"Şeir yazmaqdan yaxşı əlimdən bir iş gəlmir"

 

FƏRQANƏ MEHDİYEVA: "ŞAİRİN ÖZ ÖMRÜNÜ UDUZA-UDUZA YAZDIQLARINI OXUCU QAZANIR"

 

 

Gah şair olmaqdan "qaçır", gah da sözdən "yemək bişirir". Şairin yazdığı şeiri Tanrının yazdığı alın yazısı ilə müqayisə edir. Sözün üstündə yarpaq kimi əsir. Özünü unudub şeir olur. Təkcə qələmindən deyil, gözlərindən, simasından da şeir yağan qadındır Fərqanə Mehdiyeva... Bu gün yubiley yaşını qeyd edir. Onu bu günündə dilləndirmək, ömrünü səhifə-səhifə vərəqləmək gərəkdi bəlkə də, amma o, onsuz da şeirlərində ömründən izlər qoyur.

 

Biz də onunla elə şeirdən söhbətləşdik:

- Fərqanə xanım, bəzən deyirlər, qadından şair olmaz. Siz də "qızları qoymayın şeir yazmağa" deyərək, bu fikrə şərikmi çıxırsınız?

- Qadından şair olmaz fikri, məncə, çox yalnış fikirdir. Qadın elə doğulandan, həyatı dərk edəndən şairdir. Laylalar anaların dilində olub hər zaman. Bizim analarımız bizə laylalar çalardı. Mən həmişə deyirəm ki, mənim anam şair olub. Təəccüblənirlər, kitabı olub, olmadığını soruşurlar. Deyirəm, anam mənə layla çalanda şair idi. Bütün analar ailəsinə, övladına sevgisiylə şairdirlər. Əslində, şeirin cinsi olmur. Amma qadın yaradıcılığında hardasa o ürəyin hərarəti hiss olunur. "Qızları qoymayın şeir yazmağa" misrası necə yaranıb? Məncə, qələm dünyanın ən ağır yüküdür. Qadın üçün isə iki qat ağırdır. O həm anadır, ailəsinin idarəçisidir, işləyirsə, cəmiyyət içərisində bir statusa sahibdir... Bütün bunlarla yanaşı, üstəgəl, qələmin yükünü daşımaq, tərəzini taraz saxlamaq, əlbəttə, ağırdır. Qadın həm özünün, həm də dünyanın dərdi çoxalanda, bu dərdə sığışmayanda yazır, istəyir ki, dərdini dünya eşitsin.

- Deyirsiniz ki, qələm ən ağır yükdür. Amma kənardan hər kəs şairlərə, yazıçılara bəxtəvərlik verir ki, qələminiz var, dərdinizi vərəqə boşalda bilirsiniz...

- Bəli, qeyri-ixtisas sahibləri bunu deyirlər. Mən də həyat yoldaşıma yazdığım şeirimdə buna toxunmuşam:

Qıyma gözlərinin yaşına dönüm,

Bu da qismət imiş qınaq olmağa.

Kəsmə qabağımı, başına dönüm,

Gedirəm Tanrıya qonaq olmağa.

Bu ayıq könlümü necə yatırım?

Qələmim gecələr sınar, yorular.

Bəlkə söz-sovun var? Denən, çatdırım,

Şairlər Allaha yaxın olurlar.

Bu da bir tilsimdi, çıxa bilmirəm,

Beləcə, qaçıram ömürə sarı.

Hünərin çatırsa bağla yolumu,

Mən də sənin kimi yaşayım barı...

Mən də adam kimi  yaşayım barı...

O adamlara elə gəlir ki, biz yazanda ürəyimizi boşaldıb bəxtəvər oluruq. Oxucu oxuyur, alqışlayır. Şairin öz ömrünü uduza-uduza yazdıqlarını oxucu qazanır.

- Ananızın təndirini necə xatırlayırsınız?

- Vaxtilə o təndirə şeir yazmışam. Anam dünyasını dəyişəndən o təndir elə çat-çat qalıb, artıq ona çörək yapan yoxdur. Təndiri o cür bərk qucaqlayan, ona əyilən analar da yoxdur daha. O təndir anamın öz əliylə düzəltdiyi heykəldir. Uşaqlığımızı, qayğısız illərimizi bizə xatırladan heykəl...

- Bir vaxt şair Zabil Pərviz sizi "İstedad əsasdır" deyərək ədəbi mühitə təqdim etmişdi. Siz də bu fikirdəsiniz?

- Bəli, istedad əsasdır. Zabil Pərviz mən orta məktəbdə oxuyarkən məni rayon qəzetində o məqaləylə təqdim etmişdi. İstedad Allah vergisidir. Onsuz olmaz. Ancaq təkcə onunla da olmur. Yazarın özündə də məsuliyyət olmalıdır, o istedada hörmətlə, ehtiyatla yanaşmalıdır, ondan necə gəldi istifadə etməməlidir.

- İndiki gənclərin istedadlarına münasibəti necədir?

- Bütün dövrlərdə ədəbiyyata gəliş belə axınla, xorla olub. Amma onların içərisində istedadıyla seçilənlər olub, indi də var. Artıq 10 ildən çoxdur ki, Yazıçılar Birliyində Rəşad Məcidin təşəbbüsü ilə Gənc Ədiblər Məktəbi fəaliyyət göstərir. Onların da arasında öz qələmilə, orijinallığı ilə seçilənlər var. "Ulduz" jurnalında biz daha çox gəncləri çap edirik. Amma bir məsələni də qeyd etməliyəm. Mənim jurnalda bir rubrikam var. Orada bir sualı beş yaradıcı gəncə verməliyəm. Mən bu qədər bolluğun içərisində beş gənci tapmağa əziyyət çəkirəm. Təəssüf ki, azdırlar. Amma yaxşı ki, varlar.

- Sizcə, yazıçı oxucu üçün əlçatmaz olmalıdır?

- Bizim istedadlı yazarlarımız kimi istedadlı oxucularımız da var. Məncə, yazıçı oxucu ilə ünsiyyətdə daha çox olsa yaxşıdır. Çünki yazarın qazancı oxucudur. Onu tənzimləyən, ona ilham verən oxucu sevgisidir. Hətta bəzi oxucular yazıçıya mövzu da verə bilir.

- Sizi tanıdığımız qədərilə "dost" sözünə qarşı çox böyük həssaslığınız var. Hardan gəlir bu həssaslıq?

- Doğru müşahidədir. Mən dostluğa, dosta çox böyük önəm verirəm. Dost ikinci məndir, mənim özümdür. Məndə insanlara sevgi böyükdür. Onlarla ünsiyyətim də sevgiyə söykənir. Normadan artıq həssasam. Adi soyuq baxışdan belə yayın günündə üşüyüb dona bilərəm. İnsanları incitmək bəlkə də ən böyük qorxumdur. Səhv onlarda belə olsa üzr istəməyi, könül almağı bacarıram.

- Mətbəxdə yazılan şeirlərinizin dadında fərq varmı?

- Bir dəfə həyat yoldaşımla mətbəx, qayğılar, şeir və ədəbiyyat yönündə bir söhbətimiz olmuşdu və mən mətbəxdə "Ehtiyac" şeirimi yazmışdım. Son bəndləri belə idi:

Mən düzüm sözləri vərəq süfrəmə,

Kim bilir familli, adlı çıxacaq.

Ürək qubarından yaranan şeirin

Çox güman tikəsi dadlı çıxacaq.

Məni qınamayın, ürək yağımla

Sözü qızardacam soğan əvəzi.

Özgə yol tapmadım, üz tutum hara,

Qonağım olarsız, ay mən kimilər,

Şeir bişirəcəm sabah nahara!

Mətbəxdə yazılan şeirlər mətbəxi də öz havasına bürüyür. Bir dəfə oğlum Ülfət balaca olanda ona şairlik və analıq yönündə bir sual vermişdilər. O da çox qəribə şəkildə, az qala yazıçı təxəyyüllü cavab vermişdi. Demişdi ki, "mənim anam məsələn, dolmanı əyri bükür, yuxa aça bilmir, oxlovu yoxdur. Amma onun oxlovu qələmdir".

- Şairlik taleyi alınmasaydı, kim olardınız?

- Düzü, bu haqda heç düşünməmişəm. Şair olmasaydım, kim olardım, bilmirəm. Bir dəfə bir rəssam kitablarımdan birinin təqdimatında çıxışında demişdi ki, Fərqanə rəssam olacaqmış, "Anam şəhərə gedir" şeirində kəndin mənzərəsini rəssam dəqiqliyi ilə təsvir edib. Mən də təşəkkür edəndə dedim ki, əslində, mən düz xətti belə çəkə bilmirəm, məndə rəssamlıq qabiliyyəti yoxdur. Uşaq vaxtı müğənniliyə həvəsim böyük idi. Sonralar orta məktəbdə müəllim də işlədim. Amma baxdım ki, dərs bir kənarda qalırdı, mən elə şeirdən danışırdım. Rejissorluğu da bitirmişəm, o sahədə də işləmişəm. Amma əgər yaxşı demək olarsa, şeir yazmaqdan yaxşı əlimdən bir iş gəlmir.

- Uzun illərdən bəri Azərbaycan Yazıçılar Birliyində çalışırsınız. Bu qurumu ən çox təbliğ edən, hətta lazım gələndə müdafiəsinə qalxan adamlardan birisiniz. İş yerindən başqa, sizi buraya bağlayan amillər nələrdir?

- "Aşıq Pəri" məclisi təzə yaranan vaxtlarda rayon-rayon, kənd-kənd gəzib qoşma, təcnis yazan gənc qızları yığırdılar. Məni də ora Hüseyn Arif, Narınc Xatun, Əzizə Cəfərzadə seçib dəvət etmişdilər. İlk dəfə  açılışı burada "Natəvan" klubunda oldu. Mən də həmin məclisdə çıxış etdim. Sonra Əlfi Qasımov haqqında bir tədbirə məni rayondan dəvət etdilər. O tədbirdə mən Əlfi Qasımov haqqında çıxış elədim, ona həsr etdiyim şeiri oxudum. Sonra Nəriman Həsənzadə çıxış elədi, yoldaşı Sara xanıma həsr etdiyi şeiri oxuyub ağladı və mən onun çıxışına cavab olaraq bədahətən şeir dedim. Axırı belə idi:

Dönməsə də o gün, o çağ,

Eşqin, sevgin yaşayacaq.

Demirəm ağlama, ancaq,

Belə ağlama, ağlama belə.

Fikrət Qoca, Qabil kimi böyük şairlərimiz məni sevgiylə qucaqlayıb, təbrik elədilər. İsmayıl Şıxlı alnımdan öpdü, "özündən muğayət ol" dedi. Həmin an gözümün önündən heç getmir. Sonralar Yazıçılar Birliyinə gəlib, gedirdim, "Pərvanə" ədəbi məclisində iştirak edirdim. Bura mənimçün həmişə əziz, doğma olub. Qəribə bir aura, nəfəs var burda. Əlbəttə, əli çatmayanlar həmişə daş atırlar. Mən də müsahibələrimdə, yeri düşəndə onlara həmişə cavab vermişəm. İş olan yerdə qüsur da ola bilər. Amma onun Azərbaycan ədəbiyyatındakı yerini danmaq olmaz. Yazıçılar Birliyi mənimçün öz evim qədər doğmadır.

- Bu gün yubiley yaşınızı qeyd edirsiniz. Bu münasibətlə sizi təbrik edirik! Geriyə boylananda nə görürsünüz?

- 50 yaşımı səhhətimdəki problemlərə görə keçirə bilməmişdim. Demişdim, İlahi mən 55 yaşımı görərəmmi? Arzum vardı ki, bu yaşımı görüm və bu yubileyimi təntənəli keçirim. Şükür ki, Allah arzuma çatdırdı. Hərdən deyirdim ki, "kitabdan beş aldım, həyatdan iki". Amma görürəm ki, yox, həyatdan da "iki" almamışam. Dostlarım, ailəm, sənətimlə ömrümü gözəl yaşadım. Geriyə baxanda ən çox uşaqlığıma, gəncliyimə qayıdıram. Onda da mənim xoşbəxt anlarım çox olub. Tələbə vaxtı qatara minib Ağdama gedirdim. İndi də hərdən arzulayıram ki, kaş, o qatara minib yenə də Ağdama gedə biləydim. Mənim ən yaralı yerim valideynlərimi və Qarabağı itirmək oldu. Həyat qəribədir, bir tərəfdən itirib, bir tərəfdən isə qazana-qazana gəlib bu günlərə çıxdıq. Bu yubileyimdə bir şeir və haqqımda yazılan yazılardan ibarət kitab çap etdirməyi düşünürəm. Bundan başqa isə yəqin ki, dostlarıma, oxucularıma yaradıcılıq hesabatı gecəsi də keçirərəm.

 

 Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 19 fevral.- S.8.