Fiziklər, liriklər
Akademik İsa Həbibbəyliyə
Elm insanı mağaradan çıxartdı,
İnsan çox arzuya elm ilə çatdı.
Ta qədimdən tarix uzun yol gəlir.
Bu yer üzü, elm qurduğu busatdı.
Elm insanın məharəti, hünəri
Bəla gəlsə, güvəndiyi sipəri.
Amma zəka ayrılanda imandan,
Sevincdən çox olur elmin kədəri.
Kainatın ahəngindən gəlmirsə,
Haqqın
yolu alimi dindirmirsə,
Allah lənət etsin elə elmi ki,
Şəri qovub, xeyri xilas
etmirsə.
“Fiziklər”, “liriklər” deyilir
indi,
Biri zəka, biri qəlblə öyündü,
Ahəngdə olmasa qəlb ilə zəka
Bu iblisin qurduğu
bir oyundu.
Müqəddəs bir torpaq bu Azərbaycan,
Ulu ruhlar dolaşdığı bir
cahan.
Elmin şeir zirvəsidi Nizami,
Belə qüdrət sahibidi bu məkan.
Bəlalar ağladır aləmi
zar-zar,
Mükəmməl bir elmə dövran
intizar.
Əgər nurlanmasa biri birindən,
“Fizik” də, “lirik” də qalacaq ağlar.
Zaman, vermir aman
mənə bir gözəl
dünya verdilər,
bir azacıq vaxt.
təngənəfəs,
ayaqdan başa qaçdım
bu dünyanı -
qəlbimin işıqlarına
işıq tutan
bir işıq axtardım...
qaçdım, qovaladı,
dayandım, vurdu vaxt.
nəyə gözümü
tikdim,
axar çay kimi
götürüb apardı
vaxt.
nəfəsi üzümdə,
saçları çiynimdə,
sinəmdə
dayanıb durdu
gözəllər gözəli
ömür,
siqrlərin sirri ölüm...
Adəm,
Həvva
Adəmi
torpaqdan yaradıb
Allah,
Adəmdən Həvvanı yaradıb sonra.
Bu sözdə hikmət var sirlər içində
Cəhalət olanı qoysaq kənara.
Həvva
yaranıbdı bir sübh vədəsi,
Adəmin dünyaya məhəbbətindən.
Eşdən doğulubdu, eşqin
gülüdü,
Həvva yaradanın kəramətindən.
Torpağı qorumaq kişinin
borcu,
Kişisə qadına olub həvalə.
Qayda pozuldusa, nizam pozulur
Mələklər ağlayıb çəkirlər
nalə.
Əzazil arvad
Allah, əzazil arvadı
Yaratmaqda, sirrin nədi?
Əzazil
arvad, iblisdən
Aşkara bir nişanədi.
Boş yerdən yüz dava salır,
Nahaq deməkdən həzz alır,
Şeytanla baş-başa qalır
Hər sözü
bir bəhanədi.
Həsəd ürəyində dağdı,
Qəlbi qeybət batağıdı,
Fitnə-fəsad çanağıdı,
Könül evi viranədi.
Boş yerə düşür qəhərə,
Ümid
edir cadügərə,
Ömrü döndərir zəhərə
Tərslikdə tək, divanədi.
Kasıb
qohum yaddı ona
Yaxın gələn düşər
qana.
Özü valeh öz
ağlına
Adam deyil, əfsanədi.
Əri ruhdan salar hər
an,
Arzuları qoyar viran,
Uşaqların qanın soran...
Şəitin, cin, cinganədi.
Allah, əzazil arvadı
Yaratmaqda, sirrin nədi?
Yağmur
içində bir qız
çiçəkli ağaclar
altda
bir gözəl, eşq bürcündədi,
yağan yağmur
içindədi,
xəyalları kainatda.
yağmur tökür
narın-narın,
o sanki dua oxuyur.
astaca
torpağa qoyur
əlində çiçək
kolların.
telində damlalar ulduz
yağmur ona aşiq olur?
İlahi!
hardan nur
alır
hər yana nur yayan bu
qız?
nədən belə
həvəslidi?
israrının yoxdu sonu.
sevdalar bürüyüb
onu,
ömrünün bahar fəslidi.
torpaqda xalça toxuyur?
ya şeiri çiçək dilində?
sanki, hər kola qəlbində
əkdikcə layla oxuyur.
çiçəkli ağaclar
altda
bir gözəl, eşq bürcündədi,
yağan yağmur
içindədi.
xəyalları kainatda.
Qorxma...
...cildi oğurlanmış
bir məlakəsən,
qəlbin göy üzündə,
özün bir uçqunda,
tilsim əlində...
ayrılığa dözümün
yox...
ürkək, qorxaq ləpələrin üstə
əksin görünür,
itir...
ürəyindəki sözlər
dilində pörşələnir,
hələ uzaq qaçır vüsal,
həsrət sənlə
nəşələnir...
...sübh üzündə
dənizin ortasında,
üfüqdə
günəş sanki,
bir böyük
sarı qızılgüldü,
bir bax, nə doğma
təbəssümlə yüksəlir!..
Əllərinin titrəyişi
yaşıl yarpaqlar
yaxasından
süzülən şəfəqlər
tək
üstümə töküldükcə
baxışların...
gecənin qoynunda
parlayıb, itən
ulduzlar tək
axdıqca göz yaşların...
mən sənin qarşında,
qəlbimin dəli
çağında
əriyib itmək
istəyirəm
əllərinin titrəyişində...
Nurun mübarək
qeybə vurulmusan
gözəl,
ilahi yarın mübarək.
ömrün sirr dolu bir məşəl,
irfanda yerin mübarək.
qəlbin hikmət
aləmində,
ariflər sirri dilində,
qırxlar eşqi
gözlərində
bu qədər varın mübarək.
kökləndiyin Allah nuru,
üzünün nuru dumduru.
yol gəlirəm sənə sarı
müqəddəs nurun mübarək.
Doğma
ellər
göy üzü pərdə-pərdə,
hər tül pərdə sirr dolu...
hər pərdənin o
üzü
yeni aləmin yolu...
aləm aləm içində,
hər aləmin aləmi
özünün yetirdiyi
bir qızılgül
biçimdə...
...sən də mi darıxırsan, doğma adam?
sən də mi kövrəlirsən tez-tez?...
bəlkə, yad aləmdəyik biz....
...çiskin bir havada,
dərin bir dərənin dibində,
bulağın başında
suya təşnəyəm.....
elə tənhayam ki...
sən də mi tənhasan, doğma adam?
...ey, tarzən,
əlindəki o tarda
tellərəmi kökləyirsən
telləri?...
bəs qəlbindəki
aləmin
qızılgülləri?
köklə o telləri,
köklə, çal,
bəlkə, bitə
tənhalıq....
bəlkə, kimsə
deyə mənə
hardadı qəlbimin
doğma elləri?...
Naxçıvan lalələri
Naxçıvanda dağlar, yamaclar
yay gələndə
istidən
qan ağlar....
bom-boz olar.
...amma bir il
möcüzə oldu sanki...
yaz ağzı o qədər yağış
yağdı ki,
yaşıllaşdı dağların
hər yastanı, dərəsi, diki...
elə bil nağıllardan gəlmişdi
rəngbərəng çiçəklər,
hər yanı bürümüşdü
ilk dəfə biçənəklər...
Allahın hökmüydü,
uca, şux lalələr
xalı kimiydi...
...uzun-uzun illər boyu
boz yamaclarda, dağlarda
qəlblərində gül-çiçəklik,
laləzarlıq hünəri
olan aləm
səbirlə, əzmlə
gözləyirmiş...
qərinələr keçmiş,
sonunda
gözlənilən vədə
gəlmiş...
qəlbinə eşq dolanlara,
dövranın ögeyliyində
ömrü
cadar-cadar olanlara
nur yağmuru göndər İlahi!
Zalım
ay məni bu qədər
qısqanan zalım,
qadanı alım!
mənim hər yanımda sənin nurun var...
o nurun önündə, qısqandıqların
günəşin önündə yoxa çıxan qar.
hətta yuxuda da
ruhumda ruhun,
gülsəm təbəssümüm,
ahımda ahın...
dünyada deyiləm,
eşq aləmində
nur dolu üfüqdən qalxır
sabahım.
sənin sədaqətin
keçilməz səddim,
onun hər şöləsi bir məlakədi.
sənə etibarsız
olsa bir anım
insanlıq adına
yaman, ləkədi...
baxışın aləmə
yaraşıq verir,
sanki yaylım-yaylım
nur səpələyir,
səni bircə anlıq nigaran etsəm
qəlbim döyür
məni, məğmun
eyləyir...
səninlə ömrümə
yaraşıq gəlib,
səninlə bu aləm dindirir məni,
mənə etibarın
olmayan vədə
həyat gözdən
düşür, öldürür
məni....
mənim hər yanımda sənin nurun var...
o nurun önündə, qısqandıqların
günəşin önündə yoxa çıxan qar.
ey güc mərkəzləri!
ey güc mərkəzləri!
ey özünə,
güclüyəm deyənlər!
baxın əməllərinizə...
yer üzü qorxa-qorxa baxır sizə!
hələ başınız
havalıdı
bir dolaşıq fəlsəfənin içində,
şeytana sevdalı dəli biçimdə...
gözünüz dolu qan,
yer üzünün
puluna, malına heyran....
utanmadan, Allahdan qorxmadan
canını aldığınız yer üzü...
ananızdı...
anamızdı...
dəli qardaşlar, havalı qardaşlar!
üstünə bombalar yağan, canını aldığınız,
hiyləylə kəsdiyiniz
başlar
ananızın başıdı,
anamızın başıdı...
fitnəylə, fəsadla
qollarını bağlayıb,
ağzını bağlayıb
üzüstə yıxmısınız yer üzünü!
dəli qardaşlar, havalı qardaşlar!
anamız yer üzü
məhv olur yavaş-yavaş...
görmürsünüz təbiət dözmür daha,
sizinlə başlayıb bir
müdhiş savaş!?.
Əhməd QƏŞƏMOĞLU
525-ci qəzet.- 2019.- 16 fevral.- S.23.