Kimin qızıyam?
1960-cı ildə hazırda Meşginşəhr adlanan Xiyav şəhərində anadan olub. Bu şəhərdə boya-başa çatıb, ibtidai və orta təhsilini də burada alıb. 1984-cü ildə Tehranda yerləşən Tərbiyəti Texnikumun Mikrobiyoloji bölməsinə daxil olsa da, təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Bir müddət radioloji sahədə texniki işçi kimi işləyib. 1997-ci ildə ildə Lahicanda yerləşən Azad Universitetin İngilis dili mütərcimliyi bölməsinə daxil olub, ancaq oranı da müəyyən səbəblərə görə yarımçıq qoyub. 1998-ci ildə ildə Təbriz Azad Universiteti İctimai elmlər fakültəsinə daxil olub və 2002-ci ildə təhsilini başa çatdırıb. 2006-cı ildə Bakıda yerləşən Xəzər Universiteti İctimai elmlər fakültəsində Azərbaycan türkcəsi sahəsində magistraturanı "Həbib Sahirin həyatı və əsərləri" tezisi ilə bitirərək doktoraya başlayıb.
Nigar xanım şeirlərini əvəllər farsca yazıb. 1989-cu ildən isə qardaşı Rövşən Xiyavinin və həyat yoldaşının təşviqi ilə türkcə yazmağa başlayıb. Onun "Mənim şeirim" adlı ilk kitabı 1996-cı ildə yayımlanıb.
Mən Savalan göylərinin
Qatarlanan durnasıyam.
Dağlar
dağı Səhəndimin
Zirvəsinin sal buzuyam.
Qaranlıqda parıldayan,
İşıqlı dan ulduzuyam...
Nigarıyam Koroğlunun,
Çənlibelin avazıyam...
Payız,
qışam, bol bostanam,
Bağçaların yay, yazıyam.
Qoyun-quzu
suvarılan
Bulaqların yarpızıyam...
Saf sinələrdən süzülən
Aşıqların avazıyam.
Yazarların ürəyində
Yazılmamış bir yazıyam...
Bağırmışam, boğulmuşam,
Elin qadağlı ağzıyam...
Kərəmin sazının sözü,
Əslinin içgin razıyam...
Tarixdə dillərdə gəzən
Həllacların boğazıyam...
Səhəndin çatlıyan bağrı,
Şəhriyarımın qızıyam...
Alnım
açıq, başım
uca
Azərbaycan qızıyam!
lll
Bir quşun uçuşundan
qopub düşən
lələk bulmuşdum
odla suyun arasında
və gecənin gövdəsində
gəlməmişdim balıncınızı
başınızın altından
çəkməyə,
bir az şeirim,
bir az sevgim var idi,
bir az da türklüyüm
keçid alır
şair axşamlarımdan
lələkdən bir qapı asım deyə
qaldırır çiynimə
endim sizlərə
damlara qalxıb da
durnanı daşa
basan
sizlər oldunuz.
Hə,
bu mənəm,
bu bağ mənəm
gövdəmin gəbəsindən
ilmə-ilmə
keçid verən
bağ sənə, mənəm
bu da sən
yarpız ətrimi
çəpərlərə qıfıllayan səssiz
sarmaşıq
və zanbaqlığımı
zağ-zağ əsdirən
qorxu
istərsən gəl,
hansı ürəklə
gələ bilsən gəl
paslı dəmir
təkərlərin
çənliyimdə batıb
qalacaq
bu səfər.
İndi
ki,
güllədən gül-gül
açılmış cənazəmi
tam sayğı,
tam hüznlə
qəbrimə daşımaqdasınız
və kəndi əlinizdən acıyıb
ağrımaqda,
ey kədərli milyon çiyinlər!
unutmayın da utanmayın ki,
sayğı-sevgiylə yaşama
durduğumda
yalqız buraxan məni
ölürcəsinə sizlər
oldunuz.
Sən səhərsən!
Gecənin camına calamaq
istəyirəm səni,
Nəfəs-nəfəs...
Səni
çiynimdə çəkirəm
tüşkü-tüşkü...
Səndə doğan günəşi
Bütün anaların döşündə,
Əmizdirmək istəyirəm.
Qucaq-qucaq...
Bu arxayınlığa inanma,
inanma!
Arxamda külək əsir,
Külək əsir arxamda, kül sovurur,
Saçlarım gizli bir hıcqırığın darağında
Dən-dən tökülür.
Başımın ağrısı, qapının
cəftəsi ağırladır.
Qapı
açılmır, qapı
açılmır...
Açılmırsa, önümdə
divar durur...
Mən bu sarı
arxayınlığa inanmıram.
Nigar XİYAVİ
525-ci qəzet.- 2019.- 15 fevral.- S.7.