Cəfər Cabbarlı irsinin tədqiqi yolunda daha bir uğurlu addım

 

 

 

2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Cümhuriyyət ili” elan olunması bir sıra ziyalılarımızı əsaslı tədqiqatlara cəlb etdi. Bu sırada professor Asif Rüstəmlinin çap etdirdiyi bir neçə kitab da önəmli yer tutmaqdadır.

 

Filologiya elmləri doktoru Asif Rüstəmlinin həmin kitablarından biri də "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" kitabıdır. Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına ehtiram əlaməti olaraq Asif müəllimin fundamental tədqiqatına əsaslanmaqla Cabbarlının fəaliyyətinin indiyədək az tədqiq olunmuş tərəflərinə nəzər salmaq yerinə düşər. Qeyd edək ki, elmi redaktoru akademik İsa Həbibbəyli olan "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" kitabı faktlara və arxiv materiallarına istinad olunaraq yazılıb. Doqquz yarımbölümdən ibarət tədqiqatda Cəfər Cabbarlının uşaqlığından ölümünə qədər həyatı və fəaliyyəti izlənilib.

Kitabın birinci bölümü "C.Cabbarlının həyat və yaradıcılığının ilk dövrü" adlanır. Bədii notlarla başlayan bu hissədə ədibin atası Qafar kişinin vaxtsız ölümündən sonra anası Şahbikə xanımın onun təhsili ilə ciddi maraqlandığı nəzərə çatdırılır. Kiçik Cəfərin şeir əzbərləməyi bibisi Zərnişandan, rəsm çəkməyi qardaşı Heydərdən, əlifbanı Ümnisə arvaddan, yazı vərdişlərini isə Mirzə Əbdülqədir İsmayılzadədən öyrəndiyi vurğulanır. İlk təhsilinə 1905-ci ildə başlayan C.Cabbarlının mətbuatda ilk çıxışı 1907-ci ildə "Tazə həyat" qəzetində çap etdirdiyi "Təşəkkür" hesab olunur. Onun 1909-cu ilin payızında müsabiqədən keçərək Bakı şəhər Alekseyev adına 3-cü Ali-ibtidai məktəbə daxil olması və burada ondan bir yaş böyük Mirzə Bala Məhəmmədzadə ilə bir sinifdə oxuması da diqqətə çatdırılır.

İkinci bölüm olan "Cümhuriyyətəqədərki ədəbi-mədəni mühit"də C.Cabbarlının 1915-ci ildə İsa bəy Aşurbəyovun köməkliyi ilə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olduğunu oxuyuruq. Həmçinin, C.Cabbarlının M.B.Məhəmmədzadə ilə nəsr və şeir yarışmasında birincilik qazanmaqları, türkçülük ideyalarına əsaslanaraq gizli tələbə cəmiyyətlərinə qatılmaqları, müxtəlif səpkili yazılarla mətbuatda çıxış etmələri, milli musiqimizin əsaslarını öyrənməsi, "Qardaş köməyi" məcmuəsinin çapı və başqa məqamlar bu hissədə ətraflı araşdırılır. Maraqlı faktlardan biri də ədibin indiyədək çap olunmayan "Gözəllik və sevda", "Göz aç sən...", "Böyük türk şairi Tofiq Fikrətə", "Qaçqın çocuq və yaxud sail" və b. şeirlərinin adlarının çəkilməsidir. Bu hissədə müəllifin əsas məqsədlərindən biri C.Cabbarlının ailəsinin timsalında 1918-ci ilin mart qırğınında dəhşətlər yaşamış soydaşlarımızın həqiqətlərini göstərmək olub. "Ulduz"un tamaşasından iki gün sonra erməni bandalarının "İsmailiyyə" binasını məhv etmələri, insanları vəhşicəsinə öldürmələri gənc şairin "Dur, ey xar olan millət" tipli mərsiyələrində, "Əhməd və Qumru" hekayəsində, "Bakı müharibəsi" pyesində ifadəsini tapmış, tədqiqatda bu barədə ətraflı məlumat verilmişdir. Bunlar da kitabın sadəcə faktları təqdim etmədiyini milli duyğuları təbliğ etdiyinin göstəricisidir.

"Tələbə cəmiyyətindən türkçülüyə" adlanan üçüncü bölümdən başlayaraq Cabbarlı ilə Mirzə Balanın əməkdaşlığının daha da möhkəmlənməsi, birgə mübarizələri əksini tapır. Onun indiyədək tam çap olunmayan "Həyat və mübarizə" şeirinin də həmin illərin milli ruhunu özünə hopdurması tədqiqatçının nəzərindən qaçmayıb. Bu bölümdə müəllif iki türk dövlətinin qalib ziyalılarının cəm olduğu toplantını xüsusi ustalıqla canlandırır. F.Xoyskinin, Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin tarixi nitq söylədiyi həmin tədbirdə Fətəli xanın Cəfər Cabbarlını xilaskar ordunun komandanı Nuri Paşaya tədqim etməsi möhtəşəm şəkildə təsvir olunur: "29 yaşlı Bakının fatehi, general Nuri Paşa 19 yaşlı, "Ədirnə fəthi"nin müəllifi, söz sərkərdəsi Cəfərlə qucaqlaşdı". Cabbarlının həmin toplantıda Paşaya verdiyi sözə əməl edərək onun obrazını "Bakı müharibəsi" əsərində yaratması, əsərin uğurla səhnələşdirilməsi qardaşlığın qələbəsi kimi təqdim olunmuşdur. Bu hissədə eyni zamanda, Məclisi-Məbusanın (Parlament) fəaliyyəti də müasir dünyagörüşü ilə işıqlandırılıb. Digər üzvlər kimi C.Cabbarlının "Dağ kəndlərindən - Sayad Xızı" mövzusunda qurultayda məruzə ilə çıxış etməsinə də münasibət bildirilib.

"C.Cabbarlının cümhuriyyət dövrü yaradıcılığı" fəslində böyük sənətkarlarla yanaşı, Cabbarlının da "Ədirnə fəthi", "Ulduz və ya trablis müharibəsi", "Bakı müharibəsi" pyeslərinin də səhnələşdirildiyi qeyd edilir. "Ulduz"un günümüzə çatan yeganə əlyazma nüsxəsinin Əliheydər Ağabalayev, "Ədirnə fəthi"nin isə Məmməd Əlili tərəfindən köçürüldüyü sübut olunur. Tədqiqatçı hazırda mətni əlimizdə olmayan "Bakı müharibəsi" pyesi haqqında mətbuatda yayımlanmış bir çox yazılardan sitatlar gətirərək əsərin mövzusu və ideologiyası haqqında aydın təsəvvür yaradır. Verilən sitatların hamısında ermənilər tərəfindən türklərə qarşı törədilmiş vəhşiliyin əksi ifadə olunmuşdur. Dövrün bədii mənzərəsini canlandıran tədqiqatçı yazır ki, "Cümhuriyyət bayramının birinci ildönümü milli himn sahəsində yaradıcılıq prosesinə güclü təkan verdi".

Həmin dövrdə milli təfəkkürü ilə xüsusi seçilən Cabbarlı haqqında M.B.Məhəmmədzadənin layiqli fikirlərinə də istinad edilib: "Cəfərin hürriyyətçiliyi və milliyyətçiliyi türk hürriyyətçiliyi idi. Yurdçuluq onun nəzərində türk millətinin geopolitik durumundan doğuyordu. Azərbaycan yurtçuluğu Cəfərdə türk milliyyətçiliyi deməkdir". Belə ruhda yazılmış əsərlərinə nümunə olaraq "Sevdiyim", "Azərbaycan bayrağına" şeirləri göstərilir. Bununla bağlı A.Rüstəmlinin şərhi də özünəməxsusdur: "Azərbaycan Cümhuriyyətinin bu dövlət atributuna saysız-hesabsız şeirlər, nəğmələr həsr olunsa da, üç boyalı, ay və səkkiz guşə ulduzlu milli bayrağın simvolika açımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır. Onun "Azərbaycan bayrağına" şeiri milli rəmzlərimizin ilk poetik əlifba dərsliyidir".

Kitabın "Cəfər Cabbarlı və gizli "istiqlal"çılar" bölümündə səsvermə yolu ilə təşkilata rəhbərliyin M.B.Məhəmmədzadəyə tapşırılması, ümumi katibliyə isə Cəfər Cabbarlının gətirilməsi haqqında bilgilər verilir. Həmçinin, onların fəaliyyətinin həmişə ÇK-nın diqqət mərkəzində olduğu xüsusilə qeyd edilir. Buna görə də istiqlalçıların partiyanın leqallaşdırılmasilə bağlı sovet höküməti ilə danışıqlar aparmaq üçün nümayəndələr seçməyi təklif etməkləri məsələsinə də aydınlıq gətirilir. Cabbarlının onlarla əlaqəsi arxiv sənədinə əsasən sübut olunur: "Müəyyən edildi ki, Cəfər Cabbarzadə 1919-cu ildən "Müsavat" partiyasının üzvüdür, Müsavat höküməti dövründə məsul vəzifələrdə çalışmışdır. Hal-hazırda gizli Müsavat təşkilatında işləyir". Bu səbəbdən də Bakı Dövlət Universitetinin Tibb fakültəsinin ikinci kurs tələbəsi olan C.Cabbarlı 1923-cü ilin mayın 5-də həbs təhlükəsi ilə üz-üzə qalması və bir daha həmin ixtisas üzrə təhsilini davam etdirə bilməməyi təəssüflə xatırladılır.

"Məxfi əməliyyat... Məhbəs həyatı" bölümündən məlum olur ki, 1923-cü il iyunun 14-də "Axtarış həyata keçirən komissar Danilyan Azərbaycan ÇK-sının sədri Mir Cəfər Bağırovun yenicə imzaladığı 202 saylı orderi ona təqdim etdi". Lakin C.Cabbarlı tək deyildi,  "İyunun 14-dən 15-nə keçən gecə seçmə üsulla 15 nəfər tanınmış ziyalı, ictimai-siyasi xadim, jurnalist həbs olunmuşdu". A.Rüstəmli qeyd edir ki, C.Cabbarlının "Bakı müharibəsi", "Araz çayı" pyesləri və başqa əsərləri evi axtarılarkən müsadirə edilmiş və geri qaytarılmadığı üçün itmişdir. Həbsdə olarkən həyat yoldaşı Sona xanıma yazdığı şeirlərin tarixçəsinə nəzər salındıqca həmin dövrün bir çox ziddiyyətli məqamlarına da şərh verilmişdir. Hətta ədib həbsdə olarkən "Maarif və mədəniyyət" jurnalının 4-5-ci birləşmiş sayında "Qız qalası" poemasının bir hissəsinin baş redaktor Tağı Şahbazinin cəsarəti sayəsində çap olunması da təqdir edilir.

"C.Cabbarlı teatr məktəbində" bölümündə həbsdən sonra əvvəlki stenoqrafçı və tərcüməçi vəzifələrini itirən, işsizlikdən əziyyət çəkən Cabbarlının teatra üz tutması belə qiymətləndirilir: "Cabbarlı ilk milli teatr məktəbinin qurucusu və ya rəhbəri statusuna layiq olduğu halda onun tələbəsi olmaq istəyirdi". Bunlar azmış kimi onu 5 oktyabr 1923-cü ildə yenidən həbs edirlər və yenə də əlyazmaları müsadirə olunur. "İstiqlal"çıların ikinci həbsi" bölümündə 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə başlayan və bir ay davam edən kütləvi həbslərdə 20 nəfər azadlıq mücahidinin saxlanılması faktı da sənədlər əsasında qeyd olunur. A.Rüstəmli bildirir ki, həbs olunanların hamısından, o cümlədən, gənc dramaturqdan da Mirzə Balanın harada olması soruşulmuşdur. "Mirzə Bala ilə uzun illər yaxın dost olduqlarını bilən ÇK əməkdaşları istədikləri məlumatları ala bilmədikləri üçün Cəfər Cabbarlıya əzab və işgəncələr verdikdən sonra onu soyuq payız günlərində su doldurulmuş quyuya (qarsa) salmaqla iradəsini qırmağa cəhd göstərsələr də, buna nail ola bilmirlər". Müəllif həbsdə olan vaxtlar "Qız qalası" poemasının itirilmək təhlükəsindən sovuşmasında Tağı Şahbazinin rəsmi müraciətinin önəm daşıması minnətdarlıq hissi ilə yad edilir. A.Rüstəmli Cabbarlı və məsləkdaşlarının aqibətini faktlara əsasən təqdim etməklə həmin dövrün əsl real mənzərəsini canlandırmışdır. Bu zaman yenə də mənbəyə istinad edilərək "İstiqlal" qəzetinin 26 aprel 1923-cü il 15-ci nömrəsində "28 Aprel faciəsi münasibətilə" başlıqlı intibahnamədən sitat gətirir: "Bu gün hər kəsə açıq-aydındır ki, 27 aprel faciəsi kommunistlərin hər yerdə çağırdıqları və bağırdıqları kimi Azərbaycan köylü və işçilərinin inqilabı deyil, sadəcə Rusiya ordusunun vəhşicəsinə istilasıdır".

Bunlardan əlavə məlum olur ki, Cabbarlı həbsdə olarkən evləri qarət olunmuş, anası cərrahiyə əməliyyatı keçirmişdi. Həyatının bütün keşməkeşlərinə baxmayaraq, Asif müəllimin də qeyd etdiyi kimi "kor təsadüf" nəticəsində adı "Djabar Zade Kafar" şəklində yazılır və bu onun həbsdən çıxmağına səbəb olur.

Kitabın son bölümü olan "Ədibin vaxtsız vəfatı" hissəsində müxtəlif versiyaların olduğu qeyd edilsə də, A.Rüstəmli Sona xanımın yazdıqlarına əsasən Cabbarlının xəstəlikdən vəfat etməsi faktına üstünlük verir. Hətta onun cəsədinin yarıldığını, ürək iflicindən dünyasını dəyişdiyi bildirilir. Beyninin isə yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilməsi göstərilmişdir. Sağlığında cisminin, ölümündən sonra cəsədinin dinclik tapmamağına baxmayaraq, Cabbarlının bədii irsi əbədi yaşarlılıq qazanıb.

 

 

Gülnar SƏMA

 

525-ci qəzet.- 2019.- 19 fevral.- S.7.