Atamın sönməyən
çırağı
ŞAMİL XURŞUD-FƏRZƏLİYEVİN 85 İLLİYİNƏ
Atam haqqında yazmaq mənim üçün çox
ağırdır. Əlli iki yaşında ömrü
qırılmış doğma bir adamın həyatına,
keçdiyi ömür yoluna, ədəbiyyatımız, mətbuatımız
qarşısında xidmətlərinə hansı tərəfdən
baxsam, orda qaranlıq görə bilmirəm, sanki onun ruhu
şam kimi yanır, bizi - övladlarını, nəvələrini,
nəticələrini, uzaq-yaxın dostlarını isidir; mən
bu işığa hələ də talisman kimi baxıram, o,
bizi qoruyur.
Atamın
cismani yoxluğu elə bir gün olmur ki, bizi
ağrıtmasın, lap gənc yaşlarımızdan buyana
atasızlığın necə bir iztirab və dərd
olduğunu içimizdə çəkirik. Ağırdı,
çox ağırdı!
Bizim bir təsəllimiz budur ki, atamın
çırağı sönməyib və hələ bundan
sonra neçə illər də yanacaq. Hərdən onun arxivini vərəqləyirəm,
əlyazmalarına, onun haqqında xatirələr və
xoş sözlər yazmış qələm
dostlarının mətbuatda dərc edilmiş xatirələrinə,
səliqə ilə bükülüb albomların içinə
düzülmüş solğun qəzet kəsiklərinə, müxtəlif
vaxtlarda çəkilmiş fotolara... baxıram. Bunları mənə anam vəfatından bir
neçə ay əvvəl vermişdi. Qovluqlar, şəkillər,
kitablar, kitablar haqqında resenziyalar, qəzet və jurnallar, məktublar...
mənim gözəl anamın əzizləyə-əzizləyə,
dərin və sözəgəlməz bir sevgiylə qoruyub
saxladığı ən xırda əşyalar...
Düşünürəm: anam onları hər şeydən əziz,
hər şeydən qiymətli sanırmış,
qızıldan, ləl-cəvahiratdan da qiymətliymiş... Kövrəlirəm. Ah, mənim vəfalı
anam! Sən hər dəfə bu “xatirələri”
açıb oxumusan, atamın iham mənbəyi, sevgisi, səadəti
və ilk oxucusu olmusan. Sənin sevgindən
varmı bu dünyada?
Atam barəsində
yazılan məqalələri oxuyuram, səmimi dost sözləri,
təsirli xatirələr... Nə qədər
xeyirxahlıq, nə qədər alicənablıq
süzülür bu yazılardan. Əli Vəliyev, Məmməd
Araz, Qulu Xəlilov, Nəbi Xəzri, Vahid Əziz, Fəraməz
Maqsudov, Rəfiq Zəka Xəndan, Xalid Əlimirzəyev,
Şahmar Əkbərzadə, Əmir Mustafayev, İsmayıl
Qarayev, Qədir İsmayılov, Cəmil Əlibəyov, Qəşəm
Aslanov, Yusif Kərimov, Şakir Yaqubov, Möhübbəddin Səməd,
Flora Xəlilzadə... Siyahı o qədər
uzundu ki, saymaqla bitmir. Bu müəlliflərin əksəriyyəti
haqq dünyasına qovuşub, hamısına min rəhmət,
sağ qalanlara cansağlığı arzulayıram. Onlar həqiqətən
atamın bizə məlum olmayan keyfiyyətlərindən,
dürüst əqidə sahibi kimi maraqlı məziyyətlərindən
yazıblar...
Atam
haqqında qısa bir arayış vermək istərdim:
Şamil Xurşud oğlu Fərzəliyev Ucarda
doğulmuşdu. Valideynləri 1918-ci ildə Qərbi
Azərbaycanın Zəngəzur qəzasının Ağkilsə
(Sisyan) rayonundan, Ağüdi kəndindən ermənilər tərəfindən
deportasiya edilmişdilər və Ucarda yurd
salmışdılar. Atam orta məktəbi
bitirdikdən dərhal sonra istedad və qabiliyyətini
görüb onu rayon mədəniyyət evinə bədii rəhbər
təyin edirlər. Bir müddət sonra isə
Bakıya gəlir və 1953-cü ildə ADU-nun jurnalistika
fakültəsinə qəbul olunur.
Tələbəlik çağlarından bədii-publisistik
məqalələr, televiziya və radio üçün səhnəciklər
yazmağa başlayır. İlk səhnə əsəri
universitetin dram dərnəyində oynanılır. Universitet dram dərnəyinə isə xalq artisti
Fatma Qədiri rəhbərlik edirdi. Atamın
yazdığı “Xəstələr”, “Bir ailənin üzvləri”
xırda həcmli pyesləri onun rəhbərliyi ilə
tamaşaya qoyulur, tələbələrin də bu əsərlərdə
müvəffəqiyyətlə çıxış etməsi
(müəllif özü də iştirak edir) o zamanın
mühüm hadisəsi kimi qiymətləndirilib.
Atam yeddi
il “Azərbaycan gəncləri” qəzetində əvvəlcə
ədəbi işçi, sonra elə həmin qəzetdə
“Ədəbiyyat və incəsənət” şöbəsinin
müdiri vəzifəsində çalışır
(1958-1965), daha sonra isə Moskvaya İctimai Elmlər
Akademiyasına ikillik təhsil almaq üçün göndərilir,
orda təhsilini başa vurub Vətənə qayıdır,
ömrünü sevdiyi sənətinə, jurnalistikaya
bağlayır. Bədii
yaradıcılığını da unutmur. Bir müddət Azərbaycan KP MK aparatında təlimatçı,
sonra “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru
(1972-1981) vəzifəsinə irəli çəkilir. 1981-ci ildən ömrünün sonunadək “Kirpi”
satirik jurnalının baş redaktoru olur.
Azərbaycan
ədəbiyyatının “altmışıncılar” nəslinə
mənsub olan Şamil Xurşud “Xəstələr” (1957), “Sizi
unutmaram” (1961), “İnsan yaşayır” (1964), “Özüm və
özün” (1965), “Azarkeş nənə” (1970), “Ağacalar kəsilmədi”
(1975), “Naxırçı çörəyi” (1978), “Sakitlik
olmayacaq” (1983), “Səndən sonra” (ölümündən
sonra) kitablarının müəllifidir. O, həm nasir,
publisist kimi, həm də dramaturq kimi tanınmışdı.
“Sən tək deyilsən”, “Yaz yağışı”, “Qvardiya
irəli”, “Sevinc”, “Yol ayrıcında”, Mirzə Şəfi
Vazehin həyatına həsr etdiyi “Bəxtiyar deyil” və s. səhnə
əsərləri və televiziya tamaşaları 60-70-ci illərdə
maraqla qarşılanmışdı.
Atamla
çiyin-çiyinə işləyənlərin, C.Əlibəyovun
təbirincə desək, “bir ata-ananın uşaqları”nın (Cəmil müəllim “Azərbaycan gəncləri”
qəzetinin əməkdaşlarını belə
adlandırırdı) bəziləri həyatda yoxdur, sağ
olanlara isə “Allah ömür versin! - deyirəm.
“Ekran-efir” qəzetinin nömrələrinin birində belə
bir yazı dərc olunmuşdu: “Yazıçı Şamil
Xurşud ilk baxışda zahirən qaraqabaq, hər şeyə
etinasız münasibət bəsləyən adam
təsiri bağışlayırdı. Onun həbəşi
dodağı, gündən yanıb qaralmış sifəti
qaraqabaqlıq xüsusiyyətini daha çox nəzərə
çarpdırırdı. Elə buna
görə də yaxından tanımayanlar onunla ünsiyyətə
girə bilmirdilər. Sadəcə olaraq
üz cizgiləri onu belə göstərirdi. Şamil Xurşud həssas və mehriban idi. Xarakterində olan bu keyfiyyətlər damla-damla
süzülüb yaratdığı əsərlərə
köçmüşdü”.
Rəhmətlik
Yusif Kərimovun “Bir ata-ananın uşaqları” məqaləsində
isə belə bir xatırlatma var: “...1981-ci ilin fevralı idi. Azərbaycan KP MK-nın birinci katibi Heydər
Əliyev Şamil müəllimlə məni qəbul etdi.
O, “Kirpi” jurnalına, mən isə “Azərbaycan gəncləri”
qəzetinə redaktor təyin olunmalı idik. İkimizə də
sahə jurnalistikasına aid çoxlu sual verdi.
Şamil müəllimlə isə zarafatlaşmağı da
unutmadı: “Çox qaraqabaqsan, yəni sən satirik jurnal
çıxara bilərsən?” Sonra isə öz sualına
özü cavab verdi: “Eşitdiyimə
görə, qaraqabaq adamın içərisi yumorla dolu olur...”
Respublikanın rəhbəri doğru
duymuşdu. Daha doğrusu, bəlkə də,
Şamil Fərzəliyevin yaradıcılığına bələd
olduğundan belə inamla danışırdı”.
Bəli, atam qaraqabaq təsiri bağışlasa da, evdə
çox gülərüz, mənalı yumora malik bir insan idi. Ümumiyyətlə,
ailəmizdə həmişə bir şənlik vardı, qardaşım
Azərin zarafatları, etdiyi parodiyalar hamımıza ləzzət
verirdi. Bu həm də ata-anamızın
bir-birinə olan məhəbbətindən irəli gəlirdi.
Anam ona dayaq, arxa idi. O, xəstə yatanda
da anam onu öz sevgisiylə, sonsuz qayğısıyla
müalicə edirdi. Axır vaxtlar demək olar
ki, yeməkdən kəsilmişdi. Anamın
da boğazından çörək keçmirdi. Onlar bir-birlərini o qədər sevirdilər ki,
ayrılacaqlarını belə ağıllarına gətirmirdilər.
Çünki bu sevgi möhkəm təməl
üzərində qurulmuşdu. Bu barədə atamın
tələbə dostu yazıçı Əmir Mustafayev “Qələm
dostlarım” adlı məqaləsində yazırdı:
“Şamilin cavanlıq çağlarından o da
yadımdadır ki, uşaqlarının anası ilə
sevişdikləri ilk aylar idi, nə üçünsə
araları sərinlədi, dostumuzun qanı bərk qaraldı,
pəjmürdə gəzdi, çox vədə boş
vaxtlarını dram teatrında keçirərdi, oraya asudə
vaxtını öldürdüyü bir yer kimi yox, sənət
məbədi kimi baxırdı. Teatra bilet
aldı. Yerini bələdləyə-bələdləyə
keçib kreslosunda əyləşəndə, yan-yörəsinə
göz yetirdi və nə görsə yaxşıdır: istəklisi
də bacı və qardaşlarıyla tamaşaya gəlibmiş
və gör ürəkləri necə duymuş ki, xəbərsiz
eyni cərgəyə bilet alıblarmış, yerləri də
yanaşı düşübmüş. Taleyin
bu uğurundan sonra barışdılar, tamaşadan özgə
bir əhval-ruhiyyə ilə çıxdılar. Bir müddət sonra toyları oldu, evləndilər,
övladları dünyaya gəldi, böyüdülər, təhsil
aldılar, ər evinə qapı açdı qızları.
Şamil həmin tamaşanın biletini uğur nişanəsi
kimi yaxın vaxtlaradək saxlayırdı...”
Atam ailəsinə, elinə-obasına, dostlarına,
qohum-qardaşlarına çox vəfalı insan olub. Namus, şərəf,
həya, həqiqət, sədaqət onun ömür boyu
ürəyində gəzdirdiyi həyat amalı, milli dəyəri
olub. O, sadə insan, təmannasız etdiyi xeyrixah əmməllərin
müqabilində heç bir şey ummurdu və
umanlara qarşı, əşya azarına tutulanlara
qarşı da barışmaz olurdu. Onun
yazdığı felyetonlar bu gün də müasirliyini itirməyib,
zamanla səsləşir. “Hanı mənim Ceyranım”,
“Tüstü”, “Etiraf”, “Toy nə toy” və s. Məşhur
felyetonları bu qəbildəndir. “Belə bir
oğlan var” povestində öz tərcümeyi-halını -
uşaqlığını, yetkinlik dövrünü qələmə
almışdı və satirik şəkildə oxuculara
çatdırmışdı. “Ağaclar
kəsilmədi” əsəri isə onun əhatəsində
olduğu insanlar barəsindəydi. Bir
zamanlar yüksək mövqe tutub, lakin müharibə vaxtı
cəbhəyə yollanan, həyat yoldaşları isə
arxada qalıb namusla işləyən, əsgər yolu
gözləyən iki qadın Zülfü arvad və
qızı Gövhər obrazlarını canlı boyalarla
yaratmışdı. Dili koloritli və xalq
dilinə bağlıydı. Bu
obrazların prototipləri də vardı, onlar həqiqətən
atamın qohumlarıydılar. Əsərin
qəhrəmanı Yaşar Məmmədzadənin simasında
bu ağacların kəsilmədiyini və köklü
olduğunu bir daha sübut etmişdi.
“Naxırçı çörəyi” povestini isə cəmiyyətimiz
üçün yad olan var-dövlət ehtirasının
uçuruma gətirib çıxardığını
göstərib. Onun yaradıcılığında bədii
nəsr daha geniş yer tuturdu. Əsərlərini
yaxşı tanıdığı, uşaqlıq və gənclik
xatirələri ilə bağlı olan kənd həyatına,
burada çalışan, qurub yaradan əmək adamlarına həsr
edirdi. Çünki o, el-obasını
sevirdi. Demək olar ki, hər həftənin
cümə günü işdən sonra “Jiquli” markalı
maşını ilə bizi Ucara aparırdı. Sükan arxasına keçən kimi şeir,
mahnı oxuyar, Şamaxı dolamalarını, təbiəti
sevə-sevə vəsf edər, Azərbaycanın heç bir
yerlə bənzəri olmadığını deyərdi.
Şamaxıda mütləq oturub quzu ətindən
kabab çəkdirər, dağ rayonunun təmiz
havasını ciyərlərinə çəkərdi. İstər qarlı-dumanlı, istərsə də
yağışlı, çiskinli olsun. Baxmazdı,
çünki o, bu təbiəti, bu yolları sevirdi.
Sevinirdi ki, gəlib anasını, əzizlərini,
dostlarını görəcək...
Atam “Azərbaycan gəncləri” qəzetini sözün əsl
mənasında məbəd ocağı hesab edirdi. Onunla birgə
çalışan jurnalistlər və texniki işçilər
atamın bir baxışıyla dərhal başa
düşürdülər ki, o, nə demək istəyir.
İstirahət günlərində də
çox vaxt kollektiv halda harasa gedərdilər. Mən
bizə ailəvi dost olan Şahin Quliyevi, Tofiq Mütəllibovu,
Mürşüd Dadaşovu, Piri Məmmədovu, Abdül Qənini,
Şakir Yaqubovu, Elçin Mehrəliyevi,
sürücüsü Aydın Quliyevi, köməkçisi
Ruxsarə xanımı dərin hörmət və məhəbbət
hissilə yada salmaq istəyirəm. Yaxşı
adamların yaxşılıqlarını sadaladıqca
düşünürəm ki, biz nə yaxşı ki,
onların əhatəsində yaşamışıq,
yaxşı və xeyirxah əməlləri də onlardan
öyrənmişik. Bunu da özümə
borc bilib qeyd edirəm ki, “Azərbaycan gəncləri” qəzeti
sovet dövrünün rəsmi qəzetləri arasında
öz sözü, öz mövqeyi olan qəzet idi, onun
demokratik ruhlu olması da müəyyən qədər atam
Şamil Fərzəliyevin adıyla bağlıdır.
Sonralar “Maarifçi” qəzetinin baş redaktoru olmuş
yazıçı, alim Elçin Mehrəliyev “Şamil
böyüklüyü” məqaləsində atamla
bağlı xatirələrini
bölüşərək qeyd edirdi ki, Şamil müəllim
“Gənclər” qəzetinin oxucularını insanlığa, Vətənə,
torpağa məhəbbətə, bağlılığa
çağırırdı. “Bu
çağırışı həm də Şamil mənəviyyatından,
Şamil əqidəsindən, Şamil vətəndaşlığından
doğan bir ziya, bir amal, bir mövqe kimi qiymətləndirmək
olar. İnsan Şamil müəllim,
redaktor, publisist Şamil Fərzəliyev, yazıçı -
dramaturq Şamil Xurşud bir-birini necə də
tamamlayırdı. Bu, tamlıq, bu, bütövlük
idi...”
Əməkdar
jurnalist Şakir Yaqubovun “Yaxşı adamın
yaxşılıqları” məqaləsi isə daha təsirli
idi: “...Kim idi Şamil Fərzəliyev?” sualına bir cümlə
ilə: “Şamil Fərzəliyev vicdanlı adam,
zəhmətkeş insan idi, yaxşı kişi idi, demokratik
redaktor idi...”
... Atam 1986-cı il aprelin 24-də Tbilisidə hərbi qospitalda vəfat etdi. O, hələ xəstəxanada yatarkən Azərbaycan KPMK-nın məsul şəxsləri tez-tez zəng vurur, anamla danışır və atamın səhhəti ilə maraqlanırdılar. Yadımdadı ki, Mərkəzi Komitədən hörmətli Ramiz Mehdiyevin tapşırığına əsasən zəng vurmuş, bildirmişdilər ki, dəfn 2-ci Fəxri Xiyabanda olacaq. Lakin anam razı olmayıb bildirmişdi ki, atamı valideynlərinin yanında, Ucardakı Qarabörk məzarlığında dəfn edəcəyik. Bəlkə də buna görə ki, anam özünü də onun yanında görürdü, bir zamanlar onunla yanaşı dəfn olunacağını bilirdi.
Bizim evin bir əziz dostu da vardı - istedadlı şairimiz Şahmaz Əkbərzadə! O, atamın dəfn mərasimində ürək ağrısıyla danışdı, sözlər indi də qulaqlarımdan getmir: “...Şamil kəndi sevirdi. Adamları kəndi sevməyə, bağlılığa çağırırdı. Şamilin “Ona deyin kəndə gəlsin” hekayəsi də bu məqsədlə yazılıb. Rahat yat, qardaşım! Axır ki, sən də öz kəndinə gəldin, arzuna sadiq çıxdın. Qoy uyuduğun kənd qəbiristanlığı cənnətin olsun!” Mərhum Şahmar müəllim deyirdi: “İndi obalarımızı başsız görəndə bir haray üşüdür ürəyimi: Ona deyin kəndə gəlsin”. Bu şairin vəsiyyəti idi, yaddaşımızı indi də silkələyir...
Bu gün atamın 85 yaşı tamam olur, onun çırağı sönməyib, daha gur yanır; mən kiçik bacım Sədaqətgildəyəm. Hamımız onlara yığışmışıq, nəvələr, nəticələr deyib-gülür, oynayırlar, biz də atam və anamla bağlı ən ülvi, ən mərhəm xatirələrimizi bölüşür, onların sevgisindən, sarsılmaz ailə birliyindən danışırıq. Sədaqətin hələ uşaq vaxtı ata-anama dediyi, ailəmiz üçün dillər əzbəri olmuş sözlər yadımıza düşür: “Nə yaxşı ki, siz mənim ata-anamsız, başqasında olsaydım, heç sevməzdim onları...” Ürəyimiz qürur hissiylə çırpınır, bacımın uşaq təxəyyülü ilə dediyi o sözləri bugünkü ixtiyar çağımızda da övladlarımıza, nəvələrimizə fəxarətlə ötürə bilirik.
Həqiqət FƏRZƏLİYEVA
525-ci qəzet.- 2019.- 16 fevral.- S.18-19.