Səssiz yeriyən ADAM
AKADEMİK NİZAMİ
CƏFƏROVUN 60 İLLİYİNƏ
O, səssiz
yeriyir. Çoxları onu başa düşmür. Bəzilərinə sadə, bəzilərinə
qəliz, bəzilərinə
isə "özününkü"
kimi görünür
bu ADAM. Deyər, gülər, fikir
bildirər, ancaq səssizliyin içindən
boylanar bu ADAM.
Minillərin yükünü, biliyini, dərdini çəkir bu ADAM. Ona görə səssiz
yeriyir. Qorxur ki, çəkdiyi
bu yük dağılıb tökülər,
məhv olar, töküləni kimsə
qaldırmaz, heyf olar. Ona görə ehtiyatla
yeriyir, səssiz yeriyir. Anlayır ki, bu millət, bu xalq, bu tayfa,
bu qəbilə ona bir ƏMANƏT qoyub; QAN YADDAŞI ƏMANƏTİ. Bu yaddaşı hər
kəsə ƏMANƏT qoymurlar.
Bu YADDAŞI SEÇİLMİŞlərə
ƏMANƏT verirlər.
Onun səssizliyinin
içində MÜDRÜKLÜK var, MƏSULİYYƏT var. Bu üzdən
SƏSSİZ yeriyir, SƏSSİZ danışır.
Onun SƏSSİZ addımlarının səsini
eşidirəm. Səssizlik SƏS yaradır, MÜHİT yaradır, MƏKTƏB yaradır.
İlahi!
Bu səssizliyin içində nələr
yoxdur? Min illərin tarixi, dili, şifahi və yazılı ədəbiyyatı. Səssiz danışır.
İçindən tarixi dostları
axışıb gəlir.
Bu günün dostları
yox eee... Bu bilikləri ona
ötürən dostlar
axışıb gəlir.
Deyirlər, öyrədirlər, ötürürlər. Tarixi pıçıldayırlar,
dilimizin mükəmməlliyini
və gözəlliyini
ötürürlər ona.
Ətrafdakı dostlardan da ehtiyatlı olmağı məsləhət görürlər.
Yükünü heç kimə
verməsini istəmirlər.
Başını müdrükcəsinə yelləyərək səssiz
yeriməyində davam
edir.
Ağır olan ətrafı onu başa düşmür. İstədikləri dövrün yaşam istədikləridir. Birinin ailə
vəziyyəti ağırdır,
biri elmdə, digəri bədii ədəbiyyatda qısırdır.
Ətrafının hay-küyü onu
səssiz yeriməyə
vadar edir. O, bu dünyanın dərdini, sərini həll etməyə gəlməyib. Onun missiyası başqadır.
Ancaq kimə deyirsən, kimi başa salasan? Bu üzdən,
o içində səssiz
yeriyir. Qarşısına qoyulan Ali məqsədə
doğru yeriyir... səssiz yeriyir. Onu başa düşənlər
barmaq sayı qədərdir. Arada dayanıb
nəfəs alır, ətrafına baxır.
Onlar harda, o harda? Arada təəssüf də edir. Seçilmişlərin bəziləri sosial,
ailə qayğıları
içində itib batır, sonra HAMIYA qarışırlar. Əlini atıb
onları oradan çıxartmaq istəyir.
Amma ağır ƏLLƏR onu
özlərinə doğru
çəkməyə başlayanda,
o geri çəkilir.
Sonra yenə SƏSSİZ yeriməyinə
davam edir.
O hissəcikləri, dağılıb
itməkdə olanları
kütlə halına
gətirməyi bacarır.
Sonra bu kütləni strukdurlaşdırır, suxurlaşdırır,
ona forma və məzmun verir.
Səssiz yeriyə-yeriyə RUHUNU keçmişdən
gələcəyə daşıyır. Daşıdıqca hər dayanacaqda vaxtı və zamanı bitmiş hissəcikləri, kəsləri
elə o dayanacaqda düşürür, özünü
silkələyib yeni səssiz yoluna davam edir.
Yeridikcə kəhkəşanları görür,
onların içində
millətin tutacağı,
dilinin söykəndiyi
mənbəni görür,
qürur duyur, fəxr edir, qürurlanır.
Dostlar arasında
güləndə, gülüşü
titrəməyə, zəlzələyə
çevrilir. Çoxları görmür bu
titrəmənin, zəlzələnin
içindən nələr
tökülüb səssiz
yeridiyi yollarda qalır. Yad ünsürləri, nifrəti, xəyanəti,
satqınlığı, əcaib-qəraib
şeyləri özü
ilə apara bilməz bu yolçuluqda. Gülüşü, zəlzələsi onları
töküb sökür
bu yollarda. Bu səssizlikdə saflıq lazımdır, sevgi lazımdır. Bu, eşqin yoludur.
Səssizlik həm də
Tanrı YURDUDUR. Tanrı yoluna
bundan savayı yol yoxdur.
Səssizlikdə yaşayan onun qəlbidir, beynidir, düşüncələridir, fikirləridir. Özünün xəbəri də
olmadan beynində
"fikir qəbiristanlığı"
yaradıb. Səssizcə ölən fikirlərini, düşüncələrini beynindəki
"fikir qəbiristanlığı"nda
basdırır. Sonra buna
səssizcə peşman
olur, fəryad edir, təəssüflənir,
amma yenə səssizcə yoluna davam edir.
Yeriyən adam yolçudur. Yolçuluğun məramı, məqsədi
olar. Səssiz yeriməyinsə öz aləmi, öz xatirələri var, hər mənzilin
öz dayanacağı
var. Bu dayanacaqda səssizcə
lazım olmayanlar tökülür... tökülür...
gərək olmayanlar bu dayanacaqlarda tökülüb qalır.
O isə səssiz yoluna davam edir.
Onun üçün
VƏTƏN MİLLƏT deyil,
MİLLƏT VƏTƏNdir. O yoldan nələr görünür...
nələr? İlahi EŞQdən
başlayan MİLLƏT, VƏTƏN,
DÖVLƏT.
Səni
sevəcəklər də,
tənqid edə
cəklər də.
VƏTƏN
- səni sevməyəcək
hər yoldan ötən!
Yol gedirsən
səssiz yeriyirsən
bu yolda. Sən bu
yoldasan.
MİLLƏT
yolu ruhunda!
VƏTƏN
yolu canında!
DÖVLƏT
yolu qanında!
İLAHİ
EŞQ yolu VƏHDƏTİ
VÜCUDUNdur.
VƏHDƏTİ
VÜCUDUN mübarək olsun!
Bu üçü olmasa
VƏHDƏTİ VÜCUDUN olmaz!
Səssizliyin mübarək!
Yunus
OĞUZ
525-ci qəzet.- 2019.- 14 fevral.- S.7.