Ürəkdaşı adlı
qardaşın kitabı
“Ürək daşı”nı yazdı. Yazdı və göstərdi
ki, bu ad ona yaraşır. O, çox insanlara ürək daşı olmağı bacarıb, çoxlarına arxa olub, mənəvi dayaq olub, gücünün
çatdığı qədər
güvənc yeri olub. Budur Ürəkdaşının bir fərd olaraq
başqalarından fərqli
özəlliyi.
Yeri gəlmişkən, “Ürək
daşı”nın müəllifinin adını
şərti olaraq Ürəkdaşı qoyuram
bu yazıda, izninizlə, əziz oxucum! Ondakı özəllikdəndir ki, kimliyindən, çıxdığı
yerdən, getdiyi yoldan, çatdığı
məqsəddən asılı
olmayaraq ona sığınan və onu “ürək daşı” ünvanı bilən hər könül adamına gücünün yetdiyi qədər məhəbbət
göstərib.
Onu tanıdığım tarixin
ömrü bir igidin ömrü qədərdir - 20 il! Bu 20 ildə
bir dəfə də olsun özündən
incik salmadı, haqsız olmadı heç kimə. Mən Ürəkdaşında,
nəinki bu sonuncu söylədiklərimi
görmədim, hətta
bu özəllikləri
onda görməyi ağlımın ucundan belə keçirmədim.
Onun şeirlərində türkçülük,
tarixilik, fəlsəfilik
(daha doğrusu, sufilik: “Sufi varmı, hələ bə? Çevrilərik xələfə...
tale atıb Hələbə,
Ax, Şam ola...bilmərik...”) və dünyəvilik sistemi bir zəncir kimi birləşib. Bütün şeirləri bu zəncirin müəyyən
halqasından keçib,
“yivli fitinq” kimi qırxayaq sayağı birləşərək
zəif bəndə yer qoymayıb qalsın.
Ürəkdaşı “Qız Qalası” şeirində yazır:
Vay o gündən, dərd ola da,
ərk olmaya,
dərd o gündü
ƏRK olmaya,
Qız Qalası.
Bu misralarla Ürəkdaşı
ərkyana olanlara və ərk edənlərə dəyər
verdiyini dilə gətirir. Onun yazdıqları dilinin
altındakı saxlanclar,
dəyərlər, dərklərdir.
Hər kəs öz dilinin altında gizlənir axı. Qarşısındakına ərk edənlər
onu dərk edənlərdir, məncə.
Belə olmasaydı, ümumtürk coğrafiyasında
neçə-neçə istedadlı
gənc yazarı bir çatıda birləşdirə, qovuşdura
və onların yaradıcılıq örnəklərini
yayımlaya bilməzdi
o...
Qız Qalası,
Dərd
deməkdən
bəz düşübdü
dilimə, bəz.
Mən gedirəm Bəzzə doğru,
İşdi-şayət arar olsan
Tonqal qala,
Əlincəyə əl eylə,
Öz atəş diliylə, cüt tonqalıyla,
Əlincə arayar bizi.
Və ölüncə gəllik,
Ölüncə,
Qız Qalası!
Bu şeirdə Azərbaycan tarixi, milli-mənəvi dəyərləri və maddi-mədəniyyət nümunələri gözəl ifadə olunub. Babək Xürrəminin (Ərəb xilafətini kökündən sarsıdan Xürrəmilər-Babəkilər hərəkatının başçısı, böyük sərkərdə, Xürrəmilər dövlətinin banisi) Bəzz şəhər-qalasının adının çəkilməsi təsadüfi deyil. Ürəkdaşı öz tarixini dərindən bildiyini, sevdiyini özü də bilmədən ortaya qoyub. Oğuzlardan gəlmə və qalma tonqal qalama adətimiz, ondan da öncədən, atəşpərəstlikdən qaynaqlanan “od dili”ylə “mesajlaşma” gələnəyimizin əksi bu şeirdə aydın görünür.
Ürəkdaşı şeirlərində od diliylə, su diliylə, torpaq diliylə, hava diliylə danışmağı bacarır. Dörd ünsürün bütövlüyü onun şeirlərinin fəlsəfi əsaslarından biridir: Torpaq, su, od və hava. Torpaq deyəndə bağrı şan-şan olan Ürəkdaşı Qarabağ dərdini dilə gətirib, torpaq ağrısını yaşayıb, içinə bir düyünlü qəm yumağı yığılıb: “...sən mənim Qarabağımsan, sən mənim qara bağımsan, sən mənim qaram-ağımsan..!” deyib. Ana Torpağa anaların ağısıyla layla deyib sanki; yaxud “Dünyanı qara görürəm, könlümün qara vaxtıdı; deyirlər yenə Şuşada, dağların lala vaxtıdı” deməklə xəyalən ruhu Şuşanın cıdır düzünü, İsa bulağını gəzir, ayağı dəyə bilməyən torpaqları ruhunun qanadıyla uçur.
Həyat
ŞƏMİ
Şair-publisist
525-ci qəzet.- 2019.- 16 fevral.- S.24.