"Dünyada qalacaq yalnız yaradan..."

 

 

Sovet dövründə ədəbiyyat dərslərində "Əmək insanı ucaldır" mövzusunda inşa yazırdıq. O zaman mənə elə gəlirdi ki, əmək qəhrəmanları yalnız pambıq tarlalarında, neft mədənlərində işləyənlərdir.

 

Zaman keçdi və mən həyatına qədəm qoyandan sonra öz düşüncəmdə yanıldığımı gördüm. Əslində, bu yanlışlıq bizim şüurumuza diktə olunan sovet ideologiyasının nəticəsi idi. Mən anladım ki, insan öz işinə vicdanla yanaşanda, onu ürəklə yerinə yetirəndə hər hansı ictimai-iqtisadi formasiyada yaşamasından və hansı peşədə işləməsindən asılı olmayaraq başıuca, üzüağ olur. Kim bilir, bəlkə də odu ilk dəfə öz ağlı və zəhməti ilə kəşf edən ilk qədim insan da öz müasirləri arasında qəhrəman adı almışdır.

Reallıq ondan ibarətdir ki, insan öz əməyi ilə cəmiyyətə xeyir versin, onun əməyindən yüzlərlə, minlərlə insan faydalansın. Biblioqrafiyaların yaradılması işi ilə məşğul olan mütəxəssislərin əməyi də bu mənada faydalı işdir və faydalı olduğu qədər də çətindir. Bu həqiqəti hələ universitetin sonuncu kursunda diplom işimin mövzusu olan Azərbaycanın sevimli şairi Əliağa Vahidə həsr olunmuş biblioqrafik göstəricini düz altı ay ərzində tərtib etdiyim zaman anlamışdım. Bəxtim onda gətirdi ki, çox tələbkar müəllim kimi tanıdığımız mərhum alimimiz Əşrəf Xələfov (Allah rəhmət eləsin!) diplom rəhbəri kimi işimi bəyəndi.

Üç ilə yaxın bir müddətdə çalışdığım S.Vurğun adına Sumqayıt Mərkəzi Şəhər Kitabxanasında biblioqrafiya şöbəsinin müdiri, gözəl insan Rəna xanım Həsənova ilə birlikdə biblioqrafik vəsaitlər hazırladığımızı da sevə-sevə xatırlayıram.

Mənə elə gəlir ki, nəhəng bir dəryanı xatırladan sənəd kütləsi içərisindən lazımi materialları toplayıb üzə çıxarmaq elə qəvvas kimi suların dərinliyinə baş vurub inci tapmağa bərabərdir. Böyük Nizaminin yazdığı kimi:

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çxardım.

Azərbaycanda biblioqrafiya elmi kifayət qədər inkişaf edib. Respublikamızda biblioqrafik göstəricilərin tərtibi ilə bir çox kitabxanalar, elmi müəssisələr məşğul olur. Azərbaycan Milli Kitabxanasının diyarşünaslıq biblioqrafik resursların yaradılması şöbəsi tərəfindən hər il onlarla sanballı biblioqrafik vəsait hazırlanır. Şöbənin müdiri Mədinə Vəliyevanın, baş biblioqraf Mətanət İbrahimovanın və digər əməkdaşların hətta saatlarından sonra da könüllü olaraq işdə qalıb çalışdıqlarının dəfələrlə şahidi olmuşam. Bu da onların öz işinə sevgisinin və məsuliyyət hissinin böyüklüyündən xəbər verir. Nəşriyyat işləri şöbəsinin müdiri Mehriban Cəfərovanın bu vəsaitlərin işıq üzü görməsində əməyi danılmazdır.

F.Köçərli adına Respublka Uşaq Kitabxanasının əməkdaşlarının uşaq ədəbiyyatı biblioqrafiyasının yaradılması sahəsində gördüyü işlər də təqdirəlayiqdir.

Onlar üç nəfərdirlər - Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Nazilə Tahirova, şöbənin əməkdaşları Leyla Qafarova və Tünzalə Əzizova. Bu xanımlar neçə illərdir ki, hamımımızın uşaq ikən sevdiyimiz, yazdıqları əsərlərlə böyüdüyümüz unudulmaz Azərbaycan şairləri və yazıçılarının biblioqrafiyasını yaratmaqla məşğuldurlar. Mən, demək olar ki, hər gün çalışdığım milli kitabxanada onları görürəm. Buna görə də onların necə böyük sevgi və həvəslə çalışdıqlarının şahidiyəm. Nazilə xanımın özü bu çətin işin fanatı olduqlarını mənə etiraf edib. Təcrübə göstərir ki, insan öz işini sevəndə heç bir çətinlik onu qorxutmur. Qışın şaxtasında, yayın qızmarında saatlarla milli kitabxanada, ali məktəblərdə, arxiv idarələrində çalışan bu xanımlar həqiqətən işlərinin fanatıdırlar. Demək istəyirəm ki, qəhrəmanları kosmosda axtarmaq lazım deyil, onlar elə bizim öz ətrafımızda olan müasirlərimizdir. Onların tərtib etdiyi biblioqrafik vəsaitlər bizim gözümüz qarşısında ərsəyə gəlir. Milli kitabxanada işlədikləri zaman sanki bütün "mexanizm" hərəkətə gətirilir, sənədlərin əksəriyyətinin elektron variantı olmasına baxmayaraq, onlar fondlarda olan kitabdövrü mətbuatla işləməyə üstünlük verir, hər səhifəni zərgər dəqiqliyi ilə nəzərdən keçirirlər. Buna görə də sonunda kitabxana ictimaiyyətinin və oxucuların dəyər verdiyi biblioqrafik vəsaitlər meydana çıxır.

Cəmiyyətimizin gələcəyi olan uşaqların maariflənməsi üçün yazıb-yaradan ədiblərin xatirəsinə yaratdıqları biblioqrafik göstəricilərlə əbədi heykəl ucaldan bu zəhmətkeş biblioqrafların həm də necə böyük savab gördüyünü vurğulamaq istərdim. Hələ ibtidai sinifdən evimizin yaxınlığında yerləşən V.Q.Korolenko adına uşaq kitabxanasına üzv idim. Orada açıq rəf üsulu ilə kitabları seçib evdə mütaliə edirdik. Kitab seçimini kitabxanaçı öz öhdəmizə buraxdığından bəzən aldığım kitabları oxuyub anlamaqda çətinlik çəkirdim. Təbii ki, o zaman mən tövsiyə xarakterli biblioqrafik göstəricilərin mövcudluğundan xəbərsiz idim. Onu demək istəyirəm ki, biblioqrafik vəsaitlər həm də maarifləndirici xarakter daşıyır, mütaliəyə rəhbərlikdə, ədəbiyyat seçimində yardımçı rol oynayır.

Bu yaxınlarda professor Məryəm Əlizadə keçən əsrin 80-ci illərində yazdığı bir neçə məqaləsini kartotekada axtarırdı. Mən məqalələrin dahi şairimiz H.Cavidlə bağlı yazıldığını eşidən kimi ona biblioqrafik vəsaitdən istədiyi mənbəyi asanlıqla tapıb təqdim etdim. Teatrşünas xanım mənə dönə-dönə təşəkkür etdi. Mən isə təşəkkürün əslində, belə biblioqrafik vəsaitlər hazırlayan insanlara çatdırılmasının gərəkli olduğunu bildirdim. Bəlkə də biblioqraflar haqqında məqalə yazmağıma Məryəm xanımla aramızda olan bu söhbət səbəb oldu.

Həqiqətən, Milli Kitabxananın əməkdaşı kimi oxucuların vaxtına qənaət etmək, operativ işləmək sahəsində biz nəyə nail oluruqsa, hamısı biblioqrafik vəsaitlərin hesabına baş verir. Məlumat nəşrləri, ixtisas kitabları kimi bu vəsaitlər də bizim stolüstü kitablarımızdır, çünki onlara dəfələrlə müraciət edirik. Onları tərtib edən həmkarlarımıza isə bizə edilən təşəkkürün yüz qatı düşür. 

F.Köçərli, Abbas Səhhət, M.Seyidzadə, Mikayıl Rzaquluzadə, Abdulla Şaiq, İlyas Tapdıq, Xanımana Əlibəyli, Tofiq Mahmud... Bu siyahını uzatmaq da olar. Onlar təkcə uşaqların yox, hamımızın sevimli yazıçılarımız, unudulmaz ziyalılarımızdır. Onların irsini tədqiq etmək, yaradıcılığını araşdırmaq həm də bugün həyatda olmayan bu insanların ruhunu şad etmək, onlara ikinci həyat verməkdir.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirovun dediyi bir fikir məni həmişə kövrəldir: "Vaxt olacaq, biz hamımız bu dünyadan köçəcəyik, amma bu kitablar əbədi qalacaqlar".

Bəli, ölməz Səməd Vurğunun da dediyi kimi: "Dünyada qalacaq yalnız yaradan!"

Yaradıcı insanların həyat yoluna işıq salmaqla onları bizdən sonra da gələn nəsillərə tanıtmaq kimi xeyirxah missiyanı daşıyan bütün zəhmətsevər biblioqraflara, işinin peşəkarlarına isə bir arzum var: Azərbaycan ədəbiyyatının təbliği sahəsində qarşıya qoyduqları, arzusunda olduqları bütün planlarını həyata keçirə bilsinlər. Sizə uğurlar, əziz yaradıcı biblioqraf həmkarlarımız!

 

Tərlanə ƏLİYEVA

Azərbaycan Milli Kitabxanasının aparıcı kitabxanaçısı

 

525-ci qəzet.- 2019.- 13 fevral.- S.7.