Zahiddin Abbasov:
"Bizim dövrümüzdə kitab ən gözəl hədiyyə idi"
Müsahibim, ömrünün 80-ci baharını
yaşayan Zahiddin Abbasov öz həyat fəaliyyəti və təcrübəsini
"Həbsxananın bir
addımlığında" adlı romanında əks etdirib.
Uzun müddət
partiya orqanlarında işləməsinə baxmayaraq,
onun bu yaşda,
sənədli-publisistik janrda
bir əsər ərsəyə gətirməsi
bədii ədəbiyyata
bağlılığı baxımından maraq yaratmaqla yanaşı, romanın məzmunu, dilinin axıcılığı
da müəllifin zəngin mütaliəsindən
xəbər verir.
Əsər məndə müxtəlif
fikir və suallar doğurduğundan müəllifdən müsahibə
almaq qərarına gəldim.
- Zahiddin müəllim, əvvəllər bədii
yaradıcılıqla məşğul
olmusunuz? Sizi bu yaşda ədəbiyyata gətirən
nə oldu?
- Mənim heç vaxt bədii əsər yazmaq fikrim olmayıb. Ancaq biz ədəbiyyatı məktəb
vaxtından - ta uşaqlıqdan sevə-sevə
oxumuşuq. Rəsul
Rzanın, İlyas Əfəndiyevin kitabları
əl-əl gəzərdi.
Sözün düzü, mən
bu romanı tanınmaq üçün
yazmadım. Bu mövzu mənim beynimdə çoxdan fırlanırdı və
sanki mənə hey
"Yaz!" deyirdi.
Bu əsəri yazmaqla istədim ki, gənclər oxuyub, ondan özləri
üçün bir nəticə hasil etsinlər.
- Sizin "Həbsxananın
bir addımlığında"
adlı romanınızın
mövzusu bu gün üçün olduqca aktual mahiyyət daşıyır.
Roman qəhrəmanı Avtandil Abbasov ilə müəllif Zahiddin Abbasov arasında bioqrafik faktlar yaxınlığı
diqqəti cəlb edir. Məhz bu cəhət
onu avtobioqrafik roman adlandırmağa imkan verir. Sanki romanda
öz həyat mübarizənizi qələmə
almısınız.
- Bəli. Əslində, bunlar öz
başıma gələn,
real hadisələrdir. O zamankı Jdanov, indiki Beyləqan rayonuna gəldiyim zaman gördüyüm laqeyd münasibət, vəzifəsindən sui-istifadə
edən bir qrup şəxs tərəfindən böhtana
məruz qalmağım,
şərəfli, təmiz
ad uğrunda apardığım
mübarizə burada öz əksini tapıb.
- Bəs bu romanı
yazmaqda məqsədiniz
nədir? Azərbaycan oxucusuna nəyi
çatdırmaq istəmisiniz?
- Mən "Həbsxananın
bir addımlığında"
romanım vasitəsilə
gənclərə mənəvi
tərbiyə almaları
və şərəfli
ad uğrunda daim mübarizə aparmaları
barədə bir çağırış etmək
istədim. Gərək cavanlarımız yalnız pul dalınca qaçmasınlar.
Həmin əsərdə
bir epizod var: romanın qəhrəmanına - Avtandil
Abbasova onu və ailəsini təhqir edən Musa Sadıxov Avtandilin dayısı İsrafil vasitəsilə on min manat
pul təklif edir. On minə
isə o vaxt iki "Jiquli" almaq olardı. Dayısı
ona "Al, qoy cibinə" desə də, Avtandil israrla pulu götürmür.
Deyir ki, əsas insanın
mənliyidir, təmiz
adıdır. İnsan gərək
şərəflə, ləyaqətlə
yaşasın". Bir müdrikin
dediyi kimi, "Tamah qanuna güc
gələr". Tamahını, necə deyərlər, cilovlamaq lazımdır.
Mən istərdim ki, gənclərimiz, ilk növbədə,
ləyaqətlə yaşamağı
qarşılarına məqsəd
qoysunlar, öz şərəflərini, təmiz
adlarını qorusunlar,
təmiz yaşamağa
çalışsınlar. Müasir dövrün gəncləri
gələcək nəsilləri
də bu cür tərbiyə etməyə çalışsınlar.
- Bu romanda azərbaycanlıların
indi Ermənistan ərazisində qalan Qərbi Azərbaycandan deportasiya edilməsi probleminə də toxunmusunuz. Siz bu hadisələrin
birbaşa iştirakçısı
olaraq, onları gözlərinizlə görüb,
yaşamısınız. Deportasiyanın gətirdiyi bəlalar
haqda nə deyərdiniz?
- Orada təkcə deportasiya yox, həm də müharibə illərinin
ağrılı-acılı günlərini də qeyd eləmişəm. Böyük Vətən Müharibəsi
bizə necə təsir etdisə, xalqın güzəranını
necə pisləşdirdisə,
neçə-neçə insanın
qırğınına səbəb
oldusa, deportasiya da bizə o cür təsir elədi. 1947-ci ilin dekabrında və 1948-ci ilin mart ayında bu barədə SSRİ Nazirlər
Sovetinin qərarı oldu. Ermənistan SSR-dən azərbaycanlı
kolxozçuların və
digər azərbaycanlıların
Azərbaycan SSR-in Kür-Araz
düzənliyinə köçürülməsi
barədə qərar
verildi. Dağətəyi rayonlarda yaşayan
əhalini müharibədən
sonra Kür-Araz düzənliyinə köçürmək,
onları dirigözlü
ölümə göndərmək
demək idi. Aclıq dövrü idi, camaat çörək tapa bilmirdi, evi yox, eşiyi
yox, təsərrüfatı
yox idi. Müharibənin törətdiyi məhrumiyyətlər
deportasiya nəticəsində
də yenidən başımıza gətirildi,
bizə qarşı ağır cinayət törədildi.
- Müasir gənclərdə
kitaba münasibətin
səviyyəsi sizi qane edirmi?
- Sovet dövrü ilə indini müqayisə edəndə
kitab oxuma səviyyəsi dəryada damcıdır. Bəlkə də həmin
dövrdə internet olmadığına
görə biz kitaba daha çox meyl etmişik. Kitab əlimizdən düşməyib.
Dincələndə də kitabla
dincəlmişik, yatanda
da kitabla yatmışıq. Bizim dövrümüzdə
kitab ən gözəl hədiyyə
idi. Dostumuzdan, tanışımızdan birinin ad günü olanda mən çalışardım ki,
ona yeni çıxan kitablardan, romanlardan birini alım.
- Ancaq son dövrlər kitab oxuyan gənclərin,
kitab evlərinin, sosial şəbəkələrdə
kitab alışı-satışı
ilə bağlı səhifələrin sayı
xeyli artıb. Müasir dövrdə həm də müxtəlif səciyyədən olan çoxsaylı kitabların
nəşrinə rast
gəlinir. Fikrinizcə, kütləvi kitab nəşri, kitab bolluğu oxucu sayının azalmasında
rol oynayırmı?
- Əlbəttə. İndi
yaxşı yazanla pis yazan çox
da ayırd edilmir. Sovet dövründə isə bu qədər
kitab yox idi. İndi kim istəyir,
pulunu verir, çap etdirir. O vaxt yazan pul
alırdı, indi isə pul verir.
- Orta məktəblərdə
müəllimlərin şagirdlərə
kitab oxumaq istəyi aşılaması,
sizcə, bu sahədə ciddi irəliləyiş yarada bilərmi?
- Sözsüz ki, bu, çox vacib cəhətdir. Yadımdadır, ədəbiyyat müəllimim
bizdə ədəbiyyata
necə həvəs oyadırdı. O, İlyas
Əfəndiyevin "Söyüdlü
arx" romanını
oxuyub, bizə gəlib danışırdı
və qəşəng
izah edirdi. Sonra deyirdi: - "Mütləq bunu oxuyarsınız. Mən sizə
bir ay vaxt verirəm. İstirahət günləri az
futbol oynayın, oxuyun". Məcbur olub oxuyurduq.
Oxuduqca da bizdə ədəbiyyata
və başqa əsərlərə həvəs
yaranırdı. Əvvəlcə müəllimə cavab vermək üçün
oxuyurduq, amma sonradan bu, bizdə
vərdişə çevrilirdi.
- Bəs kitab mağazalarının vəziyyəti
sizi qane edirmi?
- İndiki dövrdə
kitab mağazalarının
əksəriyyəti məktəbli
ləvazimatları ilə
doludur. Gözə çarpan yerlərə
məktəbli ləvazimatları
qoyulur. Kitablar isə arxa plandadır. Sovet dövründə
düzdür, məktəbli
ləvazimatları da vardı, ancaq kitablar ön planda idi. Hətta yeni çıxan kitablar üçün reklam lövhələri də düzəldilirdi.
İçəri girən də
onu vərəqləyirdi,
baxırdı, seçim
edirdi. Sizdə isə heç
bir şey yoxdur. Xüsusən cavanlar, tələbələr
mağazaya girəndə
görməlidir ki, hansı kitablar yenidir.
- Qarabağ müharibəsi, XX əsrin ən ağır faciələrindən olan Xocalı soyqırımı bu faciənin bədii ədəbiyyatda əksinə böyük ehtiyac doğurdu. Hazırda da Qarabağla bağlı bədii əsərlər yazılır. Ancaq müasir ədəbi mühitdə bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Qarabağ faciəsi ermənilərin əsrlərlə apardığı məkrli siyasətin nəticəsində meydana gəldi. Bütün tarixi dövrlərdə onlar Qarabağ torpaqlarına göz dikib, oranı müxtəlif vasitə və üsullarla əldə etməyə çalışıblar. Qarabağ haqqında yazmağa indi daha çox ehtiyac var. Gələcəkdə də ehtiyac olacaq. Axı Qarabağımıza qovuşduqdan sonra onu inkişaf etdirməliyik. Bunun üçün də Qarabağın tarixi keçmişinə müraciət etmək lazım gələcək.
- Son olaraq, müasir gəncliyə nələri tövsiyə edərdiniz?
- Gənclər gərək həyatı təmiz vicdanla yaşasınlar. Vətənə, dövlətə xeyirli vətən övladı olsunlar. Bir də gənclərimiz nə vaxtsa məcbur olub ermənilərlə birgə yaşamalı olsalar, gərək onlara qarşı ehtiyatlı olsunlar, tədbiri əldən verməsinlər. Çünki ermənilər uşaqlarını körpə vaxtdan başlayaraq tərbiyə edirlər ki, türk sənin düşmənindir. Ta ki uşağın təfəkkürü formalaşana kimi bu cür davam edir. Bu, tarix boyu belə olub. Gərək bizim yeni nəsillər də tarixdən nümunəvi dərs alsınlar.
Təhminə
VƏLİYEVA
525-ci qəzet.- 2019.- 20 fevral.- S.8.