Ümidimizi özüylə apardı...
Hekayə
Otağımdakı təqvim 2016-cı ilin 16 oktyabrını göstərirdi. Yavaş-yavaş tanrı göy üzündən günəşi
çəkib, səmaya
ulduzlar səpməyə
başlamışdı.
Həyəcan məni qəribə bir tilsim altına
almağı da bacarmışdı, çarpayımda
oturub kürəyimi divara söykəyərək,
pəncərədən topa-topa
qara buludlara baxırdım.
Televiziyada sabah havanın yağışlı
keçəcəyini də
eşitmişdim, bu, məni daha da həyəcanlandırırdı.
Bu ki ilk görüş
deyildi, niyə belə qorxurdum?!
Özüm-özümlə danışmağa
başladım:
"Görərsən, sabah işlər yolunda getməyəcək".
Lakin məni belə qəmgin, belə ümidsiz düşünməyə,
məcbur edən nə idi?! Açığı, heç özüm
də bilmirəm.
Otağımda qəribə bir səssizlik hökm sürürdü, akvariumdakı
balığın nəfəs
alıb-verməyini hiss edirdim. İki aydır
ki, bizim evdədir, adı Ümiddi.
Bu səssizliyi aradan qaldıran 7 yaşlı qızımın mənə
səslənməsi oldu:
- Ata.
- Gəl, qızım, gəl, oyandın, deməli.
- Hə, ata, oyandım.
Niyə ağlayırsan, ata?
- Yox, nə ağlamaq.
- Şablon bir
yalanla canımı qurtarmaq istədim. - Toz düşüb gözümə.
Çox inandırıcı olmadı,
əlimin tərsiylə
yanaqlarımı sildim. İndi
ağır bir zərbə gələcək
hiss edirəm.
- Anam üçün ağlayırsan?
Susuram. Sualın altında əzildiyimi hiss
edirəm, növbəti
zərbə çox uzaqda deyil.
- Ata, anam saçlarını niyə kəsdirib?
- O hardan çıxdı?
- Dünən paltonun cibində anamın şəklini gördüm.
Bir neçə
saniyə susdum, cavab verməkdə çətinlik çəkirdim.
Məni bu suala cavab
verməkdən, gözlənilməyən
bir zəng xilas etdi.
- Qızım, keç nənəngilin yanına,
mən indi telefonla danışmalıyam.
- Yaxşı.
Zəng edən həkim idi.
- Salam, Kənan bəy, Könül xanımın
həkimidir sizinlə
danışan.
Özümdən aslı olmayaraq,
təlaşla cavab verdim:
- Salam, həkim, nəsə olub? Könül yaxşıdı ? Həkim, qaydasındadı hər şey?
- Narahat olmayın, hər şey nəzarət altındadır.
Sabah əməliyyatın saat 09:00 da başlayacağını
xəbər vermək
üçün zəng
etmişəm. Tez gəlib
əməliyyat başlamadan
görüşə bilərsiniz.
- Oldu, çox sağolun (səsim titrəyirdi).
Divardakı saata çevrildim, saatın əqrəbləri
20:45 göstərirdi. Deməli, 12 saat
sonra əməliyyatdı.
Deyəsən, bir siqaret çəksəm, yaxşı
olacaq.
Eyvana çıxıb
siqaretimi yandırıb
başladım öz-özümə
danışmağa. Birdən, birdən,
Allah eləməsin, əməliyyat
uğursuz keçdi, qızıma nə deyəcəm?! 2 aydır ki, güc bəla ilə, başını qatıram, şəkili görməyi də lap pis oldu.
Sanki diksindim, içimdən
kimsə üstümə
qışqırdı.
- Hər şey yaxşı olacaq!!!
Gecəni yatmadım, bütün müqəddəslərə dua
etdim, Allahdan dualarımı qəbul edib onu mənə
bağışlamasını istədim.
Sabaha az qalmışdı,
tanrı gecə pərdəsini asta-asta çıxardırdı göy
üzündən.
Qızımın otağına keçdim yanağından öpərək,
saçlarından anasının
qoxusunu çəkdim
içimə.
Astaca qapını
açıb evdən
çıxdım. Hava haqqında
məlumat özünü
doğrultmuşdu, hava
çiskinliydi, narın
yağış yağırdı.
Saatıma baxdım. 07:12. Evdən xəstəxanaya yarım saatlıq yoldu, birbaşa xəstəxanaya
yol aldım, yol üstü Aqşin dayıdan bir dəstə nərgiz götürdüm,
Könül nərgizləri
çox sevirdi.
Könülün yatdığı palataya çatanda, qapının
ağzında dayandım,
otağdan səs gəlirdi.
Qapını bir azca araladım,
gördüklərim qarşısında
ayaqda durmaq çox çətin idi.
Ad günündə aldığım
saç rezinini əlində tutaraq ağlayırdı. Saçlarını necə sevdiyini
ən yaxşı mən bilirdim. Mənə belə icazə vermirdi saçlarına toxunam.
- Könül. Mən gəldim. Sənə ağlamaq
olmaz deməmişdimmi?!
Üzünü ovcuma aldım, yanaqlarını sildim.
- Ağlayacaqsan bir də?
Ağlayaraq cavab verdi:
- Yox, ağlamayacam.
- Sağal, gedək evimizə. Qızımız səhər axşam
səni soruşur, daha yalanlarım tükənir.
- Birdən mən sağal...
- Sözünü kəsdim.
Sağalmasam deyə bir söz yoxdu, bilmərəm elə söz, sağalacaqsan.
Elə bu vaxt qapı döyüldü həkim
otağa daxil oldu.
- Hə, Könül hazırlaşaq əməliyyata?
- Olar.
Alnından öpdüm, qulağına
onu hər zaman sevəcəyimi pıçıldadım və
otaqdan çıxdım.
Əməliyyat, həkim dediyi vaxtda başladı -
09:00-da.
Ümumən 3 saat olmaqla iki
hissədən ibarət
idi əməliyyat. İlk hissədən sonra həkim vəziyyətin yaxşı olduğunu dedi, ümid çox gözəl hissdir əslində, lakin kimsə onu öldürməyə...
Otaqda qarışıqlıq düşdü.
Anonsla baş həkim əməliyyat otağına çağırıldı,
işlər yolunda getmirdi, hiss edirdim. Bir müddət sonra həkim ağır addımlarla mənə yaxınlaşdı.
"Dünya başıma yıxıldı" deyə
bir ifadə var, elə bilirdim
ki o ifadə məcazi mənadadı...
Həkim
dilləndi:
- Başınız sağ olsun...
Qulaqlarım bu sözü qəbul edib beynimə xəbərdarlıq
siqnalı ötürməkdə
çətinlik çəkirdi.
- Yoox! İnanmıram, həkim! O, ölə bilməz, yalan deyirsən, onu görməliyəm, Könülü
görməliyəm.
Həkimin yalan demədiyini bilirəm, sadəcə qəbul etmək çox çətindi.
Qızımız, mən, bir də
yüzlərlə xəyalımız
yetim qalmışdı. Bundan sonra
uzun bir yalnızlıq başlayırdı.
Bir neçə
saat xəstəxanın
həyətində oturub
siqareti siqaretə caladım.
Sonra
hiss etdim ki, bu zamanda ən
çox qızıma
ehtiyacım var.
Evə yollandım,
qızımı görməyə.
Qapı
zəngini basdım, qapı açılar-açılmaz
qızım ağlayaraq
üstümə qaçdı:
- Niyə öldü? Öldüüü... Niyə, ata,
niyə?!
Nə baş verdiyini anlamıram, çünki anasının
ölümündən hələ
xəbər tuta bilməzdi.
- Sakitləş, qızım,
de görüm nə olub? Ölən kimdi?
- Balıq ölüb. Ümid... Ümid ölüb.
"Könül qan
xərçəngi olduğunu
biləndə, məndən
bir balıq alıb, adını Ümid qoymağımı
istəmişdi. Deməli, Könül bu
dünyadan gedərkən
Ümidi də özü ilə aparmışdı".
2016-cı
ildən 3 il
keçir.
Üç ildir ki, Könül
bizimlə deyil. Tez-tez qızımla onu ziyarət etməyə gedirik, Aqşin dayı bizdən nərgizlərin pulunu almır, hər dəfə qızıma gülümsəyib deyir:
- Lalə, sən böyü, həkim ol, onda atandan
almadığım bütün
nərgizlərin pulunu
səndən alacam...
Elə Lalə
də bu fikirdədir, hər dəfə deyir ki, həkim olacam, qoymayacam uşaqlar mənim kimi anasız böyüsün.
Kənan İSMAYILOV
525-ci qəzet.- 2019.- 20 fevral.- S.6.