Aqil Abbasın yeni
hekayəsi...
Aqil Abbasın
"Camış bağa
girdi, gəl" hekayəsi nostalji hisslər üzərində
qurulub və mən də bu hekayəni oxuyanda elə o hissləri keçirdim.
Nostalgiyada bir xiffət anlayışı var və hekayə nə qədər nikbin bir əhvalda
qələmə alınsa
da, Aqil Abbasın həyatından
keçən o illər,
aylar, günlər üçün darıxdığını
hiss etmək olur. Bu hekayə Aqil Abbasa məxsus olan və onun
fərdi üslubunu, yazı tərzini müəyyənləşdirən eyni xətt üzrə diqqəti cəlb edir. Dialoqlar bir-birini əvəz edir, Ağdam-Qarabağ ləhcəsi
obrazların nitqindən
əskik olmur, Aqil Abbas nəyi
isə uzun-uzada təsvir etməyi sevməyib görməyi-göstərməyi
üstün tutur, zarafat, yumor hissi nəinki
obrazların danışığında,
hətta hekayənin bütün qanından-canında
nəzərə çarpır.
Amma əsas məsələ orasındadır ki, Aqil mətləbsiz heç nə yazmır, bu hekayədə də Aqil xarakterik, tipik səhnələri təqdim edir.
Aqil Abbas Dayı və Bacıoğlu obrazları
vasitəsilə sanki bizim əlimizdən tutub Sovet dövrünün
"həqiqətlərinə" çəkib aparır. Hekayədə tənqid pafosu ilə yumor xətti iç-içə
gedir, biri digərini inkar eləmir. Dayı kolxoz sədridir
- vaxtilə "Selxoz
texnikumu"nda oxuyub
("O texnikum deyildi ey, akademiyaydır. Onun hesabına otuz ildi sədr işləyirəm"), pulu,
var-dövləti başından
aşır. Bacıoğlu isə əsgərlikdən
təzə qayıdıb.
Cavandır və həyata,
insanlara münasibəri
hələ təmizlik,
saflıq içindədir,
elə buna görə də dayıya tez-tez suallar verir. Hekayədə bütün süjet
boyu izlənilən üç-dörd hadisədən
söhbət gedir.
Məkan
və adamlar tez-tez dəyişir.
A.Abbasın hekayəsi məkanların
təsviri üzərində
qurulub.
Birinci məkan: Xaşxana "Səhərin gözü açılmamış gələnlər
xaşlayıb" getdikləri
üçün içəri
o qədər tünlük
deyil. Xaşın iyi, sarımsağın
iyi, tut arağının
iyi, siqaretin iyi bir-birinə qarışıb elə bir qoxu yaratmışdı
ki, dünyanın heç bir ətriyyat fabriki, hətta "Şanel"
də belə bir qoxunu ala bilməzdi".
Tanış mənzərə. Aqil xaşxanadakı yeyib-içmək süfrəsi,
burada dayının gülüş doğuran
zarafatları ilə kifayətlənmir. Xəstəxana
müdiri ilə dialoqu - Dayının Sovet kolxoz sədrinin
bir etirafı: "Əşi, katib qoyur ki, rayondan
çıxaq? Ət planı, süd planı, yağ
planı, yun planı. Bakıdan gələn qonaqları
yola salmaq planı".
O dövrün xarakterik mənzərəsidir. Və o illərdə rayonda bir "kiçik padşah" hakim idi, rayon onun itaətində idi. Harınlıq, qoluzorluluq, namuslu adamları ləkələmək, o balaca "diktatorun" iş planıydı.
İkinci məkan - Milis şöbəsi. Rəisə çatacaq pay-puş növbətçiyə təhvil verilir. Beləliklə, rüşvət marşrutları davam edir.
Üçüncü məkan - "Qəbul otağı" yazılmış bir kabinet. "Bu vaxt içəri otaqdan ortaboylu, ağbəniz, sifətinə xüsusi yaraşıq verən qapqara bığlı, İslam Rzayevə oxşayan gülərüz bir adam çıxdı". Yenə də pay-puş məsələsi. Danışıqlardan məsumdur. Onun Dayının öz evinə dəvət eləməsindən, "günorta mənim qonağım ol" deməsindən hiss olunurdu ki, Aydın müəllim deyilən bu şəxs də o dövrün bir rayon ərazisində sayılıb-seçilən, rüşvət haram çevrəsində dolaşan bir rəisdir - "hökmü rəvandı".
Dördüncü məkan - Bazar səhnəsi. Aqil Abbas Ağdam - Qarabağ bazarının cikini də-bikini də yaxşı bilirdi. Bu sətirlərin müəllifi də bir dəfə böyük sənətkar Şahmalı Kürdoğlu ilə Ağdam bazarını gəzib dolaşmışdı. "Seyid Lazım Ağa bir dükanın önündə kresloda oturmuşdu, əlində də uzun gərməşov çubuğu. Keçib gedənlər kimisi əlindən öpür, kimisi nəzir verir". Seyid Lazım Ağanın mötəbər, ağır bir seyid olduğu bütün Qarabağda məşhur idi. Dayı içdiyi üçün ona yaxınlaşmır, bacıoğluya bir iyirmibeşlik verir ki, nəziri ona çatdırsın. Pullu dayı "başladı bazarlığa, heç malların qiymətini də soruşmadı arabasına doldurdu". Sonra pal-paltar dükanı qırx dörd razmer ayaqqabı.
Beşinci məkan - "Bağın aşağısında böyük bir çayxana".
Amma bağ özü yoxdu - rayona yeni gələn katib "ağacları dibindən kəsdirdi, bağı şumlatdı, kiminsə adına bir xiyaban düzəltdi, düzdür, çayxananı sökdürməyə gücü çatmadı, amma bağ da əldən getdi".
Çayxanada söhbət Dayının oğlunun toy məclisinə kimləri apardığından gedir. Rəmiş yox, Qədir yox, Sədinin üstündə dayanırlar.
Altıncı məkan - Batumun pavilyonu. Yenə yeyib-içmək. Sağlıqlar başladı. Hamısını da Dayı deyirdi. Sultan bəyin nəslinin sağlığına, Qaçaq Nəbinin nəslinin sağlığına, Ağa Laçınlının sağlığına, keçdi Xudu Məmmədovun sağlığına". Bundan sonra unudulmaz Sədi Məmmədovu görürük. Bu sətrlərin müəllifi 1968-ci ildə Bayram Bayramovun 60 illiyi tədbirində 10-12 yaşlı Sədi Məmmədovun məlahətli səsini eşitmişdi. Sədi Məmmədov səsi üstündə olan, Azərbaycan muğam sənətində sayılıb-seçilməyə başlayan bir xanəndə idi. Heyf, yaşı heç əlliyi çatmamış maşın qəzasına düşdü. Son dəfə onu böyük şairimiz Məmməd Arazın 70 illik yubileyində - "Qarabağ" restoranında gördüm. Ondan bir yazı yazacağımı özünə bildirdim, amma qismət olmadı.
Sədi Məmmədov Aqilin hekayəsində şux, zarafatcıl bir obraz kimi təqdim olunur.
Yeddinci məkan
- Kənd. Toy. Mağar. Aqil bu məkanda
da yumorundan qalmır. Xüsusilə, toya vertalyotla
yollanmaq, nağaraçının
təyyarəyə öyrəşməyib
ögüməsi, dayının
üç mərtəbəli
söyüşləri. Arada yanğın baş verir. Nağaraçını ağacdan yerə
endirirlər. "Bu vaxt Dayı gəldi. Nağaraçı qorxdu
ki, bu dəqiqə
onu salacaq ayağının altına
cığnayacaq. Amma gördülər
ki, Dayının gözləri dolub, yanağından göz yaşı axır".
Çox
təsirlidir. Aqil Abbas
bu məqamda pullu-varlı, söyüşcül
kolxoz sədrini deyil, bir insanı
- duyan insanı bizə təqdim edir.
Az sonra Dayı mağara keçir. "Ağız
deyəni qulağı
eşitmirdi. Amma dayını
görən kimi elə bil qurbağa
gölünə daş
atdılar". Təbii ki,
hekayə boyu Dayı bizdə heç bir mənfi reaksiya oyatmır. Aqil Abbas əksər
əsərlərində də
belə obrazları bizə təqdim edib, xarakterin üzdə olan bütün təbii xüsusiyyətlərinə heç
bir süni, qondarma cizgilər əlavə etmir. Bunu biz Aqilin "çadırda Üzeyr Hacıbəyov doğula bilməz" povestində, "Dolu"
romanında da eynən görmüşük.
Hekayənin sonu Dayının havası ilə başa çatır. "Çalğıçılar başladı çalmağa. Sədi də mikrofonu götürdü:
- Ədə, ədə Abasqulu,
Camış bağa girdi, gəl.
Tənəhləri yedi gəl.
Dayı qollarını qaldırdı, elə bil uçmağa hazırlaşan bir qoca dağ qartalıydı".
Hekayə bitir. Amma xəyallara dalırıq və yetmişinci-səksəninci illərin tanış mənzərələri, Ağdam, Qarabağ dünyasına məxsus olan koloritli həyat səhnələri içimizdə iki hiss, iki duyğu yaradır. Həm nigarançılıq, həm təəssüf, həm də xoş bir əhval, işıqlı əhval, gün o gün olacaq ki, Aqil Abbas bizi o hekayədə təsvir etdiyi məkanılara aparacaq.
Buna inanırıq.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2019.- 12 fevral.- S.7.