domokl qılıncı kimi asılırdı.
Hafiz Hüseynxanlı belə bir dövrdə Cəbrayıla
rayon qəzetinin redaktoru vəzifəsinə göndərilmişdi. Ondan əvvəlki
redaktorların hər biri ilə görüşlərim
olmuşdu və indi mən onları xoş xatirələrlə
yada salıram. Ancaq Hafiz Hüseynxanlı
öz gəlişi ilə qəzetə təzə söz gətirdi.
Ən başlıcası, cəsarət gətirdi.
O, 80-ci illərin bir dəmir qadağasını da
sındırdı - "Mətbuatda ancaq jurnalistika fakültəsinin məzunları
işləyə bilər". Bu hökm
heç yerdə yazılmamışdı. Bu hökmün arxasında heç bir qanun, sərəncam
və göstəriş dayanmasa da, kabus bütün ölkə
mətbuatının üstündə dolaşırdı və
öz hökmünü diktə edirdi.
Ötən əsrin 80-ci illərinin əvvəllərində
rayon qəzetində tez-tez yazılarım çap olunurdu. Rayon qəzetinin redaktoru,
ağsaqqal, müdrik bir kişi idi - Adil
Şərifov. Nəsli-tayfası 30-cu illərdə
repressiya olunmuşdu. Sovet
dövrünün hər üzünü demək olar ki,
görmüşdü. Ancaq buna baxmayaraq, mənim "Yabançı əxlaq və
onunla mübarizə" adlı yazımı çap
etmişdi. Yazı yeni Konstitusiya ilə
bağlı idi. Konstitusiyada yabançı
və ikiüzlülük, müftəxorluq, yaltaqlıq və
yarınmaq kimi keyfiyyətlərin sovet adamına yaraşmaz
olduğu göstərilir və sifətlərə
qarşı mübarizə aparılması təlqin olunurdu.
Həmin dövrün psixologiyası ilə
yanaşaraq mən də təkliflər vermişdim.
Hətta bu cəhətlərə görə həmin
yazıda cəza da tələb edirdim. Yazım
redaksiyada mübahisəyə səbəb olmuşdu və
redaktor məni də dəvət etmişdi. Xeyli ixtisardan sonra materialın dərcinə razı
oldum və hələ Adil müəllimı minnətdarlığımı
da bildirdim. Sonra "Dağların
gözü yolda" adı publisistik qeydlərim də
çap olundu və burada da tənqidi notlarım var idi. Və bir gün eşitdim ki, rayon qəzetinin
redaktorunu dəyişiblər. Qəzetə
yeni redaktor gəlib - Hafiz Hüseynxanlı və ilk büroda
Hafiz Hüseynxanlı cəsarətlə qəzetin problemlərindən
danışıb. Redaksiyaya yeni qüvvələr
gətirəcəyini bəyan edib. Texniki
avadanlıqların təcili dəyişdirilməsinin
vacibliyini vurğulayıb. Hətta onun
özünün rayon qəzetinə gəlməsinə etiraz
etməyən rayon partiya komitəsinin birinci katibi də bu qədər
ciddi təkliflərin qabağında münasibətini bildirməli
olub. "Biz sənin gəlişinə
etiraz etmədik, ona görə ki, bu işləri özün
görəsən". O vaxt büroda belə münasibətin
qabağında bircə söz deyilirdi: "Baş üstə!"
Amma iclasdakılar tamam başqa söz eşitdilər:
"Xeyr! Əgər sizin köməyiniz olmasa, əgər
siz mənim təkliflərimə tərəfdar
çıxmasanız, mən heç nə edə bilmərəm".
Hafiz Hüseynxanlı qəti şəkildə
sözünü deyir və əyləşir. Büro
üzvləri ona him-cimlə başa salmaq istəyirlər ki,
belə olmaz. Birinci katibin
qarşısına bu cür tələb qoymaq rayon partiya komitəsinin
nüfuzuna xələl gətirər. Hətta
iclasın axırında onu tənqid etmək istəyənlərə
və bununla da birinci katibə yarınmaq istəyənlərə
Hafiz Hüseynxanlı bir də cavab verməli olur. "Qəzet elə bir xüsusi sahədir ki, ora
ancaq rəğbətli münasibətlə müdaxilə etmək
olar". Bəlkə də, birinci katib o
vaxt ürəyində belə bir cəsarətli redaktor
üçün razılıq verdiyinə qürurlanır,
ancaq həmin dövrün psixologiyasına, düşüncə
tərzinə görə bunu bildirmirmiş. Büro üzvləri, yığıncaq
iştirakçıları qaya kimi sərt, sözünün
keşiyində dura bilən bir redaktorla
qarşılaşdıqlarını başa düşür
və öz paylarını götürürlər.
Beləcə redaksiyada Hafiz müəllimlə ilk
görüşüm də xatirimdədir. Həmin görüşdə
adımı dedim. Ancaq o, "tanışlığa ehtiyac
yoxdur, mən sizi tanıyıram" dedi. Sonra
da həmin yazılarımın sərlövhələrini
xatırlatdı. Gördüm ki, Hafiz
müəllim mənim yazımı oxuyub.
Yaz vaxtı idi, 80-ci illərin əvvəlləri. Günorta
fasiləsinə çıxmağa bir saat qalırdı.
Və hələ cədvəldə də
keçmədiyim bir dərsim. Xəbər
gəldi ki, məni evdə gözləyirlər. Qonaq gəlib, məktəbin direktorundan icazə
alıb tez evə gəldim. Həyətdə
"UAZ" maşın dayanmışdı. Və bir neçə nəfər də bağda təzə
açılmış qızılgül kollarının
arasında dayanıb söhbət edirdi.
Tanımadığım heç kim yox
idi. Ən az tanıdığım, bir-iki
dəfə redaksiyada gördüyüm Hafiz Hüseynxanlı
da burada idi. Rayon partiya komitəsinin təsərrüfata baxan
katibi, təşkilat şöbə müdiri, xalq nəzarəti
komitəsinin sədri gözdən-könüldən iraq, az qala Allahın da yadından
çıxmış bir kəndə və kənd müəlliminin
həyətinə nə üçün gəlmişdilər.
Dəqiq deyə bilməzdim. Elə bu fikir və düşüncələrlə
bu gəlişin səbəbini axtara-axtara qonaqlarla
görüşdüm. Elə onların özlərinin
köməyi ilə həyətdə stol
açdıq. Bağçada əkdiyim
göy-göyərtidən topladıq, samovar qaynadı, həyətdə
toyuq-cücə, bir-iki də quzu saxlayırdıq - elə belə
məqsədlər üçün, qonaq-qara gələndə
kəsmək üçün. Çay
süfrəsi arxasında söhbət Qurbanidən
düşdü. Hafiz Hüseynxanlı dedi ki, Qurbani
dirili deyil, halbuki Diri dağın ətəyində, elə
Qurbaninin kəndində yaşayırdıq. Və
Qurbaninin qəbri də qonaqların keçib gəldiyi
dağ aşırımında, yolun üstündə idi.
Mən təəccüblə Hafiz Hüseynxanlının
üzünə baxdım:
- Necə
yəni Qurbani dirili deyil?
- Bəli,
dirili deyil, Qurbani ermənistanlıdı,
gürcüstanlıdı, türkiyəlidi, iranlıdı, amma
dirili deyil.
- Əgər Qurbani dirili olsaydı, onda sən indiyədək
elə Qurbaninin özündən mövzu götürüb
dissertasiya mudafiə etməliydin. İndiyəcən Qurbaninin məzarı
səliqəyə salınmalı idi, türbə
ucaldılmalı idi... bunu kim edəcək?
Əgər yazmasanız, deməsəniz, yada
salmasanız onda necə başa düşək ki, Qurbani
dirilidir.
Hafiz Hüeynxanlı düz deyirdi.
Qonaqlar necə gəlmişdilərsə, eləcə də
getdilər.
Kənddə şayiə gəzirdi. Deyirdilər
ki, məni məktəbə direktor qoymaq istəyirlər.
Əlbəttə, belə bir təklif
olsaydı, yəqin ki, mən razı olmazdım. Çünki məktəb direktoru da yaxın qohum
idi. Hətta bu şayiələr
münasibətlərimizə pis təsir göstərmişdi.
Aradan bir neçə ay keçdi. Demək olar ki, Hafiz Hüseynxalının o gəlişi
də, o şayiələr də qalmışdı.
Mənim həyatımda bir neçə işıqlı
anlar olmuşdu, ümidli anlar olmuşdu. Doğrusu,
özüm də taleyin qismətilə gedib
düşdüyüm həmin kənddən çıxmaq
istəyirdim. Baxmayaraq ki, özümə
ev-eşik qurmuşdum. Yaxşı
bağ-baxça salmışdım. Ağaclar
təzə-təzə meyvəyə düşürdü.
Və bir gün yenə bir "UAZ" maşını
evin yanına dayandı. Ancaq bu maşın idarə
maşını deyildi. Taksi xidməti
göstərilən maşın idi. Taksi
sürücüsünü də yaxşı
tanıyırdım. Telman adlı şirin
söhbətcil, adama tez qaynayıb-qarışan oğlan idi.
- Məni
rayon qəzetinin redaktoru Hafiz Hüseynxanlı göndərib.
Dedi ki, təcili gəlsin. İki saatdan sonra
katiblə göruş başlayır.
Bir hazır tərcümeyi-hal tapıb
götürdüm və bir də diplomu. Sürücü
çay içənə qədər
üst-başımı səliqəyə salıb
maşına oturdum. Düz redaksiyanın
qabağına gəldik. Şənbə günü
olduğundan, ya hansı səbəbdənsə, demək olar
ki, heç kim yox idi. Hafiz
Hüseynxanlı ilə redaksiyanın qapısının
ağzında görüşdük.
- Sənədləri
ver görüm.
Mən həmin tərcümeyi-hal vərəqini və
diplomu çıxarıb Hafiz müəllimə verdim.
- Elə
bu?
Mən təbii ki, elə bu sualın veriləcəyini
gözləyirdim.
-
Doğrusu, sənədləri hazırlamağa vaxt olmadı,
- dedim.
Hafiz müəllim stolun siyirtməsindən bir qovluq
çıxardı. Diplomu da, tərcümeyi-hal vərəqini
də qovluğun içərisinə qoydu. Bir doldurulmamış kadrların uçotu vərəqini
də tapıb diplomun altında qovluğun içinə qoydu.
Elə tələsə-tələsə də
maşına oturub rayon partiya komitəsinə getdik.
Gözləmə otağında çox dayanmadıq. Növbətçi telefonun
dəstəyini götürüb astaca nəsə
pıçıldadı. Sonra da özü qapını
açıb-buyurun, - dedi.
Hafiz Hüseynxanlı şəstlə, iri addımlarla
düz katibin yanına getdi. Katib də stolundan
qalxıb bir-iki addım qabağa çıxdı və
onunla əl tutdu.
-
Yoldaş Rzayev, bu, sizə haqqında
danışdığım oğlandır, savadlı və
istedadlıdır. İnstitutu fərqləmə
diplomu ilə qurtarıb.
- Sənədləri
də hazırdır, məsləhət bilsəniz, birinci
gündən işə çıxar.
- Bəs
maaşı necə? Kənddəki maaşı
ilə buradakı uyğun gəlir?
- Xeyr,
yoldaş Rzayev, burda maaşı az olacaq. Ancaq ailə vəziyyətinə görə
özü rayon mərkəzində işləmək istəyir.
- Bax buna
deyirlər humanizm.
Bu sözlərdən sonra katib mənə tərəf
baxdı. Deyəsən, bununla demək istəyirdi ki, hamı
sənin fikirləşdiyin kimi deyil, bax, belələri də
var.
Beləcə, rayon qəzetində işləməyə
başladım. Sonralar onu da öyrəndim ki, Hafiz
Hüseynxanlı məni işə götürənəcən
nə qədər adamlardan soruşub, maraqlanıb. Tarix müəllimim Bahadır Mehdiyev haqqında
onunla saatlarla söhbət edib. Və bir
gün Hafiz Hüseynxanlı raykomun işçilərini,
büro üzvlərini də yığıb kəndə, mənim
evimə gətirməklə məqsədini qətiləşdirib.
Sanki ictimai rəyi, fikri mənim xeyrimə dəyişdirənəcən
nə qədər mübarizə aparıb.
Sonralar hətta mənə görə onun
"başı ağrıyanda" imzalı-imzasız məktublar
Mərkəzi Komitəyə, müxtəlif ünvanlara
yollananda da heç vaxt
peşmançılığını büruzə vermədi. Daha sonralar qəzet
rayon partiya komitəsinin bürosunda müzakirə olunanda da
yazılarımdan misallar gətirdi. Və əslində,
məni zərbə altına düşməyə qoymadı.
İndi o illəri yada salıb ömrümün
yaradıcılıqda gedən anlarını, həyatımın
o dönüşü ilə müqayisə edirəm və
düşünürəm. Ədəbiyyatımız
üçün, sözümüz üçün, mənəvi
varlığımız üçün bir iş görə
bilmişəmmi - özümə sual verirəm. Əgər həqiqətən
bir iş görə bilmişəmsə və dərc olunan
kitablarım təqdir olunursa, ürəkləri titrədən
yazılar yazmışamsa, bu yaradıcılığın
bir müəllifi də var. Bu, Hafiz Hüseynxanlıdır.
Onun
söz üzərində əsdiyi, sözə həssas və
duyğulu münasibətini yada salıb belə qənaətə
gəlirəm: yaradıcılıq nə qədər
istedaddan, Tanrı vergisindən asılı olsa da, müəllimin
də böyük rolu var. Sözümüz zamanın cəngindən
keçənəcən dəfələrlə ələnirdi
və o dövrdə Hafiz Hüseynxanlı bir rayon qəzetinin
mənəvi simasını qoruduğu kimi, mənim də
yazılarımın təbiətini, istiliyini, hərarətini
qoruyurdu. O, yazılarla həmişə elə əlavələr
gətirirdi ki, bu əlavələr yazını daha da canlandırır,
mətnə emosiya verirdi. Və özü də həmişə
deyirdi ki, o yazıda ki, hiss və həyəcan yoxdur, onu
oxumasan yaxşıdır.
Hafiz Hüseynxanlı gözəl poeziya bilicisidir. Məmməd Arazı, Musa
Yaqubu əla bilir. Və çoxları da bilmir ki, rejimi
sarsıdan total
siyası mühiti dağıdan poeziyanın sətiraltı
mənaları Hafiz Hüseynxanlı kimi hissiyatlı, duyumlu,
millətsevər ziyalıların imzası ilə
işıqlığa çıxıb. Onun
"Qlavit"də işlədiyi dövr-mətbuatda dövlət
sirlərini mühafizə edən idarənin məmuru olanda da
ədəbiyyata, poeziyaya özünün doğması kimi
baxıb. Heç şübhəsiz, Hafiz
Hüseynxanlının "Qlavit"də işlədiyi
dövr onun həyatının ən maraqlı səhifələridir.
Azərbaycan ədəbiyyatının görkəmli
simaları ilə tanışlıq, yaxınlıq,
istedadları ədəbiyyata gətirən yolları görməsi
və bu yollarda istedada mənəvi dayaq durması,
istedadların bütüb varlıqları ilə sözə
gətirdikləri mənanın cərrah
bıçağı altına düşməməsi
üçün mübarizləri ayrıca bir kitabdır.
Mən Hafiz Hüseynxanlı ilə birgə işlədiyim
illərdə onun necə dostları üçün, sənət
adamları, ədəbiyyatımız və dilimiz
üçün sipərə çevrildiyinin, istedadı
sıxan məngənənin arasına düşməkdən
qorxmadığının da şahidi olmuşam. Bütün
bunlar onu göstərir ki, biz bəzən sözə
yaradanlardan ötrü zəhmətini, əməyini,
enerjisini, dəyanətini, mərdliyini əsirgəməyən
adamları arxa planda olduğu üçün daha qabarıq
görə bilmirik.
Hafiz Hüseynxanlı səlist qələmi olan insan təbiətindəki
incəlikləri yetərincə üzə çıxara bilən
nasirdir. Onu
akademik Mehdi Mehdizadə, şair Gülnaz Nəzirli,
yazıçı Hüseynbala Mirələmov, böyük
şairimiz Məmməd Araz, Musa Yaqub haqqındakı ədəbi
hadisə səviyyəsində xatirə-hekayələrini təkrar-təkrar
oxusam da, hər dəfə mən gözəllik və təravət
hiss eləmişəm. Yazısında bir
artıq söz və bir yersiz ifadə belə işlətmir.
Özünün təbiətindəki rəvanlığı,
xarakterindəki ahəngdarlığı yazılarında da
qoruya bilir. Hərdən mənə elə
gəlir ki, Hafiz özü də bir insanlığın hafizi
rütbəsindədir və bunu mənəvi mərtəbə
kimi düşünüb elə bu adla da qəbul etmək olar
- İNSANLIĞIN HAFİZİ.
Hafizin ən böyük keyfiyyəti kinsiz və qərəzsiz
olmağıdır. Elə ona görə də sözü
qurtarmır. O, sözü sevdiyi kimi, söz də onu
sevir.
Hafiz
gözəl dost olduğu kimi, açıq fikirli bir ziyalı
olduğu kimi, ləyaqətli qələm adamı, söz
adamı olduğu kimi, həm də çox mehriban və
qayğıkeş atadır.
Ön cəbhədə döyüşənlər
haqqında danışmaq istəyirdim. Hafiz
Hüsüynxanlı ön cəbhənin əsgəri olub.
Zənnimcə, onun əyalətə gətirdiyi
işığın zərrələri bu gün ədəbiyyatımızın
ən müxtəlif sahələrində özünü
göstərməkdədir. Təravətini,
gənclik əzmini, mənəvi simasını, biz sözlə,
Hafizliyini qoruya bilir.
Aydınların yolu belə aydın olar.
Əli Rza XƏLƏFLİ
525-ci qəzet.- 2019.- 12 fevral.- S.8.