Həyat, söylə, sən kiminsən... Cəfər Cabbarlı - 120
(Əvvəli ötən
sayımızda)
"Od gəlini"
tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda
1924-cü ildə oyanmışdır. "Od gəlini" əsas
etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi
hadisələrə və bu hadisələrin başında
duran xalq sərkərdəsi Babəkin ərəb
işğalçılarına qarşı mübarizəsinə
həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin
ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində
tam üç il də işləmiş,
təkmilləşdirmiş və ancaq bundan sonra teatra
vermişdir. Heç bir əsər üzərində
Cabbarlı "Od gəlini" qədər çox və səylə
işləməmişdir.
Sovet tənqidinin
"ateist ruhlu", dinə qarşı mübarizədə
çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə
konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri
yoxdur, lakin ərəblərin Azərbaycanda
işğalçılığını,
soyğunçuluğunu, xalqın adətlərinə, dininə,
heysiyyatına təcavüzünü əks etdirən səhnələr
bir-birini əvəz edir.
Məhəmməd
Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı"
əsərində yazırdı ki, "Od gəlini"ni Cəfər "Çeka" həbsindən
çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər
məmləkətdə, istərsə məmləkət
xaricində səs salmış bir hadisəyə görə
"müsavatçılar" qrupu ilə birlikdə həbs
edilmişdi. Bu əsərdə atəşpərəst
Azərbaycanın müsəlman-ərəb istilasına
qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini
çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana
daşınır. Azərbaycanlıları islam dinini qəbul etməyə məcbur edirlər.
Onun mübarizəsi haqsızlığa, ədalətsizliyə
qarşı idi. Onun bütün əsərləri, istər Azərbaycan
müstəqil olana qədər, istər ondan sonra, istər də
Azərbaycanda Şura höküməti qurulana qədər ədalətsiz,
namərd, yalançı, saxtakar, xalqın qanını soran,
fitnə-fəsad törədən, vətən satan, əxlaqsız
insanları ifşa edir, zümə məruz qalmış, məşəqqətlərlə
yaşamış, zülmkar insanların
zalımlığı ucbatından günahsız olaraq
zindanlara atılmış, işgəncələr
verilmiş, döyülmüş, təhqir olunmuş
insanların acı taleyinə çıraq yandırırdı.
Otuz beş illik ömründə qələm
tutandan bəri qələmini heç vaxt yerə qoymayan sənətkar
öz möhtəşəm, olduqca dəyərli əsərlərində
xalqına xoşbəxt gələcək, işıqlı
sabah, firavan həyat arzulayırdı.
Fəqət sənətkarın ifşa elədiyi
insanlardan biri də ən gözəl əsərlərindən
biri "Sevil" əsərindəki Balaş
obrazıdır. Azərbaycan dramaturgiyası xəzinəsinin
qızıl səhifələrindən biri olan bu pyesi
oxuyanlar, onun tamaşasına baxanlar çox gözəl bilirlər
ki, Cabbarlı Ediliya obrazını bir erməni qadını
olaraq xarakterizə etmişdir. Fəqət
Şura hökəmitinin iti qılıncının altında
olduğu üçün buna başqa rəng verərək,
guya onu erməni deyil, zatən milləti bilinməyən bir
obraz kimi qələmə vermişdir. Təsadüfi
deyil ki, Ediliyanı, vaxtilə məhz onun fitvası ilə
binamus Balaşın evdən qovduğu Sevilin Moskvada təhsil
alandan sonra yazdığı "Türk
qadınlarının azadlıq yolu" əsəri olduqca
qıcıqlandırır və Ediliya bir türk
qızının belə bir əsər yazdığna
heç zaman inanmayacağını söyləyir.
Şübhə yoxdur ki, Cəfər Cabbarlı əxlaqsız
erməni qadını Ediliyanın simasında bütün ermənilərin
azərbaycanlıların inkişaf etməsini, maariflənməsini,
təhsil almasını, gözlərinin
açılmasını istəməməsini, ən əsası
isə xalqımıza, millətimizə dəhşətli dərəcədə
nifrət eləməsini nümayiş etdirir. Balaş isə
hər şeyini - simasını, əqidəsini, mənliyini
öz şəhvətinə qurban edən layətsiz bir
insandır ki, hicaba bürünmüş, əxlaqı
gözəl, tərbiyəli, namuslu, zəhmətkeş
zövcəsi Sevili erməni qadın Ediliyanın fitvası ilə
evdən qovur. Lakin Sevil Moskvada təhsil alıb
Bakıya dönəndən sonra onu müasir görkəmdə
görən kimi nəfsinin tələbi ilə ayaqlarına
qapanır.
Cəfər
Cabbarlı bir-birindən möhtəşəm əsərlər
yaratdı, belə ki, bu əsərlərin
hamısının öz çəkisi, öz
ölçüsü var və əvvəldə qeyd etdiyim
kimi, yaradıcılığının təxminən iyirmi
illik dövründə bədii ədəbiyyatın
bütün janrlarına baş vurdu, özü də
heç vaxt büdrəmədi, yıxılmadı, həmişə
sınaqdan üzüağ, alnıaçıq
çıxdı. Bir sözlə, Uca Allahın
ona bəxş etdiyi qısa ömrü olduqca səmərəli
keçirtdi, heç zaman qızıl dəqiqələrini
boşa xərcləmədi, daim çalışdı,
yazdı, yaratdı. Fəqət bu dahi sənətkar
üçün həyatda elə bir varlıq var idi ki,
heç bir xilqəti onunla yanaşı qoya bilmirdi. Bu isə
onu həyata gətirən, saçını süpürgə,
qollarını odlu kösöv edən, kipriyilə od
götürən Şahbikə ana idi ki, onu olduqca əziyyətlə
böyütmüş, özü ac qalıb onu yedirtmiş,
eyni zamanda, onu oxutdurmuş və Azərbaycan xalqına bir
töhfə olaraq vermişdi. Cəfər də
anasının haqqı-sayını, əziyyətlərini, zəhmətlərini
layiqincə dəyərləndirmiş və oxucunu ehtizaza gətirən,
kövrəldib gözyaşları axıtmağa məcbur edən,
poetik qəlibləri özündə ehtiva edən, ən əsası
isə müqəddəs ana obrazını bütün mənəvi
keyfiyyətləri, nəcib sifətləri ilə göz
önündə canlandıran olduqca dəyərli və
möhtəşəm bir əsər meydana gətirmişdir.
Əgər
bütün bəşəriyyət ədüvvi canım ola,
Ürək suqut eləməz aldığı mətanətdən.
Ricavu xovfə
məkan vermərəm gər alimlər,
Min il də vəz edələr dəhşəti
qiyamətdən.
Pələnglər
tuta dövrüm, çəkilmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki, bir kəsə
baş əyib, əczimi bəyan eyləyim,
Əyilmərəm nə ki, yer, versələr səmanı
mənə.
Bütün
vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi xəyalətdə.
Yatar,
ölər bədənim, nitqidən düşər bir
söz,
"-
Ana... Ana... Sənə mən rahibəm itaətdə!..
Hamının bildiyi kimi, Cəfər Cabbarlının
dramaturgiyası bir teatr məktəbi, bir aktyor məktəbidir. Hələ
sağlığından bəri Azərbaycanın ən
qüdrətli, ən peşəkar aktyorları onun dram əsərlərində
müxtəlif obrazlar yaradaraq, yetişərək xalqın
sevimlisinə çevrilmişlər. Nədir
bunun səbəbi?! Dünyanın, Avropanın,
Rusiyanın tanınmış dramaturqlarının əsərlərinin
təsirimi?! Yoxsa böyük ədibin öz sələflərindən
qidalanmasımı?! Söz yox ki, insan bir sənətkar
kimi yetişməkdən ötrü özündən əvvəlki
sənətkarların əsərlərini mütaliə etməli,
sənətin qayda-qanunlarını öyrənməli və
öyrənə-öyrənə sənətdə
özü üçün bir cığır
açmalıdır. Cəfər
Cabbarlı çox mütaliə edib, çox öyrənmişdi
və məhz elə bu səbəbdən də artıq lap gənc
yaşlarından sənətin dərinliklərinə baş
vura bilmişdi. Lakin istedad deyilən bir
şey var ki, o, hökmən insana Uca Allah tərəfindən
verilməlidir. Əgər Ulu Yaradan bir
insana istedad verməyibsə, həmin insan həyatı boyu sənətin
zirvəsinə qalxmaq üçün durmadan
çalışsa belə, sənət pilləkəninə
heç yaxın dura bilməz.
Cəfər
Cabbarlı çox çalışırdı, çox zaman
gecələr belə yatmırdı, lakin onda Uca Xaliq tərəfindən
verilən fitri bir istedad var idi ki, bu istedad ona həm
sağlığında, həm dünyasını dəyişəndən
sonra xalqın ruhunu oxşayan, onu düşündürən,
həyatın bütün acılarını, şirinliklərini,
əzablarını, sevinclərini əks etdirən, bəzən
göz yaşı tökməyə məcbur edən, bəzən
ovunduran, bəzən güldürən, əsl həqiqətdə
isə dərindən düşündürən əsərlərinin
obrazlarının eyni zamanda, olduqca sadə, rəvan,
anlaşıqlı, tez yadda qalan dili, xarakterlərin
dolğunluğu, biçimi, Azərbaycan aktyorlarının
peşəkarlığını artırmaq, onlara əsl sənət
həqiqətlərini anlatmaq üçün ən gözəl
bir vasitə oldu. Bizdən qabaqkı nəsillər
və biz məhz Cəfər Cabbbarlının dram əsərlərində
yetişən yüzlərlə aktyorlarımızın bənzərsiz
məharətlərini, parlaq istedadlarını gördük,
duyduq və həmişə də görməkdə,
duymaqdayıq. Onun hər hansı bir dram əsərinə
baxsaq, nə qədər aktyorlarımızın məhz bu əsərlərdəki
oynadıqları obrazlar vasitəsilə inkişaf etdiyini,
püxtələşdiyini, ən əsası isə
xalqın sevimlisinə çevrildiyini görərik. Hansını deyək?! "Solğun
çiçəklər"imi, "Vəfalı Səriyyə"nimi
"Oqtay Eloğlu"numu, "Aydın"ımı,
"Almaz"ımı, "Sevil"imi, "Od gəlini"nimi?! Və
ilaxır və ilaxır... Bu əsərlər
hələ ədibin sağlığından Azərbaycan
teatr səhnələrinin bəzəyi olmuş, yüzlərlə
aktyorun yetişib boy atmasına bir vəsilə olmuş və
yəqin ki, həmişə belə olacaq.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının
prezidenti cənab İham Əliyev böyük ədibin 120
illik yubileyinin dövlət səviyyəsində keçirilməsi
üçün sərəncam imzalamışdır. Bu da öz
növbəsində cənab prezidentimizin Cəfər
Cabbarlıya qarşı olan hörmət-ehtiramı,
sevgisidir. Vaxtilə böyük Heydər Əliyev də
Cəfər Cabbarlının yubileylərinin keçirilməsi
ilə bağlı sərəncamlar vermiş, əsərlərini
sevə-sevə oxumuş, onun dram əsərlərinin
tamaşalarına böyük həvəslə baxmış
və sənətkarın yubileylərində ürək
dolusu danışmış, onun əsərlərinin Azərbaycan
dramaturgiyasındakı müstəsna roluna böyük qiymət
vermişdir. Məhz Ümummilli liderimiz Heydər
Əliyev Cəfər Cabbarlıya Bakının mərkəzində
fundamental, möhtəşəm abidə qoydurmuşdur.
Əlbəttə,
bütün bunlar heç də təsadüfü deyil!
Yaxşı bir zərb misal var: "Zər qədrini zərgər
bilər". Cəfər Cabbarlıya da ən
yüksək qiyməti həm xalq, həm də böyük
Heydər Əliyev verə bilərdi. Çünki Cəfər
Cabbarlı həyatda baş verən təlatümləri,
fırtınaları, ziddiyyətləri, faciələri,
sevincləri, qaranlıqları, işıqları, bədbəxtlikləri,
firavanlıqları, dramatik mənzərələrlə,
poetik lövhələrlə kiçik səhnələrə
sığışdırmağı bacaran nəhəng bir sənətkar
idi.
AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda da hal-hazırda ölkə
başçısının dahi dramaturqun 120 illiyi ilə
verdiyi sərəncama uyğun olaraq institutun direktoru, akademik
İsa Həbibbəylinin rəhbərliyi altında yubileylə
bağlı tədbirlər planı tutularaq geniş
hazırlıq işləri görülür.
Vüqar ƏHMƏD
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətbuat
tarixi və publisistika" şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2019.- 21 fevral.- S.6.