Güzgü
hekayə
Sevincimin həddi-hüdudu yox idi. Bu gün
oğlum doktorluq dissertasiyası müdafiə edəcəkdi.
Bu, onun zəhmətinin təqdimatı idi.
Evin içində fırfıra kimi
fırlanırdım.
Övladım elmin yoluyla irəliləyirdi. İnsanın
vəfalı, sadiq dostu olan elmin. Elm, bilik nə
vəzifədir, nə sərvət. Bu gün səndə,
sabah başqasında olsun. Elm
sənin illərlə çəkdiyin zəhmətinin,
düşüncələrinin məhsuludur. Onu heç kəs səndən ala bilməz.
Düşünürdüm sabah
dünyanı dəyişəndə, əbədi məskəndə
rahat uyuyacam, çünki bilirdim ki, övladımın
çətin anında ona arxa, dayaq olacaq vəfalı dostu
var.
Vaxt yavaş-yavaş əriyib su kimi axırdı. Saatın əqrəbləri
rəqəmlər üzərində ləng də olsa, yerini
dəyişirdi. Ancaq hələ də nə
telefon zəngi çalır, nə də qapı
döyülürdü. Müdafiədən
bir xəbər yox idi. Sevincimi əlimdən
almağa çalışan təlaş,
nigarançılıq yavaş-yavaş
varlığımı bürüyürdü.
Rəhmətlik
atasının dediyi sözləri xatırladım:
"Oğul, elmin yolunu tutmusan, çox yaxşı. Yadında saxla, elm aləmində paxıllıq daha
çox məskən salıb. Bilik,
savadınla yanaşı, haqsızlıqla mübarizə
aparmaq üçün poladdan gücün, dəmirdən səbrin
olmalıdır".
Oğlumun savadına, biliyinə arxayın olsam da,
haqsızlıqla mübarizə aparmağa gücü və səbri
varmı? Əmin deyildim.
Vaxt
keçdikcə nigarançılıq məni
üzürdü: - "Yox, yox, artıq dayana bilmərəm,
nə olsun ki, Emin tapşırıb: "Ay ana, narahat
olma!"
Necə narahat olmayım məgər, məndən
asılıdır?!
Universitetlə
evimizin arası o qədər də uzaq deyil, piyada on-on beş dəqiqəlik yoldu. Düşünmədən
əl çantamı götürüb evdən
çıxdım. Necə getdim, necə
çatdım bilmirəm, artıq universitetin həyətinə
daxil olmuşdum. Ürəyim, şiddətlə
döyünməyə başladı. Damarlarımda
qan elə sürətlə hərəkət edirdi ki,
özüm aydınca hiss edirdim. Sanki
gözə görünməz bir qüvvə məni məndən
alıb yeni mən yaradırdı. Bunu nə
anlatmaq, nə yazmaq mümkündür. Bu
hissi ancaq yaşayan bilər. Bir anda insan qırx, əlli
il daxilən cavanlaşa bilərmiş!
Varlığımı qəribə xoş hiss
bürüyürdü. Bu hiss, nəyə gəlmişdim, niyə
gəlmişdim, bir anda hər şeyi başımdan silib
atdı.
Mən universitetin tələbəsi idim. Həsrətlə,
sevinclə universitetin həyətinə döşənmiş
daş səkiyə baxdım. Vaxtı ilə
bu səki ilə addımlayarkən dikdaban
ayaqqabılarımın tak-tuk, tak-tuk səsi
varlığımda bir harmoniya yaradırdı. O səs
mənim üçün bəstələnmiş bir musiqi sədası
idi. Bu musiqi məndə özünə güvən,
özünəinam hissi aşılayırdı. Həyəcanla daş səkiyə ilk
addımlarımı atdım. Taap-taap,
taap-taap. Bu nə səs idi, təəccüb
qaldım.
İstər-istəməz ayaqlarıma baxdım,
ayaqlarım yerində, bəs mənim həsrətində
olduğum, eşitmək istədiyim səsi dəyişdirən
nə idi. Nəzərlərim
geyindiyim yerüzü ayaqqabılarıma ilişib qaldı...
Varlığımı
bürüyən o qəribə xoş hiss o qədər
güclü idi, həsrətində olduğum sehrli səsi
eşitmədiyim üçün məyus olsam da, tələbələrə
qoşulub, dərsə gecikməmək üçün
sürətlə universitetə tərəf yerimirdim,
uçurdum. Universitetin qapısından içəri
keçmək istəyəndə qapıçının məni
təəccüblə süzdüyünü gördüm.
Mən də eyni təəccüblə onu süzdüm:
- Niyə
belə təəccüblə baxırsan? Görmürsən
dərsə gecikirəm!
- Axı,
səni nə müəllimlər, nə də tələbələr
sırasına daxil edə bilirəm.
Qapıçının
düşündüyünü dilinə gətirməyə
macal verməyib qapıdan cəld içəri keçdim. Qeyri-ixtiyari
sağa döndüm. Foyedəki
güzgü yerindəcə dururdu. Üz-gözümə,
saçlarıma əl gəzdirmək üçün
güzgüyə tərəf addımladım.
Fasilə idi. Birinci növbənin dərsləri
qurtarıb, ikinci növbənin dərsləri
başlayırdı. Tələbələr
qaynaşırdı, kimi auditoriyadan çıxır, kimi də
auditoriyaya daxil olurdu. Dərsi qurtaranlar da,
başlayanlar da güzgüyə yaxınlaşırdı.
Sanki güzgü ilə dərsləri qurtaranlar
sağollaşır, dərsləri başlayanlar isə
salamlaşırdı.
Güzgünün önündə xeyli oğlan və
qız toplanmışdı. Oğlanlar
güzgünün qarşısında ötəri baxıb
keçsə də, qızların sığal-tumarı uzun
çəkirdi.
Güzgünün bir küncündə mən də
özümə yer seçmişdim. Ancaq özümü
görə bilmirdim. Xala bir az yana çəkil,
bibi o tərəfə dur, xanım imkan ver. O tərəfə
dur, bu tərəfə keç, məni güzgünün
qarşısından tamamilə uzaqlaşdırdı. Düşünürdüm, xalanın, bibinin bu gənclərin
arasında nə işi var, axı?! Həm
də güzgü qarşısında. Nəhayət,
zəng çalındı. Tələbələr
auditoriyalara doluşmağa başladı.
Yenidən güzgüyə yaxınlaşdım. Güzgünün
qarşısında MƏNdən başqa heç kəs yox
idi. Xəyal dünyamın MƏNini
görmək üçün ürəyim tir-tir əsirdi.
İşıq saçan gözləri, kürəkləri
döyəcləyən gur qara saçları, həyat
eşqi ilə dolu nazlı, cilvəli qızı görməyə
can atırdım. Nəzərlərimi
güzgüyə yönəltdim. Gözlərim
güzgüyə kilidləndi. Donub
qaldım. Yan-yörəmə baxdım.
Güzgünün qarşısında məndən
başqa heç kəs yox idi. Bəs,
güzgüdən mənə baxası kimi idi?! Yaşlı bir qadın gözlərini qırpmadan mənə
baxırdı. Həyatın zərbəsinə
sinə gərmiş, gözləri solğun, göz kənarları
qırış-qırış, üzündə kələ-kötür
şırımlar açılmış, bəyaz
saçları sığalsız, tumarsız. Güzgüyə baxa-baxa qalmışdım lal-dinməz.
Güzgüdən baxan qadın
varlığımı alt-üst etmişdi. Bir onda sabun köpüyünə bənzər
sevincim, nəşəm dağılıb məhv oldu.
Güzgüdəki yaşlı qadın mənə
baxırdı təəccüblü, istehzalı
baxışları ilə. İki mən
arasında qalmışdım. Biri xəyal,
digəri real dünyamın məni. Biri
güzgüyə baxırdı, o biri güzgüdən.
- Başa
düşə bilmirəm, sən kimi axtarırsan?!
- Mən
özümü!
-
Qarşında sənə baxan, məgər, sən deyilsən?!
-Xeyr, bu,
mən deyiləm! Bu, mən deyiləm: Sən nə
danışırsan?! Qətiyyən mən deyiləm.
- Məgər
bu günəcən sən güzgüyə baxmırdın?
-
Baxırdım!
-
Baxırdınsa niyə bəs özünü
görmürdün? Deməli, gördüklərini
qəbul etmək istəmirdin. İndi isə zəhmət
çək, həm bax, həm gör, həm də bir yolluq dərk
et, bu, sənsən, özünü
boş xülyalarla aldatma!
Varlığıma hakim kəsilən mən, real
dünyamın MƏNini heç cür qəbul etmək istəmirdi. İki MƏN
qarşı-qarşıya dayanıb bir-birinə meydan oxuyurdu.
Artıq çaşbaş qalmışdım.
Bu an mən hansı məndə idim, bilmirdim.
Ancaq hiss edirdim ki, xəyal dünyamın məni içimdə
sınıb, yavaş-yavaş parçalanıb
tökülür. Universitetin həyətinə daxil olanda
varlığımı bürüyən o qəribə
xoş hiss məni tərk edirdi. Xəyal
dünyamın yaratdığı sevincim, nəşəm, gənclik
eşqim bir anda məhv oldu. Düşünürdüm,
kaş, heç güzgüyə baxmayaydım. Məni
ağuşuna alan sevinci, nəşəni
qısa da olsa, doya-doya yaşayaydım.
Güzgüdən mənə yaşlı bir qadın
baxa-baxa qalmışdı. Gözlərini
qırpmadan, səssiz-səmirsiz. Zaman gəncliyinin
bütün gözəlliyini əlimdən almışdı.
O, mənə baxırdı, mən ona. Təslim
oldum. Deməli, bu MƏNiymişəm, xəbərim
yoxmuş, kövrəldim. Güzgüdəki
MƏNin könlünü almaq üçün əllərimi
uzadıb üzündəki qırışlara sığal
çəkmək istədim. Əllərim
güzgüyə yapışıb qaldı. Gücüm yox idi. Qollarım
boşalıb yanıma düşdü. Sanki
hər şeyin günahkarı güzgü idi. Ondan küsüb sürünə-sürünə
uzaqlaşdım. Bilmirdim ayaqlarım məni
sürüyür, yoxsa mən ayaqlarımı. Başımı qaldırıb özümü 202
¹-li otağın qarşısında gördüm. Nə qədər dayanmışdım, bilmirəm.
Qapını yavaşca itələdim. Otaqdan səs-səmir gəlmirdi. Əksər dərslərimizi bu auditoriyada keçərdik.
Otaqda heç kəs yox idi. İçəri
keçdim. Həmişə oturduğum ikinci
sıradakı yerimdə əyləşdim. Başımı sağa-sola yüngülcə əydim.
Sanki uşaqlarla salamlaşırdım.
Bir anda xəyalımdan
kimlər keçdi, nələr keçdi...
Cəlal Qasımlının mühazirəsi idi. O, mühazirəni elə sürətlə deyərdi ki, cəmi beş-altı tələbə axıracan güclə yazıb çatdırardı. Mühazirəni yazarkən üz-gözümə tökülən saçlarımı əllərimlə arxaya atmağa macalım belə olmazdı. Başımın kəskin hərəkəti ilə arxaya atardım. Bu zaman arxadan oğlanlardan kimsə "Dəli ceyran" ifadəsini işlətdi. Arxaya çevrildim, sərt nəzərlə oğlanları süzdüm. Hamısı başı aşağı guya mühazirəni yazırdı. Təkcə Qönçə mənə baxıb gülürdü. Əmin oldum ki, o sözü kim tərəfindən deyildiyini Qönçə bilir. Tənəffüsü gözlədim, zəng çalınan kimi Qönçənin üstünə cumdum. O, yenə də gülürdü. Mən onun gülməyinə əhəmiyyət verməyib:
- Qönçə, o sözü kim dedi?
O, gülməyinə ara verməyib:
- Nə söz, ay qız?
- Özünü elə apa
rırsan, guya, söhbətin hansı sözdən getdiyindən xəbərin yoxdur.
- Ay qız, dəli olma, atam canı bilmirəm, nə söz, hansı söz, sən nədən danışırsan?!
Mən bərk hirslənib
- "Dəli ceyran" deyirəm!
Nə "dəli ceyran" ay qız, - Qönçə qəşş edib, uğunub özündən getdi.
Mən pərt olub əsəbiləşdim. Qönçə mənim əsəbiləşdiyimi görüb könlümü almağa çalışdı.
- Aləmsən e, Əsmər! Mən də
deyirəm, görəsən, nə olub? Kimsə sənə "Dəli
Ceyran" deyib. Deyib, deyib də, nə olsun. "Dəli
keçi", "Dəli dana" deməyib
ki! İnan mənə, bir qab suda fırtına
qoparırsan. Kaş, o dili yanmış o
sözü sənə yox, mənə deyəydi. Və başladı oxumağa.
"Ay dəli
ceyran, mən sənə heyran,
Çoxmu çəkəcək söylə bu hicran?!"
Qönçənin mahnısını ağzında
qoydum. O
gündən ondan bərk inciyib küsdüm. O da məndən
incimişdi. O niyə incimişdi, bilmirəm.
Semestrin sonu idi. İmtahanlara hazırlaşırdıq.
Qönçə ilə kitabxanada
rastlaşdıq. Anidən o mənə, mən
də ona sarıldım. Qönçənin gözləri
dolmuşdu:
- Əsmər, sən bilirsən ki, mən sənin xətrini
nə qədər çox istəyirəm, sənin mənə
inanmamağın mənə bərk təsir etmişdi. Mən and
içdim, sən inanmadın, ona görə də, səndən
bərk incidim.
-
Qönçə, əgər, sən o sözü eşitməmişdinsə,
arxaya çevriləndə mənə baxıb, niyə
gülürdüm. Qönçənin dodaqları
qaçdı:
- Ay
qız, gülmürdüm, gülmək istəyirdim. Cəlal müəllimin qorxusundan gülə bilərdim?
Özündən xəbərin yox idi. Qələminlə burnunun ucuna qəşəng bir
xal qoymuşdun. Burnu xallını birinci dəfə
görürdüm, onu da səndə. Özümü
gülməkdən güclə saxlayırdım. Əgər gülsəydim, Cəlal müəllimin
xasiyyətini gözəl bilirsən, mütləq dərsdən
çıxaracaqdı. Axırda da nə həngamə
qopacağını yaxşı bilirsən. Heç imkan da vermədin ki, burnundakı xalı
silim. O gün xallı burun ilə universiteti gəzib
dolaşdın.
Nəzərlərim qarşıdakı kürsüyə
yönəldi.
Müəllimlərim bir-birini əvəz edirdi, əksəriyyəti
eyni sözləri təkrarlayırdı: "Əsmər,
güclü qələmin var, nəbadə yerə
qoyasan".
Universitetdə oxuya-oxuya dövrü mətbuatda yazılarım çap olunurdu. Təhsilimi bitirdikdən sonra redaksiyada işə düzəldim. Xoşbəxt idim, sevdiyim işdə çalışırdım. Yazılarım ictimaiyyət tərəfindən müsbət qarşılanırdı. Şöhrət qanadlarına alıb məni yavaş-yavaş yerdən yüksəkliyə qaldırırdı. Mən qalxdıqca ailəmdən, övladlarımdan uzaqlaşırdım. Sevgimin, istəyimin dəhnəsini tamamilə açıb yazdığım yazılarıma verirdim. Ailəmdə bir robot kimi idim. Evin, ailənin bütün işlərinin öhdəsindən gəlirdim, ancaq hissiz, duyğusuz, sevgisiz.
Tələm-tələsik işlərimi qurtaran kimi, yazı masasının arxasına keçəndə özümü dünyanın ən xoşbəxti sanırdım. Qələmimi əlimdə bərk-bərk tutardım. Qorxurdum ki, kimsə əlimdən alar. Tez vərəqi götürüb düşüncələrimi, ürəyimin hərarətini yazılarıma köçürərdim. İnsanın həyatının iki yoldaşı olur. Biri ömrünün sonuna qədər ailəsi, ikincisi uzun illər həyatını zənginləşdirən ona güc, enerji verən işi.
Çox zaman bu iki yol yoldaşları arasında gah gizli, gah aşkar mübarizə gedir, axırda bu mübarizə böyüyüb müharibəyə çevrilir. Bu an həlledici güc sən olursan. Sən iki yoldaşından birini seçməyə məcbur olursan. Mənim yol yoldaşlarım nə mübarizə apardılar, nə müharibə. Bəs, niyə müəllimlərimin dönə-dönə tapşırdıqları qələm əlimdə deyildi?!
Yoldaşım üç aylıq yaradıcılıq ezamiyyətinə getmişdi. Bir həftə idi ki, oğlum xəstə kimi idi. Xəstə-xəstə məktəbə gedib-gəlirdi. Tez-tez öskürür, iştahası demək olar ki, tamamilə kəsilmişdi. Qəti qərara gəlmişdim, bu gün işə getməyib, uşağı həkimə aparacağam.
Bu fikirdə ikən redaksiyadan zəng gəldi, bildirdilər ki, redaktor tapşırıb: "Müşfiqin yubiley səhifəsini Əsmər hazırlasın, səhifə axşama kimi hazır olmalıdır!"
Məni tanıyanlar yaxşı bilir, Müşfiqin nakam taleyinin, yaradıcılığının mənim qəlbimdə xüsusi yeri var. Bu səbəbdən də redaktor səhifənin hazırlanmasını mənə etibar etmişdi. İki su arasında qalmışdım. Bir tərəfdə xəstə övladım, o biri yanda ən çox sevdiyim sənətkar. Daxilimdən bir qüvvə məni redaksiyaya çəkirdi. Mənə elə gəlirdi, başqasının səhifəni hazırlamasına ya etibar etmirdim, ya da ki qısqanırdım. Oğlumu yatağına uzadıb qonşumuz Nabat xalaya tapşırıb, tələsik redaksiyaya qaçdım. Axşam saat doqquzda səhifə hazır oldu. Redaktor səhifəni bəyənmişdi. Sevinirdim, qəlbimdə bir rahatlıq vardı. Birdən yadıma düşdü ki, uşağı evdə xəstə qoyub gəlmişəm. Bir dəfə də olsun zəng edib xəbər tutmamışam. Tez taksiyə minib evə gəldim. Binanın qarşısında təcili tibbi yardım maşınını görəndə ürəyimi təlaş, qorxu bürüdü. Özümü itirdim, altıncı mərtəbəyə liftlə deyil, tələsik pilləkənlərlə qaçmağa başladım. Mənzilimizin qapısı aralı, ev adamla dolu idi. Beynimdən dəhşətli bir fikir keçdi. Bu fikrin dəhşətli zərbəsi müvazinətimi əlimdən aldı. Qapının astanasında tirtap yerə sərildim. Ayılanda gözlərimi xəstəxanada açdım. Nabat xala rəngi qaçmış halda baş ucumda dayanmışdı. Ayıldığım üçün sevinirdi. İçimdə təlaş, qorxu, həyəcan bir-birinə qarışmışdı. Nə baş verdiyini tam xatırlaya bilmirdim. Ancaq başa düşürdüm ki, oğlumla bağlı nə isə qorxulu hadisə baş verib. Birdən beynimdən dəhşətli bir fikir keçdi. Qorxa-qorxa nəzərlərim Nabat xalaya dikilib qaldı. Sanki Nabat xalanın dilindən qopan kəlmə mənim ölüm-qalım məsələmi həll edəcəkdi. Nabat xala mənim sormaq istədiyimi, ancaq cəsarət edib soruşa bilmədiyimi sözsüz baxışlarımdan hiss edib təlaşla dilləndi:
- Qorxma qızım, uşaq sağdı, həkimlər müayinə edir.
Ani də olsa ürəyimə sevinc hissi yayıldı. Demək, uşaq sağdı. Cəld özümü güclə toparlayıb ayağa durdum. Nabat xalanın köməkliyi ilə reanimasiya otağının qarşısına gəldim. Ancaq nə qədər yalvardımsa, içəri buraxmadılar. Reanimasiya otağından çıxan həkimin ifadəsi yaxşı heç nə vəd etmədiyini hiss edib soruşmaq istədiyim sözlər dilimə dolaşıb ağzımda qaldı. Nitqim tutulmuşdu. Həkim üzünü mənə tərəf çevirib:
- Uşağın anası sizsiniz?
Zavallı, yazıq görkəmim, dillənməsəm də, uşağın anasının mən olduğumu bildirirdi.
Həkim üzümə baxmadan:
- Uşağınızın vəziyyəti çox ağırdır. Vaxtında həkimə müraciət etmək lazım idi. Biz əlimizdən gələn nə lazımdırsa, elədik. Ümid Allaha qalıb.
Həkimin bu sözləri dünyamı yıxdı. Tarmar olmuşdum. Gecə-gündüz Allaha yalvarırdım. Reanimasiya otağından çıxan həkimlərin üzünə baxa bilmirdim. Mənə bəd xəbər verəcəklərindən qorxurdum. O dəhşət saçan sözü eşitməmək üçün qulaqlarımı möhkəm-möhkəm qapayırdım. Düşüncəm, hissim, duyğularım sanki donmuşdu. Varlığımı iki hiss idarə edirdi: qorxu və təlaş. Qorxurdum, Allah eləməmiş uşağın başına bir iş gəlsə, övladlarını canından artıq sevən atasına nə cavab verəcəm?! Bəs, özüm-özümə? İndi dərk edirdim, varlığımda iki ana varmış. Biri əkdiyini əkib, səpdiyini səpib, itkin düşən bir ana. Digəri əkiləni, səpiləni dərd biçənəyi kimi biçən zavallı, çarəsiz bir ana! On gün gecəm-gündüzüm olmadı, nəhayət, on gündən sonra həkimlər ümidverici xəbərlə məni müjdələdi. Bu müjdə mənim üçün sanki günəş şüası idi. On gündə dondurulmuş sevincimi, nəşəmi, duyğularımın donunu açıb əritməyə başladı. Övladım ikinci dəfə dünyaya gəldi.
Varlığımda bir təlatüm yaranmışdı. Bu təlatüm on gün əvvəl məni büsbütün dəyişmişdi. Düşünürdüm mənim gördüyüm işləri yaxşı-yaman başqaları da görə bilər. Bəs, mənim analıq vəzifəmi, analıq borcumu kim yerinə yetirər?! Şöhrət qanadlarım sınıb yerlə-yeksan olmuşdu. Dünyada övladımdan başqa heç nə düşünmürdüm. Xəstəxanadan çıxanda yaşlı həkimin dediyi sözlər hələ də qulağımdan sırğa kimi asılmışdı:
- Qızım, müqəddəs ana adı hər qadına qismət olmur. Bu adı qazanmaq üçün həyatım təhlükə qarşısında qoyub, canından keçməyə hazır olan qadınlarımız var! Çox təəssüf ki, bu adın müqəddəsliyini, ucalığını, dəyərini bilməyən, dərk etməyən analarımız da var. Bu on gündə nələr çəkdiyini görüb bir insan kimi ürəyimi ağrıdırdı, ancaq bir həkim kimi bu sözləri deyə bilmərəm. Yadında yaxşı saxla, bir var yaradandan gələn bəla, bir də var özümüzün diqqətsizliyimizdən, qayğısızlığımızdan, səhlənkarlığımızdan yaranan bəla! Yaxşı-yaxşı düşün, uşağın bu ağır vəziyyətə düşməsinin günahkarı kimdir?
Həkimin bu sərt, kəskin sözləri iti xəncər kimi ürəyimə saplandı.
Evə gəldim. Qalaq-qalaq tamamlanmış, yarımçıq yazılarımı qələmimi toplayıb od vurdum. Hiss edirdim, yanan yazılarımla bərabər, ürəyimdən bir parça atəşin içində alovlanırdı. Bu mənim arzularımın, istəyimin alovu idi. Qeyri-ixtiyari gözlərimdən süzülən yaş damlası yanıb külə dönən arzularımın üstünə səpələnirdi. İllər keçsə də, hiss edirdim bu külün altında kiçicik bir köz oğrun-oğrun hey közərirdi. Bilmirəm bu köz od vurduğum arzularımın, yoxsa qələmimin közü idi!
Redaksiyadan işdən çıxdım. Demək olar ki, bütün vaxtımı ailəmə, uşaqlarıma sərf edirdim. Gündüzlər iş-güclə başım qarışsa da, gecələr mənim üçün çətin keçirdi. Neçə-neçə mövzular beynimə hücum çəkirdi. Beynim sanki döyüş meydanına çevrilirdi. Bəzilərini məğlub etsəm də, bəzilərinə məğlub olurdum. Məcbur olub beynimin vərəqlərinə köçürürdüm. Hazır olan yazılar qəfəsə salınmış quş kimi çırpınır, beynimdə qərar tutmaq istəmirdi. Məcbur olub məzmunumu yaxın rəfiqələrimə danışardım. Çox bəyənərdilər. Müəllifini soruşduqda, unutduğumu bildirərdim...
Dəhlizdəki səs-küy məni silkələyib xəyal dünyamdan ayıltdı.
Akt zalının qarşısında tanınmış iqtisadçılar, professorlar, müəllimlər bərkdən sanki tamamlanmamış müzakirəni davam etdirirdilər:
Mövzu çox aktual idi. Yoxsa, nə qədər eyni mövzuya müraciət etmək olar? Biri vardı, biri yoxdu, bir əmək məhsuldarlığı vardı.
- Dili o qədər səlis, aydın, fikirləri məntiqli, əsaslandırılmış.
- Mədət müəllimin təklifi çox düzgün təklifdir. Dissertasiya mütləq çap olunub dərslik kimi istifadə edilməlidir. Müzakirə iştirakçıları bir-bir Emini təbrik edib, ona uğurlar diləyirdi. İndi dərk etdim ki, oğlumun müdafiəsi uğurlu keçib.
Əyilmiş qəddim bir anda düzəldi. Sevinc, nəşə
varlığımı bürüdü. Bu
aşıb-daşan sevincimi kiminləsə bölüşmək
istəyirdim. Birdən gözlərim foyedəki
güzgüyə sataşdı.
Güzgüdən mənə üzündə güllər açılmş bir ana boylanırdı. Bəxtəvər, xoşbəxt bir ana. Üzündə nə şırımları vardı, nə qırışları. Fərəhlə, iftixarla mən ona gülümsəyirdim, o mənə!
Həmayıl ƏHMƏDQIZI
525-ci qəzet.- 2019.- 14 fevral.- S.7-8.