Həyat, söylə, sən kiminsən... - Cəfər Cabbarlı - 120

 

 

Nə gözəl bir gündür bu gün. Sanki kimsənin dərdi-səri, qüssəsi yoxmuş. Hər yerdən musiqi, çalıb-oxumaq, gülüş səsləri gəlir. Sanki həyat yalnız firavanlıqdan, insanlar xoşbəxtlərdən ibarət imiş.

... Kömürçü Qafar kişi zahirən olmasa da, qəlbində ikiqat sevinc içindədir. Çünki Novruz sevinci ilə yanaşı, ona Uca Allah tərəfindən bir mükafat da verilib. Belə ki, həmin gün onun oğlu dünyaya gəlib.

Bu hadisədən üç il keçəndən sonra Qafar kişi dünyasını dəyişdi. Onun yoxluğu ailənin vəziyyətini olduqca ağırlaşdırdı. Kişi zəhmətinə, kişi əməyinə, kişi gücünə bağlı olan kənd həyatı, ailə başçısının yoxluğundan Xızıda qərar tuta bilmədi və Bakıya qohumlarının yanına köçməyə məcbur oldu.

Bir neçə il belə keçdi. Balaca Cəfər anasının bişirdiyi çörəkləri şəhər bazarlarında, meydanlarında satıb ailəsinə kömək eləyirdi. Lakin anası Şahbikə xanım onu heç olmasa təhsildən məhrum etməmək üçün əvvəl məhəllə mollasının yanında "Çərəkə", sonra Molla Qədirin yanında Quran oxumağa qoyur. Müqəddəs Quranı çıxandan sonra balaca Cəfər 1905-ci ildə Starıy Poçtovıy küçəsi 25-də yerləşən Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üç sinifli "Yeddinci Müsəlman-rus məktəbinin birinci sinifinə daxil olur. Cəfərin ilk müəllimləri Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlınski, Əliməmməd Mustafayev idi. O, 1908-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirir, bir müddət ailəyə kömək eləyir. Sonralar Bakıda Alekseyev adına üçüncü ali ibtidai məktəbdə oxuyur. 1915-də ildə buranı bitirib sənədlərini Bakı-Texniki Məktəbinin elektro-mexanik şöbəsinə verir. Hələ ibtidai məktəbdə oxuduğu zaman müəllimlərin təsiri ilə Azərbaycan və rus şairlərini mütaliə edir və özü də şeir yazmağa başlayır. Onun əlyazmaları içərisində hələ tam bitməmiş bir neçə hekayə, şeir, opera mətni və roman vardır. Bu yaxınlarda professor Asif Rüstəmli ədibin şəxsi arxivindən üzə çıxan on üç yaşında qələmə aldığı "Kazım bəy" romanını latın qrafikasına çevirərək çapa hazırlayır.

İstər rus-müsəlman məktəbində, istərsə də Alekseyev adına üçüncü ali məktəbdə oxuyan zaman o, həm müsəlman Şərqinin korifeyləri Nizaminin, Nəsiminin, Füzulinin həyatına, yaradıcılığına, həm dünya ədəbiyyatı klassiklərinin, həm də rus mütəfəkkirləri Dostayevskinin, Tolstoyun, eləcə də Puşkinin bədii irsinə bələd olur, öyrəndikcə öyrənir, dramaturgiyanın qaydalarını yaddaşına həkk edir, eyni zamanda, klassik şeirin poetik qəliblərini, bədii ifadə vasitələrini əxz edirdi. Bütün bunlar Cəfərin həm şair, həm yazıçı-dramaturq, həm də güclü bir vətənpərvər kimi yetişməsinə zəmin yaradırdı.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə hesab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C.Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.                  

Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!

Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!

Sən kimi çoxları gəlib, bənd eləyib cəmaəti,

Hamısının çərən-pərən, boş danışıqdır adəti.

Xalqa ziyan verib hamı, zaid edib şəqavəti;

Boş yerə yorma ağzını, dadü nəvadan əl götür,

Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!         

"Cəfərin şeirləri axıcı və mənalı idi. Abdulla Şaiqdən sonra yeni məktəbdə onu şeir yazmağa gənc müəllimlərdən Pənah Qasımov və sinif yoldaşı, ədəbiyyata, teatra dəlicəsinə vurğun Hacı Cabbarzadə (Hacınski) sövq edirdi. Hətta, Hacı Cabbarzadə (Hacınski) onun bəyənilən lirik və satirik şeirlərindən bir qismini qəzet və jurnallarda nəqşini tövsiyə edir, bu istiqamətdə ona yaxından köməklik də göstərirdi".

Bir-birinin ardınca "Vəfalı Səriyyə", yaxud "Göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini bəzəyən əsərlər yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir. Onun yaradıcılığı zaman etibarı ilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrün, 1915-1934-cü illər arasındakı 20 illik bir tarixi mərhələni əhatə edir. O, yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır.

Cabbarlının yaradıcılığını vərəqləyərkən onun bədii ədəbiyyatın hər bir sahəsində fəaliyyət göstərdiyini görürük. Yazıçının yaradıcılığında hekayə janrı da özünəməxsus yer tutur. Heç təsadüfü deyil ki, onun yuxarıda qeyd edildiyi kimi, hələ 16 yaşında ikən qələmə aldığı "Aslan və Fərhad" hekayəsi əslində, böyük bir əsərin mövzusudur ki, C.Cabbarlı bu mövzunu kiçik bir hekayədə olduqca ustalıqla, peşəkarlıqla, insanın tükünü ürpəşdirən dramatik səhnələrlə əhatə etmişdir. Hekayədə Aslan və Fərhad adında iki qardaşdan danışılır. Hekayənin başlanğıcında Cabbarlı bir müəllif olaraq öz dilindən belə yazır:

"Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəssər bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm".

Dramatik səhnələrlə zəngin bir mövzunu niyə faciə-dram əsərinə çevirməməsinin çox güman ki, səbəbi bu əsərin sosializmin dar çərçivəsinə sığmayacağından irəli gəlirdi. Bir də ki, yəqin fikir verdiniz, burda bir gün Uca Allah tərəfindən hökmən baş verəcək qiyamət günündən də söz açılır. Bütün bunlar da dahi sənətkarın sovetlər dönəmində bizlərə təqdim olunduğu kimi ateist, materialist, allahsız kimi deyil, Uca Allaha möhkəm inanan, eyni zamanda, olduqca vətənpərvər, yəni Azərbaycanın müstəqilliyini istəyən bir insan olduğu açıqcasına görünür. Lakin Cəfər Cabbarlının hətta güclü bir iman sahib olduğu onun məhz Azərbaycanın üçrəngli bayrağına həsr etdiyi müəzzəm bir şeirdə öz əksini tapır:

Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım,

Bu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadım üzərinə kölgə salan?

Nə imiş bu aman Allah?! Od yurdunun yarpağı.

Göy yarpağlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır, xayır? çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor,

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 

"Azərbaycan Cümhuriyyətinin bu dövlət atributuna saysız-hesabız şeirlər, nəğmələr həsr olunsa da, üç boyalı, ay və səkkiz ulduzlu milli bayrağın simvolika acımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır. Onun "Azərbaycan bayrağına" şeiri milli rəmzlərimizin ilk poetik əlifba dərsliyidir. Milli ruhlu Azərbaycan gəncliyinin maariflənməsində, ictimai şüurun oyanışında C.Cabbarlının poetik irsinin əhəmiyyəti danılmazdır. "Sevimli ölkəm", "Sevdiyim", "Azərbaycan bayrağına" şeirləri mövzusu, ideya istiqaməti, fonematik səslər sistemi, musiqiyə uyarlığı etibarilə milli himnin yaranması prosesində təməl, mərhələ missiyasını daşıyan layiqli sənət nümunələridir" (1.s.69).

Sovetlər dönəmi zamanında belə bir fikir formalaşmışdı ki, Cəfər Cabbarlı zatən bütün yaradıcılığı boyu İslam ehkamlarına, İslam qanunlarına qarşı mübarizə aparmışdır. Söz yox ki, bunu onun bəzi əsərlərində görmək olar. Lakin əslində, bu tamamilə belə deyildi. Cabbarlı olduqca peşəkar, necə deyərlər qələmini bir zərgər dəqiqliyi ilə işlədə bilən sənətkar idi. Əslində, elə indicə dinlədiyimiz şeirə rəğmən də deyə bilərik ki, sənətkar heç vaxt İslam dininə qarşı mübarizə aparmamışdı. O, İslam ehkamlarına, İslam qanunlarına çox yaxşı bələd idi və bu mütərəqqi dinin nə qədər işıqlı, nə qədər cahanşümul bir din olduğunu olduqca gözəl bilirdi. Bu səbəbdən də onun 1920-ci ilə qədər yazdıqları əsərlərin arasında insanları küfrə çağıran heç bir işarət yoxdur. Lakin 1920-ci ildə 11-ci Oızıl Ordu Azərbaycanı işğal edəndən, Azərbaycanın müstəqilliyinə son qoyandan etibarən Şura hökümətinin iti qılıncı bir çox qabaqcıl ziyalılarımızın, vətənpərvər insanlarımızın başını kəsdi və ona boyun əyməyənlərin mütləq boynunu vuracağını nümayiş etdirdi. Cəfər Cabbarlını isə Azərbaycan Demokratik Cumhuriyyəti aparatının ən fəal üzvlərindən biri olduğu üçün həbs edib "Palaç" ləqəbli general Pankratovun "Osobıy otdel" deyilən zirzəmisinə gətirib iki aydan yuxarı işgəncə verdilər.

Bütün nəslinin kəsiləcəyindən qorxan Cəfər Pankratovun əmrlərinə riayət eləməyə məcbur oldu, lakin hələ cəmisi iyirmi bir yaşı olmağına baxmayaraq, qələmini sözaltı mənalarla olduqca ustalıqla işlədə bilən ədib Pankratovun zindanından çıxandan sonra yazdığı bütün əsərlərdə məna içində məna verdi. Məsələn, həmin zindandan çıxandan sonra qələmə aldığı və həmin vaxtdan etibarən yüz dəfələrlə tamaşaya qoyulan "Od gəlini" əsərində əslində, Azərbaycan xalqının qəhrəman oğlu Babəkin obrazı kimi çözülən Elxan ərəb xilafəti tərəfindən edam olunmamışdan hayqırır; - "Hamı deyir ləilahəilləllah, lakin mən demirəm!"

Diqqət edin! Bütün mövcudat, bütün məxluqat ləilahəilləllah deyir, lakin təkcə Elxan bunu inkar eləyir! Söz yox ki, bu da öz növbəsində Cəfər Cabbarlının sözaltı mənalarla Uca Allahın varlığını, Ondan başqa Allahın olmadığını açıq-aydın təsdiq etdiyini subuta yetirir.

 

(Ardı var)

 

 

Vüqar ƏHMƏD

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətbuat tarixi və publisistika" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2019.- 20 fevral.- S.6.