Doxsan inciməsin...

 

Nəriman Həsənzadənin doğum gününə

Sağ olsun Vətənin müdrik övladı,

Xeyli qabaqdadır ömrünün ardı!

Şöhrət kitabında əbədi adı,

İzi var Nəriman Həsənzadənin!

Əsgər misralardan düzəldib ordu,

Poylunu daha çox tanıdan odur;

Köksündə eşqinin sönməyən odu,

Közü var Nəriman Həsənzadənin!

Səhnəyə gətirib "Atabəyləri",

"Pompeyin... yürüşü"  - məhşur əsəri;

Nuru Paşayada illərdən bəri,

Sözü var Nəriman Həsənzadənin!

Deyir: - birləşdirək bölünmüş xalqı,

Həmişə nur yaysın Türkün çırağı!

Ali kürsülərdən danışmaq haqqı,

Səsi var Nəriman Həsənzadənin!

"Dünyanın xoşbəxti..." əvvəl özüdür,

Hərdən görüşdüyü heykəl özüdür;

Doxsan inciməsin... öndə iki cür

Yüzü var Nəriman Həsənzadənin!

 

Mübarək...

 

Dayandur Sevginin altmış illiyinə

Dinləmək istəyir Bakı Təbrizi,

Borçalı kürsüdən şad etsin bizi!

Dərbənd ucaldacaq haqq səsimizi,

Dayandur Sevginin yubileyində!

Yarış "Bayrağını" dost, dostdan alsın,

Milli üçlüyümüz "Heyratı" çalsın,

İmişli hamıya çiçək paylasın,

Dayandur Sevginin yubileyində!

 

Yaş artır hər gündən, hər andan sonra,

Kolluq öyünməsin ormandan sonra;

Mənə söz verilsin Saymandan sonra

Dayandur Sevginin yubileyində!

 

Bir gün eşidək ki, dövran dəyişib,

O biri üzünə ayın nur düşüb;

Sərhədsiz, davasız cahan əyləşib,

Dayandur Sevginin yubileyində!

 

İsdedad qocaman uca dağ aşar,

Bəzən isdedada dağ da yanaşar;

Dayandur Sevginin özü danışar,

Dayandur Sevginin yubileyində!

 

Vaxt ötür gah yavaş, ötür gah yeyin,

Şeir İnciləri düzülüb min-min;

Mübarək, mübarək, mübarək deyin,

Dayandur Sevginin yubileyində!

 

Oqtay RZA

Əməkdar müəllim

 

 

525-ci qəzet.- 2019.- 19 fevral.- S.8.