Sənətdəki keçmiş:
bir yaşantıdan min
yazı
Tarix müəyyən
zaman fasilələri ilə təkrarlanan və bu periodda
özünə yeni mənalar qazandıran keçmişdən ibarət
yaddaş kartıdır.
İllərlə yorulmadan öz qisas prinsipini insan və gələcək
üzərində sınayan,
heç çəkinmədən
buna tale deyərək
bütün məsuliyyəti
hansısa bilinməzə
yükləmək də
tarixin köhnə vərdişidir. Tarixin kortəbii subyektivliyini
bəlkə də ilk
tarixçinin kor olması ilə əlaqələndirə bilərik,
axı həm də keçmiş bu və başqa
mənada insan faktoru ilə də bağlıdır.
Bir az
şübhəli qalırıq
ki, doğrudanmı bizə öyrədilənlər,
milyon illərdi dayanmadan təkrarlanan müharibə xronologiyaları,
xalqların bölünməsi
prosesi və bunu kimi daha
bir neçə siyasi və sosioloji termin həqiqətlə ziddiyyət
təşkil etmir? Necə inana bilərik ki, hamımız bir zamanlar (Allahın
yerə yaxın olduğu eralarda) eyni tarixə şahidlik etmişik?!
Buna inanmaq üçün
ya təməl kitablara bağlı, inanclı birisi olmalısan, ya da axtarmaqdan yorulan və küncə qısılan
biri. Hər bir halda alternativ yolu tapmaq yenilikçi olmaqdan çox, radikal iddiaçı təsüratı bağışlayır.
Tarixin bir nöqtədən başlandığına Latın
Amerikası ədəbiyyatını
oxuyarkən hekayələrdə,
romanlarda Şərq miniatürlərini, sənətkarlığını
müşahidə edəndə
inanmışdım. Mayalıların təqvimi, axirət duyğusu eynilə bizə (böyük konteksdə şərqlilərə)
yaxındır.
Məişətin sənətlə qucaqlaşdığı
dövrdən sonra bu sual öz
aktuallığını itirdi. Dünyanın hər yerində mövcud vəziyyət və o vəziyyətdən
xilas olmağa çalışan, yalnız
müəllif sənətkarlığı
ilə fərqlənən
sənət növləri
var idi (yenə var). Dəyişən xalq, dil, din və coğrafiya faktoru oldu.
Din bizə Adəmdən gəldiyimizi sübut etmədən qəbullandırmağa
çalışarkən, elm bizə eyni partlayışdan yaranmağımızı
sübut etməkdən
yorulmurdu. Hər iki tərəf
bizə eyni nöqtədən gəldiyimizi
və eyni bir məkansız, zamansız nöqtəyə
qayıdacağımızı öyrətməyə çalışdı.
Fərdi
müşahidəm dinin
qalib gəldiyini deyir.
Elmin uğuru
onda oldu ki, tarixə daha açıq gözlə baxılmasının
gərəkli olduğuna
bizi inandırdı. Bunun sayəsində daha çox hadisə ilə tanış
olan sənətin, daha konkret desək,
ədəbiyyatın təxəyyül
sərhədləri genişləndi.
Daha çox “niyə?” sualı, daha çox “hara?” sualı və daha çox “necə?” sualı.
Tarixin əbədiliyinə
və müqəddəsliyinə
inananlar klassika məşqlərini davam etdirməyə başladılar. Düz mətn, A nöqtəsindən
B nöqtəsinə hərəkət
və səbəb-nəticə
əlaqəsinin konkretliliyi.
Amma bu yeni üslubların
və sənətkarlıq
müxtəlifliyinin çoxluğunu
göstərməyə həm
də mane olacaqdı.
Əsərdəki məkan və
zaman eynidirsə, hadisənin realist, romantik və ya sürrealist
formada yazılmasının
xüsusi əhəmiyyəti
qalmır. Müəllif oxucunu hadisənin yuxarıdakı baş vermə ardıcıllığını
pozmaqla təəccübləndirə
bilərdi. Absurd ədəbiyyatın, ekzistensialist
ədəbiyyatın yaranması
bu prosesi bir qədər sürətləndirsə də,
vacib an həqiqətlərə
şübhə ilə
yanaşma anından sonra başladı. Bu anda tarixin
yaddaş kartı doldu və formata
ehtiyac yarandı.
Ya bir neçə qovluq silinməli idi, ya da
bütün tarix sənət müstəvisində
sıfırlanmalı idi.
Birincini seçdilər, daha təhlükəsiz olanı.
Magik realizmi bu baxımdan uğurlu təcrübə
hesab etmək olar. Həqiqi olanı yarıhəqiqi,
yarımetafizik və ya tamamilə təxəyyül hadisəsinə
çevirdilər. Real
felləri uydurma şəhərlərə, uydurma
insanlara, qeyri-müəyyən
zamana uyğunlaşdırdılar.
Bu cür nağılvari
mətnlər insanların
şüuraltında olduğu
üçün tez qəbul edilməyə və sevilməyə başladı. Əsas nüans
isə tarixin bilərək təhrifi, yazıçının istədiyi
hadisənin başlanmasının
mümkünlüyü idi.
Bu həm də
incəsənətin varislik
missiyasının başlanğıcı
idi. Borxesin “Sənət ona
görə var ki, biz bu gün
olanları işarələrə
çevirib gələcəyə
ötürək” tərifi
burada özünü
doğruldurdu. Müəyyən bir ölkənin, qəhrəmanın, tarixi
anın təxəyyülümüzdəki
işarələr (sözlər)
sistemi ilə növbəti nəslə
ötürülməsi, bu
zamanda onun sanki kodlarla qorunması incəsənətin
bütün sahələrində
ilk şərtlərdən biri idi. Sürrealist rəssamların çəkdiyi
portretlərdə insanın
üzü müxtəlif
əşyalara, heyvanlara
fellərin reallığı
qorunaraq köçürülürdü.
Salvador Dalinin ən məşhur əsəri
“Əriyən saatlar” rəsmindəki zamanın
insan həyatına ani təsiri, insanın qocalması, iş həyatının insan vaxtını oğurlaması, əbədiliyə
çatmaq istəyənin
çırpınışı, tərəddüdü və
sair bu kimi
insan-zaman münasibətlərini
təsvir etməsi çəkmək istədiyim
misaldır. Əriyərək
torpağa düşməyə
çalışan saatlarla
bütün özünə
qədərki eyni məzmunlu əsərləri
kölgədə qoydu
və indi, əsərin çəkilməsindən
təxminən yüz
il sonra
da öz əvvəlki həyəcanını
qoruyur. Qocalmadı. Bu baxımdan
sənət tarixin unutmaq kimi xislətini
çeynədi atdı.
Artıq
yaddaş kartında xüsusi qovluqlar yaratmağa məcbur olan tarix sənətin
ehtiyacını və
tələbini “nəzərə
aldı”.
Postmodernizmə təkcə ədəbiyyat rakursunda deyil, həm də məişət hadisəsi kimi baxanda daha aydın olur ki, bizə danışılan keçmiş, tarix, gələcək haqqında iddialar və ideyalar zaman-zaman təkrarlanır. Eyni hadisənin bir neçə variantını eşidirik. Yaradıcılıq tələb edir ki (bunun birbaşa ədəbiyyatla əlaqəsi var), öz istədiyimiz tarixi uyduraq, tarixi bilərək təhrif edək, onun obrazları arasındakı zaman məhdudiyyətini aradan qaldıraq. Ədəbiyyat bu görünüşdə həyatdan maraqlı olur. Həyatın içindən, amma ona yad. Ölkəsinin tarixini yenidən yazan hindistanlı da, tarixə şübhə ilə yanaşan ingilis də, yeni tarix yazmağa ehtiyac duyan kor kitabxanaçı da, bilərək tarixi səhvlər buraxan şərqli də sənətin təxəyyül dairəsini genişləndirir. Ədəbi mətnləri ilk kitablardan (səmavi) deyil, elə özündən bir neçə yaş böyük sənət əsərlərindən “oğurlayan”lar yaradıcılığı “nə?” sualından “necə?” sualına qədər çəkib gətirənlər oldu.
Bütün hallarda “tarix həqiqətin anasıdır”. Tarixi dəyişmək
olmasa da, onu yenidən yazmaq olur. Keçmişi bir dəfə
yaşamaq, min dəfə
yazmaq mümkündür.
Və əgər bu yazılanlar sənətə
çevrilirsə, o zaman
təhrifə yol vermək qaçılmazdır.
Xüsusi etimoloji faktların, xronoloji ardıcıllıqların, şəxsiyyətlərin
xarakter problemlərinin
və həllərinin
dəyişdirilməsi tarixin
uzun sürən şübhələrini bir
az da
dərinə atır.
O dərinlikdə həmişə
işıq görünür,
ya gələcəyi həll etməklə, ya da keçmişin
bir nüsxəsini qəbul etməklə üzmək olar o dərinlikdə.
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 16 fevral.- S.19.