Zülfü Livaneli “525”ə Xocalı faciəsindən
danışdı: “Xocalıda baş verənləri əfv
etmək də çətindir, unutmaq da...”
İstanbulun Tarabya səmtindən geri
dönürdük. Yolumuz uzun idi. Günəş
dənizin üzərindən çəkilir, surətlə
qaranlıq çökürdü. Beynimdə
dostlarla olan söhbətləri çək-çevir edirdim.
O isə susub nəsə düşünürdü. Birdən ikimiz də eyni anda “Azərbaycan” deyib
sükutu pozduq. Mən ona Azərbaycanla
bağlı söz demək, o isə soruşmaq
üçün səssizliyi pozmuşdu.
Bir çox məsələlərdən
danışdıq. Söhbət ermənilərin Azərbaycan
xalqının başına gətirdikləri faciələrə
çatanda örnək kimi Xocalı soyqırımını
xatırlatdım. Danışdıqca çöhrəsinə
dərin kədər çokdüyü hiss olunurdu, gözləri
isə uzaqlara, bəlkə də, 1992-ci ilə - Xocalıya
zillənmişdi. Bu haqda dəqiq nəsə deyə
bilmərəm. Onunla bu mövzuda
müsahibə aldığım ilk
görüşümüzdə də söhbət
etmişdik. Lakin bu söhbət o
müsahibədə bir cümlə ilə əksini
tapmışdı. İndi isə bu barədə
bir qədər geniş danışmaq istəyirdim. Öncə söhbət açıb fikirlərini
öyrəndim, iki gün sonra isə bununla bağlı
danışmasını xahiş etdim. Razılaşdı.
Yəqin
onunla birinci müsahibəmi oxuyanlar həmsöhbətimin kim olduğunu dərhal anladılar:
Yazıçı, siyasətçi, rejissor, ssenarist,
musiqiçi Zülfü Livaneli.
“27 il yox,
270 il keçsə də, Xocalı qətliamı unudulmayacaq”
- İstər şəxsi, istər siyasət, istərsə
də sənət həyatımda mənim üçün ən
önəmli dəyər ölçüsü insandır. Bütün
problemlərə, fəlsəfi məsələlərə
insan kontekstində yanaşıram. Romanlarımda
da belədir. Mənim üçün təməlində
insan dayanan bir dəyər dünyası var. Həmişə
çalışmışam ki, yazılarımda Türkiyədə,
eləcə də dünyanın başqa yerlərində
zülm çəkən, ev-eşiyini tərk etmək məcburiyyətində
qalan, həbsxanalara düşən, acı və yoxsulluq
içində yaşayan insanların dərdlərinə yer
verim. Təcavüzə məruz qalan
insanların səsini hər kəsə çatdırmaq istəmişəm.
Bu gün dünyada həqiqətən də
çox ədalətsiz hadisələr baş verir. Bunlardan biri də Xocalı qətliamıdır.
Bilirəm, artıq 27-ci ildönümü
yaxınlaşır. Fəqət, 27 il
yox, 270 il keçsə də, Xocalı qətliamı
unudulmayacaq. Belə dəhşətlər
asanlıqla unudulmur. 27 il öncə
Xocalıda dəhşətli hadisələr baş verdi. Hamımızın içimiz qan ağladı.
Təkcə Xocalı qətliamını yox,
sizdəki qaçqınların da aqibətini bilirəm.
Bir milyon idi sayları, elədir?
- Bir
milyon iki yüz min...
- Dəhşətli
statistikadır. Burada çox maraqlı bir məqam
var. Dünyanın bir yerində zülm görən toplum gedib
başqa bir topluma, başqa bir xalqa, günahsız insanlara
zülm edirlər. Ermənilər 1915-ci
ildə Türkiyədə zülmə məruz qaldılar,
amma dinc dayanmadılar, eynisini bizə də yaşatdılar.
Sonra isə gedib azərbaycanlılara divan
tutdular.
“Bərabərsizlik
varsa, ədalət bərqərar ola bilməz”
- Bu
gün dünyanın mənzərəsinə nəzər
salanda adam dəhşətə gəlir. Elə götürək Türkiyəni,
görürsünüz ki, burada milyonlarla suriyalı var. Bu
haqda “Huzursuzluk” romanında da yazmışam, yurdundan, vətənindən
didərgin düşənlərdən bəhs etmişəm.
“Bir kedi, bir adam, bir ölüm” adlı romanım
var, 1975-1978-ci illərdə Stokholmda yazmışdım. O illərdə
belə hadisələr aktual olmasa da, son səhifədə belə
bir cümlə
var idi: “Əgər belə davam etsə, Afrikadan, Asiyadan
insanlar sınıq-salxaq gəmilərə, qayıqlara,
motorlu yelkənlərə minib Avropanın sərhədlərinə
dayanacaqlar və buna heç kim mane ola bilməyəcək,
onların qarşısını almaq mümkün
olmayacaq”. Belə
də oldu. Əgər cəmiyyətlər arasında
böyük bərabərsizlik, qabarıq təbəqə fərqləri
varsa, Amerikadakı 6 ailənin gəliri dünyanın
yarısının gəlirindən artıqdırsa, gündə
bir dollardan da aşağı işləyən insanların
sayı həddən artıq çoxdursa, təhsil, içməli
su əldə edə bilməyən milyonlarla insan
mövcuddursa, belə bir dünyada ədalət bərqərar
ola bilməz. Bir gün mütləq üsyan baş verər!
“Xocalıda
çox cinayətlər baş verib, bunun əfvi çox
çətindir”
- Biz bu məsələlərlə
bağlı UNESCO çərçivəsində çox
danışmışıq. Bilirsiniz ki, Azərbaycanın
birinci xanımı Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı
səfirdir. O da sülhlə bağlı çox gözəl
çıxışlar etmişdi. Mən UNESCO-da
sülh mədəniyyəti ilə bağlı çox
işlədim. Orada belə bir
düşündürücü fikirlə
rastlaşmışdım: Bütün müharibələr
insanların zehnində başlayır. Dolayısı
ilə biz sülhü, barışı insanların beynində
başlatmalıyıq. Özü də təhsillə.
Amma burada başqa nüanslar da var. Məsələn,
biz iki ailənin arasında baş verən münaqişəyə
qan davası deyirik. Bir-biri ilə
didişirlər, bir-birinin canını alırlar və sonra
onları barışdırmaq çətin olur. Eynisi xalqlar arasında da baş verir. Yunanlarla türklər, türklərlə ermənilər,
indi də ermənilərlə azərbaycanlılar, İsraillə
Fələstin arasında çox qanlar axıdıldı.
Bu dönəmlərdə o qədər
çox ağrılı hadisələr, ürək
ağrıdan faciələr baş verir ki, oturub
düşünürsən, necə əfv edim? Xocalıda o qədər cinayətlər işləndi.
Bunu bağışlamaq da çətindir, əfv
etmək də, unutmaq da. Hətta fikirləşirsən
ki, unutsam, görəsən, o qurbanlara pislik etmiş
olarammı? Fəqət, bir yandan da baxırsan
ki, başqa çarəsi yoxdur. İnsanlar
sonsuza qədər bir-birini qanına qəltən edə,
bir-birinin axırına çıxa bilməzlər, axı.
“Missiyam
insanları sülhə səsləməkdir”
- Bu
gün Türkiyədə müdhiş bir qütbləşmə
var. Sanki bu ölkədə üç millət
yaşayır. Bunlardan birincisi
atatürkçülərdir - sayı milyonlarladır. İkincisi islamçılardır - onların da
sayı milyonlarladır. Üçüncü
kürdlərdir - onların da sayı o birilərdən geri
qalmır, onlar da milyonlarladır. Mən bütün
qatıldığım konfranslarda, tədbirlərdə,
yazılarımda bunu vurğulayıram: bizim bir-birimizi yox etmək
imkanımız yoxdur. Bir gün, tutaq ki, 20-30 il
sonra necə olacaq Türkiyə? Atatürkçülər
dənizə töküləcək? Yox, yaşayacaqlar! İslamçılar göyə buxarlanacaqlar?
Yox! Kürdlər başqa diyarlara köç
edəcəklər? Yox! Dolayısı ilə
biz burada bərabər yaşayacağıq, çünki buna
məhkumuq. İki yol var önümüzdə: ya
ömrümüzü bir-birimizi qıra-qıra, həqarət
edə-edə zülm içində keçirəcəyik, ya
da qanun çərçivəsində, bir-birimizin mədəniyyətinə,
inancına, dəyərlərinə hörmət bəsləyərək
yaşayacağıq. Bax, cənnət də onda yaranacaq! Ancaq əksi baş versə, vətəndaş
müharibəsi başlayacaq. Bu hal
İspaniyada oldu - ata oğulu, qardaş qardaşı
qanına qəltan elədi. Ən qorxulu
müharibələr daxili müharibələrdir. Mən Türkiyənin bu həddə
çatmaması üçün əlimdən gələni
edirəm. Mənim missiyam insanları sülhə səsləməkdir,
amma bunun baş verənlərə göz yummaq, olmuşları unutdurmaq
anlamına gəlmədiyini də çox yaxşı bilirəm.
“Azərbaycanın
başı çox belə bəlalar çəkib”
- Tarixən
dünyanın müxtəlif yerlərində bir çox faciələr
yaşanıb, Xocalı qətliamı kimi böyük
müsibətlər baş verib. Ümid edirəm,
bir daha belə hadisələr olmaz. Amma belə
dəhşətlərə bais olanların cəzasız
qaldıqlarını görmək də insanın ürəyini
bir başqa cür yandırır. Qadınlara,
uşaqlara təcavüz edən adamların əlini-qolunu
sallayaraq rahat həyatlarına davam etdiyini görmək həqiqətən
çox üzücüdür. Onların ədalət
qarşısında cavab vermələri, layiq olduqları cəzanı
almaları lazımdır. Amma olmur. Azərbaycan çirkin siyasi oyunların qurbanına
getmiş qardaş ölkədir, onun başı çox belə
bəlalar çəkib.
Dostoyevski,
Tolstoy, Puşkinin müharibəyə
yanaşması-yazıçı vicdanı...
- Nə
olur-olsun, mən ölkələri bir-birinə sənətin
və mədəniyyətin
yaxınlaşdırdığına inanıram. Türkiyə
ilə Yunanıstan az qala, müharibənin
astanasında idi. Həmin vaxt Mikis Theodorakislə
mən ortaq albom çıxartdıq, konsertlər verdik.
O zaman burada mənə, orada Theodorakisə vətən xaini
dedilər. Amma bütün bunlara sinə gərməyə
məcbursan. Belə məsələlərdə
yazıçı vicdanı çox vacib amildir. Osmanlı ilə Rusiya müharibəsini
xatırlayıram. O dönəmdə Dostoyevski çox
milliyyətçi yazılar yazırdı və mütəmadi
olaraq insanların gözünün önündə “hamilə
qadının qarnındakı uşağa şiş
keçirmiş türk” obrazı yaradırdı. İnsanlar bunu oxuduqca türklərə nifrət bəsləyirdilər.
Bəs Tolstoy nə edirdi? Böyük
yazıçı vicdanı ilə insana insan kimi
baxırdı. O, Dostoyevskinin yazdıqlarının tam əksini
yazırdı. Deyirdi ki, hər kəs
insandır, bu şəkildə provokasiya yaratmağa,
“türkdür” deyib insanı şeytanlaşdırmağa gərək
yoxdur, bu, bir müharibədir. Savaş
bitsin deyə belə mövqe ortaya qoyan qosqoca Tolstoya vətən
xaini damğası vururdular.
Yaxud götürək Puşkini. Onun “Ərzurum səfəri” əsəri var. Puşkin Osmanlı-Rusiya müharibəsi zamanı dəstələrə qoşularaq Ərzuruma gəlir. Təsəvvür edin, o dönəmdə yazılan həmin əsərdə bircə yerdə də “yağı”, “düşmən” və bu qəbildən olan başqa bir kəlməyə rast gələ bilməzsiniz. O, hadisələrə böyük yazıçı vicdanı ilə yanaşır. Hətta yol kənarında ölmüş türk görür, onun üzündəki məsumiyyəti yazır. Dünyanın böyük yazıçıları həmişə sülhün tərəfdarı olublar, insana insan kimi baxıblar.
Mən “Serenad” romanında bir çox millətlərdən yazmışam, insana insan kimi baxmışam. Əsərdə Maya ilə qardaşı arasında belə bir dialoq var:
“Aramızdakı təməl fərq nədir,
bilirsən? Sən
insanlara baxdığın zaman bayraqlar, uniformalar, din
görürsən.
- Bəs
sən nə görürsən?
-
İnsan, sadəcə insan! Sevən, əzab
çəkən, acan, üşüyən, ölümdən
qorxan insan!”
Söhbətimizi də elə bu fikirlərlə bitirmək
istəyirəm və sonda Xocalı qurbanlarının
yaxınlarına, bütün Azərbaycan xalqına səbir
diləyirəm.
İstanbul
10.02.2019
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 16 fevral.- S.12.