Yazıçı işi
Esse
Mənə elə gəlir ki, lap birinci romanımı qələmə
alandan dərhal sonra bundan sonrakı
taleyimin necə olacağını anlamağa
bağlamışdım. Heç vaxt,
hətta bir dəqiqə belə yeni eranın pioneri olduğuma şübhəm qalmamışdı.
Başa düşürdüm ki, atacağım hər bir addımım bundan belə böyük maraqla izləniləcək. Ona görə
də özümün
bütün əməllərim,
düşüncələrim barədə övladlarıma,
nəvə-nəticələrimə doğru-düzgün hesabat
verməyi qərara aldım.
Mənim axtardığım şeylər
hadisələrin üst
qatında yerləşməyən
və zaman dolandıqca keçiləsi
mümkün olmayanlardır. Amma məqsədim,
məramım insan həyatını, insan taleyini şişirtmədən,
necə varsa, o cür də göstərməkdən ibarətdir.
Özümü böyük mütəfəkkirlərə
bənzətməməklə, bəşəriyyətə sensasiyalı
hər hansı bir məlumat çatdırmaq fikrindən
daim uzaq olmuşam. Bununla belə, mən
həyatı son dərəcə
yaxşı tanıyır
və min cür müxtəlif nöqtələrdən
onu göstərirəm.
Heç vaxt qəhrəmanlarımı
özüm seçməmişəm,
əksinə, qəhrəmanlarım
özləri məni seçiblər. Bir çox sələflərim
kimi mövcud vəziyyəti, ətraf mühiti özünə tabe etməyi bacaran güclü insanlarla fəxr etmişəm. Bu mövzu o dərəcədə
məni cəzb edib ki, özümü
başqa nəyəsə
həsr etməyi bacara bilmirəm. İlham pərisi də sevgi, məhəbbət kimi ehtiraslı olarmış.
Romanlarımın mövzusu ürəyimin dərinliklərindən və
şəxsi təcrübəmdən
götürülmüşdür. Bununla belə,
mən onları asan və etinasız
çap etdirməkdən
məmnun olmuram.
Yazıçılıq vərdişim
çox sadədir: uzun müddət ətraflı düşünüb
götür-qoy etmək,
qısa müddətə
yazmaq.
Əsərlərimin çoxunu beynimdə formalaşdırıram. Fikirlərim qaydasına
düşməyincə heç
vaxt yazmağa başlamıram. Yazarkən
tez-tez ucadan dialoqlardan parçalar səsləndirirəm: axı,
qulaqlar yaxşı senzordur. Mən hər kəsin
anlayacağına ta ki, əmin olmamış
cümləni heç
vaxt kağıza etibar etmirəm.
Bununla belə,
bəzən fikirləşirəm
ki, mənim hekayətim açıq söyləməkdən daha
çox eyham vurur. Əsərlərimi mütaliə edərkən
oxucu çox vaxt öz təxəyyülünün
köməyinə müraciət
etməli olur, əks təqdirdə o, fikrin məna incəliklərini əldən
qaçırmış olacaq.
Əsərlərimi yorulmadan ixtisarlar etmək və yenidən işləməklə
böyük zəhmət
bahasına qələmə
alıram. Onların hər birinin
qazandığı uğur,
müvəffəqiyyət mənə
çox əzizdir.
İntəhasız qayğı ilə
əsərlərimi, ta
ki, onlar brilyanta çevrilməyənə
qədər, yonub təraş edir, cilalayıram. Əksər müəlliflər
əsərlərinin daha
böyük həcmdə
olmalarına üstünlük
verdikləri halda, mən özümkülərimi
bambalaca cəvahirətə
çevirirəm.
Mən qeyri-adi zəkaya, istedada malikəm: əsərlərimi işlədiyim
zaman özümün
tənqidi bacarıqlarımı
onların üzərində
tətbiq etməyə
üstünlük verirəm.
Əgər bilirsən ki, yazdıqların sənə
sevinc, xoş əhval-ruhiyyə bəxş
edəcəksə, onda
oturub yazmağa dəyər. Mən yazanda özümü
xoşbəxt sayıram,
amma yazdıqlarımdan
heç də həmişə razı qala bilmirəm.
İnanmıram ki, nə vaxtsa
kitablarım abidəmə
çevrilə bilsinlər
- mən vicdanla özümü doğru-düzgün
dəyərləndirməyə cəhd göstərirəm. Əslində, yazıçı olmağıma
istedaddan daha çox inadkarlığım
səbəb olmuşdur
- mən ədəbiyyatda
yalnız özünə
minnətdar olan ən parlaq insan nümunəsiyəm.
Amma bununla belə, layiq görüldüyüm
ağlagəlməz müvəffəqiyyət
və şöhrətə
özümü heç
vaxt layiq bilməmişəm.
Mənim heç bir kitabımı oxumayan çoxlu coşqun pərəstişkarlarım olmuşdur. Lakin ictimai
rəy əməyimi yüksək dəyərləndirməyə,
eyni zamanda, bunun əhəmiyyətini
lazımi qədər
qiymətləndirməməyə həmişə meyl göstərmişdir.
Kitablar əbədiliyə
məxsusdur. Onlar insan əməyinin
ən davamlı və möhkəm məhsullarıdır. Məbədlər xarabalığa çevrilir,
rəsmlər və heykəllər məhv olur, amma kitablarsa
yaşamaqda, nəsildən-nəslə
ötürülməkdə davam edir. Zaman kitab üzərində hökmranlıq etməyə
qadir deyil. Kitablar çox əsrlər bundan öncə olduğu kimi, bu gün də
təzədir. Onlar öz
müəlliflərinin təfəkküründə,
şüurunda əmələ
gəliblər. O zamanlar
deyilmiş və düşünülmüş fikirlər hətta bu gün də
çap vərəqləri
üzərindən bizə
özünün ədəbiyyatda
olan əvvəlki güclü təsirini göstərməkdə davam
edir. İllər yalnız pisləri
alaq otu kimi kökündən çıxarıb atır.
Çünki sözün həqiqi
mənasında layiq olan əsərlər ədəbiyyatda uzun müddət yaşamağa
qadirdir.
Müasir romançıda səbr və təmkinlə işləmək xüsusiyyətləri
olmaqla yanaşı, müstəsna uydurma və uyğunlaşdırma
qabiliyyəti də çox vacibdir. Fikrən eyni
zamanda, həm keçmişə, həm
də müasir dövrə baş vurmaq, təsvir etdiyi hadisələrin dərinliklərinə varmaqdan
ötrü o, həm də təxəyyül sahibi olmalıdır.
İnsanlar və hadisələr
barəsində doğru-düzgün
mühakimə yürütməkdə,
səbəb və məqsədləri üzə
çıxarmaqda isə
tənqidi intuisiya ona kömək edir. İnsan davranışlarının motivlərini dəqiq və aydın təsəvvür etdiyi təqdirdə yazıçı
həqiqətən də
yaxşı əsər
yazmağa başlaya bilər.
Az roman tapılar ki, onda mübarizə,
təqib, zorakılıq,
seks, güclü xarakterlər, tank qoşunlarının
hücumu kimi inkişaf edən hərəkət, həmçinin,
öz qəhrəmanlarına
və həqiqətə
hörmət hissi olsun.
Sonrakı dövrlərdə bir çox müəlliflər
tərəfindən yazılmış
əsərlər isə
onlardan əvvəlki ədəbiyyat nümunələrində
təsvir olunmuş səhnələrin, xarakterlərin
və hadisələrin
sadəcə yeni variasiyasına bənzəyir. Bunların
bir-birindən fərqi
yalnız sonuncularda sənətkarlığın, gücün
və atəşin az olmasındadır.
Xeyli sayda müasir romanlar heç bir tərbiyəvi əhəmiyyətə malik
olmadıqları kimi,
həm də heç bir məqsədə xidmət
etmirlər. Onları mütaliə edərkən
adamda daxilən heyvani hisslər oyanır, damarlarda qan donur. Naməlum müəllifin yeni romanını oxuyarkən acılıq
hiss etməyəndə, onun
xeyirxah, ağıllı
kitab olduğunu görəndə özümü
xoşbəxt sanıram.
Yaxşı kitabın qiyməti və cazibəsi onun sadəliyində, səmimiliyində, həmçinin,
xarakterlərin və hərəkətin motivlərinin
gözlənilməyən çılpaqlığındadır. Belə kitabların
dili və ifadə olunan fikirlərin sadəliyi, qeyri-süniliyi onu şüurlu ədəbi zordan azad etmişdir.
Amma bilərəkdən özünü
çətinliyə salmaqdan
daha çox açıq ürəkli
sadəliklə yazmaq müşkül məsələdir.
Yazıçının üslubu doğrudan-doğruya,
həm də məxsusi xüsusiyyətlər
kəsb etməklə
yanaşı, obrazları
zəngin və istiqanlı, sözləri
isə sadə və enerjili olmalıdır. Böyük yazıçılar parlaq müxtəsərlik
istedadına malikdirlər.
Onlar inadkar zəhmətkeşlər, diqqətcil
alimlər, gözəl
üslubu və
mahir qələmi olan adamlardır.
Xoşbəxt yazıçılar çox
məharətlə, demək
olar ki, heç nədən bəhs etməyən maraqlı, cəlbedici hekayələr yaza bilərlər. Müasir yazıçıların ən böyük ədəbi günahları
zahiri bəzəyə
çox əhəmiyyət
vermələri və
xarici parlaqlığa
məhəbbətləridir. Şəxsən mən kitablarını
professional ustalıqla yazan
ədəbiyyatçılara ehtiyatla yanaşıram.
Hazırda çapdan çıxan kitabların əksəriyyəti
inkişaf etməmiş
və bədii cəhətdən zəif
olan əsərlərdən
ibarətdir. Müəlliflərin çoxu tez
və başdansovma yazır, mətnlərdə
çox nadir hallarda düzəlişlər edirlər.
Nəticədə isə belə
yazıçılar yetərincə
üslub xətaları
buraxırlar. Qəhrəmanların dialoqları qeyri-təbii səslənməklə bərabər,
ifadə edilən sözlər yanlış,
dil isə qüsurlu olur. Əksər kitablar süjetin və hərəkətin tamlığından, bütövlüyündən
məhrumdur. Çox
hallarda təhkiyə
o dərəcədə uzadılır
ki, adam
bu cəfəngiyyatdan,
boşboğazlıqdan lap usanır.
Belə təsəvvür yaranır
ki, yazıçı
romanın sonrakı fəsillərində nədən
bəhs edəcəyini
heç özü də bilmir. Bəzən onlar hər hansı bir səbəb və məqsəd kəsb etməyən, tamamilə anlaşılmaz və lazımsız səhnələr
qurur, kitabın sonunda isə yeni iştirakçılara
meydan verirlər.
Belə müəlliflərin personajları
iyrənccəsinə təsvir
edilmiş yırtıcıya,
ya da mələyə
bənzəyir.
Bu tip qəhrəmanlarda həyat
əlamətləri yox
dərəcəsindədir, əməlləri pis əsaslandırılmışdır. Onlar hansısa varlığın
qeyri-müəyyən, fantastik
probleminin həllindən
ötrü sadəcə
simvol rolunu oynayırlar. Qışqır-bağır salan və həqiqətə uyğun
olmayan süjetləri
də bura əlavə etmək yerinə düşərdi.
Belə kitabların real və canlı həyatla, demək olar ki, heç bir bağlılığı
yoxdur.
Ernest
Heminqueyin
Tərcümə
edəni: Ağaddin BABAYEV
525-ci qəzet.- 2019.- 21 fevral.- S.8.