OLARAM

 

Dünyanı cüt cəzib, qoşa dolaşsaq,

Gərəyin, çörəyin, duzun olaram;

Gücə çevrilərəm uca dağ aşsaq,

Səhrada bulağın, buzun olaram!

Ayrılıq daş atıb qırsa qəlbimi,

Hayqırram yaralı aslanlar kimi;

Dinsə mizrabınla könlümün simi,

Ceyranın olaram, quzun olaram!

Dözmərəm təkliyə gərib sinə sən,

Qanadı qırılmış quşa dönəsən;

Çağır uzaqlardan dönə-dönə sən -

Köməyin, diləyin, arzun olaram!

Eşqsiz yaşamaq - yaşamaq deyil,

Vətən öyrədir ki, həm sev, həm sevil!

Desən fəsillərə, illərə çevril

Ən gözəl payızın, yazın olaram!

İşığam - səpələ üzünə məni,

Əbədi nur eylə gözünə məni;

Sən həyat istəsən özünə məni,

Bütün ömürlərdən uzun olaram!

 

BİR PƏRİ GÖRDÜM

 

Alma bağında

Alma yanaqlı

Bir pəri gördüm;

Qara gözlərin

Dərinliyində

Səhəri gördüm.

Sən demə bəzən

Duyğular gücü

Üstələyirmiş;

O nadir mələk

Budaq nədir ki

Vüqar əyirmiş.

İlhamım, danış

Dağ gözəlinin

Təbəssümündən;

Təklik illərim

İşıq götürsün

Bu günümdən.

Alma bağında

Alma yanaqlı

Bir pəri gördüm;

Mən vurulmuşu

Kəndə qaytaran

Dilbəri gördüm!

 

 

Oqtay RZA

Əməkdar müəllim

 

525-ci qəzet.- 2019.- 14 fevral.- S.8.