Sənət və məktəb
GƏNC
TAMAŞAÇILAR TEATRI 5 SAYLI ORTA MƏKTƏBDƏ
GÖRÜŞDƏ...
Həmin
gün hava çox soyuq idi... Balaca əllərim donmuşdu
soyuqdan, balaca ayaqlarım da xeyli yorulmuşdular. Amma anam elə
hey darta-darta aparırdı
məni, yaman tələsirdi, “bir az tez gəl”
- deməsi indiyəcən
qulaqlarımdadı, heç
özüm də bilmirdim hara gedirik, az
qala uçurdum barmaqların ucunda...
Bakının kiçik qəsəbələrindən
birində, qışın
oğlan çağında
maraqlı nə ola bilərdi
axı?! Hərdən uşaqlığımı yada salanda doğmalarım
“sən danışanda
adamı ağlamaq tutur” - deyirlər. Həm də bunu məni bir az qınayaraq, bir az da zarafata
salaraq deyirlər... Belə baxanda gülməlidi də... Axı mənim uşaqlığım
41-45 müharibəsi illərinə,
aclıq vaxtına düşməyib, blokada şəraitində də
keçməyib. Amma hər
halda çağdaş
uşaqların rəngli
və firavan həyatı ilə müqayisədə o zaman
olanlar sönük görünür, həm də axı 90-cı illər ölkə və xalq üçün
xeyli pessimist, ağrılı,
itkili keçib.
Yaşananların və
itirilənlərin mənasını,
mahiyyətini anlamasaq da, anamızın-atamızın
ovqatından hiss edirdik
hər şeyi...
... O gün isə hər şey başqa və qəribə idi. Onda heç məktəbə
getmirdim. Amma müəllimə
işləyən anam
məktəblilərlə aktyorların
görüşünə aparmışdı
məni. Mədəniyyət
mərkəzində görüş
idi... Nə qədər tələssək
də, “uşaq ayağı” ilə getməyimiz nəticə vermişdi, gecikmişdik, zala girəndə qaranlıqdan çaşmışdım.
Bu nədi, hara gətirib anam məni... Amma səhnədən gələn işıq və uşaqların qəhqəhəsi də burda baş verənlərin nə isə fərqli olduğuna işarə idi. İndiyə kimi o alaqaranlıqda
eşitdiyim gülüşlər
və səhnədəki
aktyorların danışıq
tərzi yaddaşımdadı.
Və görünür, sənətə
sevginin təməllərindən
biri də elə həmin gün qoyuldu. Boylana-boylana qalmışdım
və anam məni qucağına alanda birdən-birə özümü hamıdan
böyük hiss etmişdim...
Səhnəni yaxşı görürdüm,
ona görə. Hə, sənət adamı böyüdür.
Şəhərin tıxaclarından sıyrılıb
5 saylı orta məktəbə tələsəndə
nədənsə aktyorlarımızı
yox, məhz uşaqları, məktəbliləri
düşünürdüm. Gənc
Tamaşaçılar Teatrı,
elə burda iştirak edən aktyorlar da belə
görüşləri çox
yaşayıblar, amma şagirdlər üçün
səhnədən, efirdən
izlədikləri sənətkarlarla
canlı ünsiyyət
unudulmaz olacaqdı. Və kim
bilir, bəlkə onlar üçün də bu görüş
hansısa gələcəkdə
seçəcəkləri peşənin,
ya sadəcə marağın təməli
olacaqdı...
Zala girəndə
Xalq artisti Ağaxan Salmanlının
səsini eşidirəm,
məktəblilərin görüşünə
gələn aktyorlarımızı
təqdim edir. Zemfira Əbdülsəmədova, Elnur
Kərimov, Rasim Cəfər, Elnur Hüseynov, Asya Atakişiyeva, Səbinə
Məmmədova... Truppa
müdiri Ələsgər
müəllim və inzibatçı Sabir müəllimi də tanış edir şagirdlərlə, həm də teatrda işləməyin çətinliyindən danışır.
Doğrudan da şablon ifadə ilə desək, teatr qarderobdan başlayırsa, hər kəsin özünə məxsus məsuliyyəti,
hər işin çətinliyi var... Bir azdan Zemfira xanım
Ağaxan müəllimlə
duet oxuyanda bu haqda daha ciddi
düşünəcəyəm. Bu qədər zərif və incə xanımı “Ələddinin
sehrli çırağı”
tamaşasında köntöy
bir kənd arvadı obrazında, yaxud “Leyli və
Məcnun”da Məcnunun
boynuna ip salıb gəzdirən Qarı kimi görəndə təsirlənmişdim.
Amma zamanla digər rollarına baxdıqca, hələ bir vaxtlar Culyettanı da ifa etdiyini
biləndən sonra anlamışdım ki, Zemfira xanım üçün ən fərqli xarakterləri yaratmaq çətin deyil. İndi də Ağaxan
Salmanlı ilə həzin bir duetdən sonra Nazım Hikmətin hər misrasında kədər yağan şeirini eyni şövq və həvəslə səsləndirməsi
bu fikrimin təsdiqidir.
Gənc
Tamaşaçılar Teatrı
son aylarda çox əlamətdar hadisələr
yaşadı; 90 illik yubiley və ölkə rəhbərinin
bir neçə əməkdaşımızı fəxri adlara layiq görməsi, yeni tamaşaların qurulması, uğur qazanması və s. Teatrın əməkdaşı
kimi müşahidə
etdiyim məqamlardan biri də böyüklərin
balacalara, yaşlı
sənətkarların gənclərə
dəstək olmasıdır.
İndi də Səbinə Məmmədova
hal-hazırda rejissor Ayla Osmanovanın quruluş verdiyi “Mən öləndə ağlama” mono-tamaşasından
parçanı təqdim
edir şagirdlərə
və böyüklərin
üzündəki ifadədən
təsirlənir adam. Eyni zamanda, şagirdlərdən
birinin kumiriniz kimdir? - sualına
cavab olaraq cavanlar teatrımızın
yaşlı aktyorlarının
adlarını çəkirlər.
Doğrudan da nəsillər
arasındakı körpü
çox vacibdi. Gənclərin təcrübəli sənətkarlardan öyrənə
biləcəyi çox
şeylər var. Misal
üçün bir vaxt Culyetta oynayan
Zemfira Əbdülsəmədova
bu gün teatr səhnəsində Culyetta ifa edən
Asya Atakişiyevaya nələri məsləhət
görə bilər?!
Görünür, bu insanların gənclik ruhunu saxlamalarının bir səbəbi də elə budur, gənclərlə bağlılıq... Həm də
bu sənət həmişə formada olmağı, şuxluğu
tələb edirsə,
ayrı yol da yoxdu.
Elnur Hüseynov teatr aləminə aid lətifələr danışdıqca uşaqlar qəhqəhə çəkib gülürlər. Həm də Elnur birinin üstünə beşini qoyub danışır deyəsən. Axı səhnə belə öyrədib, sənət bütün hissləri və hadisələri daha təsirli göstərməyə alışdırıb... Qastrollarda başlarına gələnlər, səhnəarxasında baş verənlər, fors-majorlar və gülməli hadisələr. Bütün bunlar sənətkar ömrünün ayrılmaz hissələridir; ovqatından asılı olmayaraq səhnəyə çıxmalısan, gur işıq altında durmaqdan çəkinməməlisən, üzünü qaranlıq zala tutub görmədiyin gözlərə müraciət etməyi bacarmalısan... Bütün bunlar sadə deyil, amma şükürlər olsun ki, sənət var və ənənə var. Əməkdar artist Elnur Kərimov elə bu ənənələrdən və teatrımızın tarixindən danışır. Bir vaxt məktəblilərin arzusu ilə yaranan teatr sonralar elə bu adamların qoruduğu, indiki nəsillərə ötürdüyü məbədə çevrildi. Həm tamaşaçı üçün, həm də sənət adamları üçün...
Şagirdlərin müxtəlif uşaqsayağı və bir az da ürkək suallarını dinlədikcə düşünürəm indi onların hər şeyi soruşan və hər şeylə maraqlanan vaxtıdı və nə yaxşı ki, müəllimləri bu zamanı belə səmərəli istifadə edirlər. Hansı kitabları oxuyursunuz, sənətə necə gəldiniz, bəyəndiyiniz filmlər, unutmadığınız məqamlar və s. bütün bunlar tamaşaçı üçün maraqlıdı, balacalar üçün isə ikiqat maraqlı. Axı pərdə bağlanınca o tərəfdə baş verənlər sirli qalır... Bunları müşahidə etdikcə teatr və ümumiyyətlə sənət aləmi haqqında yazanları düşünürəm. Moemin “Teatr” əsəri, romanın qəhrəmanları - yaşlı və gənc aktrisalar arasındakı “münasibətlər sistemi” yadıma düşür... Amma görəsən, sənət yalnız qəliz münasibətlərdən ibarətdir?! Məncə, yox, əslində dekorasiyanın qurulmasından tutmuş aktyorun hazırlığına kimi hamısı öz-özlüyündə sənətdi və bunlar birləşincə hər şey maraqlı olur, cəlbedici olur... Aktyorlarımız bunlar haqda danışdıqca danışırlar və mənə elə gəlir ki, zaman-zaman bu insanlar memuarlar yazmalıdırlar...
Görüşün sonunda şagirdlərdən ən yaxşı
sual verənlərə “Hasarın o üzü”
tamaşamıza biletlər hədiyyə olunur,
sonra xatirə şəkli çəkdirirlər,
uşaqlar aktyorları buraxmaq
istəmirlər... Tək-tək şəkillər çəkdirir,
ürək sözlərini deyirlər. Müşahidə
etdikcə, balacaların gözündəki sevinc
təsirləndirir adamı... Axı səhnə çox uzaqdı onlar üçün... İnsan
bəzən uzaqdan baxdığı
möcüzəyə toxunmaq da istəyir! Məncə, 5 saylı məktəbin
şagirdləri üçün bu görüş
möcüzəyə toxunmaq kimi idi...
PƏRVİN
525-ci qəzet.- 2019.- 16 fevral.- S.15.