Heydər Əliyev irsinin tədqiqinə
layiqli töhfə
Ümummilli
lider Heydər Əliyev irsinə şəxsiyyət və
zaman kontekstində diqqət yetirdikdə, Azərbaycanda
müasir demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü,
milli-mənəvi dəyərlərə qayıdış və
elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin
inkişafının bir qərinəlik dövrünün məhz
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı
olduğu aydın görünür.
Akademik
İsa Həbibbəyli "Ədəbiyyatın yüksək
amalı və böyük borcu" məqaləsində
("Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi
gerçəklikdən ideala". İsa Həbibbəylinin
ideya müəllifliyi və ümumi redəktəsi ilə.
Bakı - "Elm və təhsil" - 2018, 400 səh.)
ədəbiyyat və şəxsiyyət
problemindən bəhs edərkən demişdir: "...görkəmli
şəxsiyyətlər cəmiyyətin və xalqın təkamül
proseslərində böyük ədəbiyyatın rolunu və
təsirini dərindən qiymətləndirdikləri
üçün, yaşadıqları dövrün ədəbi
prosesini ölkənin qarşısında duran böyük
ideallara doğru istiqamətləndir-mişlər. Bu halda şəxsiyyət xalqı oyatmaq, dirçəltmək,
səfərbər etmək məqsədilə ümumiyyətlə
ədəbiyyat faktorundan, ya da yazıçı amilindən
düşünülmüş şəkildə istifadə
etmişdir. Hər iki halda ədəbiyyat
və şəxsiyyət münasibətlərindən
yazıçılar da, ədəbiyyat da, hətta ZAMAN da
qazanmışdır".
Qoyulan məsələlərə
bu mövqedən yanaşıldıqda Ayətxan ( Ziyad) İsgəndərovun "Heydər Əliyev
- xalqının, dövlətinin qürur ünvanı"
adlı əsərində bir-birini tamamlayan 3 cəhətin
diqqətə gətirildiyi müşa-hidə olunur.
İlk olaraq, şəxsiyyətin ədəbiyyata diqqət
və qayğısı porblemi. Bu gerçəklik - Heydər
Əliyevin sənət, elm və təhsil (və qeyri) sahələrin
mütəxəs-sislərinə göstərdiyi diqqət və
qayğı kitaba daxil edilmiş bütün məqalələrdə
aydın şərhini tapmış-dır;
İkinci, ədəbiyyatın öz borcunu şəxsiyyətə
qaytarması, başqa sözlə, şəxsiyyətin sənətkar
qələmi ilə əbədiləşdirilməsi problemi. A.İsgəndərov qələmə
almış olduğu bəlli əsərləri ilə Heydər
Əliyev şəxsiyyətinə bir vətən
övladı və söz, sənət sahibi olaraq borcunu
qaytarmış, öz gücü müqabilində şəxsiyyəti
- Heydər Əliyevi əbədilik ucalığında qərarlaşdırmağa
səy göstərmişdir;
Üçüncü və son olaraq, şəxsiyyətin
ucalığının zamana örnək olması problemi. Ulu öndər
Heydər Əliyev nəticə etibarı ilə öz ölkəsini
dünyada tanıtmış, Azərbaycanımızı
zamana nümunə etmişdir.
Heydər
Əliyevin "Ulu öndər", "Ümummilli
lider", "Heydər - xalq, xalq - Heydər" zirvələrinə
yüksəlməsinin, xalqının ən sevimli rəhbərinə
çevrilməsinin, "böyük dövlət xadimi".
"böyük siyasi lider"
ucalığını fəth etməsinin" sirri nədədir?
Monoqrafiyada
bu və buna bənzər məntiqli sualların
cavabını kitaba daxil edilmiş məqalələrin
adından da görmək mümkündür: "Heydər
Əliyev - azad düşüncənin və milli təfəkkürün
təəssübkeşi", "Xalqının, dövlətinin
qürur ünvanı olan BÖYÜK AZƏRBAYCANLI",
"Azərbaycan - Heydər Əliyev əmanəti",
"Heydər Əliyev - ölkəsinin dövlətçilik
"düsturunu" yazan siyasi xadim, dövlət
başçısı", "Təhsil və elm Azərbayca-nın
dövlət quruculuğu siyasətinin prioritet istiqamətlərindəndir","Tərcümeyi-hal
insana şan-şöhrət gətirmir, insan tərcümeyi-halını
şərəf-lədirir, şöhrətləndirir",
"Heydər Əliyev öz əməlləri ilə
ölümsüzlüyünü qazanıb", "Varis".
"Əgər
bu gün bütövlükdə bəşəriyyəti idarə
etmək üçün bir prezident tələb olunardısa,
o şəxsiyyət məhz Heydər Əliyev ola
bilərdi..." A.İsgəndərovun hələ
1995-ci ildə dilə gətirdiyi bu kəlmələri
"Heydər Əliyev - xalqının, dövlətinin
qürur ünvanı" adlı monoqrafiyasına epiqraf
seçməsi təbii təsir bağışlayır.
Hər haldan öncə o səbəbdən ki,
kitabın ilk sətirlərindən sonuncu cümləsinə
qədər bu kəlmələr bütövlükdə
leytmotiv olaraq səslənir. AMEA Tarix
İnstitu-tunun "Əliyevşünaslıq" şöbəsinin
müdiri, filologiya üzrə elmlər doktoru Ədalət
Qasımovun yazdığı kimi, əsər "Ümummilli
liderimizin bədii obrazının
canlandırıldığı yaradıcılıq nümunəsidir.
Kitabda dahi rəhbərimiz həm bədii təfəkkür
obrazında təqdim edilmiş, həm də müəllifin
onun haqqında düşüncələri öz əksini
tapmışdır".
Fikrimizin təsdiqi kitab üçün yazılan rəylərdə
də aydın görünür.
AMEA-nın
həqiqi üzvü, filologiya üzrə elmlər doktoru,
professor Nizami Cəfərov kitaba rəyində haqlı olaraq
qeyd edir ki, "...xalqımızın böyük oğlu, Azərbaycan
adında kiçik bir dövləti cahanşümul zirvəsinə
çatdırmış, dünyanın region dövlətlərini
bu dövlətlə hesablaşmağa sövq etmiş bir
insan - 32 illik dövləti idarəetmə təcrübəsinə
malik siyasət və dövlət xadimi, böyük hərflərlə
yazılı VƏTƏNDAŞ anlamını özündə
ehtiva edən Vətən oğlu haqqında monumental bir əsərdir.
Hansı ki, qədim tarixə malik Azərbaycanımızda
dövlətçilik ənənəsinin formalaşması,
200 illik monarxiya və 70 illik kommunist rejimi buxovlarında öz
müstəqil-liyinə həsrət bir xalqın (dövlətin)
suverenlik arzularına qovuşması Onun adı ilə
bağlıdır".
AMEA-nın
müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor
Vəli Əliyev isə A.İsgəndərovun
yaradıcılıq üslubuna diqqət yetirmişdir:
"Ulu öndər haqqında cild-cild kitablar ya-zılıb,
bundan sonra da yazılacaqdır. Ancaq A.İsgəndərov
Ulu öndər haqqında hətta hamıya bəlli
faktları, hadisələri tədqiqatçı olaraq
özünə məxsus tərzdə və pub-lisistik dillə,
poetik axarda çox gözəl nizamlayıb. Qələmə aldığı hər kəlmə-də
ümummilli liderin ideyalarına ürəkdən və bənzərsiz
bağlılığı görünür. Monoqrafiyanı qeyri əsərlərdən fərqləndirən
məhz bu məziyyətidir".
Dahi Azərbaycan oğlu haqqında mükəmməl
göstəricilərlə dolu həqiqətlərin məhz
A.İsgəndərova xas tərzdə qələmə
alınması, mövzunun dil-üslub özəlliyi, məqamında
edilən publisistik ricətlər əsərin
yaradıcılıq siqlətini qat-qat artırır.
V.Əliyev
müəllifin Heydər Əliyev mövzusuna müraciətini
belə açıqlayır: "Mən Ayətxan Ziyadı
(İsgəndərovu) XX əsrin 80-ci illə-rindən, Azərbaycan
Dövlət Radiosunda işlədiyi vaxtdan tanıyıram. "Naxçıvan" qəzetində
çalışdığı dövrdə münasibətlərimiz
bir az da yaxınlaşdı. 2007-ci ildən isə A.İsgəndərov da ADPU-da
işləyir. Bütün bu illər ərzində mənim
tanıdığım A.İsgəndərov təcrübəli
yazıçı-jurnalist, tədqiqatçı, Azər-baycan
dövlətçiliyinə xidmət edən, öz
xalqına, dövlətinə sədaqətli bir insan,
sözün müstəqim mənasında "vətəndaş"
nümunəsi olan vətən övladıdır".
Monoqrafiyanın
elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor
Buludxan Xəlilov, redaktoru Əməkdar incəsənət
xadimi İntiqam Qasımzadə, rəyçilər AMEA-nın
həqiqi üzvü, filologiya üzrə elmlər doktoru,
professor Nizami Cəfərov, AMEA-nın müxbir üzvü,
tarix üzrə elmlər doktoru, professor Vəli Əliyev və
AMEA-nın "Əliyevşünaslıq" şöbəsinin
müdiri, filologiya üzrə elmlər doktoru Ədalət
Qasımovdur.
Heydər Əliyev mövzusu A.İsgəndərov
üçün təzəlikcə açılan mövzu
deyil. Müəllifin özünün də qeyd etdiyi kimi,
A.İsgəndərov Heydər Əliyevin vətən
övladlarının taleyində rol oy-nadığı ikinci
nəslin (Heydər Əliyev 1969-cu ildə Azərbaycana siyasi
haki-miyyətə gələndə orta təhsilini başa
çatdıranların, başqa sözlə,
bütünlüklə Heydər Əliyev ideologi-yası ilə
silahlanmışlar nəslinin) nü-mayəndələrindəndir.
Müəllifin tərcümeyi-halı deyilənlərin
təs-diqidir. Belə ki, A.İsgəndərov 1969-cu ildə
orta məktəbi bitirmiş, elə həmin il
də (və deməli, Heydər Əliyevin Azərbaycan KP
MK-nın I katibi təyin edildiyi il) ADU-nun (indiki BDU-nun)
jurnalistika fakültəsinə daxil olmuş, radio-televiziya
jurnalisti ixtisasına yiyələn-mişdir.
"Heydər Əliyev ideyaları A.İsgəndə-rovun
yazıçı-jurnalist, tədqiqatçı olaraq
yaradıcılığında ana xətdir" - desək,
yanlışlıq etmərik. Qələmə
sarıldığı 50 illik zaman civarında Ulu öndərin
ideologiyasını təbliğ və tərənnüm edən
minlərlə radio-televiziya verilişi, qəzet və jurnal məqaləsi,
elmi məqalə və konfrans materialları, "Məndən
sonra..." əsərinin "Dahi" bölümü
(Bakı-2010), "Heydər Əliyev və ədəbiyyat məsələləri:
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin...
- dövlətinin hamisi" dərs vəsaiti (2018-ci ildə
Bakıda və xaricdə (LAP LAMBERT Academic Publishing (2018-11-08)-İSBN-13:978-613-9-88091-1)
nəşr edilmişdir), sayı 10-u adlayan elmi məqaləsi,
eləcə də "Heydər Əliyev - xalqının,
dövlətinin qürur ünvanı" monoqrafiyası
fikrimizin təsdiqinin göstəricisidir. Bu əsərlərdə
Ulu öndər böyük azərbaycanlı, fenomen siyasi
xadim, Azərbaycanımızı dünyaya görk edəcək
taktika və strategiyanın müəllifi olan dahi insan -
dövlət başçısı, Azərbaycan təhsilinin,
elminin, ədəbiyyat və mədəniyyət xadimlərinin
himayədarı kimi təqdim edilir ki, qarşıya qoyulan məqsədin
bu prizmalardan açıqlanması oxucuya Heydər Əliyev
şəxsiyyətini müxtəlif rakurslardan öyrənmək
imkanı yaradır.
A.İsgəndərovun yaradıcılığında
"Heydər Əliyev və dissident ədəbiyyatı"
mövzusu xüsusi önəm daşıyır ("Heydər
Əliyev - azad düşüncənin və milli təfəkkürün
təəssübkeşi" məqaləsi nəzərdə
tutu-lur). Bu mövzu Azərbaycan ədəbiyyatında və
jurnalistikasında ilk dəfə 2008-ci ildə A.İsgəndərov
tərəfindən işlənmişdir. XX əsrdə
37-ci illərin "vətən xaini" və 60-80-ci illərin
dissident damğasını ürək ağrısı ilə
diqqətə gətirən müəllif Ulu öndərin Azərbaycana
rəhbərliyi dövründə xalqının qeyrətli
oğullarını dünyanı kabus kimi dolaşan
"dissident damğası"ndan hansı təəssübkeşliklə
qoruduğu məsələsini önə çəkmiş,
"dissident yazıçı, sənət adamı"
sorağı ilə Azərbaycanın "qapısını
döyən" hər kəsi necə siyasi uzaqgörənliklə
yola saldığını təkrar-təkrar dilə gətirmişdir.
"Azərbaycanda doğru-danmı dissident sənət
adamı, qələm sahibi yox idi? Var idisə,
bəs nə üçün cəzalanan olmayıb?"
Azərbaycanda dissident axtarışına
çıxanların bu kimi suallarını ümummilli liderin
özü belə cavablandırmışdır: "Biz sadəcə
olaraq onları axtarmırdıq". Elələrinin
"sadəcə axtarılmaması-nın" nəticəsidir
ki, XX əsrin 60-90-cı illər ədəbiyyatımız
özünün epogey dövrünü yaşayıb, Azərbaycanın
ədəbiyyat tarixində silinməz izlərini qoya bilib.
A.İsgəndərov
redaktoru olduğu "Heydər Əliyev və ədəbiyyat
məsələləri" (müəllif professor Tərlan
Novruzovdur) kitabına "Ön söz"də oxucuya
müraciətlə yazmışdır: "...ən ümdəsi...
Siz Heydər Əliyev kimi cahanşümul bir siyasətçinin,
dövlət başçısının ədəbiyyat məsələləri
və ədəbiyyatçılar (nasir, şair, dramaturq)
haqqında düşüncələri, nasir və şairlərin
yaxın dostu, qəm-xarı, hər hansı müşkülə
düşəndə havadarı, xilaskarı, müdafəçisi
olmağı, onları layiqincə dəyərlən-dirməyi
bacaran insanla - Heydər Əliyevlə tanış olmaq
imkanı əldə edirsiniz. Həm də
yalnız fenomenal siyasətçi, dövlət
başçısı Heydər Əliyevlə deyil, ədəbiyyatşünas,
tədqiqatçı, tənqidçi, publisist Heydər
Əliyevlə... tanış olmaq üçün fürsət
qazanırsınız".
Bu qeydləri eynilə "Heydər Əliyev -
xalqının, dövlətinin qürur ünvanı"
kitabı haqqında da demək olar. Əsərdə ümummilli liderin ədəbiyyat,
mədəniyyət, elm və təhsil işçilərinin
himayədarı, bütövlükdə görkəmli dövlət
başçısı, ictimai-siyasi xadim kimi təqdim edilməsi,
mövzuların özəl işlənmə xüsusiyyət-ləri
belə deməyə bizə haqq verir.
"Heydər Əliyev xoşbəxt atadır" söyləyən müəllif qənaətlərini Ulu öndərin "Azərbaycana Onun ümidlərini doğruldan, Azərbaycan Respublikasının daxili və xarici siyasətini uğurla idarə edən, Azərbay-canımızın dünyanın hegemon dövlətləri ilə bir sırada qürurla dayanmasını qərarlaşdıran İlham Əliyev kimi bir varis, dövlət başçısı" qoyub getdiyini, İlham Əliyevin xoşbəxt oğul olduğunu qənaə-tini isə onun müdrik, dünya şöhrətli, fövqəl idarəetmə qabiliyyətinə, dünyaya görk olan siyasi səriştə və iradəyə malik Heydər Əliyev kimi bir atanın ocağında dünyaya gəldiyi və ona göstərilən etimadı illərdir şərəf, ləyaqət və inamla doğrultduğu fikri ilə əsaslandırır.
İnanırıq ki, A.Ziyad-İsgəndərovun "Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı" monoq-rafiyası Ümummilli lider Heydər Əliyev irsinin tədqiqinə layiqli töhfə kimi ədəbi ictimaiyyətin diqqətini cəlb edəcək.
Nizami XUDİYEV
Filologiya
üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2019.- 12 fevral.- S.4.