Vətən tarixinin fədakar təəssübkeşi
AKADEMİK
YAQUB MAHMUDOVUN 80 İLLİK YUBİLEYİNƏ
Vaxtilə fəlsəfəni elmlərin atası hesab etmiş olsalar da, mən hər zaman tarixi bu yüksək məqamda görmüşəm.
Tarix zaman və məkan kimi əzəli və əbədidir. Əvvəli
və sonu yoxdur, bilmədiyimiz, bildiyimiz və bilə bilməyəcəyimiz
tarix vardır. Yəni intəhasız tarixin yalnızca
bir neçə min ili insanların
eşidib-bilib, öyrənib, ya görüb
yazdığı, gələcək nəsillərə
yazı, ya başqa vasitələrlə
ötürdüyü tarixdir, bundan əvvəl olanları isə
arxeoloji qazıntılarda üzə çıxarılan ən
müxtəlif tədqiqat materialları ilə qismən müəyyən
etmək olur ki, bunlarla da müxtəlif elm sahələri məşğuldur.
Bir sözlə, tarixin sərhəddi, başlanğıcı
və sonu yoxdur, bu, bütün varlığın tarixidir, fərz
etsək ki, bir zaman varlıq da olmaya bilər, onda da yəqin
ki, tarix də olmaz. Tarix milli əxlaq kimi, əhval-ruhiyyə
kimi, şeir və ilham kimi tarixçinin qəlbinə, ruhuna,
zehninə nüfuz etməlidir, təkcə sxolastik rəqəm
və formullarla insanlıq tarixi yazıla bilməz.
Tarixçi sözün əsl mənasında ölməz
şairimiz Məmməd Arazın dediyi kimi "daşlasan,
torpaqlaşan ulu babalara" içdən səslənməlidir:
Ey
daşlaşan, torpaqlaşan ulu babam!
Bu
günümdən, dünənimə
uzaqlaşan ulu babam...
Səs
getməyən, əl yetməyən
Qədim
tarix dərəsindən
səs
ver mənim səsimə sən...
Tarix yazan şəxslər tarix yaradan şəxsiyyətlərlə
müqayisə üçün o qədər uyğun olmasalar
da, tarixçilərin baş verən hadisə və proseslərə
yanaşma və münasibətindən də çox şey
asılıdır. Burada elmə dayanan tədqiqatçılıqla
yanaşı, içdən, ruhdan qopan bir istək
olmalıdır. Cənubi Azərbaycanın
yetişdirdiyi böyük mütəfəkkir, doktor Cavad Heyət
deyirdi ki, "cərrahlıq peşəm, ədəbiyyat isə
sevdamdır". Ömrünün 80-ci baharı
astanasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına
Tarix institutunun direktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar
elm xadimi Yaqub Mahmudovun həyatına nəzər saldıqda
görürük ki, tələbə Yaqubdan bugünkü
akademik Yaqub Mahmudovadək sürən bu mənalı və zəngin
ömür yolunda tarix hər zaman bu vətənpərvər
alimin və qətiyyətli şəxsiyyətin həm
peşəsi, həm də sevdası olmuşdur və bu
sevdalı peşə onu tariximizin əleyhdarlarına
qarşı hər an düşmənlə üz-üzə
səngərdəki sayıq əsgər kimi gözü
üfüqdə, barmağı tətikdə saxlayır. Y.Mahmudov Vətənimizin tarixinin
xeyirxahlarının dostu, əleyhdarlarının isə
barışmaz düşmənidir.
Yaqub müəllimi qiyabi olaraq keçən əsrin
70-ci illərinin əvvəllərindən, Azərbaycan
Ağqoyunlu dövlətinin - diplomatik əlaqələrindən
bəhs edən məqalələri və "Öyrənilməmiş
səhifələr" kitabı ilə tanımışam. O zaman Akademik Yusif Məmmədəliyev
adına Naxçıvan Dövlət
Pedaqoji İnstitutunda (indiki NDU) biz tarix fakültəsinin tələbələri
üçün bu kimi əsərlər lap göydəndüşmə
kimiydi, çünki Azərbaycan tarixinə dair ədəbiyyatlar
çox az idi. Tarixçilərimizin Bakıda nəşr
olunan tək-tək əsərləri əlimizə
düşəndə acgözlüklə oxuyur, seminar dərslərində
lazımi ədəbiyyat kimi istifadə edirdik. Deyə bilərəm ki, diplomatiya tarixinə ilk həvəsi
və marağı məndə Yaqub müəllimin həmin
kitabları və məqalələri yaratdı. O zaman
diplomat olmaq sadə, xarici dilləri bilməyən ucqar bir kənd
uşağı üçün əl çata bilməyəcək
bir həvəs demək idi, lakin könlümdə
qalmışdı.
Yaqub
müəllimlə şəxsi tanışlığım isə
ulu öndər Heydər Əliyev tərəfindən
1996-cı ilin fevralında Azərbaycan Respublikasının Təbrizdə
Baş Konsulu vəzifəsinə təyin olunduqdan sonra
İranda ölkəmizin səfirliyində
çalışdığım zaman baş verdi.
İran tarixçiləri, politoloqları, siyasətçiləri,
hətta onlardan da daha çox tam ideoloji siyasətə xidmət
edən kütləvi informasiya vasitələri müstəqil
Azərbaycan Respublikasının daxili və xarici siyasətini,
ölkəmizin və xalqımızın tarix və mədəniyyətini
saxtalaşdıran, təhriflərə və bəzən hətta
həqarət və təhqirlərə keçən
yazıları və çıxışları ilə məni
hiddətləndirirdilər. Onlara cavab
üçün bəzi məqalələr də
yazmışdım. 1997-ci ildə xidməti vəzifəmlə
əlaqədar Bakıya gəldiyim zaman M.Ə.Rəsulzadə
adına Azərbaycan Dövlət
Universitetində o zaman Tarix fakültəsinin dekanı vəzifəsində
işləyən Yaqub müəllimlə görüşmək
üçün Universitetə getdim. İranda
tariximizi və müstəqil dövlətimizin siyasətini
saxtalaşdıran iftiralı və
aşağılayıcı məqalə və
çıxışlara orada imkanlar çərçivəsində
cavab verdiyimizi, eyni zamanda, belə mətləblərdən
bizim tədqiqatçıların və politoloqların xəbərdar
olmağının zəruriliyini bildirdim. O zaman Yaqub
müəllim mənə məqalələr yazmağı və
onların Bakıda da dərc edilməsinin zəruriliyini
vurğuladı, məqalələrimi "Tarix və onun
problemləri" jurnalına tövsiyə etdi. O zamandan həmin
jurnalın naşiri və baş redaktoru, professor Əsməd
xanım Muxtarova mənim bir sıra məqalələrimi dərc
etməyə başladı. Elə ilk məqalələrdən
sonra Yaqub müəllim Azərbaycan tarixi məsələlərinin
İran tarixşünaslığında necə əks edilməsinin
və onun elmi tənqidinin elmlər doktorluğu işi kimi
işləməyi məsləhət gördü və bir
neçə il sonra elmi məsləhətçim
olmağa da iltifatını əsirgəmədi. Beləliklə, məslək birliyi və ortaq tarix təəssübkeşliyi,
bizim qarşılıqlı etimada əsaslanan və bu gün
də davam edən dostluğumuza çevrildi.
2005-ci ilin əvvəlləri idi. Möhtərəm
Prezidentimiz İlham Əliyevin Pakistana rəsmi səfərini
gözləyirdik. Ölkəmizin və
dövlətçiliyimizin tarixini icmal şəklində qədim
zamanlardan günümüzədək əhatə edən
yığcam bir kitaba o zaman bütün səfirliklərimizin
ciddi ehtiyacı var idi. Belə bir əsəri
hazırladıb, ingilis dilinə, həmçinin, urdu dilinə çevirib yaymaq Azərbaycan
Respublikasının regionda və dünyada daha yaxşı
tanıdılmasına xidmət edərdi. Bakıya
zəng edib Yaqub müəllimə bu istəyimi bildirdim.
Yaqub müəllim çox qısa müddətdə
"Azərbaycanın qısa dövlətçilik
tarixi" kitabını yazıb bizə göndərdi.
O zaman İslamabad Universitetinin tələbəsi olan
qızım Nigar Mədətli də bu kitabı ingiliscəyə
tərcümə etdi və biz Azərbaycanın
Pakistandakı səfirliyi olaraq həmin kitabı böyük
tirajla nəşr etdik. Olduqca oxunaqlı və zəngin
tarixi materiallarla dolu olan bu kitabı həm Pakistanın
kitabxanalarına göndərdik, həm də internet vasitəsilə
yaydıq.
Prezidentimizin səfərinə hazırlıq işləri
çərçivəsində cənab Prezidentə bu barədə
də məlumat verdim və səfər reallaşanda artıq
Yaqub müəllim də bu yüksək səfərdə rəsmi
nümayəndə heyətinə daxil edilmişdi. Məni də,
Yaqub müəllimi də sevindirən o idi ki, cənab prezident
kitabı çox bəyəndi, ölkəmiz haqqında
yığcam, lakin geniş məlumatlı belə
kitabların başqa ölkələrin dilində nəşr
edilməsinin əhəmiyyətli olduğunu vurğuladı,
kitabın bir növü təqdimatını etmiş oldu.
Az sonra biz bu kitabı Pakistanın milli dil
olan urducaya da çevirib nəşr etdik. Qeyd edilməlidir ki,
Pakistanda Konstitusiyaya görə indilis dili rəsmi, urdu dili milli dildir. Bakıda da həmin
kitab Azərbaycan və rus dillərində nəşr edildi.
Kitabın elektron variantını ölkəmizin
xaricdəki səfirliklərinə də göndərdik, bu
kitaba indi də maraq böyükdür və onun təkrar nəşrinə
ehtiyac vardır. Beləliklə də,
Yaqub müəllim Azərbaycan tarixinin dünyada
tanıdılmasında ilk əsaslı konseptual addımı
atanlardan biri oldu. Ötən 15 ildə isə artıq
Yaqub Mahmudovun 15 cildlik fundamental əsərləri işıq
üzü görmüş, onun rəhbərliyi ilə
AMEA-nın Abbasqulu Bakıxanov adına Tarix İnstitutunun
tarixçiləri yüzlərlə kitab, məqalə yazaraq
dünyanın müxtəlif ölkələrində və
dillərində nəşr etdirib yaymışlar. Azərbaycan Respublikasının möhtərəm
Prezidenti cənab İlham Əliyevin yüksək dəyərləndirdiyi
bu fəaliyyət Vətən tarixinə canıyananlıqla və
yüksək vətəndaşlıq hissləri ilə bu
gün də uğurla davam etdirilir.
2011-ci ildə
Ukraynada çalışdığım zaman Yaqub müəllim
İranda, Pakistanda, Əfqanıstanda işlədiyim zamanı
ara-sıra yazdığım elmi məqalələri ona
göndərməyimi istədi, çox az müddətdən
sonra Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə
"Azərbaycan həqiqətləri İran
tarixşünaslığında" adlı məcmuəm Təhsil
nəşriyyatında çap edildi. Görkəmli
alimimizin, Azərbaycan tarix elminin ağsaqqalı Yaqub Mahmudovun
kitaba yazdığı ön sözdə mənim çox
kiçik əməyimə yüksək qiymət verməsi mənim
üçün şərəf idi. Burada Yaqub müəllimin
"Azərbaycan taixçiləri tariximizin keşiyində
ayıq-sayıq dayanmalı, xalqımızın öz qədim
və şanlı tarixinə sahib çıxmasına fəal
yardım göstərməlidirlər" sözləri
diplomatik fəaliyyətimlə yanaşı,
başladığım elmi-tədqiqat işimi davam etməyə
daha da ruhlandırdı...
Ukraynada
çalışdığım illərdə Ukrayna dilində
nəşr etdirdiyimiz iyirmidən çox əsər içərisində
Yaqub müəllimin "Heydər Əliyev ideyalarının
zəfər yolu" və "Azərbaycanın qısa
dövlətçilik tarixi" kitabları da var idi. 2013-cü ilin aprelində Kiyevdə Ukrayna Dövlət
İdarəçilik Akademiyasında həmin kitabların
geniş təqdimatında Yaqub müəllimin dəvətim
üzrə iştirak etməsi və onun
çıxışı təqdimatda iştirak edən xarici
ölkə səfirlərinin, ictimai-siyasi xadimlərin və
tarixçilərin hədsiz diqqətinə səbəb
olmuşdu. Çünki Yaqub müəllim
Vətən tarixindən həyəcansız, hissiz
danışa bilmir. Onun hər hansı
çıxışı, hansı dinləyici cəmiyyətindən
asılı olmayaraq həm də, dərin vətənpərvərlik
və milli tarix təəssübkeşliyi aşılayır.
O, sxematik, quru tarixi faktlara yox, onların arxasındakı
mahiyyətə, səbəb və nəticələrə
önəm verir. Yaqub müəllimin vaxtilə "Təhsil"
nəşriyyatının direktoru, mərhum dostumuz Bəhruz
Axundovla birliklə Ukraynaya səfəri, onun Kiyevdə
yaşayan Azərbaycan diasporu nümayəndələri və
bir qrup tələbələrimizlə görüşü, hər
zaman televiziya məkanlarından gördükləri, dinlədikləri
bu fədakar alim və vətənsevər millət vəkili
ilə yaxından üz-üzə təmas etmələri
onlarda dərin hisslər buraxmışdı...
Yaqub müəllim əvəzsiz yol yoldaşıdır,
çox diqqətlidir. Hətta 50-60 nəfərlik bir heyətlə
səfərdə olanda belə kimsə onun diqqət və
qayğısından kənarda qalmır, özünü
heç vaxt səfər yoldaşlarından ayırmır,
malik olduğu statusu, ya müdriyyət məqamını bir tərəfə
qoyaraq avtobusda səfər yoldaşları ilə birgə səyahət
edir, incə yumorlu zarafatlarından da qalmır. Mən onun bu gözəl insani keyfiyyətlərini həm
xarici ölkələrdəki müxtəlif səfərlərdə,
həm də Gəncə, Qusar, Şamaxı, Lənkəran
şəhərlərində Tarix İnstitutunun keçirdiyi
beynəlxalq elmi konfranslar zamanı çox müşahidə
etmişəm.
2015-ci ilin dekabr ayının sonları idi. Yaqub müəllimin
yanına gəlib diplomatik xidmətdən
ayrıldığımı və Tarix institutunda işləmək
istədiyimi bildirəndə, Yaqub müəllim müəyyən
çətinliklərə baxmayaraq, yanvarın əvvəllərindən
isə başlayacağıma qərar verdi,
elmi məsləhətçim olaraq dissertasiya işini
tamamlamaq üçün də məsləhətlərini əsirgəmədi.
Budur artıq üç ildir ki, məsləkdaşım
görkəmli tarixşünas və şair, tarix elmləri
doktoru, professor Şahin Fazilin rəhbərlik etdiyi Mənbəşünaslıq
və tarixşünaslıq şöbəsində
aparıcı elmi işçi olaraq məmnuniyyətlə
çalışmaqdayam. 1979-cu ildən Naxçıvan
Elm Mərkəzində (indi AMEA-nın Naxçıvan
bölməsi) elmi işçi kimi tədqiqatçılıq
fəaliyyətinə başlamış bir əyalət
tarixçisi üçün ölkənin baş tarix məbədində
çalışmaqdan zövqverici nə ola
bilər.
Akademik Yaqub Mahmudovun çıxışlarında vurğuladığı aşağıdakı ifadə biz tarixçilər üçün olduqca dəyərlidir: "Tarixinə sahib çıxmayan xalqın gələcəyi yoxdur". Burada fəxrlə qeyd etmək istəyirəm ki, artıq AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu 15 ildir ki, Yaqub müəllimin rəhbərliyi altında zəngin və şərəfli tariximizin ən alt qatlarından başlamış, müstəqil Azərbaycan Respublikasının tarixi də daxil olmaqla səmərəli elmi tədqiqat fəaliyyətini davam etdirir. Yaqub müəllim də on beş il əvvəlki enerjisi və coşqusu ilə tarixçilərimizə öz şəxsi zəhmətkeşliyi, vətən tarixi ilə əlaqəli bütün məsələlərdə dönməz qətiyyəti, söz deyiləsi yerdə əsla susmaması, söz deyəndə də aydın və qəti vətəndaş mövqeyi nümayiş etdirməsi ilə nümunə göstərir.
Hörmətli Yaqub müəllimə bundan
sonra da sağlıqlı həyat sürməsini,
yaradıcı və mübariz ruhunun daim yüksək
olmasını arzulayıram!
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor müavini, fəlsəfə üzrə fəlsəfə
doktoru, fövqəladə və səlahiyyətli səfir
525-ci qəzet.- 2019.- 12 fevral.- S.6.