"Ürək daşı" təqdim olundu

 

 

Fevralın 9-da Gəncliyə Yardım Fondunda Zirvə Kitab Layihəsi çərçivəsində çap edilən şair, publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər kitabının imza günü keçirilib.

Tədbirdə millət vəkilləri, ziyalılar, ədəbiyyat və incəsənət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Çıxış edən kitabın redaktoru Almaz Ülvi bidirib ki, əslində, bu gün Əkbər Qoşalının şeir hesabatına toplaşmışıq: "Əkbər Qoşalı şairdir, türkoloqdur, publisistdir. Bütün bunların fövqündə o, özünü daha çox ictimai xadim kimi təsdiqləyib. Onun şeirindəki eşq milli, bəşəri eşqdir. Bütün bunların hamısı onun qəlbindən doğan saf niyyətin nəticəsidir. Bir zamanlar onlar "Türkün səsi" adlı bir neçə almanax buraxdılar. Bu almanaxlarda bütün türk dünyasının əksi görünür. Əkbər bəyə bundan sonrakı yaradıcılığında, fəaliyyətində uğurlar arzu edirəm".

Kitabın ön söz müəllifi İbrahim İlyaslı bildirib ki, Əkbər Qoşalı sözə qarşı məsuliyyətindən yeddi il sonra bir şeir kitabı ilə oxucuların görüşünə gəlib: "Kaş ki, bu cür sözə məsuliyyət hissi hər bir yazıçımızda olaydı". İ.İlyaslı çıxışının ardından kitabdan bir neçə şeir səsləndirib.

"Uzun illərdir ki, bu kitabın yolu gözlənilirdi" - deyən deputat Qənirə Paşayeva da çıxışında Ə.Qoşalının fəaliyyətindən söz açıb: "Mənim üçün Əkbər Qoşalı təpədən-dırnağa Turanla bağlıdır. Onun şeirində də, fəaliyyətində də bunu görə bilirik. Deyərdim ki, Əkbər Qoşalını bir amal güclü tutur ki, o da türk dünyasının birliyi düşüncəsidir. Elə bir il yoxdur ki, Əkbər Qoşalı türk dünyasının şairlərini, yazarlarını bir araya toplamasın. Əslində, bu kitab Əkbər bəyi tanımayanlar üçün çox gözəl vəsaitdir, çünki bu kitabın içərisində onu tanımaq üçün kifayət qədər geniş düşüncə var".

Bu cür kitabların Bakıdan da çox bölgələrimizdə təqdimatına ehtiyac olduğunu deyən millət vəkili belə bir tədbirin Tovuzda da keçiriləcəyini qeyd edib.

Millət vəkili Jalə Əliyeva bildirib ki, Əkbər Qoşalı 45 yaşında türk dünyasına müqəddəs bir səfərə çıxmış ziyalıdır: "O, qəlbinin səsi, ürəyinin hökmü ilə Turan dünyasını qarış-qarış gəzərək bu böyük dünyanı bir araya gətirməyə çalışır. Bir ədibin dəyəri onun yazdıqlarının həcmi ilə deyil, yazısının sanbalı ilə ölçülər. Əkbər Qoşalı bu baxımdan çox dəyərlidir".

Sonda çıxış edən müəllif tədbirdə iştirak edənlərə, çıxışçılara öz təşəkkürünü bildirərək deyib ki, onlarla kitabın redaktoru, tərtibçisi, həmmüəllifi, müəllifi olsa da, indiyədək cəmi iki şeirlər kitabı gün üzü görüb. Bundan əvvəlki şeirlər toplusu 2007-ci ildə çıxan "Ölümlərin ötəsi"dir.

Bədii hissədə aşıq ifaları səsləndirilən tədbirin sonunda müəllif kitablarını qonaqlar üçün imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 12 fevral.- S.8.