Şain Sinarianın heyranlığı uğuru   

 

“İVON BOTTONUN ARZULADIĞI HƏYAT” KİTABININ İMZA MƏRASİMİNDƏN QEYDLƏR

 

 

 

Fransada yaşayan həmyerlimiz, yazıçı Şain Sinarianınİvon Bottonun arzuladığı həyatromanı ilə həm fransız, həm Azərbaycan ədəbi mühiti, oxucusu çoxdan tanışdır.

 

Bu sənədli-bədii romanda öz cəsarəti, azərbaycanlı əsgərə olan sevgisinə görə doğma vətəni Fransanı tərk edib İmişlidə yaşamağa qərar verən İvon Bottonun keşməkeşli, insan düşüncələrinin fövqündə dayanan həyatından bəhs edilir.

Zamanında hər iki ölkədə böyük təqdimatı keçirilən kitabın növbəti imza mərasimi fevralın 9-da TEAS Press Nəşriyyat Evinin təşkilatçılığı iləGənclik Mall” Ticarət Mərkəzində yerləşən “LİBRAFF” kitab mağazasında baş tutdu.

Mən məkana gedəndə hələ heç kim gəlməmişdi. Təbii idi. Çünki deyilən vaxtdan bir saat öncədən artıq orda idim. Qapıdan girər-girməz ilk qarşılaşdığım birazdan imza mərasimi başlayacaq kitab üçün hazırlanmış stend oldu. Stenddə kitabın həm Azərbaycan, həm fransız dilindəki nəşrləri səliqə ilə düzülmüşdü.

Bir müddət öncə oxudum, haqqında yazı yazdığım, amma bununla belə hələ təsirindən doğru-dürüst qurtulmadığım kitabın imza günündə iştirak etmək, kitabı bir dəfə müəllifindən dinləmək gözəl şans idi. Xoşbəxtlikdən bunun üçün əlverişli imkan da tapdıq. Mağazada kitablara baxa-baxa zamanın keçməsini gözləyərkən artıq insanların gəldiyini gördüm. Müəllif özü hamıdan tez gəlmişdi. Bir kənarda oturub həm kitab, həm növbəti işlər haqqında söhbət edirdik.

Şain Sinarianınİvon Bottonun arzuladğı həyatkitabına olan xüsusi sevgisini artıq çoxdan müşahidə etmişəm. Bu, ona görə deyil ki, o, kitab üzərində uzun müddət işləyib, qəhrəmanının həyat hekayəsini bir aya yaxın müddətdə evində qalaraq özündən dinləyib. Ona görədir ki, Şain Sinarianın qəhrəmanı İvon Bottoya, bu əzabkeş qadına ayrıca bir məhəbbəti, rəğməti, onun sevgisinə sonsuz hörməti, qadın dəyanətinə, sədaqətinə heyranlığı var. Bunu heç özü gizləmir, kitabında, söhbətlərində...

İvon Bottoonun haqqındakı söhbətlərimiz bir müddətdən sonra Fransa-Azərbaycan tarixi, ədəbi əlaqələri, bu əlaqələrin işıqlandırılmasında Şain Sinarianın rolu və gələcək planları istiqamətində dəyişdi. Şain bəy dedi ki, Azərbaycanla Fransa arasında körpü rolunu oynayan insanların həyatlarının araşdırılıb, öyrənilməsi, oxuculara çatıdırlması təkcə İvon Bottoyla yekunlaşmayıb. Bakıya budəfəki gəlişi də yeni bir , özü də hər iki ölkə üçün gərəkli, lazımlı bir işlə bağlıdır. Yəni, oxucularımız Şain bəydən hələ çox müjdəli xəbərlər eşidəcəklər...

İmza mərasimi üçün “LİBRAFF”ın yolunu tutan dostların, tanışların, oxucuların gəlişi ilə söhbətlərimiz tez-tez kəsilirdi. Aralarında tanıdıqlarımız da vardı, tanımadıqlarımız da... Şain bəy isə hər kəsə xüsusi diqqət göstərir, onun və kitabının adını tutub gələnlərin hər birinə böyük hörmət və sevgi ilə yanaşırdı. Getdikcə insanların sayı da artırdı. Jurnalist, yazıçı həmkarlarımız, tanınmış incəsənət xadimləri, gənc oxuculars. Bir sözlə, hər yaşdan, hər kateqoriyadan insan tapmaq mümkün idi. Həmin gün o məkanda bizi birləşdirən ortaq cəhət isə “İvon Bottonun arzuladığı həyat” kitabına olan marağımız, sevgimiz idi.

Deyilən vaxtdan bir az keçmiş Şain bəy onun üçün ayrılmış yerinə keçir və tədbir başlayır. TEAS Press Nəşriyyat evinin əməkdaşı Aysel Zahidqızı Şain Sinaria yaradıcılığı və “İvon Bottonun arzuladığı həyat” kitabı haqqında ümumi məlumat verdikdən sonra əsas söz müəllifə verilir.

Şain bəy həmişəki enerjisi, həvəsi və gördüyü işə olan sevgisi ilə kitabın yazılma prosesi, fransız və Azərbaycan dillərində çapı və kitaba gələn reaksiyalar haqqında danışdı. Kitabın hər iki ölkədə böyük rezonansa səbəb olduğunu, həm müsbət, həm də mənfi reaksiyalarla qarşılaşdığını deyən müəllif, hətta bəzi oxucuların bu hadisələrin yalan, şişirtmə olduğuna inandığını da vurğuladı. Çünki həqiqətən də Fransa kimi ölkəni, sakit, rahat həyatını, doğmalarını bir sovet əsgərinə görə qoyub, tanımadığı, bilmədiyi ölkəyə gələn və burada da saysız-hesabsız problemlər, məhrumiyyətlərlə qarşılaşan, düz 66 ildən sonra vətəninə gedib valideynlərinin, qardaşının məzarını ziyarət edə bilən İvonun həyatı nağılları, əfsanələri xatırladır. Həqiqət isə odur ki, bu, nə nağıldır, nə əfsanə. Bu, cəmi bir il öncəyə kimi yaşayan bir qadının gerçək taleyidir. O qadın ki, həm sevgilidir, həm həyat yoldaşı, həm ana, həm nənə, həm də iki ölkənin vətəndaşı. İki ölkə vətəndaşı deyirəm, çünki İvon Botto onun həyatını qələmə alan Sinaria ilə söhbətində də bunu xüsusi vurğulayıb. O, özünü azərbaycanlı hesab edirdi. Çünki həyatının cəmi 17 ili Fransada keçmişdi, qalan 70 ilə yaxın isə Azərbaycanda İmişli rayonunda yaşamışdı. Övladları, nəvələri azərbaycanlı idi. Hər şeydən öncə isə Azərbaycan gənckən sevdiyi, könül verdiyi, həyatının ən gözəl illəri adlandırdığı beş ilini birgə keçirtdiyi əri Şəmmədin vətəni idi.

Şain Sinaria da çıxışında İvon Bottonu dərin hörmət və məhəbbətlə xatırlatdı. Hətta hiss edirdim ki, onun çıxışı kitabı oxumayan oxucularda belə bu fədakar qadına rəğbət, məhəbbət oyatmağa yetirdi.

Çıxışlardan sonra müəllif qonaqlar üçün kitabını imzalamağa başladı. Mənim isə mərasim boyunca fikrimdə yenə də İvon Bottonun kitabdakı son sözləri vardı: “...mən də bir gün gülümsəyəcəm, ora gedəndə, atamı, anamı, qardaşımı, Şəmmədi orda görəndə mən də gülümsəyəcəm. Buna əmin ola bilərsiniz... Sizə söz verirəm!”

O, 21 gün evində qonaq saxladığı, bütün həyatını əvvəldən sonuna kimi, ən incə detallarına qədər danışdığı yazıçıya - Şain Sinariaya verirdi bu sözü, yoxsa biz oxucularına, bilmirəm! Amma onun son bir ildə həqiqətən gülümsəyib, gülümsəmədiyi məni çox düşündürür. Həyatını oxuyarkən az qala hər səhifəsində gözlərimin dolduğu, bəzən dayana bilməyib ağladığım, hətta “axı, Tanrının bu qadınla nə düşmənliyi varmış, görəsən ki, bu qədər əzablar verib?”- deyə də düşündüyüm İvonun heç olmasa, özü dediyi kimi, ölümündən sonra gülümsədiyinə, o biri dünyada-sevdiklərinin ətrafında rahatlıq tapdığına ürəkdən inanmaq istəyirəm. Bu düşüncələrlə tədbiri tərk edərkən bir daha kitabların sərgiləndiyi stendə baxdım. Mənə elə gəldi ki, kitabın üz qabığındakı yorğun yaşıl gözlərdə, həyatın cığırlar açdığı simada xəfif də olsa təbəssüm parıldadı... Şain Sinarianın ən böyük uğuru da məhz o təbəssüm idi...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 12 fevral.- S.7.