Ozan Arif və
Azərbaycan
“Madımak toplayıb yesəm o anda,
Yola rəvan olsam eyni zamanda,
Bir gecə müsafir Azərbaycanda
Qalmadan ölürsəm,
ona yanarım!”
Tələbəydim... Artvindən Qarsa, Qarsdan da Ərzuruma sürgün olunmuşdum.
Dava-dalaşlar, işgəncələr, qorxular, qaçışlar
ruhumu darmadağın
etmişdi. Bir qohumun
dəvətilə Manisanın
Turqutlu qəsəbəsinə
getdim. Orada da rahatlıq
tapa bilmirdim. Çünki Türkiyənin hər
yeri kimi, Turqutlu da qan
və atəş içində idi. Orada da tez
bir zamanda öz həmfikirlərimlə
tanış oldum. Bunlardan biri də Yəhya Azəroğlu idi. Azəroğlu digər adıyla
“Komando Əli” Turqutluda yaşayırdı.
Nədənsə daha ilk gündən
bir-birimizə isinmiş,
qardaş kimi olmuşduq. Azəroğlu məndən yaşca
böyük idi və mənim dəliqanlılığımı, həyəcanımı əngəlləyir,
böyük qardaş
kimi məni qoruyurdu.
Bir neçə
gün sonra Ozan Arifin Kamalpaşaya
gələcəyini eşidən
kimi Azəroğlu ilə oraya getdik. Kamalpaşa kinoteatrı ağzına
qədər dolu idi. Ozan Arif səhnəyə
çıxınca hamı
həyəcandan coşdu
və gənclər hər türküdən sonra milliyyətçi şüarlarla onu salamladılar. Orada Ozan elə bir
şeir oxudu ki, o şeir məni alıb Türk dünyasına apardı:
Ayşə Fatma deyil məni ağladan,
Ağladan Turandır, bir başqa Vətən...
Bu uzun şeiri o
gecə orada əzbərlədim və
nə zaman Ozan yadıma düşsə, həmin
an o şeiri içimdən
oxumağa başlayardım.
Aradan bir neçə il keçdi,
mən Almaniyaya gəldim. Ozanın da 12 sentyabr
hadisələrindən sonra
Almaniyaya gəldiyini eşitmişdim. Amma hansı
şəhərdə olduğunu
bilmirdim. Bir neçə
tanışdan soruşduqdan
sonra Frankfurtda olduğunu öyrənər-öyrənməz
oraya getdim. Frankfurt dəmir yolu
vağzalına yaxın
bir yerdə ofisi vardı. Məni qırx illik dostu kimi qarşıladı.
İlk sözü də Aşıq Ələsgər
oldu. Onunla maraqlandığını söylədi.
“Məndə iki
cildlik kitabı var” - deyincə çox sevindi. “Nə olar bir də
gələndə gətir”
- dedi. Bir müddət sonra
yenidən yanına getdim. Kitablar da əlimdə.
Kitablara baxanda keyfi pozuldu.
Çünki kitablar kiril
əlifbasında yazılmışdı.
“Dərd etməyin,
Ozanım, mən sizə oxuyaram!” - dedim, sevindi. Şeirləri oxudum, səsimi
yazdı. Hətta
bir neçə şeirin misralarını
o andaca təkrarladı,
bir misranı unutmuram:
Qafil könül, bu nə yoldu tutubsan!
Bu misranı bir neçə dəfə təkrar etdi və başını salladı. O gün bir kağıza kiril hərflərini yazıb qoydum ki, kitabın bir cildini oxuya
bilsin. Ağ ikicildli kitabın
biri onda qaldı, biri məndə.
1990-cı
il 20 yanvar
tarixində Bakıda rusların törətdiyi
qətliamdan sonra yenə Ozanı ən öndə gördük. Brüsseldə dirəyə dırmanaraq,
o ünlü şeirini
oxuması hamımızı
ağlatmışdı. Brüssel mitinqindən sonra dəyərli abim Sabir Rüstəmxanlı ilə onu görməyə
getdik. Türk dünyasından, ədəbiyyatdan, şeirdən
danışdıq. Sabir bəy
də ona bir şeirini oxudu. Siqaretini yandırıb gözlərini
uzağa dikdi. Onun könlündəki dünyanın
hara olduğunu mən bilirdim. Ozan harada bir türk
varsa, orası üçün darıxır,
nə zaman türkcə bir söz eşitsə, o sözü çörək
kimi öpüb alnına qoyurdu.
Onunla bir dəfə də yenə Frankfurt dəmir yolu vağzalı yaxınlığındakı bir
kafedə görüşmüşdük. O kafeyə
sıx-sıx gedərdi.
Orada yenə Azərbaycanın ozanlarından və şairlərindən danışmışdıq.
Azərbaycan insanına və
ədəbiyyatına heyran
idi. Ölkəni təbliğ edən
bir çox insanı təltifləndirən
Azərbaycan təəssüf
ki, ən gözəl Qarabağ şeirini yazmış bu Ozana biganə
qaldı.
Bu sabah Ozan Arifin vəfat xəbərini duyunca evdəki kitabxanama tərəf qaçdım. Aşıq Ələsgərin məndə qalmış kiçik ağ kitabını tapdım və üzünü oxşadım. Sonra bir səhifəsini açdım. Gözümə ilk dəyən şeir “Qaldı ki, qaldı” şeiri idi və sanki Ustad Ələsgər Ozan Arif üçün bir mesaj göndərmişdi:
Ələsgər dönmədi öz ilqarından
Biri xilaf deyil yüz ilqarından
Sazından, sözündən, düz ilqarından
Ellərdə söhbəti qaldı ki, qaldı...
Əlbəttə ki, Ozanımızın sazı, sözü əbədiyyən türk ellərində yaşayacaq inşallah...
Ruhu şad olsun!
Orxan
ARAS
525-ci qəzet.- 2019.- 16 fevral.- S.24.