İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

İSTANBULUN İKİNCİ FƏTHİ

Türk milliyyətpərvərliginin dünyayı heyrətdə buraxan binəzir (misilsiz) zəfəri nihayət 6 təşrini-əvvəl kibi müəzzəm bir yövmi tarixi ilə tətvic (tac qoyma) olundu.

Beş sənədən bəri əcnəbilər əlində əsir bulunan İstanbul xalqı Türk hakimiyyəti külliyyəsinin qəhrəman timsalı bulunan şanlı orduyu istiqbal etmək süruri bipəyanına (misilsiz sevincinə) nail oldu.

İstanbul yalnız istanbulluları əlaqədar edəcək bir şəhər degildir. Bu şəhər yalnız Türkiyənin dünkü siyasi və bugünkü mədəni paytaxtı dəxi degildir. Burası bütün Aləmi İslamın göz tikdigi məqami-müəllayi xilafət olmaqla bərabər Türk aləminin daha ötədən bəri tanınmış bir mərkəzi irfanıdır.

Təşrini-əvvəlin 6-da bir gəlin kibi bəzənən İstanbulun qəhrəman Məhmətcikləri doğru tövcih olunan bəşuş (şən) və fəxur (fəxr edən) çöhrəsində bəlirən o dadlı ibtisam (təbəssüm) yalnız İstanbulun degil, bütün Aləmi-İslamın, bütün Türklügün sevincini hekayə ediyordu: dərdli qəlblərin əmiqindən (dərinindən) gələn “Xoş gəldiniz Qazilər!” nidası yalnız bir milyonluq İstanbul xalqının degil, bütün Türk və İslam aləminin hürriyyət və istiqlal ilə çarpan yanıqlı qəlblərinin ən səmimi təmənnilərinə tərcüman olurdu.

İstanbulun ilk fatehi-müəzzəmi Sultan Məhmətin Osmanlı imperatorluğu tarixindəki mövqei nə isə İstanbulu 2-ci dəfə fəth edən böyük Məhmətciklərin yeni təşəkkül edən Türkiyə xalq hökumətindəki əhəmiyyətləri odur.

Bundan 4 buçuq əsr əvvəl Müsəlman Şərq, Bizans paytaxtını işğal etməklə Xristian Qərbini ta əsasından sarsıtmış və kəndisinə yeni bir əzim və intibah fikrini təlqin etmişdi.

Bu dəfə Xristian Qərb, Osmanlı imperatorluğunun mərkəzi -  səltənətini işğal etməklə Müsəlman Şərqi, sarsıtdı və kəndisini əzim bir hərəkati-milliyyəyə sövq etdi.

İstanbulun işğalı və Sevr Müahidəsinin imza etdirilməsi ilə imperialist Qərb, milliyyətpərvər Şərq üçün həqqi-bəqa (varlıq haqqı) və həqqi-həyat (yaşamaq haqqı) tanımadığını iddia ediyordu.

Fəqət qəhrəman Türk, ecazkar Anadolu, bahadır Məhmətcik, milliyyət dövrünün bu şanlı fatehi, İstanbulun 2-ci dəfə fəthi və Lozan Əhdinaməsinin imzası ilə qəziyənin əksini elan etdi. Şərqində haqqı-bəqası olduğunu, Türkündə yaşamaq istedadında bulunduğunu bütün cahana qarşı isbat eylədi!

“Yeni Qafqasiya” Şərqin, Şərq milliyyətpərvərliginin bu şanlı qəhrəmanlarını təbrik edərkən, hürriyyət və istiqlal atəşi ilə suzan olan (yanıb yağılan) bütün şərqlilərlə bərabər əhval və müqəddəratları ilə yaxından əlaqədar olduğu Qafqasiya millətləri naminə dəxi dərin bir hissi-səmimiyyət duyduğunu ərz edər.

Yazı baş mühərrir M.Ə.Rəsulzadənindir - Ş.H.

“Yeni Qafqasiya”, 15 oktyabr 1923, ¹2

CİBALİ (DAĞLIQ) QARABAĞIN MUXTARİYYƏTİ

Temmuzun (iyulun) 7-dən etibarən Azərbaycan Mərkəzi İcra Komitəsi, Dağlıq Qarabağın muxtariyyəti haqqında zirdə (aşağıdakı) mühərrər (yazılmış) qərarnaməyi elan etmişdir.

1. Cibali Qarabağın ermənilərlə məskün əqsamına (hissəsinə) muxtariyyət verilmişdir. Muxtariyyətin mərkəzi Xankəndi qəsəbəsi təyin edilmişdir. (Xankəndi qəsəbə olmayıb Qarabağda bulundurulacaq əskərlərin qışlalarının bulunduğu və 335 sənəsində Azərbaycan qitəatının ermənilərin gecələrin hücum etdikləri mahaldır)

2. İşbu muxtariyyət məhəlli Sovetlər, “Şuralar” və Sancaq İcra Komitəsi tərəfindən idarə ediləcəkdir.

3. Sancaq İcra Komitəsi təşəkkülünə qədər məmləkətin idarəsi bir an əvvəl təşəkkül edəcək ixtilal komitəsinə tövdi edilmişdir.

4. Muxtariyyətin maddətən bilümum ehtiyacatını Azərbaycan Mərkəzi İcra Komitəsi təmin edəcəkdir.

5. Muxtariyyətin hüdudlarının təyini və əsbəq (əvvəlki) idarəsinin təslimi üçün xüsusi bir komisyon Cibali Qarabağ, Aşağı Qarabağ, Kürdüstan və Azərbaycan hökuməti mürəxxəslərindən mürəkkəb olacaqdır.

Cibali Qarabağda sovet qəzetələrinin yazdığına görə lisani rəsmi olaraq ermənicə elan edilmişdir.

Yuxarıda məskur Kürdistandan məqsəd, Dağlıq Qarabağın bir qismində mövcud Azərbaycan kürdlərinin bulunduqları yerdir.

“Yeni Qafqasiya”, 26 sentyabr 1923, ¹1

VƏTƏNSİZLİK VƏ MİLLİYYƏTSİZLİK

“Füqərayi-kasibənin vətəni yoxdur”

Bu kəlam Karl Marksındır. Füqərayi-kasibə ümumi bir bayraq altında birləşməli, ümumi bir komunizm vətəni yaratmalıdır. Fəqət həyatda buna mane olan milli hars və xüsusiyyətlər vardır. Komunistlər bunun da çarəsini düşünmüşlər.

“Milliyyət sərmayədarlar tərəfindən, füqarayi-kasibəni zəif düşürmək üçün uydurulmuş bir hiylədir”. Kosmopolitizm fərdi öz vətənindən, internasyonalizm isə milli mahiyyətindən xaricə çıxarmaqla vətənsiz və milliyyətsiz bir cəmiyyət vücuda gətiriyorlar. Fəqət bu, təbliğat, dekret və nitqilərlə vücuda gəlməz. Bu məqsədə yetişmək üçün ciddi və feili əməliyat lazımdır. Onun üçündür ki, vətənsizligi vücuda gətirmək üçün komunizm mürəvveci (təbliğatçısı) olan Sovet Rusiya, Qızıl Ordunun qanlı silahına müraciət etdi. Milli dövlətləri məhv ilə millətləri təkrar Rusiya idarəsinə çəkdi. Bundan sonra o məktəbə girdi və yeni nəsli kosmopolit və internasyonalist olaraq hazırlamaq təşəbbüsünə girişdi. Bunun üçün lisan, ədəbiyyat, tarix və ənənatdan başlamaqdan daha qolay bir yol mütəsəvvürmüdür?

Azərbaycan Türkdür. Həm də Türkiyə və İran kibi Türk və İslam dövlətlərilə həmhüduddur. Bu dövlətlər “milli”dirlər. Böylə olunca lisanları, millətləri, dinləri və ədəbiyyatları bir olan bu millətlərin yekdigərinə təsirləri olacaqdır. Çarə? Çarə, Azərbaycanın Türk hürufunu dəyişmək və əvəzində latın hürufatını tətbiq deməkdir.

Böylə olduğu təqdirdə Azərbaycan Türkiyənin nüfuzundan qurtulacaq. Azərbaycan ilə Türkiyə ədəbiyyat və mətbuat cəhətindən ayrılacaq və yekdigərlərini anlamayacaqlardır.

Dil birligi siyasi vəhdətin ictimai məhsulu isə, ümumi dil, vəhdəti-milliyyə və hakimiyyəti-siyasiyə vücuda gətirən ən qüvvətli amillərdəndir. Lehlər 200 il müddətində Rusiya, Avstriya və Almaniya arasında bölünərək 3 siyasi mühitdə yaşadılarsa da, dil və ədəbiyyat birlikləri davam etdiyi üçün, nəticədə siyasi və ictimai cəhətdən dəxi vəhdəti-milliyyəyə nail oldular. Lakin hürufatı sayəsində Türkiyə və Türkistan kibi Türk və İslam mühitlərindən ayrılacaq olan Azərbaycan Türklüyü, ümumi Türk dili və ədəbiyyatından da uzaq düşəcək və çox sühulbətlə ruslaşdırıla biləcəkdir.

Bu gün məktəblərdə və mətbuatda bu hürufun tətbiqinə şüru eyləməklə imperyalist Rusiya ən mühüm cinayətlərdən birini icraya başlamış oluyor. Məktəblərdə, kütübxanələrdən və satışdan milli ədəbiyyat nümunələri, Türk millətinin ruhunu, əzm və səbatını, qəhrəmanlığını, keçmiş günlərini oxşayan Məhməd Emin Yurdaqul bəy, Ziya Gökalp, Ağa Gündüz, Əli Canib, Tofiq Fikrət, Namiq Kamal, Xalidə Ədib xanım və sairləri kibi mühərrir və müəlliflərin əsərləri çıxarılmış, oxunması mən edilmişdir. Türkiyədən milli ruhlu əsərlərin düxula yasaq olduğu kibi Azərbaycanda dəxi böylələrinin təbi məmnudur.

Tarix ki millətin ruhu və həyatıdır, bu da yasaqdır. Milli tarix tədrisi məktəblərdən qaldırılmış, yeni şəkildə füqarayi-kasibə tarixi tədris edilməkdədir. Tarixi ya marksist tədris edər və yaxud mədrəsələr nəzarət altında bulundurularaq dərsləri kontrol edilir.

Tarix “səy və sərvət nöqteyi-nəzərindən”, “sinifi mübarizə görüşündən” tədqiq ediləcək və yeni nəsil bütün keçmişini əmələ ilə sərmayədarın mübarizəsi şəklində təsəvvür edəcəkdir.

Millətin keçmiş qəhrəmanları, bahadırları, xalqına hizmət etmiş rəisləri və başbuğları birər xain, istismarçı və cəllad şəklində yeni nəslin qafasına geydirilməlidir.

Şübhə yoxdur ki, tarix, dil və ədəbiyyatını bilməyən bir millət, milliyyəti təşkil edən başlıca amilləri də bilməmiş, unutmuş olacaqdır. Milləti vücuda gətirən amillər dil, ədəbiyyat, tarix, adət və ənanatdır. Dinin nə surətlə təhsil edildigini xüsusi məqalədə isbat etdik. Adət və ənanatın qaldırılıb əvəzində komunizm zehniyyətləri tətbiq edildigini gördünüz, hürufat təbdili ilə Türk vəhdəti-milliyyəsi pozulmaqdan başqa Azərbaycanda Türk harsı da məhv ediliyor, bunun yerinə, komunizm harsı, “Qırmızı Ədəbiyyat” tətbiq edilməkdədir. Bu surətlə Azərbaycan Türklügü milliyyətini, ədəbiyyat və tarixini qeyb ediyor. Rus hars və ədəbiyyatına nisbətlə onsuz da zəif olan Azərbaycan ədəbiyyat və harsı bu surətlə mühüm bir zərbəyə məruz qalaraq Azəri gənci Rus harsına və ədəbiyyatına əsir edilərək ruslaşıyor. Sovet Rusiya hakimlərinin lisanı ilə “internasyonalizə” ediliyor. Bu əməliyyat fərdi, milliyyəti dairəsindən çıxarılmaqla vətən “təəssüb və qısqanclığından” dəxi azadə ediyormuş. Fərd, milli ədəbiyyat, tarix və dinini bilmədiyi üçün onu sevməyəcək və sevmədiyi üçün də onun yaşaması, varlığı və səadəti üçün müəyyən bir vətən və dövlət arzukeşidə olmayacaqdır. Çünki vətən və dövlət, milli amilləri mühafizə, müdafiə və tərəqqi etdirmək, milli mədəniyyəti daha yüksək dərəcələrə vardırmaq üçündür. Madam ki komunistlərin vücuda gətirdikləri yeni Azərbaycan Türk mühitində ümumi milli amillər olmayacaq, madam ki fərdlər yekdigərilə amədə (hazır) məfhumlar və rabitələrlə əlaqədə olmayacaqlar. Madam ki fərd, kəndisini Azərbaycan Türk mühitində, onunla bərabər ümumi Türk cəmiyyətində degil, Rus komunizm dairəsində hiss edəcək, o rus cəmiyyətilə ruhən mərbut bulunacaqdır. O zaman şübhə yoxdur ki, fərd, üzvü bulunduğu cəmiyyətin səadət və tərəqqisini arzu edəcəkdir, riza onun mənafei rus mənafei ilə birləşdirilmişdir və kəndisinə ancaq bu mühitin (başqa təbirlə millətin) olduğu hiss etdirilmişdir.

Komunistcə tərbiyə olunan yeni fərd üçün türk milliyyəti olmadığı kibi öz vətəni də mövcud olmayacaq, binaənileyh yeni nəsil milli məfkurə və məqsədlərdən azadə böyüyəcəkdir. İştə komunistlərin Azərbaycan türkləri üzərində icra etdikləri komunizm əməliyyatının istihdaf etdigi qayə. Onlar bu qayələrinə doğru gediyorlar.

M.Mirzə (Mirzə Bala Məmmədzadə)

“Yeni Qafqasiya”, 16 sentyabr 1924, ¹24

AZƏRBAYCAN DİVARLARI (SƏDLƏRİ)

Miladın 5-ci əsrindən başlayaraq ta ərəblər dövrü olan 9-cu əsrə qədər Azərbaycanın Şimal hüdudunu təşkil edən Quba-Dərbənd mahalları qanlı müharibə və axınların səhnəsini təşkil edirdi.

Əvvəlcə Hun türkləri, sonra da Şimali Qafqasiya ilə Şərqi Avropada böyük bir dövlət qurmağa müvəffəq olan Xəzər türkləri, “Kaspi qapı”larından aşaraq Cənubi Qafqasiyayı, Azərbaycanı, İran və Anadolunu istila edirlərdi.

İslamdan əvvəlki İran son əsirlərini bu türk axınlarına qarşı hərblərlə keçirdi. İranı istila edən ərəblər dəxi 10 illərlə Xəzərilərlə hərb etdilər, fəqət nə İran hökmdarları, nə də ərəb əmirləri bu türk selinə mane olamadılar. Türklər Dərbənddən başlayaraq Cənuba qədər Xəzər sahillərini, Kür və Araz hövzəsini istila edərək oturdu. IX əsrdə Şimaldan gələn bu türklər buralarda artıq böyük bir əksəriyyət təşkil edirlərdi.

Türklərin bu axınına mane olmaq üçün Sasanilər vaxtilə Xəzər dənizini Qafqasiya dağları ilə qalan divarlar vasitəsilə birləşdirmiş, “Səddi Çin”ə bənzər “Səddi Qafqaz” adı ilə bir “Qafqasiya divarları” yaratmışlardı.

Fəqət İslamdan əvvəlki İranın bu qalın sədləri də bir lava kimi dağları aşan türk axınının qarşısını almamışdı.

İştə bu məruf divarları Azərbaycan Arxeloji Cəmiyyəti tərəfindən Paxomov son günlərdə tədqiq edərək bitirmişdir. Bu xüsusda təfsilat verən Bakı qəzetələri (“Komunist”, ¹141) Paxomovun bu divarlar boyu ilə getməyə və ən keçilməz yerlərini gəzərək Sasanilər dövrünə aid çox yazılar və materiallar toplamağa müvəffəq olduğunu yazırlar.

Paxomovun əldə etdiyi yazılar arasında divarda “Azərbaycan” sözünün yazılı bulunduğu nəzər-diqqəti cəlb etmişdir. Bu yazı məruf Qafqasiya divarlarının “Azərbaycan divarları” olduğunu və Azərbaycanın Şimal hüdudunu təşkil etdiklərini göstərməkdədir. Daha 6-7-ci əsirlərdə Azərbaycan hüdudunun Qafqasiya dağlarına durduğunu isbat edən bu kəşfiyat bu vaxta qədər Azərbaycan haqqında mövcud olan nəzəriyyələri tamamilə dəyişdirməkdədir.

Şimdiyə qədər Qafqasiya Azərbaycanının Azərbaycan olmadığı iddia olunurdu. Paxomovun dəxi daxil olduğu bu iddiaçılar əsil Azərbaycanın Arazdan Cənubda vaqe olduğunu dava edir, Qafqasiya Azərbaycanı isə müxtəlif zamanlarda “Ağvan (Alban)”, “Aran”, “Şirvan” və s. kimi şəkillərdə adlandırılmış olduğunu meydana atırlardı.

Azərbaycanın qövmi-milli, harsı, iqtisadi və coğrafi vəhdətini əsas olaraq alan “Azərbaycanlılar” vaxtilə Qafqasiya Azərbaycanının başqa ünvanlar daşıdığına qətiyyən əhəmiyyət vermiyərək bu ərazi üzərində yaşayanların, digər Azərbaycan türkləri kimi, harsən, qövmən Azəri türkü olduqları ilə iktifa edirlər.

Şimdiki Azərbaycanın yalnız milli-qövmi, coğrafi və harsı cəhətlərdən deyil, tarixi-siyasi tərəfdən dəxi vəhdət təşkil etdiyi meydana çıxır. Bu surətlə əski Ağvaniya, Aran, Muğan, Şirvan v.s. Atropateniyanın birər əyaləti olmuş olur.

Qafqasiya divarlarındakı yazıların təsdiq etdiyi bu cəhəti Sasanilərin yerini tutan ərəblərin zamanında yazılan ərəb tarixçiləri dəxi təyid edirlər. Məsələn, “Təbəri” tarixində:

“Azərbaycanın ərazisi Həmədan və Zəncandan başlar və Dərbəndə qədər davam edər. Bu əraziyə Azərbaycan deyərlər” - deyilməkdədir. Azərbaycan hüdudlarının Zəncanın Cənubi ilə Kürün Şimalında bulunduğunu, “Nəzhətilqulub” sahibi Həmdullah Mustəvfi ilə “Mirətülbülqani Nasiri” dəxi təsdiq etməkdədirlər. Azərbaycanı türk axınlarına qarşı müdafiə üçün İslamdan əvvəl inşa edilən “Azərbaycan divarları” Qafqasiya Azərbaycanlılarının nə qədər haqlı olduğunu göstərməkdədir.

Kəndisinə daima Azərbaycan türkü, dilinə Azərbaycan türkcəsi, ədəbiyyatına Azərbaycan türk ədəbiyyatı deyə gəlmiş olan bir xalqın heç də boş əsaslara istinad etmədiyinə bununla da qənaət gətirməlidir.

Bunu Azərbaycan xalqı söyləmişdi, bunu istiqlalçı Azərilər iddia edirlərdi, bunu tarix də təsdiq edir.

M.B.Məmmədzadə

”Odlu Yurd”, avqust 1929, ¹6

AZƏRBAYCANDA MAARİF

(Mabəd)

Təəllüm (təhsil) məsələsi sovet maarif sistemi daxilində xüsusi bir mövqe işğal etməkdədir. Bolşevik nöqteyi-nəzərindən real, jimnaz, ticarət kimi təəllüm məktəb tiplərinin əlverişli olmadığı təəyyün etdikdən sonra, məktəblər iki müxtəlif istiqamətdə inkişaf etməyə başladı. Bunlardan biri məslək məktəbləri, texnikum kimi iki dərəcəli məktəblər, digəri də əmələ fakültələri. Bunu da əlavə edəlim ki iki dərəcəli məktəblər qayələri etibarilə cümhuriyyətlərə görə fərqlidirlər. Məsələn, Ukraynada mövcud texnikumlar heç bir zaman Mərkəzi Rusiya texnikumlarına bənzəmədiyi kimi Mavərayi-Qafqaz (Zaqafqasiya) texnikumlarından dəxi çox fərqlidir. Bu fərq yalnız qayə etibarilə deyil, eyni zamanda, təxsisat etibarilə dəxi mövcuddur. Sovet maarif sistemində iki dərəcəli məktəblərin vəziyyəti son dərəcə fəcidir. Əskidən orta məktəblərə təxsis edilmiş binalarda indi müxtəlif komisarlıqlar, sovet müəssisələri yerləşdirildiyindən iki dərəcəli məktəblərə veriləcək bina mövcud deyildir. Binasızlıq üzündən müxtəlif evlərdə yerləşən bu məktəblərdən məzun olan çocuqlar, ictimai vəziyyət (yəni proletar ailəsinə mənsubiyyət) məsələsi üzündən təhsillərini idamə etdirməyir və ali məktəblərə qəbul edilmirlər.

Bu tip məktəblərin maliyyə vəziyyəti büsbütün bərbaddır. Əsasən bir dərəcəli məktəblər kimi hökumət büdcəsinə deyil də, məhəlli büdcəyə daxil bulunduğundan az bir miqdarda təxsisatla keçinmək məcburiyyətində qalır ki, nəticə etibarilə məktəb labaratoriya, fizik kabinəsi, sair ləvazimi tədrisiyyədən məhrum bir vəziyyətdə qalır. İki dərəcəli məktəblərin həmən-həmən heç birində əməli dərslər görülmür. Və fizika, kimya kimi dərslər yalnız kitablardan öyrənilir. Bu məktəblər yalnız bu deyil, müəllimlərin maaşını verəcək iqtidarda belə deyildir. Zavallı müəllimlər aylarla maaşlarını ala bilmirlər. İştə gərək məktəbin bu vəsaitsizliyi və gərəksə müəllimlərin vəziyyəti iki dərəcəli məktəblərin həyati qabiliyyəti və qiyməti üzərində mənfi bir təsir icra edərək son dərəcə düşürmüşdür.

Texnikum və məslək məktəblərinə gəlincə, bunlar sovet maarif sisteminin mərkəzini təşkil edərlər. Bu məktəblər hökumət büdcəsilə idameyi həyat etdikləri üçün az-çox iyi bir vəziyyətdədirlər. Şübhəsiz bu da səbəbsiz deyildir. Bir tərəfdən əskidən bəri mövcud sənət məktəbinin ki indi daha da ikmal edilərək texnikum olmuşdur - mükəmməl təsisatı, digər tərəfdən bu qəbil məktəblərdən nəşət edəcəklərin həqiqi əmələ olaraq böyük sənayedə çalışdırılacağı fikri bu məktəblərin vəziyyətini bir qədər iyiləşdirmişdir. Zira bolşeviklər əsil əmələ kadrolarının bu kimi məktəblərdən çıxacağına böyük ümid bəsləyirlər. Bu gün Rusiyanın hər tərəfində sənayedə “ziyançılıq” yapan inqilab əleyhdarı mütəxəssis və mühəndislərin yerini bu “proletar” və “əmələ qazanında qaynamış” mütəxəssislərə vermək istədikləri üçün texnikum və məslək məktəblərinə fəzlə əhəmiyyət verirlər. Sovet hökuməti bu kimi məktəb təsisi üçün öz mexanizmasının bütün manivellalarını qullanmaqdadır. Bunun üçündür ki, bu məktəblərin maarif büdcəsində mühüm bir yeri vardır. Bundan başqa hökumət sənayesi qazancının 3 faizi dəxi bu məktəblərə verilməkdədir.

“Beş sənəlik” planın rəqəmlərinə görə bu kimi məktəblərin təsis və inkişafı üçün Rusiyaya 400-490 milyon, Mavərayi-Qafqasiya üçün 30-40 milyon rublə təsis edilmişdir. Sözdə də olsa təxsis edilən bu müəzzəm paralar əcəba yerinə sərf ediləcəkmi? Mavərayi-Qafqasiya bundan müstəfit (faydalanan) olacaqmı? Mavərayi-Qafqasiyaya bilxassə Azərbaycana baxılırsa, deyilə bilir ki, təxsis edilən məbləğin 50 faizi ələlümum bolşevik məktəblərinə xas komunist propağanda və siyasi təşkilatlara sərf edilir. Sonra hər hankı bir məktəbin qapadılması, yaxud güşadı ehtiyaca görə deyil, bəlkə məhəlli Komunist firqəsinin əmrinə görə yapılıyor. Ələlümum məktəblərin müqəddəratı komunist ərkanının əlində olduğu üçün məktəbləri istədikləri kimi idarə edir və bir propağanda ocağı yapırlar. Bu işdə xalq və maarif müəssisələrinin 2-ci dərəcədə bir rolu vardır. Lənkəranda məhəlli hökumətin təşəbbüsü ilə bir mexanik - texnikumu güşad edilmişdi. Lenin lisanı ilə deyəcək olarsaq mərkəz məktəbin il təməl daşını böyük bir təntənə ilə vəz etdi. Bir sənə zərfində inşasına başlanılan və 500 min rüblə sərf edilən texnikum güşadında olduğu kimi yenə mütəntən bir tərzdə qapatıldı. Qapadılmasına səbəb Lənkəran qəzasının sənaye məntəqəsi olmaması və mexanik texnikumunun bu qəzada lüzumsuz görüldüyü imiş. Eyni surətlə və yenə eyni səbəb üzündən biq qaç milyon məsrəfdən və yüzlərcə çocuqları açıqta buraxdıqdan sonra Zaqatalada mexanik və Nuxada inşaat texnikumu qapadılmışdı. Açıqda qalan tələbələrin “proletar” qismi Firqə Komitəsi tərəfindən müxtəlif firqə məktəblərinə yerləşdirildi. “Yabançı və müzur” ünsür qismi isə soqaqlarda ac və səfil qaldı. Texnikum və bəzən ali məktəblərin qapatılması başqa səbəb və motivlərlə də vüqu bulurdu. Məsələn, Bakıda olan ali Pedaqoji İnstitutu bir qaç sənə yaşadıqdan sonra müəllim və tələbələrinin inqilab əleyhdarı olmaları və adəta bir “milliyyətçilər ocağı” şəklini aldığı üçün qapadılmışdı.

Azərbaycan Politexnik İnstitutunun iqtisad fakültəsi tələbələrinin əsil “proletar” sinfinə mənsub olmamaları və sinfi nöqteyi-nəzərindən müzur ədd edildikləri üçün qapadılmışdı. Bir çox texnikumlar dəxi eyni motivlər dolayısı ilə qapanmaq təhlükəsi altında bulunurlar.

1929/30 tədris ilində Azərbaycanda mövcud texnikumlarda 6554 tələbə bulunurdu. Bunlardan: 2891-i Bakıda və 3663-ü də qəza texnikumlarındadırlar. Milliyyət etibarilə 95-i türkdür. Tədris tamamilə türkcədir. Rus texnikumlarının həbsi Bakıda toplanmışdır. Tələbənin miqdarı 7260 nəfərdir.

Bu texnikumlar Bakı Şurası, Azneft, İqtisad Şurası, Nəqliyyat və Dəmiryolu müəssisələrinə tabe bulunur və doğrudan-doğruya Moskvadan idarə edilirlər.

Texnikumlarda təhsil görən tələbələrin miqdarı, məktəblərin ixtisası və büdcələri bu surətlədir:

Yuxarıdakı texnikumlardan 2-si Bakıdakı və 5-i qəzalardakından başqa həbsi leylidir (axşam texnikumlarıdır). Axşam olmayan məktəblərdən tələbəyə 15 ilə 25 rubləyə qədər maaş veriliyor.

Məzkur büdcənin həmən-həmən 50% müəllim və məmur maaşlarına, 35% tələbələrin təmininə, 7% qələm, 2% tədrisata və 6% təmirat işlərinə sərf edilir. İştə bu təqsimatdan görüldüyü vəchilə büdcənin 85% maaşlara verildiyindən məktəbin  labaratoriya və sair tədrisat ləvazimatına sərf ediləcək para qalmır. Bunun üçündür ki, məktəblər sənət və məslək məktəbi olduğu halda emalatxana və sair bu kimi əməli vasitələrdən məhrum bulunurlar. Texnikumlar bu kimi zəruri ehtiyaclarını təmin etməkdən aciz bulunduqları kimi yerləşdirildikləri binalar dəxi məktəbə əlverişli deyildir. Bir çoxları xüsusi evlərə yerləşdirildiyi kimi, bir qismi də həbsxanə binalarına yerləşmişlərdir. Yeni inşaat işləri son dərəcə yavaş getməkdədir. Qaç sənələri inşasına başlanılan məktəb binaları təxsisat verilmədiyindən ikmal edilməmişdir. Bunlar da ilk məktəblər üçün olub texnikumlara aid deyildir. İstiladan sonra Azərbaycanda texnikum və məslək məktəblərinə məxsus heç bir dənə belə inşa edilməmişdir. 9 sənə müddətincə bütün texnikumlardan 230 texnik, 68 ağranom müavini, 30 stomotoloq, 20-25 əczaçı və 540 müəllim çıxmışdır. Minlərcə tələbəsi olan bu texnikumların bu qədər az məzun verməsinə yeganə səbəb tələbələrin son siniflərdə “təsviyədən” keçirilməsi, yəni “proletar” sinifinə mənsub olmadığı eyni zamanda inqilab əlehdarı olduğu üçün məktəbdən dışarı atılması və bu surətlə təhsil haqqından tamamilə məhrum edilməsidir.

1929-cu ilin ilk baharında texnikumlarda yapılan ümumi təmizlik nəticəsində minlərcə çocuq səsdən məhrum edilən zəngin köylü çocuğu və inqilab əlehdarıdır deyə məktəblərdən küçəyə atıldı. Bu təmizlik nəticəsində boş qalan məktəblərin bir sinifi tamamilə qapadıldı. Nuxa, Qazax, Gəncə, Zakatala və Ağdam texnikumlarında yapılan təmizlik nəticəsində siniflərdə 3-4 nəfər qalınca bunlar başqa bir yerə göndərilərək siniflər tamamilə qapandı. Ən zəki, çalışqan tələbələr küçəyə atıldıqdan sonra əxlaqsızlıqları və səviyyəsizlikləri ilə təmayüz etmiş bütün komsomollar qovuldu. Bu üzdən sovet məktəbləri mənən və əxlaqən son dərəcə düşmüş və adəta bir elm və fəzilət yuvası olmaqdan çıxmışdır.

Min bir rəzalət və hörmətsizlik yapan tələbəyə müdir və müəllimlərin heç bir şey söyləməyə haqqı yoxdur. Bu haq tamamilə komsomol təşkilatına verilmişdir. O istərsə deyil tələbə müəllim və yaxud müdiri dəxi qapı dışarı edə bilir. Məktəb müdirlərinin həmən-həmən heç bir rolu yoxdur. Məktəblər komsomol tələbə əlində bulunduğu üçün tam mənasilə bir anarşi içərisində bulunmaqdadır. İştə Sovet məktəblərinin maddi və mənəvi vechəsi bu vəziyyətdədir.

“Odlu Yurd”, avqust 1930, ¹19

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 16 fevral.- S.20-21